»»

Süleym ibn Qeys əl-Hilali Quranın təhrif olunmasını iddia edib?

Müəllif iddia edir: “Quranın təhrif edilməsinə dair fikirləri araşdırdıq, ilk belə iddianın Süleym ibn Qeys əl-Hilalinin (h.q.90-cı il) kitabında ortaya atıldığını görürük. O, yalnız iki rəvayət qeyd edilir. Bu, şiələrin yazılmış olan ilk kitabıdır. Orada bu iki rəvayətdən savayı heç bir şey yoxdur. Ancaq Süleym ibn Qeysdən əsrlər sonra qələmə alınan mötəbər kitablarımıza müraciət etsək onların təhrif barədə rəvayətlərlə dolu olduğunu görəcəyik. Hətta Nuri Təbərsi özünün “Fəslul-xitab” kitabında təhriflə bağlı mindən artıq rəvayət qeyd etmişdir”.

 

Cavab: Müəllif burada Süleym ibn Qeysin kitabını şiələrin yazılmış olan ilk kitabı təqdim edərək orada təhrifə dəlalət edən sadəcə iki rəvayətin olduğunu iddia edir. Halbuki irəlidə müəllifin özü Süleym ibn Qeysin kitabının Aban ibn Əbu Əyyaş tərəfindən uydurulduğunu və Süleymə nisbət verdiyini söyləyir.

Təhriflə bağlı rəvayətlərə gəldikdə, onlara əvvəldə cavab verdik, burada həmin sözləri təkrarlamağa lüzum görmürük. Həmçinin bildirdik ki, Şeyx Muhəmməd Cavad Bəlaği “Alaur-Rəhman” kitabında Mirzə Nurinin eyni rəvayəti müxtəlif mənbələrdən bir yerə topladığını və bunun da oxucuda fərqli rəvayətlər təəssüratı yaratdığını qeyd etdiyini sizə nəql etdik. Halbuki oradakı çoxsaylı rəvayətlər həqiqətdə bir rəvayətdir. Şeyx Muhəmməd Cavad Bəlağinin həmin kitabına müraciət edin, belə ki, orada həqiqətən də çox faydalı məlumatlar vardır.

Şiələrin mötəbər mənbələrində təhriflə bağlı rəvayətlərin mövcud olduğu iddiasına gəldikdə, bunda heç bir qeyri-adi bir şey yoxdur. Belə ki, bundan qat-qat artığı əhli-sünnə kitablarında da mövcuddur. Buxari, Müslim və digər müəlliflərin “Səhih” və mötəbər hədis kitablarında təhriflə bağlı çox sayda rəvayətlər vardır. Əvvəldə də qeyd etdiyimiz kimi, belə rəvayətlərin varlığı təhrifin baş verdiyi düşüncəsini təsdiqləməz.

 

Müəllif iddia edir: “Bu rəvayətləri kim uydurub? Əgər əvvəldə qeyd etdiyimiz kitablara, xüsusilə də “Səhih” (!) əlavə edilənlərə nəzər salsaq, aydın olacaq ki, bu rəvayətlər Süleym ibn Qeysin kitabı qələmə alındıqdan sonrakı dövrlərdə - VI və ya VII əsrlərdə əlavə edilib. Hətta hicri 381-ci ildə (miladi 991 ci il) vəfat etmiş Səduq yazır: “Kim şiələrə belə iddiaları (yəni Quranın təhrif edilməsini) nisbət versə, o, yalançıdır (kəzzabdır)”. Çünki o, belə rəvayətləri eşitməmişdi. Əgər həmin rəvayətlər o dövrdə mövcud olsaydı, mütləq onlar haqqında məlumatı olar və xəbərlərini eşidərdi. Həmçinin Tusi də özünün “ət-Tibyan fi təfsiril-Quran” kitabının (Nəcəf çapı, 1963) kitabında şiələrə belə bir sözü nisbət verməyi inkar edir. Süleym ibn Qeysin kitabına gəldikdə, o, Aban ibn Əbu Əyyaş tərəfindən Süleymin adına nisbət verilərək uydurulmuşdur. İbn Mütəhhər əl-Hilli və əl-Ərdəbili Aban ibn Əbu Əyyaş haqqında yazırlar: “Olduqca zəifdir, əshabımız Süleym ibn Qeysin kitabının uyudurulmasını ona nisbət vermişlər” (əl-Hilli, səh.206, “Camiur ruvvat”, əl-Ərdəbili, 1/9)”.

 

Cavab: Biz müəllifin dəlil təqdim etməkdə qəribə üslubuna təəccüb etməkdən yorulmuruq. Belə ki, o, Şeyx Səduq və Şeyx Tusinin Quranın təhrif edildiyinə dair iddiaları inkar etdiklərini, bununla bağlı heç bir rəvayətin mövcud olmadığını və uzun müddət sonra uydurulduqlarını söyləyir. Halbuki Quranın təhrifilə bağlı rəvayətlər hər iki şeyxin yaşadıqları zamanda, həmçinin onlardan öncə də var idi. Ona görə də hicri 413-cü ildə (miladi 1022-ci il) vəfat etmiş və Şeyx Səduqun müasiri olmuş Şeyx Müfid özünün “Əvailul-məqalat” kitabında buna işarə edir. Necə ki, əvvəldə onun sözlərini nəql etdik.

 

Ola bilsin ki, müəllif bir necə sətir öncə həmin rəvayətlərin Süleym ibn Qeys əl Hilalinin kitabında mövcud olduğunu söylədiyini unudub. Belə ki, həmin kitab bu müəlliflərdən illər öncə qələmə alınmışdır. Həmçinin hicri 329-cu ildə (miladi 941-ci il) vəfat etmiş Kuleyninin “əl-Kafi” kitabından da təhrifə özünün dəlil göstərdiyi hədisləri də unudur.

 

Əgər müəllif Qurani-Kərimin təhrifilə bağlı şiə kitablarındakı rəvayətlərin sonradan uydurulduğu qənaətindədirsə, o zaman Buxarinin, Müslimin və əhli sünnənin digər mötəbər hədis kitablarında təhriflə bağlı hədislərin də sonradan onlara əlavə edildiyinə hökm etməlidir. Çünki Buxari, Müslim, Malik, eləcə də dörd əhli sünnə məzhəbinin müasir alimləri kitablarında Qurani-Kərimin təhrif edilməsinə dair rəvayətlərin mövcud olmasına rəğmən onun təhrif olduğu qənaətində deyillər. Bu isə (müəllifin nəticə çıxarmaq qaydasına əsasən), həmin rəvayətlərin o kitablara sonradan əlavə edildiyinə dəlalət edir, onun iddiasına əsasən, əks təqdirdə, onlar Quranın təhrif edildiyinə etiqad bəsləyərdilər.

 

 

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından

 

Рейтинг

В этом разделе