Müəllif iddia edir: “Qeyd: Şiələrin əhli-sünnəyə qarşı nifrətləri bənzərsiz bir nifrətdir. Bu səbəbdəndir ki, fəqihlərimiz əhli-sünnəyə yalan danışmağı, onlara qarşı yalan ittihamlar irəli sürməyi, iftira atmağı və rəzil sifətlərlə vəsf etməyi icazəli biliblər”.
Cavab: Bunlar aşkar yalanlardır. Müəllif əhli-sünnəyə yalan danışmağın, onlara qarşı yalan ittihamlar irəli sürməyin və iftiralar atmağın icazəli olduğuna dair bir fəqihin belə fətvasını nümunə olaraq göstərmir və heç bir mənbəyə istinad etməyib, yalnız zəif və mənası aydın olmayan rəvayətləri dəlil göstərməyə cəhd edib. Fəqihlərə nisbət verdiyi bu yalanlarına bir dənə də olsa, alimin fətvasını misal göstərə bilmirmi?!
Alimlərimiz kitablarında yalanın ümumiyyətlə haram olduğunu bildirir, istisna yerlərini də qeyd edirlər. Yalanın icazəli olduğu iki yer vardır ki, o da bunlardır: canına və ya malına təhlükə qorxusu olduqda; iki möminin arasındakı pis münasibətləri düzəltmək məqsədi olduqda.
Seyid Həkim, Seyid Xoyi, Seyid Muhəmməd Ruhani, Seyid Əbdül-əla Səbzəvari, Mirzə Cavab Təbrizi (Allah ruhlarını şad eləsin!) Seyid Əli Sistani, Şeyx Muhəmməd İshaq Fəyyaz (Allah kölgələrini üzərimizdə baqi eləsin!) özlərinin “Minhacus-salihin” kitablarında yazırlar:
“Yalan danışmaq haramdır. Yalan – olmayan və baş verməyən bir hadisəni xəbər verməkdir. Onun haramlığında zarafatyana və ciddi olması arasında fərq yoxdur... Özünə və ya bir möminə üz verə biləcək zərəri dəf etmək üçün yalan söyləmək, hətta həmin anda yalandan and içmək də icazəlidir. Həmçinin iki möminin arasında sülh yaratmaq və onları barışdırmaq üçün yalan söyləmək icazəlidir. Ehtiyat budur ki, yalnız tövriyə etmək imkanı olmadıqda belə bir yalan söylənilsin”.
“Minhacus-salihin”, Seyid Həkim, 2/15;
“Minhacus-salihin”, Seyid Xoyi, 2/10;
“Minhacus-salihin”, Ruhani, 2/10;
“Minhacus-salihin”, Səbzəvari, 2/10;
“Minhacus-salihin”, Sistani, 2/15;
“Minhacus-salihin”, Təbrizi, 2/14;
“Minhacus-salihin”, Şeyx Fəyyaz, 2/114.
Şiə alimlərinin fətvaları bunlardır. Əgər mövzunun uzanmasından çəkinməsəydik bu fətvaların siyahısını uzada da bilərdik. Ancaq müxtəsər qeyd etdiklərimizlə də müəllifin uydurma iftiralarının puçluğu məlum olur.