Müəllif iddia edir: “İndi isə əhəmiyyətdə “əl-Kafi”dən sonra ikinci olan dörd səhih (!) kitabdan digərinə nəzər salaq. Bu, Nəcəf hövzəsinin təsisçisi Şeyx Tusinin “Təhzibul-əhkam” kitabıdır. Fəqih və alimlərimiz hal-hazırda həmin kitabda 13590 hədisin olduğunu qeyd edirlər. Halbuki kitabın müəllifi olan Tusi özünün “Uddətul-usul” kitabında “Təhzibul-əhkam” kitabında 5000 mindən artıq hədis topladığını yazır. Yəni hər bir halda 6000 mindən artıq deyil. Bəs kitabdakı hədislərin sayını dəfələrlə aşan bu qədər hədisi ora kim əlavə edib?”
Cavab: Şeyx Tusinin (r.ə) “Uddətul-usul” kitabındakı sözləri budur: “İmamlardan (ə) fiqhə dair nəql olunan ixtilaflı hədisləri özümün “əl-İstibsar” və “Təhzibul-əhkam” kitablarımda nəql etmişəm ki, onların sayı da 5000 mindən artıqdır. Əksəriyyəti ilə bağlı əməl etməkdə əshabımız arasında yaranan ixtilafları da qeyd etmişəm. Bu əsla gizli deyildir”. (“Uddətul-usul”, 1/356)
Şeyxin (q.s) sözləri olduqca aydındır. Belə ki, o, hər iki kitabda fiqhlə bağlı ixtilaflı və zidd mənalı hədislərdən bəhs edir. Sözlərindən də məlum olduğu kimi, onun məqsədi həmin kitablarda topladığı hədislərin ümumi sayını deyil, yalnız fiqhlə bağlı ixtilaflı hədislərin sayını bəyan etməkdir. Çünki “Təhzib” və “əl-İstibsar”dakı bütün hədislərin zidd və ixtilaflı olmadığı şübhəsizdir.
Müəllifin öz çirkin məqsədlərinə çatmaq üçün Şeyx Tusinin (q.s) sözlərini təhrif etməsi təəssüf doğuran haldır. Şeyxin sözlərini bu tərzdə nəql etmək onun pis niyyətindən xəbər verir.