»»

Hüdeybiyyə sülhü (şübhələrə cavab)

  1. Hüdeybiyyə sülhünün qısa tarixi
  2. Bəhsin mövzusu və hadisənin qabardılmasının 1-ci səbəbi
  3. Əmr və onun məna növləri
  4. Peyğəmbərin (s) əmrindəki qeydlər
  5. Hadisənin qabardılmasının 2-ci səbəbi
  6. Hadisənin qabardılmasının 3-cü səbəbi
  7. Peyğəmbərin (s) "saçlarınızı qırxın" əmri

Peyğəmbərin (s) əmrindəki qeydlər

Əvvəla bunu deyək ki, əmrin hansı mənanı ifadə etdiyini ən yaxşı əmr edən və əmr olunan şəxs bilər. Çünki əmr verən şəxsin əsas məqsədi budur ki, məhz əmr olunan şəxs onun mənasını başa düşmüş olsun. Digər insanların başa düşməsi isə vacib deyildir. Ona görə də əmr verən şəxs əmri elə tərz və şəraitdə verir ki, onun mənasını ən əsas əmr olunan şəxs başa düşür. Digərlərinin başa düşməsinin isə əhəmiyyəti yoxdur. Bu səbəbdən də əmrin hansı mənanı ifadə etməsini əmr olunan şəxs digərlərindən daha yaxşı bilir.

Bu hadisədə əmr edən Peyğəmbərdir (s). Şəkk və şübhə yoxdur ki, Peyğəmbər (s) boş və mənasız yerə söz işlətməz. Hər hansı bir kəsə, nəsə bir söz desə onu elə tərz və şəraitdə deyər ki, qarşı tərəf onun mənasın doğru-dürüst anlamış olsun.

Qarşı tərəf isə ”elm şəhərinin qapısı”-İmam Əli bin Əbu Talibdir (ə). Sözsüz ki, İmam (ə) əmrin hansı mənada olduğunu çox yaxşı başa düşmüşdü. Yoxsa gərək deyək ki, “elm şəhərinin qapısı” olan İmam Əli (ə) bu əmrin mənasını anlamamış, amma onu bu işdə xətakar hesab edən “naqis ağıllar” isə anlamışdır. Bu fikrin nə qədər gülünc olması isə açıq-aşkardır!

Qeydlərə gəlincə...

1. Qeydlərdən bəzisini yuxarıda əl-Qəstəlaninin kitabından nəql etdik. O da budur ki, Peyğəmbərin (s) əmrindən belə anlaşılmır ki, o yazını silmək məhz İmam Əlinin (ə) özünə vacibdir. Buna dəlil isə Peyğəmbərin (s) İmamı (ə) əmri tərk etdiyinə görə pisləməməsidir.

2. Əmrin vacib mənasında olmamasına digər bir qeyd (dəlil) isə budur ki, Peyğəmbərin (s) əmri ilk öncə “Rəsulullah” sözünün yazılmasına aid idi. Lakin Süheyl bin Əmr adlı müşrik bu sözlə razılaşmadığına görə Peyğəmbər (s) o yazını silməyi əmr edir. Yəni əslində bu istək Peyğəmbərin (s) yox Süheylin istəyi idi. Sanki Peyğəmbər (s) İmama (ə) “Mənim istəyim bu deyildi, amma neylək Süheylin sözü ilə razı olaraq bu yazını sil” –deyə əmr etmişdir. Bu isə dəlildir ki, Peyğəmbərin (s) bu əmri vacibi bildirmir. Çünki “rəsulullah” sözünün silinməsi məcburiyyətdən yaranmış bir məsələ idi. Ona görə də Qəstəlani, Nəvəvi və bir çox digər əhli-sünnə alimlərinin dediyi kimi, İmam Əli (ə) Peyğəmbərə (s) ehtiram göstərərək yazını silə bilməyəcəyini dedi. Yəni sanki İmam (ə) belə demişdi: “Mən bu müşrikin istəyi ilə, sənə hörmətsizlik edib bu adı silə bilmərəm.” Çünki məlumdur ki, müşriklərin bu istəyindən məqsəd Peyğəmbəri (s) təhqir etmək idi. Həmçinin bu iş baş versəydi mümkün idi ki, müşriklər təhqir məqsədi ilə “Ya Muhəmməd, sənin peyğəmbərliyinə iman gətirən bunlardırmı? Nə tez sənin peyğəmbərliyini bildirən yazını sildilər?!”- desinlər. Amma İmam (ə) yazını silməməklə bu ehtimalın qarşısını aldı. Həmçinin İmam (ə) bu əməliylə Peyğəmbərə (s) necə möhkəm bağlı olduğunu göstərdi. Yəni İmam (ə) göstərdi ki, Peyğəmbərə (s) o qədər xalis niyyətlə iman gətiribdir ki, hətta onun rəsulullah olmasını adi kağız üzərindən silməyə belə razı deyil. Deməli bu əməl xəta və itaətsizliyin yox, əslində iman və sədaqətin göstəricisi idi.

İrad: O zaman belə çıxır ki, Peyğəmbər (s) yazını silməklə, özünə qarşı hörmətsizlik etmişdir.

Cavab: Xeyr! Çünki Peyğəmbərin (s) özünün öz peyğəmbərliyinə iman etməsi müzakirə ediləcək bir mövzu deyil. Məsələn, həkim olan bir şəxs necə deyə bilər mən həkim deyiləm?! Ona görə də həkim öz adının əvvəlində yazılmış həkim sözünü silsə, heç kim deyə bilməz ki, sən özünün həkim olduğunu qəbul etmirsən! Amma bu yazını bir başqası silsə, o zaman bu söz ona deyilə bilər. Yaxud həkim özü bu sözü silsə heç kim deməz ki, sən özünə hörmətsizlik etdin. Amma bunu bir başqası etsə, o zaman ona deyilə bilər ki, sən həkim sözünü silməklə həmin həkimə qarşı hörmətsizlik etdin.

İrad: Bir çox hədislərə əsasən, Peyğəmbər (s) ilk öncə “Rəhman və Rəhim olan Allahın adıyla yaz”-deyə əmr edir. Süheyl adlı müşrik isə “biz belə bir Allah tanımırıq. “Ey Allahım sənin adınla” yaz”-deyir. Peyğəmbər (s) İmam Əliyə (ə) Süheylin dediyi kimi yazmağı əmr edir. İmam (ə) da əmri yerinə yetirir. Elə isə yuxarıda yazdığınız məntiqə əsasən gərək deyək ki, İmam Əli (ə) Peyğəmbəri (s) Allahdan üstün tutmuşdur. Çünki Allahın “Rəhman” və “Rəhim” sifətlərini silməyə razı olmuş, amma “rəsulullah” sözünü silməyə isə razı olmamışdır.

Cavab: Qeyd etdiymiz kimi, İmam Əlinin (ə) “rəsulullah” sözünü silməməsi onun Peyğəmbərin (s) peyğəmbərliyinə olan xalis imanından və sədaqətindən xəbər verir. Müşriklər Həzrət Muhəmmədi (s) bir peyğəmbər olaraq qəbul etmədikləri üçün o yazının silinməsini istəmişdilər. Lakin Allahın var olmasını isə qəbul edirdilər (baxmayaraq ki, Ona şəriklər qoşurdular). Ona görə də “Rəhman” və “Rəhim” sözlərinin silinməsi Allahın inkarına dayanmırdı. Amma “rəsulullah” sözünün silinməsi isə birbaşa peyğəmbərliyin inkarına əsaslanmışdı. Buna görə də İmam (ə) “rəsulullah” sözünü silməyə razı olmamışdı.

3. İkinci bənddə qeyd etdik ki, İmamın (ə) yazını silməməsi müxalifətin yox sədaqətin göstəricisidir. Bu dediymizi həmin hadisə zamanı müşriklərin heyrətə düşməsi daha da qüvvətləndirir. Belə ki, yazının silinməməsinə dair narazılığı görən müşriklərdən biri digərinə belə demişdi: “Öz dininə qarşı bu cür ehtiyatlı davranan bir qövm görməmişəm.” (“Əl-Məğazi” cild 2, səh.611)

Deməli, İmamın (ə) “rəsulullah” sözünü silməməsi müşriklərə göz dağı olmuşdu. Yəni onlar müsəlmanların Peyğəmbərə (s) və öz dinlərinə necə bağlı olduğunu görüb heyrətə gəlmişdilər. Əgər əmr vacibi bildirsəydi, müşriklər heyrətdə qalmaz, əksinə müsəlmanları məsxərəyə qoyaraq “sizin Peyğəmbərinizə (s) itatət və sədaqətiniz budurmu?”-deyərdilər.

Nəticə:

Gələk nəticəyə. Yuxarıda əhli-sünnə alimi əl-Cəssasdan əmrin məna növləri barədə 4 fərqli nəzər nəql etdik. Həmin nəzərlər nə qədər fərqli olsalar da bir məsələdə yekdil rəyə sahibdirlər. O da budur ki, əgər əmrin hansı mənada işlənməsinə dair qeyd və dəlil varsa o zaman əmrin mənası həmin qeyd və dəlilə uyğun olacaqdır. Yəni məsələn, əmrdəki qeydlər (istər sözlü istərsə də şəraitdən anlaşılan) əgər mübahlığa dəlalət edirsə, deməli bütün alimlərin rəyinə əsasən həmin əmr mübah mənasındadır. Nəticə olaraq məlum oldu ki, İmamın (ə) əmrə tabe olmaması günah və xəta deyildi. Çünki burada əmrin vacibə dəlalət etməsinə dair heç bir dəlil və qeyd yoxdur. Əksinə dəlillər əmrin vacib olmadığını deyir. Belə olduğu təqdirdə isə, heç bir günah və xətadan söhbət gedə bilməz.

Hadisənin həqiqətlə uzlaşmaması

Bura qədər dediklərmiz qeyd olunan hadisə doğru olduğu təqdirə aid idi. Məqalənin bu hissəsində isə hadisənin həqiqətə nə dərəcədə uyğun olub-olmadığını araşdıracağıq. Əlbəttə biz burada qətiyyən sübut etməyə çalışmırıq ki, belə bir hadisə olmayıb. Sadəcə göstərmək istəyirik ki, hadisənin doğruluğunu şübhə altına atan ciddi dəlillər mövcuddur.

Hüdeybiyyə sözləşməsinin baş tutmasında və bu sözləşmədə İmam Əlinin (ə) katib olmasında heç bir şəkk və şübhə yoxdur. Lakin İmamın (ə) “rəsulullah” sözünü əmrə tabe olmayaraq (əmr mübah olsa belə) silməməsi isə şübhəlidir.

Qeyd: Burada qeyd edəcəymiz dəlillər həm şiə həm də sünni mənbələrindən olacaq. Bizə belə bir irad edilməsin ki, hədislər ancaq sünni mənbələrindən olmalıdır. Xeyr. Əsla belə deyil. Çünki biz burada məsələnin həqiqətə uyğun olub-olmadığını araşdırırıq. Belə bir halda isə şiə mənbələrinə toxunmadan keçsək elm əhlinin haqlı iradı ilə qarşılaşmış olarıq.

Bu barədə susan hədislər

Bəzi hədislərdə Peyğəmbərin (s) əmrindən sonra İmamın (ə) əmrə tabe olmadığı qeyd olunmur. Beləliklə həmin hədislər bu hadisənin həqiqətən də baş verməsini şübhə altına atmış olur. Həmin hədislərdən bəzisini qeyd edirik:

1. Siqətul-İslam Şeyx Kuleyni (r.ə.) “əl-Kafi” kitabında yazır:

فَقَالَ لِعَلِيٍّ ع اكْتُبْ‏ بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ* فَقَالَ سُهَيْلٌ مَا أَدْرِي مَا الرَّحْمَنُ الرَّحِيمُ إِلَّا أَنِّي أَظُنُّ هَذَا الَّذِي بِالْيَمَامَةِ وَ لَكِنِ اكْتُبْ كَمَا نَكْتُبُ بِاسْمِكَ اللَّهُمَّ قَالَ وَ اكْتُبْ هَذَا مَا قَاضَى عَلَيْهِ‏- رَسُولُ اللَّهِ سُهَيْلَ‏ بْنَ‏ عَمْرٍو فَقَالَ سُهَيْلٌ فَعَلَى مَا نُقَاتِلُكَ يَا مُحَمَّدُ فَقَالَ أَنَا رَسُولُ اللَّهِ وَ أَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ فَقَالَ النَّاسُ أَنْتَ رَسُولُ اللَّهِ قَالَ اكْتُبْ فَكَتَبَ هَذَا مَا قَاضَى عَلَيْهِ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ

İmam Cəfər əs-Sadiq (ə.s.) buyurur: «...Peyğəmbər (s) İmam Əliyə (ə) buyurdu: «Yaz: Rəhman və Rəhim Allahın adıyla.» Süheyl dedi: «Mən Rəhman və Rəhimin kim olduğunu bilmirəm. Yalnız güman edirəm ki, bu Yəmamədəki kişidir. Elə isə bizim yazdığımız kimi yaz: Ey Allahım sənin adınla.» Daha sonra Peyğəmbər (s) buyurdu: «(Ya Əli), yaz: Bu Allahın Rəsulunun Süheyl bin Əmrlə etdiyi sözləşmədir.» Bu zaman Süheyl dedi: «(Əgər sən Allahın Rəsulusansa) elə isə, biz səninlə niyə döyüşürük, ey Muhəmməd?!» Peyğəmbər (s) buyurdu: «Mən Allahın Rəsuluyam və mən Abdullahın oğlu Muhəmmədəm.» Bu zaman insanlar (müsəlmanlar) dedilər: «Sən Allahın Rəsulusan.» Peyğəmbər (s) (İmam Əliyə ə.s.) buyurdu: «Yaz (yəni Muhəmməd bin Abdullah yaz).» (İmam ə.s.): «Bu Muhəmməd bin Abdullahın etdiyi sözləşmədir»-deyə yazdı...»

əl-Kafi, cild 8, səh. 326 (İslamiyyə nəşri); həmçinin bax (bəzi fərqlərlə): “Bihar əl-Ənvar” cild 20, səh.368; “Təfsiru-nur əs-Səqəleyn” cild 5, səh.68

2. Əhli-sünnə alimi İbn Kəsir “əl-Bidayə vən-Nəhayə” kitabında Süheyl bin Əmrin “rəsulullah” sözünün yazılmasına etiraz etdiyini qeyd etdikdən sonra Peyğəmbərin (s) İmam Əliyə (ə) belə buyurduğunu nəql edir:

قال (ص): اكتب: هذا ما صالح عليه محمد بن عبد الله سهيل بن عمرو

«Yaz: Bu Muhəmməd bin Abdullahın Süheyl bin Əmrlə etdiyi sözləşmədir.»

İbn Kəsir, əl-Bidayə vən-Nəhayə, cild 6, səh.217; Həmçinin bax: İbn Hişam, “əs-Sirətun-Nəbəviyyə”, cild 3, səh. 331,332; İbn Kəsir, “əs-Sirətun-Nəbəviyyə”, səh.320,321; əl-Hakim, “Mustədrək ələs-Səhiheyn”, cild 3, səh.153

3. Əhli-sünnənin dörd məzhəb imamından biri olan Əhməd bin Hənbəl öz “Müsnəd”ində Süheylin etirazından sonra belə qeyd edir:

فكتب هذا ما صالح محمد بن عبد الله

«(Süheyl bin Əmr “sənin peyğəmbər olduğunu qəbul etsəydim səninlə döyüşməzdim”-dedikdən sonra İmam Əli ə.s.) Bu, Muhəmməd bin Abdullahın etdiyi sözləşmədir-deyə yazdı.»

Əhməd ibn Hənbəl, “əl-Musnəd”, cild 1, səh.86; Məktəbətu Qurtubə, Misir

Bu cür hədisləri çoxaltmaq da mümkündür. Lakin biz ixtisara riayət etmək məqsədiylə bu qədər hədislə kifayətlənirik.

Gördüyünüz kimi bu hədislərdə əmrə tabe olmamaqdan söhbət açılmır.

Yazının silinməsinə razı olmayanlar səhabələr idi

Bəzi hədislərdə isə “rəsulullah” sözünün silinməsinə İmam Əlinin (ə) yox, digər səhabələrin razı olmadığı qeyd olunur. Həmin hədislərdən bəzilərini qeyd edirik:

1. Əhli-sünnə alimi əl-Vaqidi “əl-Məğazi” kitabında belə qeyd edir:

فَأَمَرَ النّبِيّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلِيّا يَكْتُبُ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: اُكْتُبْ بِسْمِ اللهِ الرّحْمَنِ الرّحِيمِ. فَقَالَ سُهَيْلٌ: لَا أَعْرِفُ الرّحْمَنَ، اُكْتُبْ كَمَا نَكْتُبُ بِاسْمِك اللهُمّ. فَضَاقَ الْمُسْلِمُونَ مِنْ ذَلِكَ وَقَالُوا: هُوَ الرّحْمَنُ. وَقَالُوا: لَا تَكْتُبْ إلّا الرّحْمَنَ. قَالَ سُهَيْلٌ: إذًا لَا أُقَاضِيهِ عَلَى شَيْءٍ. فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: اُكْتُبْ بِاسْمِك اللهُمّ! هَذَا مَا اصْطَلَحَ عَلَيْهِ رَسُولُ اللهِ. فَقَالَ سُهَيْلٌ: لَوْ أَعْلَمُ أَنّك رَسُولُ اللهِ مَا خَالَفْتُك، وَاتّبَعْتُك، أَفَتَرْغَبُ عَنْ اسْمِك وَاسْمِ أَبِيك مُحَمّدِ بْنِ عَبْدِ اللهِ؟ فَضَجّ الْمُسْلِمُونَ مِنْهَا ضَجّةً هِيَ أَشَدّ مِنْ الْأُولَى حَتّى ارْتَفَعَتْ الْأَصْوَاتُ، وَقَامَ رِجَالٌ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُونَ: لَا نَكْتُب إلّا مُحَمّدٌ رَسُولُ اللهِ!

«...Peyğəmbər (s) Əliyə (ə) yazmağı əmr etdi. Buyurdu: “Yaz ki, “Rəhman və Rəhim Allahın adıyla.” Süheyl dedi: “Mən Rəhmanı tanımırıam. Biz yazdığımız kimi yaz: Sənin adınla, ey Allahım.” Bu zaman müsəlmanlar (səhabələr) dözməyib dedilər: “O (Allah), Rəhmandır.” Daha sonra (katibə-İmam Əliyə ə.s.) dedilər: “Rəhmandan başqa bir şey yazma (yəni Süheyl dediyi kimi yazma).” Süheyl dedi: “O zaman mən sizinlə heç bir sözləşmə bağlamıram.” Peyğəmbər (s) (İmam Əliyə ə.s.) buyurdu: “Yaz ki, Ey Allahım sənin adınla. Bu Allah Rəsulunun etdiyi sözləşmədir.” Süheyl yenə dedi: “Əgər mən səni bir peyğəmbər bilsəydim, səninlə müxalif olmazdım. Əksinə sənə tabe olardım. Sənin adın və atanın adı- Muhəmməd bin Abdullah xoşuna gəlmir?” Bu zaman müsəlmanlar əvvəlkindən daha çox hay-küy etməyə başladılar. Onların səsləri daha da ucaldı. Peyğəmbərin (s) səhabələri içindən bəziləri ayağa durub- “Biz “Allah Rəsulu Muhəmməddən” başqa bir şey yazmayacağıq”-dedilər»

əl-Vaqidi, “əl-Məğazi”, cild 2, səh. 610-611; Dar əl-Aləmi, Beyrut, 1409/1989

Əl-Vaqidi həmin kitabda yenə qeyd edir:

أُسَيْدِ بْنِ حُضَيْرٍ وَسَعْدِ بْنِ عُبَادَةَ أَخَذَا بِيَدِ الْكَاتِبِ فَأَمْسَكَاهَا وَقَالَا : لَا تَكْتُبْ إلّا مُحَمّدٍ رَسُولِ اللهِ، وَإِلّا فَالسّيْفُ بَيْنَنَا!

«...Useyd bin Huzeyr və Səd bin Ubadə katibin (İmam Əlinin ə.s.) əlindən tutub onu yazmağa qoymadılar və belə dedilər: “Allahın Rəsulu Muhəmməddən” başqa bir şey yazma. Yoxsa aramızda qılınc davası düşəcək...»

əl-Vaqidi, “əl-Məğazi”, cild 2, səh. 611; Dar əl-Aləmi, Beyrut, 1409/1989

2. Yəqubi öz tarixində yazır:

وقال سهيل بن عمرو: لو علمنا أنك رسول الله ما قاتلناك. وقال المسلمون: لا تمحها. فأمر رسول الله أن يكفوا، وأمر علياً فكتب: باسمك اللهم، من محمد بن عبد الله.

«Süheyl bin Əmr dedi: Əgər sənin peyğəmbər olduğunu bilsəydik, səninlə döyüşməzdik. Bu zaman müsəlmanlar dedilər: Onu (rəsulullah sözünü) silmə! Peyğəmbər (s) isə onların sakit olmalarını əmr etdi. Daha sonra Əliyə (ə) (yazmağı) əmr etdi. (İmam Əli ə.s.): “Ey Allahım sənin adınla. Bu Muhəmməd bin Abdullahın (müşriklərlə bağladığı sözləşmə)dir.”-deyə yazdı.»

Əhməd əl-Yəqubi, “Tarixi-Yəqubi”, cild 1, səh.373; Dar əl-Aləmi, Beyrut, 1431/2010; təhqiq: Əbdül-Əmir əl-Muhənna

Birinci və ikinci bənddə qeyd etdiymiz mənbələrə əsasən “rəsulullah” sözünün silinməsini istəməyən İmam Əli (ə) yox, digər səhabələr olmuşdur. Bu cür xəbərlər isə İmam Əlinin (ə) əmrə tabe olmadığını deyən hədislərin həqiqətə uyğun olma ehtimalını zəiflədir.

3. Heysəmi “Məcməuz-Zəvaid”də Ömər bin Xəttabdan nəql edir:

إن رسول الله - صلى الله عليه وسلم - كان يكتب بينه وبين أهل مكة ، فقال : " اكتب بسم الله الرحمن الرحيم " فقالوا : لو نرى ذلك صدقنا ، ولكن اكتب كما كنت تكتب : باسمك اللهم قال : فرضي رسول الله - صلى الله عليه وسلم - وأبيت ، حتى قال لي : : يا عمر ، تراني قد رضيت وتأبى ؟ " قال : فرضيت .

«... Peyğəmbər (s) Məkkə əhli ilə sözləşmə yazırdı. O, (katibə) buyurdu: “Rəhman və Rəhim Allahın adıyla-yaz.” (Müşriklər) dedilər: “Buna inansaydıq qəbul edərdik. Ona görə də (əvvəllər) yazdığın kimi yaz: Sənin adınla, ey Allahım.” (Ömər) dedi: “Peyğəmbər bununla razılaşdı. Lakin mən etiraz etdim. Peyğəmbər (s) buyurdu: “Ey Ömər! Mənim razı olduğumu görüb etirazmı edirsən?” (Ömər) dedi: -Bu zaman mən də razılaşdım.»

Daha sonra Heysəmi yazır:

رواه البزار ورجاله رجال الصحيح

«Bunu Bəzzar nəql etmişdir. Raviləri "əs-Səhih"in (Buxarinin və Müslimin yaxud ikisindən birinin) raviləridir.»

Hafiz əl-Heysəmi, “Məcməuz-Zəvaid”, cild 6, səh.146; Məktəbətul-Qüdsi, Misir; təhqiq: Husaməddin əl-Qüdsi

Yenə Heysəmi bu hədisi çox cüzi mətn fərqi ilə kitabının 1-ci cildində qeyd etdikdən sonra yazır:

رواه أبو يعلى ، ورجاله موثقون ، وإن كان فيهم مبارك بن فضالة.

«Bunu Əbu Yəla nəql etmişdir və raviləri siqadır. Baxmayaraq ki, onların içində Mübarək bin Fəzalə də var.»

Hafiz əl-Heysəmi, “Məcməuz-Zəvaid”, cild 1, səh.179; Məktəbətul-Qüdsi, Misir; təhqiq: Husaməddin əl-Qüdsi

Düzdür, bu hədisdə Ömər “Rəhman” və “Rəhim” sözlərinin yazılmasına etiraz edir. Lakin bu hədisi burada qeyd etməyimiz bir neçə cəhətdən əhəmiyyətlidir. Çünki hədisə əsasən:

• Sözləşmə zamanı etiraz edən Ömər bin Xəttab olmuşdur. Çünki burada İmam Əlinin (ə) əmrə tabe olmamağından danışılmır. Həmçinin Peyğəmbərin (s) Öməri danlamasından sonra İmam Əlinin (ə) də əmrə tabe olmaması zəif ehtimaldır. Nəticə etibarıyla bu hədis İmam Əlinin (ə) “rəsulullah” sözünü silməyə razı olmamasını şübhə altına atır.

• Hədisə əsasən Ömər etiraz etdiyinə görə xətakar və günahkardır. Çünki burada Peyğəmbərin (s) Öməri danlaması dəlildir ki, Ömər məsələ ilə razılaşmalı və etiraz etməməli idi. Lakin İmam Əli (ə) barədə hadisənin doğruluğunu qəbul etsək də onun xətakar olduğunu deyə bilmərik. Çünki həmin məsələni qeyd edən hədislərdə İmam (ə) Peyğəmbərin (s) danlağı ilə üzləşmir. Əhli-sünnə alimlərinin də dediyi kimi, danlağın olmaması dəlildir ki, İmam (ə) üçün əmrə tabe olmaq vacib deyildi (mənbələri yuxarıda qeyd etmişik).

İmam Əli (ə) Süheyl bin Əmrə etiraz etmişdi

Bəzi mənbələrdə İmam Əlinin (ə) Peyğəmbərə (s) yox, Süheyl bin Əmr adlı müşrikə etiraz etdiyi qeyd olunur.

Əhli-sünnə alimi ən-Nəsai “Xəsaisu-Əmiril-Muminin” adlı kitabında İmam Əlidən (ə) nəql edir. İmam (ə) buyurdu:

فقال سهيل لو علمنا أنه رسول الله ما قاتلنا امحها فقلت هو والله رسول الله وإن رغم أفك لا والله لا أمحها فقال رسول الله رسول الله صلى الله عليه ( وآله ) وسلم أرني مكانها فأريته فمحاها ...

«...Süheyl dedi: Əgər biz onun peyğəmbər olduğunu bilsəydik, onunla döyüşməzdik. Elə isə sil o yazını. Mən dedim: And olsun Allaha sən istəməsən də o, Allahın Rəsuludur. Xeyr! And olsun Allaha mən o yazını silməyəcəyəm. Peyğəmbər (s) buyurdu: Yazının yerini mənə göstər. Mən onu Peyğəmbərə (s) göstərdim və o, yazını sildi...»

Əhməd ibn Şueyb ən-Nəsai, “Xəsaisu-Əmiril-Muminin Əli bin Əbu-Talib”, səh 202; Məktəbətul-Məla, Küveyt, 1406/1986

Bu hədisə əsasən Peyğəmbər (s) İmama (ə) yazını silməyi əmr etməmişdir. “Yazını sil” deyən müşrik Süheyl bin Əmr idi. İmam (ə) isə ona etiraz edərək “mən bu yazını silməyəcəyəm” demişdi.

Düzdür, bizə irad oluna bilər ki, qeyd etdiyiniz kitabın təliqində bu hədisin zəif olduğu qeyd olunur. Buna görə də qeyd etdiyiniz mənbənin heç bir əhəmiyyəti yoxdur. Lakin cavabında deyirik ki, biz burada İmamın (ə) Peyğəmbərin (ə) əmrinə etiraz etməsinin həqiqətə uyğun olmadığını sübut etməyə çalışmırıq. Məqsədimiz sadəcə bu məsələnin şübhəli olduğunu göstərməkdir. Əgər biz hansısa fiqhi bir məsələnin hökmündən danışsaydıq irad düzgün və yerində söylənilmiş bir irad olardı. Amma biz fiqhi bir məsələdən yox, elm şəhərinin qapısı Əmirəl-möminin Əli bin Əbu-Talibin (ə) əmrə tabe olub-olmamasından danışırıq. Bu halda isə həmin hadisənin isbatı üçün əminlik gətirici, təvatür həddində hədis və xəbərlərin olması labüddür. Əgər o hədislər dediymiz həddə olmazsa və onun əksini deyən kifayət qədər hədis və xəbərlər olarsa və həmin mənbələrin arasında zəif xəbərlər olsa belə məsələnin həqiqətinə kölgə salmış olar. Buna səbəb isə hadisənin özünün (əmrə tabe olmamaq hadisəsinin) əminlik gətirici dəlillərə (məsələn, təvatür kimi dəlillərə) malik olmamasıdır.

Həmçinin bu məzmunda olan hədislər şiə mənbələrində də yer almışdır. İxtisara riayət etmək üçün onları qeyd etmirik.

Nəticə:

Qeyd etdiklərmizdən məlum oldu ki, bu hadisə hədis və tarix kitablarında müxtəlif cür qeyd olunmuşdur. Belə ki,

• Bəzi mənbələrdə müşriklərin “rəsulullah” sözünün silinməsini istədikdən sonra Peyğəmbər (s) İmam Əliyə (ə) “yazını sil”-deyə əmr edir. İmam (ə) isə “and olsun Allaha mən bu yazını silməyəcəyəm” və ya “Mən bu yazını silən deyiləm” cavabını verir.

• Bəzi mənbələrdə Peyğəmbərin (s) əmrindən sonra İmamın (ə) əmri yerinə yetirdiyi qeyd olunur.

• Bəzi mənbələrdə bu etirazı səhabələrin etdiyi qeyd olunur. Hətta bəzi səhabələrin İmamın (ə) əlindən tutub yazmağa qoymadıqları da zikr olunur. Həmçinin bu etirazı edənlərdən biri də özünün dediyinə əsasən, Ömər bin Xəttab olmuşdur.

• Bəzi mənbələrdə İmam Əli (ə) Peyğəmbərə yox, Süheyl bin Əmr adlı müşrikə etiraz etmişdir.

Bu cür müxtəlif versiyaların olduğu halda bir versiya üzərində necə əminliklə dayanmaq olar? Yenə də qeyd edirik ki, biz birinci versiyanın həqiqətə uyğun olmadığını demirik. Amma məsələnin şübhəli olduğunu deyirik. Bu cür şübhəli bir vəziyyətdə birinci versiya üzərində israr edənlər, bəzi səhabələrin Peyğəmbərə (s) qarşı etdiyi itaətsizliklər üzərinə pərdə çəkmək istəyənlərdir. Çünki Əhli-beyt (ə) tərəfdarları İmam Əlinin (ə) heç bir zaman Peyğəmbərə (s) itaətsizlik etmədiyinə və o Həzrətin (ə) məsum olduğuna görə, dəfələrlə Peyğəmbərin (s) əmrinə qarşı çıxmış şəxslərdən üstün olduğunu və o Həzrətin (ə) Peyğəmbərin (s) canişini olduğunu deyirlər. Həmin səhabələrin İmam Əlidən (ə) üstün olduğunu sübut edə bilməyənlər isə, tarix boyu hiyləgər qələmləri ilə İmam Əlinin (ə) məqamını aşağı salmağa cəhd etmişlər. Haqqında danışdığmız şübhə də, həmin təfəkkürün məhsuludur.

Əl-qərəz! Nəticə olaraq deyirik ki, bu hadisənin həqiqətə uyğun olması şübhəlidir. Əlbəttə həqiqətə uyğun olduğu təqdirdə belə, bu hadisə İmamın (ə) məqamına və ismətinə heç bir xələl gətirmir. Əksinə İmamın (ə) Peyğəmbərə (s) şiddətli dərəcədə bağlı olduğunu göstərir. Sadəcə olaraq hiyləgər qələmlər məsələni fərqli şəkildə yozaraq başqa səmtə yönəltməyə çalışırlar.

Страница 4 из 7«1234567»
Рейтинг

В этом разделе