Müəllif iddia edir: “İndi isə şiəlikdəki yad ünsürlərin digər növünə nəzər salaq.
Bu problem on ikinci imamla bağlıdır və olduqca ciddi bir problemdir.
Fəzilətli qardaşım Seyid (!) Əhməd bu mövzunu araşdırmış və on ikinci imamın həqiqətinin və şəxsinin mövcud olmadığını açıqlamışdır. Qeyd olunan müəllifin bu mövzudakı araşdırması bizim üçün yetərlidir. Lakin mən deyirəm: O, necə mövcud ola bilər? Halbuki bizim mötəbər kitablarımız on birinci imam Həsən Əskərinin vəfat etdikdə heç bir övladının olmadığına göstərir. O, vəfat edərkən həyat yoldaşlarına və kənizlərinə nəzər saldılar, onlardan heç birinin hamilə və ya övlad sahibi olduğunu görmədilər. Bu məsələ ilə bağlı Tusinin “əl Ğeybə” (səh.74), Şeyx Müfidin “əl-İrşad” (səh.354), Fəzl ət-Təbərsinin “Əlamul-vəra” (səh.380) və “əl-Əşəri əl-Qumminin “əl-MƏqalat vəl-firəq” (səh.102) kitablarına baxa bilərsiz”.
Cavab: Bu, olduqca qəribə yalanlardan biridir. Çünki Şeyx Tusi (q.s) özünün “əl-Ğeybə” kitabında bir çox dəlillərlə İmam Mehdinin (ə) doğulduğunu isbatlayıb. Kitabın qeyd edildiyi səhifəsində (səh.74) Şeyx Tusi yazır:
“İmam Həsənin (ə) oğlunun doğulması barədə xəbərlər şəriətdə nəsil mənsubiyyətini isbatlayan cəhətlərdən daha çoxdur. Biz, inşallah, qarşıda onlardan yalnız bir neçəsini qeyd edəcəyik.
İmam Mehdinin (ə.f) əmisi Cəfər ibn Əlinin İmam Həsən Əskərinin oğlunun o həyatda ikən doğulması ilə bağlı şiələrin şahidliyini inkar etməsinə, bununla da sonrakı varlığını rədd etməsinə və qardaşından qalan mirası ələ keçirməsinə, dövrünün zalım hakimlərini İmam Həsənin (ə) cariyələrini həbs etməyə və qardaşının oğlunun olmayacağına əmin olmaları üçün onların hamiləliyini inkar edəcək paklıq müddətlərini gözlətməsinə, qardaşından sonra özünün imamlıq məqamına daha çox haqq sahibi olması iddiasına gəldikdə, bunda heç kəsin şübhəsi yoxdur. Belə ki, hamı Cəfərin peyğəmbərlər kimi məsum olmadığı, buna görə də onun haqqı inkar etməsinin və puç iddialar ortaya atmasının mümkün olduğu barədə həmfikirdirlər. O da hər insan kimi, xəta və günah edən bir kəsdir”.
Şeyx Tusinin bu sözlərilə İmam Mehdinin (ə.f) doğulduğunu isbatladığı aydındır. Görünən odur ki, iddiaçı müəllif burada Şeyx Tusinin Cəfər ibn Əli barədə mənfi fikirlərini İmam Mehdiyə (ə) nisbət vermişdir. Bu, heç də ondan gözlənilməyən bir əməl deyil.
Şeyx Müfid (q.s) isə özünün “əl-İrşad” kitabında İmam Mehdinin (ə.f) atası İmam Həsən Əskəridən (ə) sonra imamlığına dair bu sözləri qeyd edir:
“İmam Əbu Muhəmməd Həsən ibn Əli Əskəridən (ə) sonrakı imam onun oğludur. Adı və künyəsi Allah elçisinin (s) adı və künyəsi ilə eynidir. Atası İmam Həsən Əskəri (ə) ondan başqa nə aşkar, nə də gizlin bir övladını öz yerinə canişin təyin etməmişdir. Onun canişinliyini isə məxfi və gizli şəkildə açıqlamışdır. İmam Mehdi (ə) hicrətin 255-ci ilində, Şaban ayının ortasında (on beşində) doğulmuşdur. Anası övlad sahibi olan və adına Nərcis deyilən kəniz idi. Atası vəfat etdikdə İmam Mehdinin (ə) beş yaşı vardı. Həmin yaşda Allah ona hikmət, düzgün hökm vermək bacarığı əta etmiş, onu aləmlərdə ayə və nişanə etmişdir. Yəhya (ə) peyğəmbərə kiçik yaşında hikmət bəxş etdiyi kimi ona da hikmət lütf eləmiş, həmçinin Məryəm oğlu İsanı (ə) beşikdə ikən peyğəmbər qərar verdiyi kimi, onu da imam etmişdir”. (“əl-İrşad”, səh.346)
Sonra isə onun qeybə çəkiləcəyi, iki qeyb dövrünün olacağı və birinin digərindən daha uzun müddət davam edəcəyi ilə bağlı xəbərlərin doğumundan öncə yayıldığını qeyd edir, onun imamlığına dair dəlillərin və imam təyin edildiyi ilə bağlı rəvayətlərin toplandığı, onunla görüşənlər, kəramət və möcüzələrinə dair ayrıca fəsillər tərtib edir. Bütün bunlar iddiaçı müəllifin onun doğulmadığı ilə bağlı sözlərini aşkar surətdə inkar edir.
Şeyx Təbərsi “Əlamul-vəra” kitabında İmam Mehdinin (ə) tərcümeyi-halı, adı, künyəsi, ləqəbi, doğumu və anasının adı, onunla görüşənlər, qeyb olmasının və imamlığının isbatının dəlilləri, onu və dəlillərini görənlər və müəllifin inkar etdiyi məsələləri isbatlayacaq bir çox digər mövzuları əhatə edən çox sayda fəsillər qeyd etmişdir.
Qısacası, tanınmış alimlərimizə İmam Mehdinin (ə.f) doğulmadığına dair fikirləri nisbət verən kəs iftiraçı və yalançıdır, bu əməllərindən utanmır və xəcalət çəkmir. Çünki bu mövzu barədə alimlərimizin fikirləri məlum və kitabları məşhurdur.