»»

Hüdeybiyyə sülhü (şübhələrə cavab)

  1. Hüdeybiyyə sülhünün qısa tarixi
  2. Bəhsin mövzusu və hadisənin qabardılmasının 1-ci səbəbi
  3. Əmr və onun məna növləri
  4. Peyğəmbərin (s) əmrindəki qeydlər
  5. Hadisənin qabardılmasının 2-ci səbəbi
  6. Hadisənin qabardılmasının 3-cü səbəbi
  7. Peyğəmbərin (s) "saçlarınızı qırxın" əmri

Əmr və onun məna növləri

Qeyd etdiymiz hədislərdən məlum olduğu kimi, Peyğəmbər (s) İmam Əliyə (ə) yazını silməyi əmr edir. İmam (ə) isə Peyğəmbərin (s) bu əmrinə tabe olmayaraq yazını silməyəcəyini bildirir. İddiaçıların şübhəsinə əsasən İmam (ə) Peyğəmbərin (s) əmrinə boyun əyməyərək xəta edir. Bu isə, o Həzrətin (ə) məsum olmaması deməkdir.

Məsələnin həqiqətini anlamaq üçün ilk öncə əmrin mənalarını araşdırmaq labüddür. Yəni görəsən əmr hər zaman vacibimi bildirir yoxsa onun başqa mənaları da var? Başqa sözlə əmrə tabe olmamaq hər zaman günah və xətadır ya yox?

Bunun üçün qarşı tərəfin bir “üsuli-fiqh” kitabından əmr və onun mənaları haqqında sitat gətirək ki, onların bu hadisədə İmam Əli (ə) haqqında dediklərinin öz kitabları ilə nə dərəcədə uyğun olub-olmadığı məlum olsun.

Əhli-sünnənin məşhur fiqh və üsuli-fiqh alimi Əbu-Bəkr əl-Cəssas “əl-Fusul fi əl-Usul” kitabında yazır:

اختلف أهل العلم في ذلك فقال قائلون الذي يفيده هذا اللفظ عند الاطلاق الدلالة على حسن المأمور به كونه مرغبا فيه ولا يصرف إلى الإيجاب ولا الإباحة إلا بدلالة وقال آخرون هو على الإباحة حتى يثبت الندب أو الإيجاب وقال آخرون اللفظ محتمل للإيجاب والندب والإباحة فهو موقوف الحكم حتى تقوم دلالة من غيره على المراد به وقال آخرون هو على الإيجاب حتى تقوم الدلالة على غيره وهو مذهب أصحابنا وإليه كان مذهب شيخنا أبي الحسن

Elm əhli bu məsələdə (əmrin dəlalətində) müxtəlif nəzərlərə sahib olmuşlar. Bəziləri deyir ki, bu söz (əmr) mütləq (hər hansı qeyd və şərt) olmadan işlədildikdə əmr olunmuş əməli yerinə yetirməyin yaxşı və arzulanan bir iş olduğuna dəlalət edir. Amma (bu cür əmrin) vaciblik və ya mübahlıq mənasını verdiyini yalnız (əlavə bir) dəlilin (qeydin) olduğu təqdirdə deyə bilərik. Digərləri isə belə deyir: O (hər hansı qeyd və şərt olmadan işlənən əmr), vacibliyi yaxud müstəhəbliyi sabit olmayanadək mübahlığı bildirir. Bəziləri isə belə deyir: Bu sözdə (mütləq əmrdə) vaciblik, müstəhəblik və mübahlıq ehtimalları var. Ona görə də bu sözün mənası haqqında bir dəlil (qeyd) ələ gələnədək hökmdə təvəqqüf edilməlidir. Digər bir dəstə isə belə deyir: Əgər digər mənalara (müstəhəblik və mübahlığa) dəlil yoxdursa bu söz vacibliyi bildirir. (əl-Cəssas deyir) Bu (sonuncu) bizim əshabın nəzəridir və ustadımız Əbul-Həsənin nəzəri də bu olmuşdur.

Əbu-Bəkr əl-Cəssas, "əl-Fusul fi əl-Usul", cild 2, səh 85; Vəzaratul-Əvqaf, Küveyt, 1414/1994

Əl-Cəssasın yazdığını bir qədər izah edək. Məsələ budur ki, heç bir qeyd və şərt olmadan mütləq şəkildə işlənmiş əmr nəyə dəlalət edir? Vacibliyə, müstəhəbliyə ya mübahlığa?

Mütləq əmr.

İlk öncə mütləq əmrin nə olduğunu izah edək. Mütləq əmr odur ki, əmr edən heç bir qeyd və şərt olmadan yalnız əmr mənasını bildirən bir söz işlədir. Məsələn, ağa öz quluna “mənə su gətir”-deyə əmr edir. Bu cümlədə sadəcə “gətir” əmri işlənmişdir. Burada əmrin vacib, müstəhəb yaxud mübah mənasında olmasına dair heç bir əlavə qeyd və dəlil yoxdur. Lakin, əgər ağa öz quluna “mənə hökmən tez bir zamanda su gətir” desə, cümlədəki “hökmən” və “tez bir zamanda” sözlərindən əmrin vacib mənada olduğunu anlayarıq. Yaxud ağa “yaxşı olar ki, mənə su gətirəsən” desə, “yaxşı olar ki” sözünün (qeydinin) köməyi ilə əmri yerinə yetirməyin vacib olmadığını başa düşərik. Birinci misaldakı əmr mütləq əmrdir. Yəni əmrin müstəhəb, mübah yaxud vacib mənasında olduğunu bildirən heç bir əlavə qeyd işlədilməmişdir. Alimlər arasında ixtilafa səbəb olan məhz bu cür əmrlərdir. Vacibliyinə, müstəhəbliyinə yaxud mübahlığına hər hansı bir qeydin (dəlilin) olduğu əmrlərdə isə heç bir ixtilaf yoxdur.

Qeydli əmr.

Yuxarıdakı izahımızdan məlum oldu ki, əmrin hansı mənada işlənməsinə dair qeyd olarsa, ona qeydli əmr deyilir. Yəni həmin qeydin vasitəsiylə əmrin hansı mənada olduğu başa düşülür. Burada mühüm bir məsələni diqqətinizə çatdıraq ki, qeydlər iki cür ola bilər. Bəzi qeydlər söz formasında olur. Yuxarıda vurduğumuz misalların ikinci və üçüncüsündə qeydlər söz formasında işlədilmişdir. Bəzi qeydlər isə, söz formasında olmur. Bu cür qeydlər hal və şəraitdən başa düşülür. Məsələn, fərz edək ki, düşmən ağa və onun qulunu təqib edir. Təqib zamanı ağa yaralanır və bu vəziyyətdə onun hərəkəti çətinləşir. Bu zaman ağanın öz quluna yazığı gəlir və ona belə deyir: “Sən get! Mən burada qalıram.” Sırf cümlənin özünə baxsaq “get” əmrinin hansı mənaya dəlalət etməsi haqda heç bir qeyd yoxdur. Lakin, qul (hər bir ağıllı insan kimi) başa düşür ki, ağa bu əmri ona yazığı gəldiyi üçün deyir. Çünki yaralandığı üçün hərəkəti çətinləşib deyə düşmən tez bir zamanda onlara yetişib hər ikisini öldürə bilər. Bu hal və şəraiti nəzərə alaraq qul başa düşür ki, ağanın bu əmrinə tabe olmaq vacib deyil. Əksinə ağanın yanında qalıb ona kömək etsə və düşmənlə vuruşub ağasını qorusa daha təqdirə layiq olar. Deməli qeydlər hər zaman söz formasında olmur, yəni qeydlər bəzən hal və şəraitdən də anlaşıla bilər.

Bunu da qeyd edək ki, əgər əmr olunan şəxs biz deyiliksə hal və şəraitdən anlaşılan qeydlər bəzən bizə məlum olmaya bilər. Çünki burada əsas məqsəd həmin qeydin əmr olunan şəxsə məlum olmasıdır. Çünki əmr bizə aid deyilsə, əmr edənin qeydi (istər sözlə istərsə də şəraitlə) bizə başa salması da vacib deyildir.

Mütləq əmr barədə olan nəzərlərin izahı.

Əl-Cəssasın yazdığına əsasən mütləq əmrin mənası haqqında aşağıdakı fikir ayrılıqları mövcuddur:

1. Əgər əmr mütləqdirsə, yəni onun hansı mənada olduğunu bildirən heç bir qeyd və dəlil (istər söz formasında, istərsə də hal və şəraitdən anlaşılan qeyd) yoxdursa bu zaman əmrə tabe olmaq yaxşıdır və bəyəniləndir.

2. Əmrin vacib yaxud müstəhəb mənasında olmasını bildirən heç bir qeyd və dəlil yoxdursa, bu o deməkdir ki, həmin əmr mübah mənasındadır. Yəni əmr olunan şəxs o əmrə tabe olmasa da heç bir eybi yoxdur.

3. Əgər əmrin hansı mənada olmasına dair heç bir qeyd və dəlil yoxdursa, təvəqqüf edilməlidir. Yəni mütləq əmrin hansı mənada olmasını deyə bilmərik. Yalnız o zaman deyə bilərik ki, ortada hər hansı qeyd və dəlil olsun.

4. Əgər əmrin hansı mənada olmasına dair heç bir qeyd və dəlil yoxdursa, bu zaman o, vaciblik mənasını ifadə edir. Yəni mütləq əmrə tabe olmaq vacibdir. Əgər tabe olunmasa günah və xətaya yol verilmişdir.

Peyğəmbərin (s) İmam Əliyə (ə) “yazını sil”-deyə əmr etməsi

İndi isə, Peyğəmbərin (s) Hüdeybiyyədəki əmri barədə danışaq. İddiaçılar deyir ki, İmam Əli (ə) gərək Peyğəmbərin (ə) əmrinə tabe olardı. Yəni Peyğəmbərin (s) əmrinə tabe olmaq vacibdir. İmam (ə) isə əmrə tabe olmamaqla xətaya yol vermişdir.

Yuxarıda əl-Cəssasın kitabından əmrin mənası haqqında dörd fərqli nəzər qeyd etdik. İndi isə haqqında danışdığmız “yazını silmə” şübhəsinə hər bir bəndə uyğun olaraq icmali şəkildə cavab verək.

1. Əgər əmr mütləqdirsə, yəni onun hansı mənada olduğunu bildirən heç bir qeyd və dəlil (istər söz formasında, istərsə də hal və şəraitdən anlaşılan qeyd) yoxdursa bu zaman əmrə tabe olmaq yaxşıdır və bəyəniləndir.

Əgər bu bəndi qəbul etsək cavabımız belə olar: Əvvəla bu bəndə əsasən İmam Əli (ə) ən azından günah etməmişdir. Çünki burada Peyğəmbərin (s) əmrinin mütləq olduğunu qəbul etsək, gərək deyək ki, Peyğəmbərin (s) əmrinə tabe olmaq vacib yox, yaxşıdır. Tabe olmamağın isə heç bir günahı yoxdur.

Əlbəttə bu dediymiz o hala aiddir ki, əmr mütləq olsun və əmr edilən şəxs istər sözdən istərsə də şəraitdən heç bir qeyd başa düşməmiş olsun. Amma əsas diqqət ediləsi məqam budur ki, əmr edənin və əmr olunanın kim olduqlarına nəzər yetirək. Əmr edən “elmin şəhəri”, əmr olunan isə “elm şəhərinin qapısıdır.” Həmçinin əmr edən və əmr olunan üz-üzədir, yəni bizlər kimi aralarında 1400 illik fasilə yoxdur. Belə bir halda necə mümkün ola bilər ki, əmr olunan şəxs əmr edən şəxsin əmrindəki qeydləri başa düşməmiş olsun?! Sözsüz ki, başa düşmüşdür və əmrin hansı növ əmrdən olduğunu çox yaxşı anlamışdır və buna uyğun da əməl etmişdir.

Xülasə! Bu bəndi qəbul edənlər İmam Əlinin (ə) xəta və günah etdiyini deyirlərsə gərək əmrin vacib mənasında olduğunu sübut edən qeydi göstərsinlər. Belə bir qeyd isə yoxdur. Əksinə, əmrin mübah mənasında olduğunu deyən qeydlər var (bu barədə bir qədər sonra söhbət açacağıq).

2. Əmrin vacib yaxud müstəhəb mənasında olmasını bildirən heç bir qeyd və dəlil yoxdursa, bu o deməkdir ki, həmin əmr mübah mənasındadır. Yəni əmr olunan şəxs o əmrə tabe olmasa da heç bir eybi yoxdur.

Əgər bu bəndi qəbul etsək cavabımız belə olar: Bu bəndə əsasən İmamın (ə) xəta etdiyini deyənlər gərək əmrin vacib mənasında olduğunu deyən qeydi göstərsinlər. Əgər belə bir qeyd yoxdursa gərək qəbul etsinlər ki, İmamın (ə) burada əmrə tabe olmağı mübah idi. Yəni vacib deyildi.

3. Əgər əmrin hansı mənada olmasına dair heç bir qeyd və dəlil yoxdursa, təvəqqüf edilməlidir. Yəni mütləq əmrin hansı mənada olmasını deyə bilmərik. Yalnız o zaman deyə bilərik ki, ortada hər hansı qeyd və dəlil olsun.

Əgər bu bəndi qəbul etsək cavabımız belə olar: Məlum olduğu kimi İmam (ə) bu məsələdə təvəqqüf etməmişdir. Deməli əmrin hansı mənada olduğunu (ki o da mübahlıqdır) başa düşmüşdür və ona uyğun da əməl etmişdir. Əksini deyənlər isə gərək, vaciblik qeydini göstərsinlər və burada əmrin vacib mənada olduğunu sübut etsinlər.

4. Əgər əmrin hansı mənada olmasına dair heç bir qeyd və dəlil yoxdursa, bu zaman o, vaciblik mənasını ifadə edir. Yəni mütləq əmrə tabe olmaq vacibdir. Əgər tabe olunmasa günah və xətaya yol verilmişdir.

Əgər bu bəndi qəbul etsək cavabımız belə olar: Yuxarıda da qeyd etdiymiz kimi, mümkün deyil ki, İmam (ə) əmrin hansı mənada olduğunu başa düşməmiş olsun. Yəni biz deyirik ki, İmam (ə) Peyğəmbərin (s) əmrindəki mübahlıq mənasını ifadə edən qeydləri anlamış və ona uyğun da əməl etmişdir. Yəni bu bəndə əsasən əmrin heç bir qeydi yoxdursa o, vacib mənasındadır. O zaman biz deyirik ki, əmrin mübah mənasında olmasına dair qeydlər var. Deməli bu əmrə tabe olmamaq günah və xəta deyildir.

Nəticə: Hər bir halda sözümüz budur ki, burada Peyğəmbərin (s) əmri vacib yox, mübah mənasındadır. Belə olduğu təqdirdə isə, həmin əmrə tabe olmamaq heç bir eyb və nöqsana səbəb olmur. İndi isə Peyğəmbərin (s) əmrində mübahlıq mənasını ifadə edən qeydlər barədə danışaq.

Peyğəmbərin (s) əmri mübah mənasında idi

İlk öncə bunu deyən bir neçə əhli-sünnə alimindən sitat gətirək.

Belə ki, Bədrud-din əl-Eyni “Səhih əl-Buxari” kitabına yazdığı “Ümdətu əl-Qari” adlı şərhində belə deyir:

وقول علي، رضي الله تعالى عنه : ما أنا بالذي أمحاه، ليس بمخالفة لأمر رسول الله، صلى الله عليه وسلم لأنه علم بالقرينة أن الأمر ليس للإيجاب.

“Əlinin (ə) “mən bu yazını silən deyiləm” sözü Peyğəmbərin (s) əmrinə qarşı çıxmaq deyildir. Çünki o, (İmam Əli ə.s.) əmrin vaciblik mənasında olmadığını qərinə (bizim yuxarıda danışdığımız qeyd) vasitəsilə bilirdi.”

Bədrud-din əl-Eyni, “Umdətu əl-Qari”, cild 13, səh 275; Darul-fikr, Beyrut

Əhməd əl-Qəstəlani “əl-Məvahibu əl-Lədunniyyə” kitabında bu hadisəni izah edərkən belə deyir:

قال العلماء: وهذا الذي فعله علي من باب الأدب المستحب، لأنه لم يفهم من النبي صلى الله عليه وسلم تحتم محو على نفسه، ولهذا لم ينكر عليه، ولم حتم محوه لنفسه لم يجز لعلي تركه انتهى.

“Alimlər deyir: Əlinin (ə) etdiyi bu əməl müstəhəb olan ədəbdən idi. Çünki Peyğəmbərin (s) bu əmrindən yazını hökmən Əlinin (məhz) özünün silməyi başa düşülməmişdi. Buna görə də (Peyğəmbər s.ə.a.s.) onu (İmam Əlini ə.s.) pisləmədi. Əgər onun (İmam Əlinin ə.s.) məhz özünə silməyi vacib etsəydi, Əliyə (ə) bu işi tərk etmək caiz olmazdı.”

Əhməd əl-Qəstəlani, “əl-Məvahibu əl-Lədunniyyə”, cild 1, səh.497; əlMəktəbətul-İslami, Beyrut/Dəməşq, 1425/2004; təhqiq: Salih Əhməd əş-Şami

Yenə də məşhur əhli-sünnə alimi Yəhya ən-Nəvəvi “Səhih əl-Müslim” kitabına yazdığı şərhdə əl-Qəstəlaninin kitabından nəql etdiymiz fikri eynilə qeyd edir və dəstəkləyir. (Bax: “əl-Minhac fi şərhi Səhih Müslim”, cild 12, səh189)

Gördüyünüz kimi Eyni, Nəvəvi və Qəstəlani kimi əhli-sünnə alimləri İmam Əlinin (ə) bu hadisədə əsla xəta etmədiyini deyirlər. Hətta Nəvəvi və Qəstəlani bu əməlin müstəhəb bir ədəb olduğunu deyir. Yəni İmamın (ə) yazını silməməyi nəinki itatətsizlik deyildi, hətta bəyənilən bir ədəb-əxlaq nümunəsi idi. Əl-Eyni isə açıq-aşkar yazır ki, Peyğəmbərin (s) əmrində qeydlər var idi ki, həmin qeydlərin vasitəsiylə İmam Əli (ə) əmrin vacib olmadığını başa düşmüşdür.

Beləliklə, bu alimlər əmrin vacib olmadığını, yəni bu əmrə qarşı çıxmağın itaətsizlik olmadığını deyirlər. Bunu da qeyd edək ki, Qəstəlaninin yazdığından belə məlum olur ki, bir çox əhli-sünnə alimləri də bu fikirdədirlər. Çünki Qəstəlani əmrin vacib olmadığını izah edərkən “alimlər belə deyir...”-deyə qeyd edir.

Страница 3 из 7«1234567»
Рейтинг

В этом разделе