Müəllif iddia edir: “Məclisi rəvayət edir: “Qaim yeni işlər icra edəcək, yeni kitab gətirəcək və yeni hökmlər verəcək” (“Biharul-ənvar”, 52/354; “Ğeybətun Numani”, səh.153). Əbu Abdullah (r.a) deyir: “Mən sanki camaatın Rüknlə Məqam arasında ona yeni kitab üzərinə beyət etdiklərini onu görürəm” (“Biharul-ənvar”, 2/135; “əl-Ğeybə”, səh.176)”.
Cavab: İmam Mehdinin (ə) icra edəcəyi yeni iş rəiyyət arasında ədalətli davranmaq, bərabər bölgü, əxlaqsızlığı qadağan etmək, cəzalar tətbiq eləmək, sünnəni dirçəltmək, bidətləri aradan qaldırmaq və s. bu kimi məsələlərdir.
Yeni kitaba gəldikdə, ehtimal ki, məqsəd elə Qurani-Kərimin özüdür. Onun yeni kimi təqdim olunması nazil olma ardıcıllığına əsasən, eləcə də nəsx olunmuşun nəsx edilmişdən öncə yerləşdirilməsi və s. bu kimi xüsusiyyətlərlə tərtib edilməsidir.
Yaxud da Quranın ayələrinin zalım hakim və alimlər tərəfindən təhrif edilmiş mənalara yozulmalarıdır ki, İmam (ə) onları Allahın iradə etdiyi həqiqi mənalarında təqdim edəcək.
Eləcə də insanların öz işlərində ehtiyac duyduqları, mühüm şəriət hökmlərinə aid olan yeni bir kitab da ola bilər.
Yeni hökmlərə gəldikdə, bu, ya insanların qeyb dövründə və həmçinin ondan əvvəl əsla görmədikləri rəiyyət arasında ədalətli rəftardır, ya da İmamın (ə) şahid və dəlil tələb etmədən hökm verməsidir. Belə ki, o, hər bir məsələ barəsində hadisənin həqiqətinə uyğun öz elminə əsasən qərar verəcək.
Baxmayaraq ki, bunlar Peyğəmbər (s) tərəfindən gətirilmiş düzgün İslam hökmləridir, yalnız camaat üçün onlar yeni görünəcək. Çünki onlar zalım hakimiyyətlər zamanında bu hökmlərlə qarşılaşmamış və imam Mehdinin (ə.f) zühurundan əvvəl bundan xəbərsiz olmuşlar. Bunlar heç də yeni hökmlər deyildir, sadəcə sonradan uydurulmuş bidətlər onları bu hala salmışlar.