»»

Hidayət olanlar 93 - Şeyx İsam Əl-İmad

Adı: Şeyx İsam Əl-İmad

Ölkə: Yəmən

Keçmiş dini (Məzhəbi): Sələfi-Vəhhabi

Dr. İsam Əl-İmad hədis elmləri, rical (ravilərin araşdırılması), İslam tarixi və İslam məzhəbləri üzrə mütəxəssisdir.

O, müasir İslami hərəkatlar üzrə aparıcı mütəxəssislərdən biridir və Seyyid Məhəmməd Qütb və Məhəmməd Qəzali Misri kimi öncül şəxsiyyətlərə heyrandır. (Məhəmməd Qəzali müasir düşünür və vəhhabilik elmi tənqidçisi kimi onları “səhra ağlı; bədəvi düşüncəsi” adlandırmışdır.) Dr. İsam şiəliyə keçdikdən sonra dəlillərlə zəngin qiymətli kitablar yazaraq və təkfirçi vəhhabilik düşüncəsinin əsaslarını daxildən tənqid edərək, həmçinin məzhəb alimləri, xüsusilə də vəhhabi məzhəbinin nümayəndələri ilə çoxsaylı müzakirələr (peyk vasitəsilə, üz-üzə və yazılı şəkildə) apararaq həqiqət axtarışında olan yüzlərlə, hətta minlərlə gəncin Əhli-beyt (əleyhimussəlam) məktəbinə yönəlməsinə nail olmuşdur. Onun şiəliyə yönəltdiyi şəxslər arasında hazırda Qum şəhərində dini elmlər təhsili alan qardaşı, bacısı oğlu və üç bacısı da vardır.

Onun ən mühüm mübahisələrindən biri Küveytin ən elmli vəhhabi alimlərindən və vəhhabilik liderlərindən biri olan Osman əl-Xəmislə apardığı, bir il ərzində peyk vasitəsilə davam edən müzakirədir. Bu müzakirə “Əz-Zilzal” adlı 869 səhifəlik bir cilddə nəşr edilmişdir. Ərəb dünyasının gəncləri arasında böyük maraq doğuran bu müzakirələrdən sonra bəzi ərəb qəzetləri söhbətlərin nəticəsini belə elan etmişdilər: “Küveyt vəhhabi şeyxinin faciəvi məğlubiyyəti” (“Sot Əhl əl-Beyt” qəzeti, Misirdə nəşr olunur, № 27).

Bu kitab tədqiqatçılar üçün təsirli və aktual mənbə ola bilər. Onun digər əsərləri arasında fars dilinə də tərcümə edilmiş “Şeyx Məhəmməd ibn Əbdülvahhabın daxildən tənqidi” və “Vəhhabiylərlə dialoqda yeni və düzgün metod” adlı kitablar vardır. Müəllif bu əsərində şiəliyin vəhhabilərə necə təqdim edilə biləcəyi sualına cavab verməyə çalışır.

Bu yazı Mustafa İskəndəri tərəfindən fars dilinə tərcümə edilmiş və “Görüşsüz dialoq; Anlayışa doğru bir addım” adı ilə 144 səhifəlik kitab şəklində Darülqədir nəşriyyatı tərəfindən çap olunmuşdur. Müəllif “Görüşsüz dialoq” kitabında vəhhabilərlə müzakirələr zamanı onların şiəliyə yönəlməsini təmin etmək məqsədilə yeni bir metod irəli sürür.

Vəhhabilik haqqında dərindən məlumatlı olan müəllif Əhli-beyt məktəbini vəhhabilərə təqdim edərkən üç mərhələli piramida modelini vurğulayır.

Birinci mərhələ: İmamiyyə məzhəbinin mənsubiyyətinin və əlaqəsinin tanınmasıdır. Burada vəhhabilərin şiələri qülətlərlə eyni hesab etməsində yol verdikləri iki əsas səhv araşdırılır.

İkinci mərhələ: İmamiyyə məzhəbinin dərindən tanınmasıdır. Bu bölmədə dörd mühüm həqiqət — uluhiyyət və peyğəmbərlik, şəriət, məqsədlər və İmamiyyə terminləri — təhlil edilir.

Üçüncü mərhələ: İmamiyyə məzhəbinin köklü şəkildə tanınmasıdır. Bu mərhələdə Əhli-beyt məktəbinin dörd əsas ünsürü — mənbələr, imamət, kimlik və İmamiyyənin həqiqiliyi — eləcə də onun meydana çıxma səbəbləri araşdırılır.

Bu qiymətli və eyni zamanda yığcam əsərin, xüsusilə gənclər tərəfindən oxunmasını tövsiyə edirəm.

Dr. İsam əl-İmad əslən yəmənlidir və 1968-ci ildə anadan olmuşdur. Atası Əli Yəhya əl-İmad və əmisi Əbdürrəhman əl-İmad Yəmənin ən böyük sələfi və vəhhabi alimlərindəndirlər. Onun qohumları Yəməndə və bölgədə vəhhabilik təbliğatının öncüllərindən olmuşlar. Atası, əmisi və əmioğlanları ilə yanaşı, iki bacısı — Dr. Büşra və Dr. Huda əl-İmad — da Yəməndəki vəhhabi universitetlərinin tanınmış professorlarıdır.

İsam altı yaşından etibarən vəhhabi məktəblərində təhsil almağa başlamış, bu cərəyanın məktəblərində və digər təhsil ocaqlarında oxumuş, Yəməndəki vəhhabi məktəblərində və məscidlərində fəaliyyət göstərmişdir. Bir neçə il ərzində Yəmən vəhhabilərinin elmi lideri olmuş və yaxın zamanda şiələrin öldürülməsinin vacibliyi barədə fətva vermiş Məhəmməd İsmayıl əl-Əmraninin yanında təhsil almışdır.

Dr. İsam müəlliminə olan hörmətini qoruyaraq, həmin fətvanı rədd edən, hörmətli və dəlillərə əsaslanan bir məktub yazmış və əl-Əmranini belə bir fətva verdiyinə görə tənqid etmişdir. Onun digər müəllimləri arasında Yəmənin böyük vəhhabi alimlərindən Əhməd Sələmə və Əbdürrəzzaq əş-Şahidi, eləcə də şiələrə qarşı ən sərt düşmənlərdən biri olan Müqbil əl-Vadii də olmuşdur.

İsam daha sonra təhsilini davam etdirmək üçün Səudiyyə Ərəbistanına getmiş və İmam Məhəmməd ibn Əbdülvahhab Universitetinin Üsuluddin fakültəsini hədis elmləri üzrə doktorluq dərəcəsi ilə bitirmişdir.

Səudiyyə Ərəbistanında təhsil aldığı dövrdə vəhhabilərin böyük müftisi Şeyx İbn Bazın dərslərində və xüsusi məclislərində iştirak etmiş və onun ən seçilən, gələcək vəd edən tələbələrindən biri olmuşdur.

Təhsilini başa vurduqdan sonra dörd il ərzində “Bab əl-Qaa”, “əl-Əsti”, “Hayil Səid” və “əd-Dəvət” məscidlərində cümə və camaat namazlarına imamlıq etmişdir. Bu müddət ərzində vəhhabilərin mühüm kitablarından, xüsusilə Məhəmməd ibn Əbdülvahhabın “Kitab ət-Tövhid” əsərindən həmin məscidlərdə və məktəblərdə, xüsusilə də böyük məsciddə dərs demişdir.

Bu dövrdə sələfi İbn Teymiyyənin (1263) “Minhəc əs-Sünnə” adlı məşhur əsərinin təsiri altında şiəlik əleyhinə “əs-Silə beynəl-İsnə Əşəriyyə və Firəq əl-Qulat” (“İmamiyyə şiəsi ilə qülati məzhəblər arasındakı əlaqə”) adlı kitab yazmışdır. Kitab iki hissədən ibarət idi: birinci hissədə Həzrət Əliyə (əleyhissəlam) yönələn tənqidlər, ikinci hissədə isə ümumilikdə şiələrə qarşı iradlar yer alırdı.

Lakin Dr. İsam bu kitabı nəşr etdirməzdən əvvəl On iki imam şiəliyinə keçmiş və kitab heç vaxt nəşr olunmamışdır.

Söhbətin əvvəlində bu kitabı yazdığına görə böyük kədər və peşmanlıq hissi keçirdiyini bildirərək mənə belə dedi:

“Hz. Əliyə (əleyhissəlam) düşmənçilikdən ona dostluğa gəlib çatdım.”

Bir müsahibəsində Həzrət Fatimənin (səlamullahi əleyha) məzlumluğu və haqlılığı onun şiəliyə keçməsinin əsas səbəblərindən biri olduğunu bildirmiş və belə demişdir:

“Vəhhabilər üçün Həzrət Fatimənin (səlamullahi əleyha) haqlı olduğunu qəbul etmək çox çətindir. Çünki bu halda onlar özlərini sorğulamaq məcburiyyətində qalacaqlar.”

İsam əl-İmad Fədəyin qəsb edilməsi məsələsinə toxunaraq sözlərini belə davam etdirmişdir:

“Bir dəfə səhabələrdən biri Peyğəmbərin (sallallahu əleyhi və alih) yanına gəlib bütün malını vəqf etdiyini söylədi. Rəsulullah (sallallahu əleyhi və alih) qəzəblənərək ona malının yalnız üçdə birini bağışlamaq haqqının olduğunu bildirdi. Bəs necə ola bilər ki, Rəsulullah (sallallahu əleyhi və alih) ‘məndən sonra bütün malım sədəqədir’ demiş olsun?

Bütün ağıllı insanların fikrinə görə, bir insan öz malını vəqf etmək istəyirsə, ilk növbədə bundan xəbərdar olması lazım gələnlər onun övladlarıdır, dostları və yoldaşları deyil. Çünki miras onlara deyil, övladlarına qalır. Ancaq ata övladlarının ağılsız olduğunu düşünürsə, bu, başqa məsələdir. Ağılsız insan malı və torpağı qoruyub saxlaya bilməyən şəxsdir.

Rəsulullah (sallallahu əleyhi və alih) ağıllıların ağası olduğu halda, malının sədəqə olacağını bir xəlifəyə söyləyib öz qızına söyləməsi necə mümkün ola bilər? Bu halda düşündüm ki, bəlkə də qızı Həzrət Fatimənin (səlamullahi əleyha) ağılsız olduğunu hesab etmişdir. Araşdırdım və gördüm ki, Rəsulullah (sallallahu əleyhi və alih) Həzrət Fatiməni (səlamullahi əleyha) dünyanın ən kamil qadını kimi təqdim etmişdir. Elə isə bunu öz ailəsinə söyləməməsi necə mümkün ola bilər?

Fəxrəddin Razinin kitabında bu ifadələri oxuduğum zaman heyrətə düşdüm. Həzrət Fatimənin (səlamullahi əleyha) məzlumluğu mənim şiəliyə yönəlməyimin ən mühüm səbəblərindən biridir. Mən bu məsələni ‘Həzrət Fatimənin (səlamullahi əleyha) məzlumluğunun şiəliyə keçiddəki rolu’ adlı məqalədə araşdırmışam.”

Bu müsahibənin sonunda isə belə demişdir:

“Vəhhabilər üçün Həzrət Fatimənin (səlamullahi əleyha) haqlı olduğunu qəbul etmək çox çətindir. Çünki bu halda onlar özlərini sorğulamaq məcburiyyətində qalacaqlar. Buna görə də bəraəti açıqlamağın və möhkəmləndirməyin ən yaxşı yolunun Həzrət Fatimənin (səlamullahi əleyha) hekayəsini, o iki şəxs qarşısındakı mövqeyini və onların vasitəsilə məruz qaldığı qeyri-adi məzlumluğu anlatmaq olduğunu gördüm.”

 

Həmçinin İsam əl-İmadın layihəmiz tərəfindən bizim dilə tərcümə olunmuş “Sələfilərə 100 sual” videolarını izləyə bilərsiz. Link: youtube (313news.net)

 

Əlavə İsam əl-İmadın layihəmiz tərəfindən bizim dilə tərcümə olunmuş “Həqiqi İslam” videolarını izləyə bilərsiz. Link: youtube (313news.net)

Рейтинг

В этом разделе