İhsan Zahir iddia edir ki, İmam Əli (ə) Əbu Bəkrin xilafətindən razı idi və bu razılığını əməli şəkildə göstərirdi. Onlarla birlikdə müamilə və hökm məsələlərində iştirak edir, hədiyyələr alır, ehtiyaclarını ona bildirir, arxasında namaz qılırdı.
Belə ki, deyir: “Möminlərin əmiri (ə) Siddiqin xilafətindən razı idi, gündəlik məsələlərdə və qərarların qəbulunda iştirak edir...”. 713
Müzakirə
Birinci nöqtə: Əqidə və Əhli-Beytin (ə) nəzərində camaatla birgəyaşayış
Həqiqətən də, Peyğəmbər (s) Əhli-Beytinin (ə) məqamına, xüsusilə də onun vəfatından sonra imamət və xilafətlə bağlı baş verən hadisələrə dərindən diqqət yetirən şəxs, bu hadisələrlə bağlı xüsusilə İmam Əlinin (ə) sözlərinə nəzər saldıqda onların müsəlmanlar üçün iki əsas məsələni izah etdiklərini görəcək:
Birinci məsələ: İmamət və xilafət mövzuda Allah qarşısındakı dini əqidələri ilə bağlı məsələlər;
İkinci məsələ: Müsəlmanların ixtilafı və xəlifələrin rəhbərliyi dövründə camaatla birgəyaşayış üslubu və formaları.
Bu iki məsələyə qısaca toxunaq:
Birinci məsələ: Peyğəmbərin (s) vəfatından sonra Əhli-Beyt (ə) özlərinin Allahın əmri ilə ümmətə imam təyin olunduqlarını iki üslubla bəyan etdi:
Birinci – nəzəri üslub: Özlərinin sahib olduqları İmamət məqamını təsdiqləmələri, başqalarının bu məqama iddialarını inkar etmələri; Onlar öz imamətlərini təsdiq etmək üçün Qurani-Kərimdən “Vilayət”, “Təthir”, “Mübahələ”, “Təbliğ” və s. ayələri, peyğəmbər sünnəsindən “Qədir Xum”, “Səqaleyn”, “Mövla” və s. hədisləri ümmətə dəlil göstərir, özlərindən başqasının imam ola bilməyəcəyini bəyan edirdilər. Müslimin “Səhih”ində Ömərin dilindən nəql etdiyi rəvayətdə də oxuyuruq ki, Əli (ə) ilk iki xəlifəni günahkar, namərd və xain kimi görürdü. Zuhridən, onun da Malik ibn Ovsdan nəql etdiyi uzun bir hədisdə “yalançı, günahkar, namərd və xain kimi” deyə qeyd olunur.714
Bu sözlərdən anlaşılır ki, Möminlərin əmiri Əlinin (ə) Əbu Bəkr haqqındakı rəyi elə Ömər barəsindəki rəyi kimidir və bu fikri dəyişməmiş, hər ikisinin xilafəti boyunca davam etmişdir.
Bunun dəlili isə Ömərin bu sözləridir: “...Əbu Bəkr öldükdən sonra mən Peyğəmbərin (s) və Əbu Bəkrin vəlisi oldum. Siz ikiniz də məni yalançı, günahkar, nadan və xain gördünüz”. Burada İmam (ə) yalnız birincini danlamır, Ömərdən nəql edilənə əsasən, mütləq mənada hər ikisi barədə danışır.
İkinci – əməli (praktik) üslub: İmam Əli (ə) Xanım Fatimə (ə) vəfat edənədək Əbu Bəkrə beyətdən aşkar surətdə imtina etdi. Necə ki, Buxari və Müslim bunu öz “Səhih”lərində qeyd edirlər: “İbn Şihabdan, o da Ürvə ibn Zübeyrdən Aişənin belə söylədiyini xəbər verir: “...Fatimə həyatda ikən Əlinin camaatla münasibəti vardı. Lakin o vəfat etdikdən sonra camaat Əli ilə münasibətdən çəkindi. Əli Əbu Bəkrə beyət etmək üçün imkan axtarmağa başladı. Əvvəlki altı ayda o, Əbu Bəkrə beyət etməmişdi”.715
Bunu həmçinin Müslimin Zuhridən nəql etdiyi rəvayətindəki sözləri də təsdiqləyir: “Bir nəfər ona dedi: “Əli Fatimə vəfat edənədək nə üçün Əbu Bəkrə beyət etmədi?” Dedi: “Nəinki o, Bəni-Haşimdən heç kəs ona beyət etməmişdi”.716
İkinci məsələyə gəldikdə: Əhli-Beyt (ə) müsəlmanlara birgəyaşayış nümunəsi qoydu, əqidə və düşüncədəki ziddiyyətlərin savaş abu-havası yaratmağa, qarşı tərəfi kənarlaşdırmağa səbəb olmayacağını göstərdi. Əksinə, burada hikmət və gözəl moizə ilə dəvət, sülh və asayiş halında birgəyaşayış kimi başqa bir yolu bəyan etdi. Burada da iki üslubla insanlara öz haqlarını izah etdilər:
Birinci – nəzəri üslub: Sözlərilə, müxaliflərinin arxasında namaz qılmaqla, xəstələrinə baş çəkməklə, cənazələrini müşayiət etməklə və s. bu kimi əməlləri ilə aralarında əqidə və fikir ixtilaflarının olmasına baxmayaraq müsəlmanlar arasında mehribanlıq və məhəbbətə səbəb olacaq işlər görürdü. Şeyx Kuleyni və Şeyx Səduq İmam Sadiqdən (ə) nəql edirlər: “Onlarla birinci cərgədə namaz qılan şəxs sanki Peyğəmbərin (s) arxasında namaz qılmış kimidir”. 717 Həmçinin İmam Sadiq (ə) buyurur: “Xəstələrinə baş çəkin, cənazələrini müşayiət edin və məscidlərində namaz qılın”. 718
İkinci – əməli üslub: Bu, bir çox yerdə Əhli-Beytin (ə) qəzavət, məşvərət və fiqh kimi məsələlərdə müxalifləri ilə birgə iştirakdır. İhsan Zahir belə hadisələrdən bir neçəsini qeyd etdikdən sonra deyir: “...Bu, Əlinin məşvərət və qəzavətlərdə iştirakına aydın dəlildir”. 719
Nəticə
Əhli-Beyt (ə) müsəlmanlara iki məqamı bəyan etdi. Bunlardan biri fikir və əqidə ilə bağlı idi ki, bu da onların həqiqətdə müsəlmanlara imam olması, dövrün xəlifələrinin onların üzərində zorla hakimiyyət qurmasıdır. Onlar bu düşüncə və əqidəni Xanım Fatimənin (ə) vəfatınadək beyətdən imtina etməklə əməli şəkildə göstərdilər.
Digər məqam isə müsəlmanlar arasında birgəyaşayışdır ki, rəy və əqidədəki ixtilafların gündəlik yaşayışda insanlar arasındakı mehribanlıq və qarşılıqlı əlaqələrə maneə yaratmadığını göstərir.
İhsan Zahirin bu kimi hadisələri İmam Əlinin (ə) özündən əvvəlki xəlifələrdən razılığına dəlil göstərməsi düzgün deyil. Belə ki, Əhli-Beytin (ə) onlarla aralarında mövcud olan əqidə ixtilafı müsəlmanların bir-birlərinə qarşı mehribanlığına və gündəlik əlaqələrinə maneə yaratmamışdı.
713 Şiə və Əhli-Beyt, İhsan İlahi Zahir, s. 68
714 Səhih, Müslim, c. 5, s. 152
715 Səhih, Buxari, c. 5, s. 82-83; Səhih, Müslim, c. 5, s. 154
716 Bax: Fəthul-bari, İbn Həcər, s. 379
717 əl-Kafi, Şeyx Kuleyni, c. 3, s. 380; Mən la yəhzuruhul-fəqih, Şeyx Səduq, c. 1, s. 382
718 əl-Hidayə, Şeyx Səduq, s. 53; əl-Kafi, Şeyx Kuleyni, c. 2, s. 219, 635
719 Şiə və Əhli-Beyt, İhsan İlahi Zahir, s. 69
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə