Adqoymanı dəlil göstərməyin tənqidi
Bu iddia Əhli-Beytin (ə) öz övladlarına “Əbu Bəkr” adını qoymasından ibarətdir. İlahi İhsan Zahir bunu Əbu Bəkrə olan sevgi kimi təqdim etməyə çalışır.
Müzakirə
Əvvəlki məsələdə olduğu kimi, burada da adqoymanı dəlil kimi təqdim etmək faydasızdır. Bu, aşağıdakı cəhətlərdən aydın olacaq:
Birinci: Adqoyma
Bir şəxsə adqoyma gah bədahətən, heç bir hazırlıq görülmədən baş verir. Adqoymada buna tez-tez rast gəlmək olur. Gah da xoş bir əlamət və təbərrük niyyəti ilə qoyulur. Məsələn bir kəsin övladına “Muhəmməd” adını qoyması Peyğəmbərin (s) xoş əlaməti kimi qəbul edilir. Bəzən də adqoyma bir şəxsə olan məhəbbət, əlaqə, xatirə və ehtiramdan doğur. Məsələn, xatirəsini yaşatmaq üçün atanın övladına öz atasının adını qoyması kimi. Başqa cəhətdən, bəzən insanlar heç bir şəxsi və ya amili nəzərə almadan, geniş yayıldığına və ya qulaqda xoş səsləndiyinə görə övladlarına bir adı verirlər. Gah da adın lüğət və mənasındakı gözəlliyinə görə qoyulur. Bəzən isə həsəd və paxıllıqdan qorxaraq olduqca gözəl şəxsə “Qəbihə”, yaxud bunun əksi olaraq uğursuz şəxsə “Mufazə”, kora “Bəsir” adları qoyulur. Eləcə də düşmənlərini qorxutmaq üçün uşaqlarına “Cavanşır”, “Aslan” kimi adlar qoyulub. Adqoymada digər səbəblər də var.
Yalnız məsumların adları istisnadır. Onlar ilahi mənaları özlərində əks etdirirlər. Məsələn, “Muhəmməd” adı özündə İlahi həmdi, “Əli” ucalığı, “Fatimə” tərəfdarlarını oddan ayırmağı, “Həsən” və “Hüseyn” ilahi ehsan və gözəlliyi təcəssüm etdirir. Hər bir məsumun adı ilahi və rəbbanidir.
Belə olduqda deyirik: bəzi Haşimilərin və ya Əli (ə) övladlarının uşaqlarına müəyyən adları qoyması adlarını daşıdığı şəxslərlə aralarında məhəbbət və mehribanlıq əlaqəsinin varlığına dəlalət etməz. Ad bir kəsin şəxsi mülkiyyəti deyil, eyni adla həm ədalətli, həm də fasiq, həm xeyirxah və həm günahkar, həm alim və həm də cahil şəxs adlandırıla bilər. Bəzi ərəblər heç də adil və təqvalı olmayan insanların adları ilə adlandırılıblar. Bu zaman aralarında sevgi və mehribanlıq əlaqəsi olmayan şəxsin adından istifadəsi haram elan edilməyib və öz etibarını da cəmiyyətdə itirməyib. İmam Həsənin (ə) övladlarının arasında “Əmr” adını daşıyan şəxsi görürük. Onun (ə) övladlarının adlarını qeyd edərkən Şeyx Müfid deyir: “Əmr ibn Həsən, İmam Həsənin oğulları Qasim və Abdullahın qardaşıdır. Anası övlad sahibi olan cariyədir”.788 Halbuki bu adla Möminlərin əmirinin (ə) Əhzəb savaşında qətlə yetirdiyi müşrik Əmr ibn Vədd Amiri adlanırdı. Məgər İmam Həsən (ə) sadəcə övladlarından birinə “Əmr” adı qoyduğu üçün müşrik Əmir ibn Vədlə aralarında sevgi və mehribanlığın olduğunu iddia etmək doğrudurmu? Bəlkə də Haşimi babalarından olan Əmr Ula və ya başqa birinin adıdır? Həmçinin uşağın adını məhz İmam Həsənin (ə) qoyduğu da sübuta yetməyib. Bəlkə uşağa adı anası, babası, nənəsi və ya yaxın əqrəbalarından biri qoyub? Çünki məsum İmamın (ə) ad qoyması heç də zəruri məsələ deyil.
İmam Kazımın (ə) Übeydullah adlı oğlu olub. Halbuki həmin adla Əhli-Beytə (ə) olmazın zülmlərini verən Yezidin Kufədəki valisi Übeydullah ibn Ziyad adlanırdı. Məgər İmamın (ə) övladına bu adı qoyması Übeydullah ibn Ziyada olan sevgisindən və mehribanlığından irəli gəlirdi? Hansı ağıllı insan bu məntiqi qəbul edər?
Həmçinin övladlarından birinin adı Harun olub. O, Abbasi xəlifəsi Harunla adaşdır. Xəlifə Harunun İmama (ə) qarşı zülmkarlığı məlumdur. İmamı (ə) haqsız yerə uzun müddət həbsdə saxlamış və sonra zəhərlətmişdi. Sadəcə ad qoyulması mehribanlığa necə dəlil ola bilər? Axı nə üçün onun adı Harun peyğəmbərin (ə) adından götürülməsin?
Eləcə də, bir çox şiələr və İmam (ə) səhabələri öz övladlarına Yezid və Ömər adları qoymuşlar. Halbuki bu iki ad İmam Hüseynlə (ə) savaşanların adlarıdır: Yezid ibn Müaviyə, Ömər ibn Səd.
Demək, müəyyən şəxsin öz övladına başqa bir şəxsin daşıdığı adı qoyması həmin insanla aralarındakı sevgi və mehribanlığa dəlalət etməz. Xüsusilə də, əgər həmin ad ərəblər arasında geniş yayılmış addırsa.
İkinci: Əbu Bəkr adının qoyulmadığı sübuta yetmiş faktdır
İmamlardan (ə) heç biri övladlarına “Əbu Bəkr” adı qoymayıb. Bu onlarda künyə olub. “Bəkr” ərəblər arasında məşhur və tanınmış addır. Həmçinin bu, İmam Əlinin (ə) ana tərəfindən babalarından birinin adıdır: Bəkr ibn Həvazin.789 Həmçinin Üsamə ibn Zeyd, Dəhiyyə Kəlbi 790 kimi bir çox səhabənin də babalarının adıdır. Səd ibn Bəkr oğulları ərəb tayfaları arasında tanınmış qəbilədir. Peyğəmbərin (s) süd anası Həlimə Sədiyyə də həmin qəbiləyə mənsub idi. “Bəkr” adı ərəbin arasında heç də nadir deyil. Eləcə də “Əbu Bəkr” künyəsi də yalnız Əbu Bəkrə aid deyil. Dediyimiz kimi, “Bəkr” adı ərəbdə geniş yayılmış addır, “Əbu Bəkr” isə ad deyil, künyədir.
Əbu Bəkrin həqiqi adı barədə müxtəlif fikirlər var. İbn Əsir “Usudul-ğabə”də Abdullah ibn Osman bölməsində yazır: “Əbu Bəkr Siddiq – onun adı barədə müxtəlif fikirlər var. Adının Əbdülkəbə olduğu deyilib. Peyğəmbər (s) sonra ona Abdullah adını verib. Onu məhz yaxınlarının Abdullah adlandırdığı da deyilib. Həmçinin ona “Ətiq” də deyilib”.791
Cahiliyyə dövründə Əbu Bəkrin künyəsi “Əbülfəsil”792 olub. Sonradan “Əbu Bəkr” künyəsini götürüb. Əbu Bəkrin xilafətin rəhbərliyinə keçdiyini duyanlar eşitdiklərini təsdiqləmək üçün “Əbülfəsil?” deyə soruşurlarmış. Həmçinin ona qarşı üsyana qalxmış mürtədlər də alçaltmaq məqsədilə “Əbülfəsil” deyirdilər. Məlum olur ki, Peyğəmbər (s) onun adını dəyişdiyi kimi, özü də künyəsini daha yaxşısı ilə əvəzləmişdir. Yaxud da xilafətə keçərkən “Əbülfəsil” künyəsindən imtina edərək artıq böyümüş mənasını verən “Bəkr”793 künyəsini götürmüşdü.
Demək, “Bəkr” adı və “Əbu Bəkr” künyəsi ərəblərə məxsus ad və künyədir ki, onu birinci xəlifə sonradan götürmüşdü. Əgər imam övladlarından birinin adı Əbülfəsil olsaydı, o zaman bunun Əbu Bəkrə görə qoyulduğu düşünülə bilərdi.
Əbu Bəkr ibn Əli (ə) Muhəmməd Əsğərdir
Möminlərin əmirinin (ə) oğlu Əbu Bəkr Muhəmməd Əsğər kimi tanınıb. Bunu Şeyx Müfid “əl-İrşad” əsərində də qeyd edir: “Muhəmməd Əsğər – künyəsi Əbu Bəkrdir. O və Abdullah qardaşları Hüseynlə (ə) birlikdə Kərbəlada şəhid oldular. Anaları Leyla bint Məsud Darəmiyyədir”.794
İmam Həsənin (ə) oğlu Əbu Bəkr Əmr ibn Həsəndir (ə)
İmam Həsənin (ə) Əbu Bəkr adlı oğlu olsa da, həqiqətdə o ad deyil, sadəcə künyədir. Şeyx Müfid “əl-İrşad” kitabında İmam Həsənin (ə) övladlarını qeyd edərkən onların arasında Əbu Bəkr adında bir şəxsi zikr etməyib. Orada deyir: “İmam Həsən ibn Əlinin (ə) on beş oğlan və qız övladı olub: “Zeyd ibn Həsən, bacıları Ümmül-Həsən və Ümmül-Hüseyndir. Anası Ümmü-Bəşir bint Əbu Məsud Əqəbə ibn Əmr ibn Sələbə Xəzrəciyyədir. Həsən ibn Həsən, anası Xövlə bint Mənzur Fəzariyyədir. Əmr ibn Həsən, qardaşları Qasim və Abdullahdır. Anaları övlad sahibi cariyədir. Əbdürrəhman ibn Həsən, anası övlad sahibi cariyədir. Əsrəm ləqəbli Hüseyn ibn Həsən, qardaşı Təlhə ibn Həsən, bacıları Fatimə bint Həsəndir. Anaları Ümmü İshaq bint Təlhə ibn Übeydullah Təmimidir. Abdullahla Fatimənin, Ümmü Sələmənin və Rüqəyyənin anaları fərqli qadınlardır”.795
Lakin İmam Hüseynlə (ə) birlikdə şəhid olanları qeyd edərkən Əmr ibn Həsənin əvəzinə Əbu Bəkri qeyd edir. Bu isə onun adının deyil, künyəsi Əbu Bəkr olduğuna dəlalət edir.796 Yaqubi və İsfahaninin də qeyd etdiyi kimi, “Əbu Bəkr” ümumiyyətlə ad deyil, künyədir.
Nəticə olaraq, Əbu Bəkr Əmr ibn Həsənin künyəsidir. Bu künyəni ona başqaları da qoymuş ola bilər. Künyəni məhz İmamların (ə) verdiyi heç bir yolla sübuta yetməyib.
İmam Hüseynin (ə) Əbu Bəkr adında oğlu olmayıb
İmam Hüseynin (ə) bu ad və ya künyə ilə övladı ümumiyyətlə olmayıb. Onunla birlikdə Kərbəlada qətlə yetirilən övladları Əli Əkbər və südəmər Abdullahdır. İhsan Zahirin şiə olduğunu iddia etdiyi sünni tarixçisi Məsudinin qeydləri isə isbat olunmayıb. Bunu ondan başqa heç kəs söyləmir. Həmçinin Şeyx Müfid, Əbülfərəc İsfahani, İrbəli və ya başqaları İmam Hüseynin (ə) Əbu Bəkr adında Kərbəlada şəhid olmuş oğlunun varlığını qeyd etməyiblər. Əgər bu ad və ya künyədə oğlu olsaydı, mütləq qeyd edərdilər və bu, onlardan gizli qalmazdı.
İrbəli “Kəşful-ğummə”də deyir: “Doqquzuncu: övladları barədə Kəmaluddin ibn Təlhə deyir ki, onun on oğlan və qız övladı olub. Bunlardan altısı oğlan, dördü qız idi. Oğlanlar: Əli Əkbər, Əli Övsət – o, Zeynəlabidindir (ə), inşallah müvafiq fəsildə onun barəsində danışacağıq, Əli Əsğər, Muhəmməd, Abdullah və Cəfər. Əli Əkbər şəhid olanadək atasının gözləri önündə Kərbəlada döyüşdü. Əli Əsğər körpə idi və oxla öldürüldü. Abdullahın da atası ilə birlikdə şəhid olduğu deyilib. Qızları isə: Zeynəb, Səkinə, Fatimədir. Bu məşhur sözdür. İmamın (ə) dörd oğlunun və iki qızının olduğu da deyilib”.797
İmam Həsənin (ə) oğlu Həsənin Əbu Bəkr adlı övladı olmayıb
Həsən ibn Həsənə (ə) gəldikdə, onun da bu adda oğlu olmayıb. Əbülfərəc İsfahani deyir: “Muhəmməd ibn Əli ibn Həmzə Ələvi isə Əbu Bəkr ibn Həsən ibn Həsən adlı bir şəxsin onlarla şəhid olduğunu qeyd edir. Ondan başqa heç kəsin belə bir şey söylədiyini eşitməmişəm. Elm və nəsəb əhlindən Həsən ibn Həsənin Əbu Bəkr künyəli bir övladının olduğu barədə bizə heç bir məlumat çatmayıb”.798
İsfahaninin sözlərindən aydın olur ki, o addan əlavə, belə bir künyəyə sahib övladının olduğunu da qəti inkar edir. İhsan Zahirin ona nisbət verdiyi sözlər səhih deyil. Bundan daha dəhşətlisi isə, onun İsfahanidən nəql etdiyi hissəni təhrif etməsidir. İsfahaninin sözlərini necə təhrif etdiyini göstərmək üçün “Şiə və Əhli-Beyt” kitabındakı mətni sizə təqdim edirik: “Həmçinin, Həsən ibn Həsən ibn Əli – Əli ibn Əbu Talibin nəvəsidir. Övladlarından birinin adı Əbu Bəkrdir. İsfahaninin Muhəmməd ibn Əli ibn Həmzə Ələvidən rəvayət etdiyinə əsasən, İbrahim ibn Həsən ibn Həsən ibn Əli ibn Əbu Taliblə birgə qətlə yetirilənlərdən biri də Əbu Bəkr ibn Həsən ibn Həsəndir”.799
İmam Kazımın (ə) Əbu Bəkr künyəli övladı yoxdur
Həmçinin İmam Kazımın (ə) da bu adda və ya künyədə oğlu yoxdur. İhsan Zahirin İrbəlinin “Kəşful-ğummə” kitabına nisbət verdiyi sözlərin nə eyni və nə bənzəri həmin kitabda mövcud deyil. İrbəlinin İmam Kazımın (ə) övladları barədə yazdıqlarını sizə təqdim edirik: “Musa vəfat etdikdə əlli beş yaşında idi. Bu hadisə 183-cü ildə olub. Anası Həmidə Bərbəriyyədir. Ona Əndəlusiyyə də deyilirdi. Övlad sahibi cariyədir. O, İshaqın və Fatimənin də anasıdır. Onun iyirmi oğlan və on səkkiz qız övladı olub.
Oğlanlarının adları: Əli Rza (ə) – imamdır, Zeyd, İbrahim, Əqil, Harun, Həsən, Hüseyn, Abdullah, İsmail, Übeydullah, Ömər, Əhməd, Cəfər, Yəhya, İshaq, Həmzə, Abbas, Əbdürrəhman, Qasim, Cəfər Əsğər. Ömərin əvəzinə Muhəmməd də deyilib.
Qızlarının adları: Xədicə, Ümmü Fərvə, Əsma, Əliyyə, Fatimə, Fatimə, Ümmü Külsüm, Ümmü Külsüm, Amənə, Zeynəb, Ümmü Abdullah, Zeynəb Suğra, Ümmül-Qasim, Həkimə, Əsma Suğra, Məhmudə, Əmamə və Meymunə”.800
İmam Zeynəlabidinin (ə) künyəsi Əbu Bəkr olmayıb
İmam Zeynəlabidinin (ə) künyəsinin Əbu Bəkr olması isbat edilməyib. İhsan Zahir dəlilləri təqdim edərkən adəti üzrə yenə də təhrifə əl ataraq İrbəlinin sözlərini dəyişib. Kitabında deyir: “Hüseynin oğlu Zeynəlabidinin də künyəsi Əbu Bəkr olub”.801
Lakin İrbəli belə söz söyləməyib. Onun sözləri belədir: “Onun məşhur künyəsi Əbülhəsəndir. Həmçinin ona Əbu Muhəmməd də deyilirdi. Əbu Bəkr deyildiyini də söyləyiblər”.802
Məlum olduğu kimi, “deyilib” ünvanı ilə zəif sözlər qeyd edilir. İhsan Zahir şiələrə belə “sübutları” dəlil olaraq göstərir?! Əlavə olaraq, bu sözün sahibi məlum deyil, həmçinin heç bir tarix kitabında İmam Zeynəlabidinin (ə) künyəsinin Əbu Bəkr olduğu qeyd edilməyib. Əgər bunun doğruluğu isbatlansa belə, bu, yalnız bir künyədir. Belə bir künyəyə sahib olmaq Əbu Bəkrə qarşı hansı sevgi və ya mehribanlığa dəlil ola bilər?!
İmam Rzanın (ə) künyəsi Əbu Bəkr olmayıb
İmam Rzanın (ə) künyəsinin Əbu Bəkr olduğu heç bir rəvayətdə, hətta zəif xəbərdə belə varid olmayıb. Eləcə də, bir kitabdan başqa heç bir sünni və şiə hədis və tarix kitablarında da qeyd edilməyib. İhsan Zahir də həmin mənbədən – İsfahaninin “Məqatilut-talibiyyin” kitabından – Yetimənin rəvayətini buna şahid gətirir, lakin onun da mətnini adəti üzrə təhrif edir. İsfahaninin qeyd etdiyi mətni sizə təqdim edirik: “Künyəsi Əbülhəsəndir, Əbu Bəkr də deyilib. Anası övlad sahibi cariyədir. Əbülfərəc deyir: “Həsən ibn Əli Xəffaf İsa ibn Mehrandan, o da Əbu Salt Hərəvidən nəql edir: “Bir gün Məmun məndən bir məsələ barədə soruşdu. Mən Əbu Bəkrin onun barəsində filan-filan sözləri söylədiyini dedim. O məndən Əbu Bəkrin kim olduğunu soruşub dedi: “Bizim Əbu Bəkr, yoxsa sünnilərin Əbu Bəkri?” Mən bizim Əbu Bəkr olduğunu dedim. İsa Əbu Saltdan onların Əbu Bəkrinin kim olduğunu soruşdu. Əbu Salt cavabında dedi: “Əli ibn Musa Rza, künyəsi belədir”.803
Bu rəvayət zəifdir. Belə ki, şiə rical kitablarında İsa ibn Mehranı təsdiqləyəcək heç bir söz yoxdur. İsfahaninin rəvayəti nəql etdiyi şəxs Həsən ibn Əli Xəffafdır. O isə bizim kitablarda ravi kimi qeyd olunmayıb (yəni məchuldur). Həmçinin, əgər bu doğru olsaydı, o zaman İmamın (ə) künyəsi məşhur olar, bununla tanınar, Əbu Saltla eyni dövrdə yaşayan İsaya gizli qalmazdı ki, o da kimliyini soruşsun.
Görünən odur ki, bu künyəni İmama (ə) Məmun və ya ətrafı vermişdi. Bir daha əlavə edək ki, künyənin nə ürfə və nə də ağla əsasən, bir şəxsdən razılığa dəlaləti ola bilməz.
Abdullah ibn Cəfərin Əbu Bəkr adlı oğlu yoxdur
İhsan Zahirin “Abdullah ibn Cəfər Təyyar ibn Əbu Talib öz övladlarından birinə Əbu Bəkr adını qoyub. Bunu İsfahani “Məqatil” kitabında qeyd edir” iddiasına gəldikdə, bu da doğru deyil və İsfahaninin sözlərinə müxalifdir. O, kitabında deyir: “Əbu Bəkr ibn Abdullah ibn Cəfər ibn Əbu Talib (ə) – onun adı məlum deyil, anası Xövsa bint Həfsə ibn Bəkr ibn Vaildir”.812
Sözlərindən aydın olduğu kimi, o, Əbu Bəkrin adının bilinmədiyini deyir. Bu isə Əbu Bəkrin ad deyil, künyə olduğuna dəlalət edir. “Bəkr” adı isə onun ana babasının adıdır – Bəkr ibn Vail.
788 əl-İrşad, Şeyx Müfid, c. 2, s. 20
789 Məqatilut-talibiyyin, Əbülfərəc İsfahani, s. 4
790 əl-İsabə, İbn Həcər, c. 2, s. 321
791 Usudul-ğabə, İbn Əsir, c. 3, s. 315
792 Fəsil – Süddən zorla ayrılmış dəvə balasına deyilir.
793 Bəkr – orta yaşlı dəvə mənasındadır.
794 əl-İrşad, Şeyx Müfid, c. 1, s. 354
795 əl-İrşad, Şeyx Müfid, c. 2, s. 20
796 əl-İrşad, Şeyx Müfid, c. 2, s. 125
797 Kəşful-ğummə, İrbəli, c. 2, s. 247
798 Məqatilut-talibiyyin, Əbülfərəc İsfahani, s. 128
799 Şiə və Əhli-Beyt, s. 81
800 Kəşful-ğummə, İrbəli, c. 3, s. 31
801 Şiə və Əhli-Beyt, s. 81
802 Kəşful-ğummə, İrbəli, c. 2, s. 286
803 Məqatilut-talibiyyin, Əbülfərəc İsfahani, s. 375
812 Məqatilut-talibiyyin, Əbülfərəc İsfahani, s. 82
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə