»»

Əbu Bəkr İmam Əliyə (ə) hədiyyələr verib?

İhsan Zahir İmam Əlinin (ə) birinci xəlifədən razılığına qəzavət və məşvərətlərdə iştirakı dəlil göstərir, aralarında dostluq münasibətlərinin olduğunu iddia edir. Digər cəhətdən də Əbu Bəkrdən hədiyyə qəbul etməsini bu dostluğa sübut kimi irəli sürür. İddiasına şiə kitablarından rəvayətlər təqdim edir. Həmin iddialara iki cəhətdən cavab vermək olar:

Birinci cəhət: Dəlillərin təqdimi və müzakirəsi

A. Cariyə Səhbanın hekayəsi

İhsan Zahir deyir: “Aralarındakı xoş münasibət, ülfət, məhəbbət və həmfikirlik səbəbindən Əhli-Beytin (ə) seyyidi, Peyğəmbərin (s) iki gül nəvəsinin atası Əli, onun hədiyyələrini qəbul edirdi. Bu isə aralarında məhəbbət və məşvərət olan sadə qardaşlıq nümunəsidir.

Necə ki, Eynut-təmr savaşında əsir götürülmüş (Səhba adlı) cariyəni hədiyyə olaraq Əbu Bəkrdən qəbul etdi, o qadından da Ömər və Rüqəyyə adında övladları dünyaya gəldi: “Ömər və Rüqəyyə Bəni-Təğlibdən olan əsir düşmüş Səhba adlı qadından idi. O, Əbu Bəkrin xilafəti dövründə Xalib ibn Vəlidin başçılıq etdiyi Eynut-təmr döyüşündə əsir düşmüşdü”.720

Müzakirə

Səhbanın Ümmü Həbibə bint Rəbiə olduğu məlumdur. O, əsir götürülmüşdü. Deyilir ki, Xalid ibn Vəlid onu Eynut-təmrdə əsir almışdı. Sonra Möminlərin əmiri (ə) onunla evlənmiş, ondan Ömər və Rüqəyyə adlı iki övladı dünyaya gəlmişdi. Lakin sünni və şiə tarix, nəsəb və rical kitablarını721 vərəqlədiyimizdə onu Əbu Bəkrin İmam Əliyə (ə) hədiyyə etdiyinə dair heç bir qeydə rast gəlmirik. İhsan Zahirin göstərdiyi İbn İnəbənin “Ümdətut-talib” əsərində isə, əksinə, həmin qadını İmam Əlinin (ə) pul müqabilində aldığı qeyd edilir. Orada yazılıb: “əs-Səhba Təğlibi – o, Ümmü Həbibə bint İbad ibn Rəbiə ibn Yəhya ibn Əbd ibn Əlqəmədir. Yəmamə əsiridir. Xalid ibn Vəlid tərəfindən Eynut-təmr savaşında əsir götürüldüyü də deyilib. Onu Möminlərin əmiri Əli pulla almışdı”. 722

İbn Əbülhədiddən nəql etdiyi hissədə isə Səhbanın Əbu Bəkrin xilafəti dövründə, Xalid ibn Vəlidin rəhbərliyi ilə baş tutan savaşda əsir düşmüş cariyə olduğu qeyd edilib. Lakin həmin mənbədə də onun Əbu Bəkr tərəfindən Möminlərin əmirinə (ə) hədiyyə edildiyi barədə heç bir söz yoxdur. “Ömər və Rüqəyyə – onların anası Bəni-Təğlibdən olan əsir qadındır. Ona Səhba deyilirdi. Əbu Bəkrin xilafəti dövründə, Xalid ibn Vəlidin rəhbərliyi ilə baş vermiş savaşda əsir düşmüşdü”. 723

Buna əsasən, nəzərimizdə mövcud olan güclü rəy İmam Əlinin (ə) Ümmü Rəbiəni pul müqabilində almasıdır. Necə ki, bunu “Ümdətut-talib” kitabının müəllifi də qeyd edib. Yaxud da o, İmam Əlinin (ə) xüms payına düşmüş cariyə olub. Çünki İmam Əli (ə) qənimətlərdə geniş bir paya sahib idi. Xalid və onun kimilər müsəlmanlara qarşı qılınc yellədikləri vaxtlarda İmam Əli (ə) cihadı, qurbanları, Allah yolundakı öncüllüyü ilə İslamın təməllərinin atılmasında və güclənməsində böyük zəhmətlər çəkirdi. Ona görə də Peyğəmbər (s) müsəlmanlara bu həqiqəti bəyan edir və Əlinin (ə) xümsdəki payının geniş olduğunu bildirirdi. Bunu Buxari öz “Səhih”ində Büreydəyə istinadən nəql etdiyi hədisdə də qeyd edir: “Peyğəmbər (s) Əlini xümsü almaq üçün Xalidin yanına göndərdi... Əliyə nifrət edirdim. O artıq qüsl da almışdı. Mən Xalidə dedim: “Bir buna baxırsan?!”

Peyğəmbərin (s) yanına gəldikdə baş verənləri danışdım. Buyurdu: “Ey Büreydə, Əliyə nifrət edirsən?” “Bəli” deyə cavab verdim. Buyurdu: “Ona nifrət etmə, onun xümsdəki payı bundan daha çoxdur”. 724

Belə olduqda, heç kimin İmam Əliyə (ə) hədiyyə və bənzəri şeylərlə minnət qoymağa haqqı yoxdur.

Əgər İhsan Zahirin iddia etdiyi kimi, Səhba hədiyyə olsaydı, o zaman ən azından tarix, nəsəb və ya rical alimləri bunu qeyd edərdilər!
Hətta hədiyyə olduğu fərz olunsa belə, bu hadisə zalımlardan hədiyyə və mükafatların qəbul edilməsinə bir dəlil olacaq.725 Belə ki, xilafət bütünlükdə İmam Əlinin (ə), Fədək isə Fatimənin (ə) haqqıdır. Həmçinin xüms də onlara məxsusdur. Bütün bunları onların əlindən qəsb edərək almışdılar. Məhrum edilmiş bu haqların müqabilində bir cariyənin hədiyyə olunması nədir ki?!

Qəsb etdiyini geri qaytarmamaqda israr edən şəxsdən haqqı bacardığın qədər geri almağın icazəli olduğu da nəzərə alınmalıdır.

B. Cəfər ibn Qeysin qızı Xövlənin hekayəsi

İhsan Zahir deyir: “Həmçinin Siddiq Yəmamə döyüşündə əsir götürülmüş Cəfər ibn Qeysin qızı Xövləni ona hədiyyə etdi. Xövlə onun üçün Həsən və Hüseyndən sonra ən fəzilətli övladı olan Muhəmməd ibn Hənəfiyyəni doğdu”. 726

Müzakirə

Burada bir neçə cəhətdən ixtilaf var:

Birinci ixtilaf əsir düşdüyü vaxt barədədir ki, bir dəstə şəxs onun Peyğəmbər (s) zamanında əsir götürüldüyünü qeyd edib. Necə ki, bu, Mədaininin rəvayətində də varid olub: “Peyğəmbər (s) Əlini Yəmənə göndərdi. Orada Bəni-Zəbid (və ya Zübeyd) qəbiləsindən Xövləni əsir götürdü. Bəni-Zəbid tayfası Əmr ibn Mədi Kəb ilə birlikdə mürtəd olmuşdular. Sonra onun (İmam Əlinin) qənimət payı oldu. Bu, Peyğəmbərin (s) dövründə baş vermişdi. Peyğəmbər (s) ona buyurdu: “Əgər ondan oğlun olsa mənim adımı və künyəmi ona qoyarsan”. Fatimənin vəfatından sonra onun oğlu oldu, adını Muhəmməd, künyəsini isə Əbülqasim qoydu”. 727

