1. Müəllif iddia edir: “Müvəqqəti nikaha təşviq etmək üçün bir çox rəvayətlər nəql olunur, bu işə böyük savablar təyin edilir və onu tərk edəni cəza gözlədiyini deyirlər. Hətta mütə etməyən şəxsi müsəlman saymırlar. Gəlin, birlikdə həmin rəvayətləri oxuyaq.
Peyğəmbər (s) buyurur: “İmanlı qadınla mütə edən şəxs sanki Kəbəni yetmiş dəfə ziyarət etmişdir”. Məgər mütə edən şəxs Kəbəni yetmiş dəfə ziyarət edən şəxs kimi ola bilərmi? Kiminlə mütə edən? İmanlı qadınlamı?!”
Cavab: Belə bir “hədis” şiə hədis kitablarında mövcud deyil. Müəllifin bu “hədisi” haradan götürdüyü də qaranlıq olaraq qalır. Ehtimal ki, bu onun öz uydurmasıdır və o səbəbdən də “hədisin” mənbəyini qeyd etməyib.
Hətta həqiqətən belə bir hədisin olduğunu fərz etsək, bunda heç bir müşkül yoxdur. Belə ki, sünnəni yaşatmaq və bidəti aradan qaldırmaq cəhətindən mütə etməyin bu cür savaba malik olması mümkündür. Əhli-sünnə kitablarında buna bənzər rəvayətlər çoxdur. Müslimin “Səhih”ində qeyd olunur ki, “Subhənallah, vəl-həmdu lilləh, və la ilahə illəllah, vəllahu əkbər” kəlməsi günəşin üzərinə işıq saçdığı hər bir şeydən daha sevimlidir. (“Səhih”, Müslim, 4/2072)
Həmçinin Allaha yüz dəfə təsbih söyləyən şəxsə min savab yazılar və min günahı pozular. (“Səhih”, Müslim, 4/20723)
“La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul-mulku və ləhul-həmd, və huvə əla kulli şeyin qədir” zikrini gün ərzində yüz dəfə söyləyən şəxs on qul azad etmiş şəxs qədər savaba malikdir, ona yüz savab yazılar və yüz pisliyi pozular, bu zikr onu həmin gün axşamadək şeytandan qoruyar. Bu əməldən daha fəzilətli başqa bir əməl yalnız bu zikri daha çox söyləməkdir. Kim gün ərzində yüz dəfə “Subhənallahi və bihəmdih” desə, günahları dənizlərin köpükləri qədər olsa belə, silinər. (“Səhih”, Müslim, 4/2071)
Əgər bu sadə zikrləri söyləyən şəxsin bu qədər savabı olursa, o zaman bəndələrinə qarşı lütfkar olan səxavətli Allahın sünnənin yaşadılması, bidətin aradan aparılması, (zinadan) özünü və iffətli imanlı qadını qoruması məqsədilə mütə nikahı bağlayan şəxsə belə və ya bundan daha artıq savab verməsi də qeyri-adi olmamalıdır. Ancaq müəllifin mütə nikahı bağlamayan şəxsin cəzaya layiq olduğu və müsəlman sayılmadığı barədə iddiasına gəldikdə, bu, açıq-aşkar yalandır. Belə ki, şiə fəqihlərindən heç biri mütə nikahının vacibliyinə və müsəlmanlığın şərtlərindən biri olduğuna hökm etməmişlər. Özünün bu iddiasının doğruluğuna müəllifin bir dənə də olsa sübut gətirmədiyini möhtərəm oxucu qarşıda görəcək.
2. Müəllif iddia edir: “Şeyx Səduq Sadiqdən (r.a) rəvayət edir: “Mütə nikahı mənim və ata-babalarımın dinidir. Ona əməl edən şəxs dinimizə riayət etmiş,inkar edən də dinimizi inkar etmiş və başqa bir dinə uyğun davranmışdır” (“Mən la yəhzuruhul-fəqih”, 3/366). Bu sözlər mütə nikahını qəbul etməyən şəxsləri təkfir (kafirlikdə ittiham) etməkdir”.
Cavab: Həmçinin belə bir “hədis” də bizim kitablarımızda, nə “Mən la yəhzuruhul-fəqih” və nə də başqa mənbələrdə mövcud deyildir. Buna bənzər rəvayət yalnız budur: “Təqiyyə mənim və ata-babalarımın dinidir. Təqiyyəsi olmayanın dini də yoxdur”.
Fəqihlik və ictihad iddiaçısı olan bir kəsin yalandan hədis uydurmağı və sonra da zülm, sitəm və böhtanla onu şiələrə nisbət verməyi özünə necə rəva bildiyinə diqqət yetirin!!!
Müəllifin iddiasının yalan olduğunun dəlillərindən biri onun hədis uydurması, sonra onu şiəyə nisbət verməsi, ardınca uydurduğu hədisə əsaslanıb hökm çıxarması və bununla da şiələri ittiham etməsidir. Nəticədə şiələrin bu hədisə istinad edərək mütə nikahı bağlamayan şəxsləri küfrdə ittiham etdiklərinə hökm verir. Halbuki şiələr əsla belə bir söz söyləmirlər. Möhtərəm oxucu, dövran səni hələ necə təəccüblü işlərə şahid edəcək!
3. Müəllif iddia edir: “Əbu Abdullaha (r.a) deyildi: “Mütə nikahının savabı varmı?” Dedi: “Əgər bununla Allahın savabını diləyirsə (və onu inkar edənlərə qarşı çıxırsa) (Müəllif mötərizələr arasında olan ibarələri hədisdən silmiş və kitabında qeyd
etməmişdir.) , söylədiyi hər bir söz müqabilində (və hər dəfə əlini xanıma uzatdığı zaman) Allah ona savab yazar. Onunla yaxınlıq etdikdə və həmçinin qüsl aldıqda da tükləri üzərindən axan su miqdarında Allah onun günahlarını bağışlayar” (“Mən la yəhzuruhul-fəqih”, 3/366)”.
Cavab: Bu hədisin sənədi zəifdir. Ravilər arasında Saleh ibn Üqbə və atası vardır ki, onların hər ikisinin də inanılan şəxs olduqları tərcümeyi-hal kitablarında sübuta yetməyib. Buna əsasən, hədisi dəlil kimi təqdim etmək doğru deyildir.
Əgər hədisin səhihliyi fərz olunsa, bu da mütə nikahının saysız savab və fəzilətə malik olduğunu isbatlamaz. Belə ki, mütə nikahı bağlanarkən şəxs əlli kəlmədən artıq söz söyləmir və bədəni də başdan-başa tüklərlə örtülü deyil ki, üzərindən su axması ilə o qədər günahı bağışlansın.
Müəllifin buradakı savabı nə üçün belə şişirtdiyini anlamaq olmur!
4. Müəllif iddia edir: “Peyğəmbər (s) buyurur: “Bir dəfə mütə edən şəxs Cabbar olan Allahın qəzəbindən amanda qalar, iki dəfə mütə edən şəxs əməlisalehlərlə birgə həşr olunar, üç dəfə edən şəxs isə cənnətlərdə mənimlə rəqabət aparar (məni sıxışdırar)” (“Mən la yəhzuruhul-fəqih”, 3/366)”.
Cavab: Həmçinin bu “hədis” də şiə kitablarında mövcud deyildir. Nə “Mən la yəhzuruhul-fəqih” kitabında və nə də digər kitablarda. Bu da fəqihlik iddiaçısının və hədis uydurmaçısının saxtakarlıqlarından biridir. Qeyd edək ki, bundan öncəki hədis şiə kitablarında olsa da, həmin hədis də müəllifin göstərdiyi mənbədə, cild və səhifədə yoxdur.
Buna əsasən, belə uydurma bir “hədis” barədə söhbəti uzatmaq vaxt tələfindən başqa bir şey deyildir və boş yerə səy göstərməkdir.
5. Müəllif iddia edir: “Seyid Fəthullah Kaşani “Minhacus-sadiqin” təfsirində Peyğəmbərdən (s) rəvayət edir: “Bir dəfə mütə nikahı bağlayan şəxs Hüseynlə (r.a), iki dəfə mütə nikahı bağlayan isə Həsənlə (r.a) eyni dərəcədə olar, üç dəfə bağlayanın dərəcəsi Əli ibn Əbu Talibin (r.a) dərəcəsi kimidir. Dörd dəfə mütə nikahına daxil olan şəxsin dərəcəsi isə mənim dərəcəm kimidir”.
Cavab: Bu “hədis” də şiə kitablarında mövcud deyil. Ona görə də müəllif ifşa olacağını bilərək mənbənin cild və səhifəsini qeyd etmir.
Buna əsasən, fəqihlik və ictihad iddiaçı olan bu kəsin belə uydurma “hədisləri” barədə söz söyləmək vaxt itkisindən savayı bir şey deyildir.
Əhsən özünün uydurduğu hədislərlə məzhəbini dəyişib sünni olan belə bir müctehidə! Belə bir “alim” əhli-sünnəyə də mübarəkdir!
6. Müəllif iddia edir: “Fərz edək, günahkar bir kəsin dərəcəsi bir dəfə mütə nikahı bağlamaqla Hüseynin (r.a), iki, üç və dörd dəfə ilə Həsənin, Əlinin və Peyğəmbərin (onlara salam olsun!) dərəcələri kimi olacaq? Məgər Peyğəmbər (s) və imamların dərəcələri bu qədərmi dəyərsizdir?!
Hətta əgər mütə edən şəxsin imanı nə qədər yüksək də olsa, yenə də dərəcəsi Hüseynin, qardaşının, atasının və ya babasının dərəcəsi kimi ola bilərmi?! Hər hansı bir şəxsin imanı nə qədər yüksək olursa-olsun, Hüseynin məqamı əldə edilməkdən daha uca və daha yüksəkdir. Həmçinin bir kəs nə qədər böyük iman sahibi olsa da, Həsənin, Əlinin və Peyğəmbərin (onlara salam olsun!) məqamı əlçatmazdır”.
Cavab: Müəllifin təqdim etdiyi hədisin uydurma və yalan olduğu bilindikdən sonra onun barəsində söz söyləmək vaxt itkisindən savayı bir şey deyildir.
Lakin müəllifin uydurduğu hədisə əsaslanıb söylədiyi iradları Tirmizinin “Sünən”də, Ziya Məqdisinin “əl-Əhadisul-muxtarə”, Əhmədin “Müsnəd”, Təbəraninin “Möcəmul-kəbir” kitablarında Əli ibn Əbu Talibə istinad etdikləri rəvayətlər rədd edir. Belə ki, həmin rəvayətlərə əsasən, Peyğəmbər (s) Həsən və Hüseynin (ə) əlindən tutaraq buyurur: “Kim məni və bu ikisini, onların atasını və
anasını sevərsə, qiyamət günü mənimlə eyni dərəcədə olacaq”.1
Əba əhli olan bu beş şəxsi sevən hər bir şəxs, müəllifin qeyd etdiyi kimi, günahkar olsa belə, Peyğəmbərin (s) dərəcəsini əldə edəcək?!
Bu hədisə əsasən, hər bir müsəlmanın dərəcəsi günahkar olub-olmadıqlarından asılı olmayaraq, Peyğəmbərlə (s) eyni olmalıdır. Çünki Həsən və Hüseyni, onların anasını və atasını (onlara salam olsun!) sevməyən müsəlman yoxdur!
Lakin bu, bizim həmin hədisi inkar və ya rədd etdiyimiz anlamına gəlməz. Biz bunu doğru mənalara yozur, məqsədin nemət fərqlilikləri nəzərə alınmaqla eyni cənnət və cənnətdə eyni məkan olduğunu deyirik. Doğrusunu Allah bilir!
1- “Sünən”, Tirmizi, 5/641. Tirmizi deyir: “Bu, həsən qəribə hədisdir”. “əl-Əhadisulmuxtarə”, 2/45; “Müsnəd”, Əhməd, 1/77; “əl-Möcəmul-kəbir”, Təbərani, 3/43.