Müəllif iddia edir: “Zürarə ibn Əyun:
Şeyx Tusi onun barəsində yazır: “Zürarə xristian ailəsindəndir. Onun babası Sunsundir. Subsun olduğu da deyilib. Xristian rahibi idi. Atası isə Bəni Şeyban qəbiləsindən bir şəxsin rumlu köləsi olub” (“əl-Fehirist”, səh.104)”.
Cavab: Müəllif Şeyx Tusinin (r.ə) sözlərinin bir hissəsini düzgün nəql etsə də, bir hissəsini təhrif etmişdir. Şeyxin sözlərini sizə təqdim edirik:
“Zürarə ibn Əyun. Adı Əbdü Rəbbihdir, künyəsi Əbul-Həsəndir. Zürarə isə onun ləqəbidir. Atası Əyun ibn Sunsun Bəni-Şeyban qəbiləsində bir şəxsin rumlu köləsi idi, Quranı öyrənmiş və azad edilmişdi. Ağası ona nəsəbinə daxil olmağı təklif etmiş, Əyun isə imtina etmiş və demişdi: “Dostluğumu qəbul et...”. (“əl-Fehrist”, səh.133)
Şeyx Tusi (r.ə) Zürarənin ailəsinin xristian olduğunu qeyd etməmişdir. Onun Quranı öyrənməsi və ağasının ona öz nəsəbinə daxil olmağı təklif etməsi müsəlman olduğuna dəlildir. Həmçinin Zürarənin anası da xristian kimi tanınmamışdır.
Bəli, onun babası Bizans şəhərlərindən birində rahib idi. Ancaq bu, Zürarənin böyüyüb boya-başa çatdığı ailəsinin xristian olduğu mənasını verməz.
Şübhə yoxdur ki, atasının və özünün müsəlman olduğu təsdiqləndiyi halda bu fakt heç bir zərər yetirməz. Çünki müsəlman olmaq keçmişi silib aradan aparır. Belə ki, Peyğəmbərin (s) bir çox səhabələri, xüsusilə də Əbu Bəkr, Ömər və Osman da cahiliyyət dövründə bütlərə ibadət edirdilər. Həmçinin səhabələr arasında əvvəllər yəhudi və xristian olanlar da vardır. Amma bunlara baxmayaraq əhli-sünnə alimləri onların ədalətli və gözəl müsəlmanlar olduğuna hökm etmiş, Allahın haram və halal məsələlərində onları etimadlı şəxslər saymışlar. Bunlar inkaredilməz faktlardır.
Əgər özünün və atasının xristian olduğu isbatlanmadığı, yalnız babasının rahib olduğu təsdiqləndiyi halda Zürarənin rəvayətlərini qəbul etmək müəllifə ağır gəlirsə, o zaman Abdullah ibn Salamın, Təmim Əd-Darinin, Vəhəb ibn Münəbbihin, Kəbul əhbarın və digər əslən yəhudi olan səhabələrin rəvayətlərini qəbul etmək ona niyə ağır gəlmir?!
Əgər Zürarənin ailəsinin xristian olması ona bir ləkə və tənqid səbəbidirsə, bəs nə üçün Əbu Hənifənin ailəsinə görə onu tənqid etmir?! Halbuki Əbu Hənifə xristian ailəsinin övladı idi.
Xətib Bağdadi “Tarixu Bağdad” kitabında Məhbub ibn Musadan nəql edir: “İbn Əsbatın belə dediyini eşitdim: “Əbu Hənifə dünyaya gələrkən atası xristian idi”.
əs-Saci isə deyir: “Muhəmməd ibn Müaviyə əz-Ziyadinin belə dediyini eşitdim: “Əbu Cəfərin belə dediyini eşitdim: “Əbu Hənifənin adı Ətik ibn Zutrə idi. O, özü özünü Numan, atasını isə Sabit adlandırmışdır”.
Muhəmməd ibn Əyyub əz-Zari deyir: “Yezid ibn Zərinin belə dediyini eşitdim: “Əbu Hənifə nəbətəlidir (Nəbət Ərəbistan yarımadasında yaşayan yəhudi qəbiləsi idi)”. (“Tarixu Bağdad”, 13/324-325)
Əhli-sünnə hədis hafizləri arasında da xristian ailədə dünyaya gəlmiş şəxslər vardır ki, bunlardan biri Zəkətiyya ibn Ədiyydir.
Zəhəbi “Təzkirətul-huffaz”da yazır: “(m,t,s,q) Zəkəriyya ibn Ədiy ibn Salt ibn Bistam. Gözəl hafiz, saleh bəndə Əbu Yəhya ət-Teyminin azad edilmiş köləsidir, kufəlidir, Bağdada köçüb yaşamışdır, Bəni-Teymə bağlıdır. Atası xristian idi. Deyilib ki, atası yəhudi idi və müsəlman olmuşdu. O, Misirdə məskunlaşan Yusif ibn Ədiyin qardaşıdır. Həmmad ibn Ziyad, Şüreyk əl-Qazi, Əbu Müleyh ər-Riqqi, İbn Mübarək, Yezid ibn Zəri, Cəfər ibn Süleyman və onların İraq və Cəzirədəki müasirlərindən hədislər nəql etmişdir. Ondan isə Buxari (“Səhih”dən başqa kitablarda), İbn Rahəveyh, əd-Darəmi, Müaviyə ibn Saleh əl-Əşəri, Abbas əd-Duri, Əbd ibn Hümeyd və digərləri hədis rəvayət ediblər. Onun hədisləri Əbu Davudun “Sünən”indən savayı digər kitablarda var. Sözlərini isbatlayan şəxslərdən biridir, məsələsinə etinasızlıq olub, Əbu Nüeym onun barəsində xəbər verməyib. İbrahim ibn Abdullah ibn Cüneyd deyir: “Mən eşitdiyim halda Əbu Davud Nəhəvi Yəhya ibn Muinə dedi: “Eşitmişəm ki, Əbu Nüeymdən Zəkəriyya ibn Ədiyy barədə soruşulub və o: “O hara, hədis hara! O, Tövratı daha yaxşı bilir” deyə cavab verib”. Yəhya ibn Muin dedi: “Zəkəriyyədə bir müşkül yoxdur, atası yəhudi idi, müsəlman olmuşdur”. (“Təzkirətul-huffaz”, 1/395)
Belə hafizlərdən biri də Abdullah ibn Əbul-Həsən əl-Cübbaidir.
Zəhəbi “Siyəru əlamin-nübəla”da yazır: “Nümunəvi imam Əbu Muhəmməd Abdullah ibn Əbul-Həsən ibn Əbul-Fərəc əş-Şami, əl-Cübbai, Cübbə qəsəbəsindən, Trablus işçilərindəndir. Atası xristian idi. Oğlu kiçik yaşlarında olarkən atası İslamı qəbul etdi, Quranı əzbərlədi, 540-cı ildə 21 yaşında ikən Bağdada gəldi, Şeyx Əbdülqadirlə yoldaş oldu, İbn Təlayədən və İbn Nasirdən, İsfəhanda Əbul-Xeyr Bağbandan və Məsud əs-Səqəfidən və başlarından hədis dinlədi, üsul elmini öyrəndi, İsfahanı özünə vətən qərar verdi. Hədisləri qəbul olunurdu, ali dərəcəsi vardı, doğru danışan idi və etina olunurdu”. (“Siyəru əlamin-nübəla”, 21/488)
Onlardan biri də Davud ibn Əbdürrəhman əl-Əttardır.
İbn Hibban “əs-Siqat” kitabında yazır: “Davud ibn Əbdürrəhman əl-Əttar, məkkəlidir, künyəsi Əbu Süleymandır, İbn Xeysəmdən, Əmr ibn Dinardan rəvayət etmiş, İbn Mübarək və Əhməd ibn Yunis də ondan nəql etmişlər. Bacarıqlı şəxs idi. 174-cü ildə vəfat etdi. Atası xristian idi, ətir satırdı, İslamı qəbul etmişdir. O, şamlıdır. Məkkəyə gəldikdən sonra 100-cü ildə orada Davud dünyaya gəldi, Məkkənin fəqih və hədis alimlərindən birinə çevrildi”. (“Kitabus-siqat”, 6/286)
Həmçinin Həsən ibn Davud ibn Babişad da onlardan biridir.
Xətib Bağdadi yazır: “Həsən ibn Davud ibn Babişad ibn Davud ibn Süleyman Əbu Səid əl-Misri. Bağdada gəlmiş, qazi Əbu Abdullah Seymuridən Əbu Hənifənin fiqhini öyrənmiş, oxuduğu müddətdə orada qalmışdır. Güclü zəkaya və gözəl fəhmə malik idi, bir neçə dəfə oxumaqla Quranı əzbərləmiş, ədəbiyyat, riyaziyyat, cəbr, qrammatika kimi elmlərin bir hissəsini hifz etmiş, Misirdə Əbu Muhəmməd ibn Nəhhasdan və onun təbəqəsində olanlardan hədis yazmış, həmçinin ondan hədislər rəvayət edilmişdir. Eləcə də məndən hədis yazmışdır. İnanılan, gözəl əxlaqlı və geniş ağıla sahib şəxs olub. Atası yəhudi idi, sonra İslamı qəbul etmiş və gözəl müsəlman olmuşdur. Elm əhli olaraq yad edilir. O, əslən farsdır”. (“Tarixu Bağdad”, 7/307)
Belə şəxslərin sayı olduqca çoxdur, onların hamısının adını burada sadalamağa lüzum görmürük. Adlarını qeyd etdiklərimiz sübut üçün kifayətdir. Bu şəxslər əhli sünnə nəzərində Zürarənin şiələr nəzdindəki məqama sahib olmasalar da, atası yəhudi və ya xristian olan belə şəxslərin əhli-sünnə nəzərində etimad görmələri dəlil olaraq bizə yetərlidir. Hal belə olduqda, babası xristian olduğuna görə Zürarəni necə tənqid edə bilərlər?!