Bir dəstə şəxs isə onun Əbu Bəkrin dövründə əsir götürüldüyünü yazır. İbn Kəsir deyir: “Cəfər ibn Qeysin qızı Xövlə... Xalid onu Siddiqin xilafəti dövründə Bəni-Hənəfiyyə camaatının dindən döndüyü Riddə savaşında əsir götürmüşdü”.728 İbn Həcər isə yazır: “Cəfər ibn Qeysin qızı Xövlə – Bəni-Hənəfiyyədəndir. Tayfa başçılarından birinin qızı olduğu deyilir. Yəmamədə Riddə hadisəsində əsir götürülmüşdü”.729

İkinci ixtilaf: Onun Əbu Bəkrin xilafəti dövründə əsir götürüldüyünü deyənlər başqa bir məsələdə də ixtilafa düşmüşlər. Belə ki, onlardan bir dəstəsi Xövlənin əsir düşdükdən sonra Əbu Bəkrin xilafətinin ilk dövrlərində Möminlərin əmiri (ə) tərəfindən pul müqabilində aldığını qeyd etmişlər. Bu, Xərraş ibn İsmail İclinin rəvayətində bəyan olunur: “Əsəd ibn Xüzeymə oğulları Bəni-Hənəfiyyəyə hücum etdi, həmin vaxt Cəfərin qızı Xövlə əsir götürüldü. Əbu Bəkrin xilafətinin ilk vaxtlarında onu Mədinəyə gətirdilər və Əliyə satdılar. Bu xəbər onun tayfasına çatdıqda Mədinəyə, Əlinin yanına gəlib xanımın onların yanındakı məqamı barədə xəbər verdilər. Əli onu azad etdi, sonra mehrini təyin edərək onunla evləndi. Ondan Muhəmməd adlı oğlu oldu. Əli Peyğəmbərə (s) demişdi: Əgər oğlum olsa, ona sənin adını və künyəni qoymağa icazə verirsənmi?” Peyğəmbər (s) də icazə vermişdi. Əli Hənəfiyyənin oğlunun adını Muhəmməd qoydu və ona Əbülqasim künyəsi verdi”.730 Bəlazuri bu xəbərə üstünlük verərək deyir: “Bu, Mədaininin xəbəri ilə də təsdiqlənir”.731

İbn Kəsir deyir: “Cəfərin qızı Xövlə... Siddiqin xilafəti dövründə Riddə hadisəsində Xalid onu əsir götürdü. Sonra o, Əli ibn Əbu Talibin oldu...”732

İbn Sədin “ət-Təbəqat”dakı Fəzl ibn Dükeyndən, onun da Həsən ibn Salihdən, onun da Abdullah ibn Həsəndən nəql etdiyi “Əbu Bəkr Muhəmməd ibn Hənəfiyyənin anasını Əliyə verdi” rəvayətinə gəldikdə, bu mürsəl rəvayətdir. Belə ki, Abdullah ibn Saleh Əbu Bəkrlə eyni dövrdə yaşamamışdı. O, kiçik tabeinlərdəndir.733 Həmiçinin, bu rəvayətin məzmunu Əbu Bəkrin onu öz şəxsi pulu ilə alıb İmam Əliyə (ə) verdiyinə dəlalət etmir ki, ona hədiyyə adı da qoyulsun.

Eləcə də, Zəhəbinin rəvayəti “deyilib” sözünə nisbət verildiyi üçün zəif hesab edilir. “Deyilib” sözü ilə dəlilin olmadığı anlaşılır. Zəhəbi deyir: “Deyilib ki, onu Əbu Bəkr Əliyə bəxşiş edib”.734

Bu ixtilafa İbn Əbülhədid Mötəzili də münasibət bildirib. O qeyd edib ki, təhqiqatçılar arasında ən aydın və sabit söz Xövlənin Əbu Bəkrin xilafətinin ilk illərində əsir götürüldüyü və Möminlərin əmirinin (ə) onu pul müqabilində almasıdır. Bəlazuri də “Ənsabul-əşrəf”ində bu fikrə üstünlük verir.735

C. Pul hədiyyəsi

Mötəbər hədis mənbələrində Möminlərin əmirinin (ə) Əbu Bəkrdən pul hədiyyəsi aldığı qeyd edilməyib. Həmçinin İhsan Zahir də onun pul hədiyyəsi aldığına az da olsa dəlalət edən rəvayət və ya dəlil göstərmir ki, onun məzmunu, sənədi və ya mövzusu ətrafında söhbət edək. Bu barədə yalnız Əbu Davudun İmam Əlidən (ə) nəql etdiyi rəvayəti 736 qeyd etmək olar. Lakin bu da heç bir cəhətdən İhsan Zahirin iddiasına uyğun deyil. Həmin rəvayətdə Peyğəmbər (s) həyatda ikən onların xüms paylarını özünün böldüyü və ilk iki xəlifənin də bu bölgüyə riayət etdiyi qeyd olunur. Burada Əbu Bəkrin İmam Əliyə (ə) pul hədiyyəsi verdiyinə və İmamın (ə) da onu qəbul etdiyinə dəlalət ola bilməz.

Hədiyyə, bir şəxsin özünə məxsus olan malından olmalıdır. Lakin xüms və qənimət hədiyyə mövzusundan kənardır. Çünki bunlar Allahın ən yaxın qohumlar üçün müəyyən etdiyi bir haqdır: “...bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirindir (pulu qurtarıb yolda qalan yolçularındır)”.737

Yaqubinin “Tarix” və İbn Əbülhədidin “Nəhcul-bəlağənin şərhi” kitabları şiə mənbəyi deyil. O səbəbdən də qeyd edilən mövzuda dəlil göstərilə bilməz.

İhsan Zahirin bu hadisələrin şiə mənbələrində qeyd edildiyini söyləməsi həqiqətdən çox uzaqdır. Xüsusilə də İbn Əbülhədid, o, sünni-mötəzili şeyxlərindəndir. Şiə və sünni təhqiqatçılarının rəyinə əsasən, onun kitabları qarşı tərəfin əsas mənbələrindən sayılmadığı üçün dəlil kimi qəbul edilmir.

Nəticə:

Əhli-Beytlə (ə) Əbu Bəkr arasındakı əlaqələr ən aşağı səviyyədə zəif idi. Onların arasında mehribanlığın hakim olduğunu bildirən sözlər ədavətin olduğuna dəlalət edən ən səhih hədislər qarşısında olduqca gücsüz dəlillərdir. Belə vəziyyətdə mövzularda ixtilaf yaranır. Bu zaman birinci mövzu aralarında sevgi və razılığın olmamasına, ikinci mövzu isə əqidə və fikir ayrılığına baxmayaraq cəmiyyətdə birgəyaşayış üslubuna şamil olur.

Bundan əlavə, əgər doğruluğu fərz olunsa belə, hədiyyə qəbul etmək İmamın (ə) Əbu Bəkrin xilafətindən razı olduğuna dəlalət etməz. Çünki hədiyyə qəbul etmək heç də razılıq sayılmır. Bu əməl Peyğəmbər (s) sünnəsinə əsaslanan bir əməldir. Möminlərin əmiri Əlinin (ə) Peyğəmbər (s) sünnəsini tərk etməsi mümkün deyil. Əhli-sünnə kitablarında da Peyğəmbərin (s) hədiyyə qəbul etdiyi və insanları da buna həvəsləndirdiyi barədə çoxlu hədislər mövcuddur. Peyğəmbərin (s) zövcəsi Aişədən rəvayət olunur: “Peyğəmbər (s) hədiyyələri qəbul edir və əvəzində hədiyyə verirdi”. 743

Səkuni Əbu Abdullah Sadiqdən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Mənə yağış suyu (və ya ətsiz davar ayağı) hədiyyə edilsə belə, onu qəbul edərəm”. 744

İmamın (ə) Əbu Bəkrdən hədiyyə qəbul etdiyi fərz edilsə, bu, sünnəyə əməl etdiyinə görə baş vermiş olar və onun xilafətindən razılığına dəlalət etməz. Xüsusilə də İmam Əli (ə) Əbu Bəkrlə sülh bağlamışdı, ondan hədiyyəni qəbul etməməsi bu sülhün pozulduğu təsəvvürünü yaradardı.

Həmçinin, hədiyyə qəbul etmək insanı özünə cəzb edən amillərindən biridir. Şübhə yoxdur ki, Möminlərin əmiri (ə) ən azından qarşı tərəfi özünə cəzb etmək, dinin qorunması üçün özündən uzaqlaşdırmamaq istəyirdi. O, ümmətin ən elmlisi və düzgün qəzavət edəni... idi. İmamdan (ə) uzaqlaşmaq İslamın həqiqi məzmunundan uzaqlaşmaqdır ki, nəticədə rəy və ictihada əsaslanan əməllər artacaq, bu isə bir çox yerdə xətalara gətirib çıxaracaqdı. Belə ki, həmin dövrdə insanlar ictihad üçün kifayət qədər elmə sahib deyildilər. Bunu təsdiqləyən başqa bir amil, əhli-sünnənin nəzərində elmin imamət üçün şərt olmamasıdır. 745 Həmçinin bu fikri İbn Hibbanın “Səhih”dəki sözləri də təsdiq edir: “Əgər İslama meylləri artacaqsa, imam müşriklərin də hədiyəsini qəbul edə bilər”. 746

 

720 Şiə və Əhli-Beyt, s. 70
721 Bax: Tarix, Təbəri, c. 4, s. 118; Tarixul-İslam, c. 6, s. 164; Tarixu mədinəti Diməşq, İbn Əsakir, c. 45, s. 304-307; Təhzibul-kəmal, Mizzi, c. 21, s. 467-480; Təhzibut-təhzib, İbn Həcər, c. 7, s. 426-427; ət-Təbəqatul-kubra, c. 3, s. 20
722 Ümdətut-talib, İbn İnəbə, s. 361
723 Nəhcul-bəlağənin şərhi, İbn Əbülhədid, c. 9, s. 243
724 Səhih, Buxari, c. 3, s. 97, hədis 4257
725 “Vəsailuş-şiə”yə bax.
726 Şiə və Əhil-Beyt, s. 70
727 Ənsabul-əşraf, s. 200-201
728 əl-Bidayətu vən-nihayə, c. 7, s. 368; Bax: əl-Vafi bil-vəfiyyat, Səfidi, c. 4, s. 75; Tarixul-İslam, c. 6, s. 181; əl-Muntəxəb min “Ziylil-muzil”, Təbəri, s. 117-118; əl-Məarif, İbn Qüteybə, s. 210
729 Təhzibut-təhzib, İbn Həcər, c. 9, s. 315; bax: Təhzibul-kəmal, Mizzi, c. 26, s. 148; Tarixu mədinəti Diməşq, İbn Əsakir, c. 54, s. 325
730 Ənsabul-əşraf, Bəlazuri, s. 200-201
731 Ənsabul-əşraf, Bəlazuri, s. 200-201
732 əl-Bidayətu vən-nihayə, İbn Kəsir, c. 7, s. 368; əl-Muntəxəb min “Ziylil-muzil”, Təbəri, s. 117-118; əl-Məarif, İbn Qüteybə, s. 210
733 Bax: əl-İsabə, İbn Həcər, c. 5, s. 143; əs-Siqat, İbn Hibban, c. 7, s. 363
734 Siyəru əlamin-nübəla, Zəhəbi, c. 4, s. 111
735 Bax: “Nəhcul-bəlağənin şərhi”, İbn Əbülhədid, c. 1, s. 234-235. Deyir: “Cəfər ibn Qeysin qızı Xövlə... onun barəsində ixtilaf edilib. Bir dəstə şəxs onun Əbu Bəkrin xilafəti dövründə Xalid ibn Vəlidin başçılığı altında onun tayfası ilə bir çox ərəbin zəkatdan imtina etdiyi vaxt baş verən Riddə savaşında əsir götürüldüyünü deyir. Həmin vaxt Bəni-Hənəfiyyə də dindən dönmüş, Müseyləmə isə peyğəmbərlik iddiası irəli sürmüşdü. Əbu Bəkr də əsir düşmüş Xövləni qənimət payı olaraq Əliyə vermişdi. Bir dəstə də şəxs isə, onlardan biri də Əbülhəsən Əli ibn Muhəmməd ibn Seyf Mədaini onun Peyğəmbər (s) zamanında əsir düşüyünü söyləyiblər. Demişlər: “Peyğəmbər (s) Əlini Yəmənə göndərdi. Bəni-Zəbiddən Xövləni əsir götürdü. Onlar Əmr ibn Mədi Kəblə dindən dönmüşdülər. Zəbid tayfası da onu aralarındakı müharibə zamanı Bəni-Hənəfiyyədən əsir almışdı. Peyğəmbər (s) Xövləni Əliyə (ə) qənimət payı olaraq verdi və buyurdu: “Əgər sənə bir oğlan doğsa ona mənim adımı və künyəmi verərsən”. Fatimənin (s.ə.) vəfatından sonra o Muhəmmədi doğdu. Əli (ə) künyəsini də Əbülqasim qoydu.
Sözlərinə üstünlük verilən bir dəstə təhqiqatçı isə deyir ki, Bəni-Əsəd Əbu Bəkrin xilafəti dövründə Bəni-Hənəfiyyə ilə vuruşdu. Həmin döyüşdə Cəfərin qızı Xövlə əsir götürüldü. Onu Mədinəyə gətirib Əliyə (ə) satdılar. Bu xəbər qövmünə yetişdikdə Mədinəyə, Əlinin (ə) yanına gəldilər. Onun tərif edib yanındakı uca məqamı barədə xəbər verdilər. Əli (ə) Xövləni azad etdi, ardınca mehriyə təyin edərək yenidən evləndi. Xövlə ondan Muhəmmədi dünyaya gətirdi. Künyəsi Əbülqasim idi.
Əhməd ibn Yəhya Bəlazuri də özünün məşhur “Tarixul-əşraf” kitabında bu rəyə üstünlük verib”.
736 Bax: Şiə və Əhli-Beyt, İhsan İlahi Zahir, s. 70-71. Deyir: “Əbu Davudun kitabında Əlinin (r) belə dediyi nəql olunur: “Mən, Abbas, Fatimə və Zeyd ibn Harisə Peyğəmbərin (s) yanında toplaşmışdıq. Dedim: “Ey Peyğəmbər, əgər Allahın Kitabına əsasən, bu xümsdən haqqımız varsa, onu sən həyatda ikən bölüm ki, səndən sonra kimsə mənimlə bu barədə mübahisə etməsin”.
Sonra sözünə davam elədi: “Peyğəmbər (s) həyatda ikən mən onu böldüm”. Əbu Bəkrdə xilafəti dövründə mənə haqqımı verirdi. Ömərin həyatının son illərində ona çoxlu pul gətirildi. O da haqqımızı ayırıb bizə göndərdi. Mən dedim: “Bu il ona ehtiyacımız yoxdur, lakin müsəlmanlar ona möhtacdırlar. Onu qaytar”. Onu Ömərə qaytardım”. “Kitabul-xərac”, Müsnəd”, Əhməd ibn Hənbəl, “Müsnədatu Əli”.
737 Ənfal, 41
743 Sünən, Əbu Davud, s. 151
744 əl-Kafi, Şeyx Kuleyni, c. 5, s. 143
745 Yəni imam hökmləri bilən və ya alim olmayan şəxs də ola bilər. Bu zaman onun yanında alimin olması labüddür (tərc.)
746 Səhih, İbn Hibban, c. 10, s. 357

 

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе