»»

Peyğəmbərə (ə) yox imam Hüseynə (ə) yas saxlayırıq?

Bismillahir-Rəhmanir-Rəhim.

Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Ağamız və Peyğəmbərimiz Məhəmmədə, onun pak və təmiz Əhli-beytinə, seçilmiş və xeyirli səhabələrinə, eləcə də Qiyamət gününə qədər onlara gözəl şəkildə tabe olanlara Allahın salavatı olsun.

Ey möhtərəm izləyicilər, sizə salam olsun, Allahın rəhməti və bərəkəti üzərinizə olsun.

Bəziləri xüsusilə şiə müsəlmanlara belə bir irad tuturlar: “Hüseynin (əleyhis-salam) öldürülməsi Allah-Taalanın yanında Allah Rəsulunun (sallallahu əleyhi və alihi) vəfatından daha böyükdürmü? Əgər Allah Rəsulunun (sallallahu əleyhi və alihi) vəfatı Hüseynin (əleyhis-salam) öldürülməsindən daha böyük müsibətdirsə, onda sizin Aşura günündə bu qədər diqqət göstərməyiniz, yas saxlamağınız, bununla yanaşı müəyyən matəm mərasimləri keçirməyiniz və hüznlü mərsiyələr oxumağınız nə üçündür? Halbuki Allah Rəsulunun (sallallahu əleyhi və alihi) vəfatı və ya şəhadəti üçün — o, öz ümmətinə şahid və şəhid olduğu halda — belə bir mərasim görmürük.”

Deyirik: Tələsmə, ey sual verən! Hüseyn (əleyhis-salam) heç vaxt özünü babası Mustafa Peyğəmbərin (sallallahu əleyhi və alihi) düşərgəsindən ayrı bir düşərgədə görməyib. O özü bütün fərqləri, yalnız peyğəmbərlik məqamı istisna olmaqla, aradan qaldırmışdır. Çünki Peyğəmbər (sallallahu əleyhi və alihi) belə buyurmuşdur: “Hüseyn məndəndir, mən də Hüseyndənəm.”

Bununla Allah Rəsulu (sallallahu əleyhi və alihi) ümmətin öz övladı ilə olan münasibətinin səviyyəsini onun özü ilə olan münasibətin səviyyəsinə qaldırmışdır.

Biz “Hüseyn Allah Rəsulundandır” ifadəsini anlaya bilərik. Amma “Allah Rəsulu Hüseyndəndir” ifadəsinin özü elə uca bir məqam və yüksək bir mərtəbədir ki, bunu anlamaqda böyük elm sahibləri belə çətinlik çəkirlər, adi insanların çətinlik çəkməsi isə bir yana.

Çünki bu söz öz daxilində əsasların, məqsədlərin və məramların bir-biri ilə sıx bağlılığını ehtiva edir.

Beləliklə, irad öz-özünə aradan qalxır. Çünki biz Hüseyn vasitəsilə onun babasının — Allah Rəsulunun — müsibətinə başsağlığı veririk. Hüseyndə onun atası olan Mustafa Peyğəmbəri və onun atası, Əhli-beytin atası Əli əl-Mürtəzanı görürük.

Əslində bu cavabla kifayətlənə bilərdim. Lakin ədalətli və insaflı olmaq naminə məsələni bir qədər geniş izah etmək lazımdır ki, bu mövzuda ortaya çıxan hər bir şübhəyə qarşı məhəbbətlə və qətiyyətlə cavab verək.

Əvvəlcə mənə elə gəlir ki, sualı və iradı onun sahibinin özünə qaytarmaq lazımdır. Bu şəxs, şübhəsiz ki, ərəb və ya İslam dövlətlərindən birinə mənsubdur.

Ona deyək: Görəsən, nə üçün Allah Rəsulunun (sallallahu əleyhi və alihi) mövludunu və ya şəhadətinin ildönümünü qeyd etməkdə milli günlərdə gördüyümüz qədər təntənə görmürük? Yaxud kralların və hökmdarların ölümünü və ya doğum günlərini bu qədər böyük ehtiramla qeyd etmirlər? Dövlətlərin çoxunda, çox az istisna olmaqla, belə mərasimlər yoxdur.

Məgər İslam dövlətlərinin qanunlarında onun doğulduğu və vəfat etdiyi günlərin rəsmi şəkildə qeyd olunan günlər olması, kiçiklərin böyüyənə qədər, böyüklərin isə qocalana qədər bunu bilməsi lazım deyilmi? Bu, bir tərəfdən. Digər tərəfdən isə biz şiə müsəlmanların məclisləri Allah Rəsulunun (sallallahu əleyhi və alihi) mövludu və vəfatının yad edilməsindən heç vaxt boş qalmır. Müasir dövrdə kütləvi informasiya vasitələrinin məscidlərimizdə və hüseyniyyələrimizdə keçirilən bütün mərasimləri yayımlaması ilə bu məsələ daha da aşkar görünür. Mən müsəlmanlar arasında bu məsələyə bizim qədər ciddi diqqət yetirən başqa bir qrup tanımıram. Lakin mövzunun əsasına qayıdaq.

Bizim üçün, bütün müsəlmanlar kimi, qəti olan məsələ budur ki, Allah Rəsulunun (sallallahu əleyhi və alihi) vəfatı ümmətin başına gəlmiş ən böyük müsibətdir. O, bütün müsibətlərin anası və ən böyük bəladır. Çünki onun vəfatı müsəlmanlar arasında parçalanma, ixtilaf və mübahisələrə səbəb oldu və bunun nəticələri bu günə qədər davam edir.

Lakin Allah Rəsulunun (sallallahu əleyhi və alihi) özü Hüseyn üçün ağlamış, övladı Hüseynə (əleyhis-salam) görə göz yaşı tökmüş və səhabələrini də onun üçün ağlamağa təşviq etmişdir. Onlara xəbər vermişdir ki, mələklər də Hüseyn üçün ağlamışlar.

Bütün bunlar Hüseynin (əleyhis-salam) şəhadətindən onilliklər əvvəl baş vermişdi.

Beləliklə, Peyğəmbər (sallallahu əleyhi və alihi) həmin vaxtdan etibarən möminlərin qəlblərini zalımlara və Allahın dininə qarşı pis niyyət bəsləyənlərə qarşı yönəldirdi.

Peyğəmbər (sallallahu əleyhi və alihi) bu əsası qoymuş, onun binasını ucalmış və öz övladı üçün matəm mərasimi keçirmişdir. Tarixçilərin və sirə alimlərinin hamısının qəbul etdiyi məsələ budur.

Biz onun yol göstərməsinə tabe olur, onun sünnəsinə uyğun davranırıq. Buna görə də onun öz övladı Hüseynə (əleyhis-salam) görə başsağlığı qəbul edən şəxs olması heç də təəccüblü deyil.

Hüseynin (əleyhis-salam) şəhadəti İslam və müsəlmanlar üçün çox ağır nəticələr doğurdu.

Onu öldürməklə sanki onun babası Allah Rəsulu da öldürüldü. Çünki onların hər ikisi bir-birindəndir.

Peyğəmbərin hörməti tapdalandı, onun nəslinə, övladlarının və qızlarının ailə üzvlərinə qarşı hörmətsizlik edildi. Hüseyn günü Əhli-beytdə olan izzət alçaldıldı və onların üzərinə ağır kədər və qəm miras qoyuldu.

Doğrudur, Peyğəmbərin (sallallahu əleyhi və alihi) vəfatının, müsəlmanların böyük əksəriyyətinin nəql etdiyi kimi, zəhərlənmə nəticəsində olduğu bildirilir. Lakin bununla Kərbəla günü göz qabağında baş verən dəhşətli hadisələr və faciələr müşayiət olunmadı.

Allah Rəsulu (sallallahu əleyhi və alihi) öz yaxınlarının arasında, ona layiq şəkildə yuyulub kəfənləndi, dəfn edildi və böyük ehtiramla torpağa tapşırıldı.

Hüseynin (əleyhis-salam) günündə isə faciə ən yüksək həddə çatdı. Kinlər üzə çıxdı, qəlblərdə gizlədilmiş düşmənçiliyin alovu göründü. Bu, Mustafa Peyğəmbərə qarşı gizli kin, Əli əl-Mürtəzaya qarşı isə açıq düşmənçilik idi — onların hamısına Allahın salamı olsun.

 Hətta hakimiyyətin başında duran şəxs Hüseynin müqəddəs başının qarşısında belə məşhur sözünü dedi: “Biz onların böyüklərindən olan igidi öldürdük və Bədrdəki məğlubiyyətin əvəzini çıxaraq onu bərabərləşdirdik.”

Allah Rəsulu (sallallahu əleyhi və alihi) və ondan sonra imamlar (əleyhimus-salam) istəmişdilər ki, Hüseynin şəhadəti, özündə bir-birinin üzərinə yığılmış bütün bu faciələrlə birlikdə, ümmətin vicdanını daim oyadan bir qüvvəyə çevrilsin.

Bu qüvvə ümmətin hətta fiqh və əqidəsində belə dayaq olsun ki, əqidə, fiqh və digər elmlərin quru, yalnız nəzəri və zehni biliklərə çevrilməsinə yol verilməsin.

Məhz buna görə də davamlı müsibətdən və axan göz yaşından istifadə etmək, insanları yönləndirmək, onların qəlblərini Allah-Taalanın dinində yaranacaq hər hansı sapmaya və Allahın şüarlarının — o cümlədən yaxşılığa əmr etmək və pislikdən çəkindirmək kimi vəzifələrin — dayandırılmasına qarşı daim oyaq və alovlu saxlamaq tövsiyə edilmişdir.

Sonra tarixdə görürük ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi) Səd ibn Müaz, Osman ibn Məzun, Fatimə bint Əsəd, Zeyd ibn Harisə, Həmzə ibn Əbdülmüttəlib, Cəfər ibn Əbu Talib və öz oğlu İbrahimüçün ağlamış və onların ölümünə görə matəm saxlamışdır.

Ömər ibn Xəttab da Numan ibn Müqərrin əl-Müzəni üçün ağlamış və Xalid ibn Vəlidin ölümü münasibətilə ağlamağı əmr etmişdir. Aişə atasına görə ağlamış, Əbu Hüreyrə Osman ibn Əffanın vəfatına ağlamış, Suheyb ər-Rumi isə Ömər ibn Xəttaba görə ağlamışdır. Bu siyahını daha da uzatmaq olar.

 

Рейтинг

В этом разделе