İhsan Zahir deyir:
“Təbərsi də həmçinin Muhəmməd Baqirdən Əlinin Əbu Bəkrin xilafətini təsdiq və imamətini etiraf etdiyini, hakimiyyətinə beyət gətirdiyini nəql edir. Peyğəmbərin sevimlisi Üsamə ibn Zeyd ordu ilə yola düşdükdə Allah rəsulunun (s) dünyadan köçdüyünü eşitdi. Məktub ona çatar-çatmaz ordu ilə birlikdə Mədinəyə qayıtdı. Camaatın Əbu Bəkrin ətrafında toplandığını gördükdə Əli ibn Əbu Talibin (ə) yanına gəlib dedi: “Nə baş verir?” İmam Əli (ə) buyurdu: “Gördüklərin baş verir”. Üsamə onun beyət edib-etmədiyini soruşduqda, İmam “Bəli” deyə cavab verdi”. 698
Müzakirə
İhsan Zahir adəti üzrə bu rəvayəti də təhrif edib və onun iddiasının əksini isbatlayan hissələri kəsib. Təbərsinin “əl-İhticac”da nəql etdiyi rəvayət belədir: “İmam Baqirdən (ə) rəvayət olunur ki, Ömər ibn Xəttab Əbu Bəkrə dedi: “Üsamə ibn Zeydə yaz ki, sənin yanına gəlsin. Onun gəlişi bizdən rüsvayçılığı uzaqlaşdıracaq”. Əbu Bəkr ona ünvanladığı məktubda yazdı: “Peyğəmbərin (s) xəlifəsi Əbu Bəkrdən Üsamə ibn Zeydə. Bax, məktubum sənə çatdıqda ətrafındakılarla bərabər yanıma gəl. Müsəlmanlar artıq məni yekdilliklə özlərinə əmir təyin ediblər. Onlardan geri qalma ki, asi olarsan və məndən xoşlamadığın münasibət görəsən. Vəssalam!”
Üsamə onun məktubunun cavabında yazdı: “Şama müharibəyə göndərilən Peyğəmbər (s) məmuru Üsamə ibn Zeyddən. Mənə səndən bir məktub gəlib ki, əvvəli də, sonu da naqisdir. Əvvəlində Peyğəmbərin (s) xəlifəsi olduğunu yazırsan. Ardınca isə müsəlmanların sənin barəndə icma etdiklərini, özlərinə əmir seçdiklərini və buna razı olduqlarını söyləyirsən. Bil ki, Allaha and olsun, mən və mənimlə birlikdə olan mühacir və müsəlman camaatı sənin xəlifəliyinə razı deyilik, səni əmir olaraq seçmirik. Bax, xilafəti öz əhlinə təhvil ver. Bil ki, onlar buna səndən daha çox haqq sahibidirlər. Peyğəmbərin (s) Qədir-Xum günü Əli barəsində söylədiklərini sən də bilirsən. Üzərindən uzun müddət keçməyib ki, unudasan. Öz vəziyyətinə nəzər yetir, qarşı çıxma ki, nəticədə Allaha, Peyğəmbərinə və səninlə dostunun üzərinə Peyğəmbərin (s) xəlifə təyin etdiyi şəxsə asi olarsan. Məni yola saldıqdan sonra Peyğəmbər (s) dünyadan köçdü. Sən və dostun isə iznsiz olaraq Mədinəyə geri qayıtdınız və itaətimdən çıxaraq asi oldunuz”.
Əbu Bəkr bundan sonra beyəti boynundan atmaq istədi. Lakin Ömər ona dedi: “Bunu etmə, bu köynəyi (xilafəti) Allah sənə geyindirib, soyunma ki, peşman olarsan. Məktublarınla onun qarşısında inadkarlıq göstər, müsəlmanlar arasında təfriqə salmaması üçün filan-filan kəslərə Üsaməyə məktublar yazmalarını əmr elə”.
Əbu Bəkr, həmçinin münafiqlərdən bir dəstə adam Üsaməyə məktub yazdılar. Məktubda onların seçimi ilə razılaşmasını, müsəlmanları fitnəyə salmaqdan çəkinməsini tələb etdilər. Müsəlmanların küfrdən yeni döndüklərini iddia etdilər.
Məktublar Üsaməyə çatdıqda o, yanındakılarla bərabər Mədinəyə qayıtdı. Camaatın Əbu Bəkrin ətrafında toplandığını gördükdə Əli ibn Əbu Talibin (ə) yanına gəlib dedi: “Nə baş verir?” İmam Əli (ə) buyurdu: “Gördüklərin baş verir”.
Üsamə ondan beyət edib-etmədiyini soruşduqda, İmam “Bəli, ey Üsamə!” deyə cavab verdi.
Üsamə: İstəyərək, yoxsa məcbur edilərək?
İmam: Xeyr, məcbur edilərək.
Üsamə Əbu Bəkrin yanına getdi və dedi: “Salam olsun sənə, ey müsəlmanların xəlifəsi!” Əbu Bəkr onun salamını alıb dedi: “Salam olsun sənə ey başçı!” 699
Baxın, İhsan Zahir rəvayətin mətnindəki bu hissəni necə kəsərək nəql edir: “Üsamə ondan beyət edib-etmədiyini soruşduqda, İmam “Bəli, ey Üsamə!” deyə cavab verdi.
Üsamə: İstəyərək, yoxsa məcbur edilərək?
İmam: Xeyr, məcbur edilərək”.
Rəvayətin kəsilmiş bu hissəsi İhsan Zahirin isbat etməyə çalışdığı məsələnin ziddinədir. Ona görə də sonunu kəsərək oxucunu aldatmağa və İmam Əlinin (ə) Əbu Bəkrin xilafətindən razı olduğu təəssüratını yaratmağa çalışıb.
698 Şiə və Əhli-Beyt, s. 66
699 əl-İhticac, Təbərsi, c. 1, s. 115
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə