»»

Hüdeybiyyə sülhü (şübhələrə cavab)

  1. Hüdeybiyyə sülhünün qısa tarixi
  2. Bəhsin mövzusu və hadisənin qabardılmasının 1-ci səbəbi
  3. Əmr və onun məna növləri
  4. Peyğəmbərin (s) əmrindəki qeydlər
  5. Hadisənin qabardılmasının 2-ci səbəbi
  6. Hadisənin qabardılmasının 3-cü səbəbi
  7. Peyğəmbərin (s) "saçlarınızı qırxın" əmri

Bəhsin mövzusu və hadisənin qabardılmasının 1-ci səbəbi

Bəzi hədislərdə (aşağıda qeyd ediləcək) nəql olunmuşdur ki, Hüdeybiyyə sülhündə sözləşmə yazılarkən Peyğəmbər (s) İmam Əliyə (ə) əmr edir ki, “bu Allahın Rəsulu Muhəmmədlə müşriklər arasında olan sözləşmədir”- deyə yazsın. Bu zaman müşriklər etiraz edərək “biz səni Allahın rəsulu olaraq qəbul etsəydik, səninlə vuruşmazdıq. Ona görə də Muhəmməd bin Abdullah yaz”-deyirlər. Peyğəmbər (s) İmam Əliyə (ə) “Allahın Rəsulu” sözünü silməyi əmr edir. Lakin İmam (ə) bu sözü silməkdən imtina edir. Nəticədə Peyğəmbər (s) özü həmin yazını silir.

Bu hadisənin həqiqətə nə qədər uyğun olub-olmadığı haqqında bir qədər sonra söhbət açacağıq. Lakin bəziləri bu hadisəni əldə əsas tutaraq İmam Əlinin (ə) məsum olmadığını iddia edirlər. Yəni deyirlər ki, “gərək burada İmam Əli (ə) Peyğəmbərin (s) əmrinə tabe olardı. Lakin məlum olduğu kimi Əli bin Əbu Talib (ə) Peyğəmbərin (s) əmrinə tabe olmayaraq xəta etmişdir. Deməli o, məsum deyildir.”

Nəticə etibarı ilə bəhsimizin mövzusu budur ki, həmin hadisə İmam Əlinin (ə) məsumluğu ilə ziddir ya yox?

Əhli-sünnə mənbələrindən hadisəni nəql edən hədislər:

Məsələni tam şəkildə araşdırmaq üçün ilk öncə əhli-sünnə mənbələrindən həmin hadisəni nəql edən bəzi hədisləri qeyd edirik.

1-ci hədis:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا غُنْدَرٌ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي إِسْحَاقَ ، قَالَ : سَمِعْتُ الْبَرَاءَ بْنَ عَازِبٍ رَضِيَ اللَّهُ عَنْهُمَا ، قَالَ لَمَّا صَالَحَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَهْلَ الْحُدَيْبِيَةِ كَتَبَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ بَيْنَهُمْ كِتَابًا ، فَكَتَبَ مُحَمَّدٌ رَسُولُ اللَّهِ ، فَقَالَ الْمُشْرِكُونَ : لَا تَكْتُبْ مُحَمَّدٌ رَسُولُ اللَّهِ ، لَوْ كُنْتَ رَسُولًا لَمْ نُقَاتِلْكَ ، فَقَالَ لِعَلِيٍّ : امْحُهُ ، فَقَالَ عَلِيٌّ : مَا أَنَا بِالَّذِي أَمْحَاهُ ، فَمَحَاهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ

Bəra bin Azib deyir: Allahın Rəsulu (s) Hüdeybiyyə camaatı ilə sülh bağlayan zaman Əli bin Əbu Talib (ə) onlar (Peyğəmbər (s) və müşriklər) arasında katiblik etdi. O (İmam Əli ə.s.) sözləşmədə “Allahın Rəsulu Muhəmməd” yazdıqda müşriklər dedi: “Allahın Rəsulu Muhəmməd yazma. (Ya Muhəmməd) əgər sən Allahın rəsulu olsaydın, biz səninlə döyüşməzdik.” (Peyğəmbər s.ə.a.) Əliyə (ə) dedi: “Sil o yazını.” Əli (ə) dedi: “Mən onu silən deyiləm.” Bu zaman Peyğəmbər (s) özü həmin yazını əlləri ilə sildi...

Əl-Buxari, “əs-Səhih”, səh.360, hədis 2698; Darur-Rüşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

2-ci hədis:

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى ، عَنْ إِسْرَائِيلَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ الْبَرَاءِ بْنِ عَازِبٍ رَضِيَ اللَّهُ عَنْهُ ،... قَالَ فَلَمَّا كَتَبُوا الْكِتَابَ كَتَبُوا هَذَا مَا قَاضَى عَلَيْهِ مُحَمَّدٌ رَسُولُ اللَّهِ ، فَقَالُوا : لَا نُقِرُّ بِهَا ، فَلَوْ نَعْلَمُ أَنَّكَ رَسُولُ اللَّهِ مَا مَنَعْنَاكَ ، لَكِنْ أَنْتَ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ ، قَالَ : أَنَا رَسُولُ اللَّهِ ، وَأَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ ، ثُمَّ قَالَ لِعَلِيٍّ : امْحُ رَسُولُ اللَّهِ ، قَالَ : لَا ، وَاللَّهِ لَا أَمْحُوكَ أَبَدًا ، فَأَخَذَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْكِتَابَ ، فَكَتَبَ هَذَا مَا قَاضَى عَلَيْهِ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ

Bəra bin Azib deyir: ...(Peyğəmbər (s) və müşriklər arasında) sözləşmə yazılarkən belə qeyd olundu: “Bu Allah Rəsulu Muhəmmədin (müşriklərlə) etdiyi sözləşmədir.” Bu zaman müşriklər dedi: “Biz bunu qəbul etmirik. Əgər sənin Allah Rəsulu olduğunu bilsəydik (Məkkəyə daxil olmağına) mane olmazdıq. Lakin sən Abdullahın oğlu Muhəmmədsən.” Peyğəmbər (s) buyurdu: “Mən Allahın Rəsuluyam və mən Abdullahın oğlu Muhəmmədəm.” Sonra Əliyə (ə) dedi: “Allahın Rəsulu sözünü sil.” (İmam Əli ə.s.) dedi: “And olsun Allaha mən səni (sənin adını) heç vaxt silmərəm.” Peyğəmbər (s) sözləşməni götürdü və belə yazdı: “Bu Muhəmməd bin Abdullahın (müşriklərlə) etdiyi sözləşmədir.”

Əl-Buxari, “əs-Səhih”, səh.578, hədis 4251; Darur-Rüşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

3-cü hədis:

عن البراء ... قال لعلي اكتب الشرط بيننا بسم الله الرحمن الرحيم هذا ما قاضى عليه محمد رسول الله فقال له المشركون لو نعلم أنك رسول الله تابعناك ولكن اكتب محمد بن عبد الله فأمر عليا أن يمحاها فقال علي لا والله لا أمحاها فقال رسول الله صلى الله عليه وسلم أرني مكانها فأراه مكانها فمحاها وكتب ابن عبد الله

Bəradan nəql olunur: ... Peyğəmbər (s) Əliyə dedi: “Bizim (müşriklərlə) aramızda olan şərtləşməni yaz: (Yaz ki) “Rəhman və Rəhim Allahın adıyla. Bu Allahın Rəsulu Muhəmmədin (müşriklərlə) etdiyi sözləşmədir.” Bu zaman müşriklər dedilər: “Əgər biz sənin Allahın rəsulu olduğunu bilsəydik, sənə tabe olardıq. Lakin (sən peyğəmbər deyilsən, elə isə) Abdullahın oğlu Muhəmməd yaz.” Peyğəmbər (s) Əliyə (ə) əmr etdi ki, o sözü silsin. Əli (ə) isə Peyğəmbərə (s) belə dedi: “Xeyr. And olsun Allaha mən o yazını silməyəcəyəm.” Peyğəmbər (s) buyurdu: “Həmin yazının yerini mənə göstər.” (İmam Əli ə.s.) yazının yerini göstərdi. Peyğəmbər (s) yazını sildi və yerinə “Abdullahın oğlu” yazdı.

Müslim ibn əl-Həccac, “əs-Səhih”, səh.742, hədis 92 – (1783); Beytul-Əfkar, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998

Hələlik bu qədər hədislə kifayətlənirik. Allah təbarəkə və təalanın lütfü ilə araşdırmamız əsnasında digər hədislərə də toxunacağıq.

Страница 2 из 7«123456»
Рейтинг

В этом разделе