»»

Şiələr dini hökümlərdə əhli-sünnənin əksinə gedir?

Müəllif iddia edir: “2. Əhli-sünnəyə və onların yoluna uyğun olan əməllərin icazəli olmaması:

Bu, Hürr Amulinin “Vəsailuş-şiə” kitabındakı fəsillərdən birinə verdiyi addır. Orada deyir: “Bu mövzuda olan hədislər mütəvatirdir... Sadiqin (r.a) iki ixtilaflı hədislə bağlı sözləri də buna dəlalət edir: “Onları müxaliflərin hədisləri ilə tutuşdurun, onların hədislərinə uyğun olanını kənara atın, zidd olanını isə dəlil olaraq götürün”.

Sadiq (r.a) deyir: “Əgər qarşınıza ixtilaflı iki hədis çıxarsa, onlara müxalif olanın götürün”.

Həmçinin deyir: “Müxaliflərin hədislərinə zidd olanı götür”. Dedi: “Doğru istiqamət onlara müxalif olan rəvayətdədir”.

Cavab: “Vəsailuş-şiə” kitabının belə bir fəsli yoxdur. Müəllifin qeyd etdiyi ünvan Hürr Amulinin “əl-Fusulul-muhimmə” adlı fiqh üsulu elminə dair kitabının fəsillərindən biridir. Fəsilin tam adı belədir: “İmamaların (ə) hədislərində ziddiyyət olsa belə, əhli-sünnəyə və onların izlədiyi yola müvafiq əməlin icazəli olmadığı barədə”. (“əl-Fusulul-muhimmə fi üsulil-əimmə”, 1/575)

Müəllif fəslin adını yarımçıq nəql edib və iki cəhətdən elmi əmanətə xəyanət göstərib:
1. Hədisləri “Vəsailuş-şiə” kitabına nisbət verməklə;
2. Fəslin adını yarımçıq qeyd etməklə.

Bununla da oxucuda şiələrin nəzərində əhli-sünnəyə müxalif olan rəylərin hökm üçün şəri dəlil olduğu təəssüratını yaratmağa çalışıb.

Fəslin adından və müəllifin oradan nəql etdiyi hədislərdən aydın olur ki, əhlisünnənin hədislərinə uyğun əməl etməyin icazəli olmaması onların hədislərinə uyğun olmayan digər hədislərlə ziddiyyət təşkil etdiyi hala şamildir. Məna isə budur ki, müəllifin iddia etdiyi kimi, heç də əhli-sünnə ilə müxaliflik özü-özlüyündə şəri hökmlərin əldə edilməsində fəqih üçün dəlil hesab olunmur. Bu, cəm edilməsi mümkün olmayan iki zidd hədis arasında birinin digərindən üstünlüyünü təyin etməkdə fəqih üçün meyarlardan biridir.

Əhli-sünnəyə müxalif olan məzmunun üstün tutulmasının səbəbi isə budur: İmamlar (ə) əsla zidd hökmlər və əks fətvalar söyləməzlər. Çünki məsumluqları buna maneə yaradır. Onlardan nəql edilən ziddiyyətli və əks mənalı hədislər ya yalandır, ya da təqiyyə halında söylənmişdir.

Ona görə də iki zidd mənalı hədislə qarşılaşdıqda onlardan hansının təqiyyə halında söyləndiyini müəyyən etmək üçün əhli-sünnə hökmünə müxalif olanı müəyyən edib kənara qoymaq lazımdır. Çünki təqiyyə halda söylənən söz məhz onların nəzərinə uyğun olmalıdır. Belə ki, İmamlar (ə) yaşadıqları dövrün zalım hakimlərindən və onların əlaltılarından ehtiyatlanır, saray alimlərinin verdikləri
hökmlərə aşkarda müxalif etməkdən çəkinir və bəzən təqiyyə edərək onlara müvafiq olan fətvalar səsləndirirdilər. Bu və digər səbəblərdən də İmamların (ə) təqiyyə halında söylədikləri hədislər mövcuddur.

Əgər şiə fiqh üsulunda yalnız iki əks mənalı hədislə qarşılaşdıqda düzgün hökm əldə etmək üçün əhli-sünnəyə müxalif olması bir üstünlük qaydası olsa da, əhli-sünnə alimləri ümumən rafizilərə xilaf olması üçün Peyğəmbərdən (s) varid olduğu sübuta yetmiş hər bir məsələdə buna hökm edirlər.

İbn Teymiyyə deyir: “Əgər müstəhəbb bir əməldə fəsad gətirəcək bir amil olarsa, həmin əməl müstəhəbb hökmündə olmaz. Buna əsasən, bəzi fəqihlər rafizilərin şüarına çevrilmiş və sünnini rafizidən ayırmayan bəzi müstəhəbb əməlləri tərk etmişlər. Rafizilərdən seçilmək, uzaqlaşmaq və onlara xilaf davranmaq həmin müstəhhəbbi yerinə yetirməkdən daha üstündür. Buna qarışıq və səhv düşmə ehtimalı olan bəzi məqamlarda ehtiyac duyulur ki, həmin vaxt o müstəhəbbi tərk etmək icra etməkdən daha çox məsləhətlidir”. (“Minhacus-sünnə”, 4/154)

Onların bu barədə fətvaları olduqca çoxdur. Həmin fətvalardan bəzilərini sizə təqdim edirik:

İbn Həcər “Fəthul-Bari”də yazır: “Diri insana salam verməyin qanuniliyi barədə yekdil fikirdən sonra Peyğəmbərlərdən başqa ölmüş şəxslərə salam verilməsində ixtilaf vardır. Deyilib: “Mütləq şəkildə qanunidir”. Deyilib: “Ölmüş şəxsin adını təkcə qeyd etməməklə başqasını salamlayarkən ona da salam vermək olar, çünki bu (ölüyə salam vermək), rafizilərin əlamətinə çevrilmişdir”. Bunu Nəvəvi Şeyx Əbu Muhəmməd Cüveynidən nəql edib.

Zəməxşəri “əl-Kəşşaf”da deyir: “Qanuni olan hər bir möminə salavat deməyin icazəli olmasıdır. Dəlil isə Uca Allahın sözüdür: “Sizə salavat göndərən... Odur”. Eləcə də buyurur: “Onlar üçün salavat de (dua et), çünki sənin duan onlar üçün bir arxayınlıqdır”. Həmçinin Peyğəmbər (s) buyurur: “İlahi, Əbu Ovfa ailəsinə salavat yetir”. Lakin alimlərin bu barədə təfsilatlı sözləri vardır. Belə ki, onların sözlərinə görə, əgər başqasına salavat deyərkən möminə də salavat verilsə, məsələn “İlahi, Muhəmmədə və ailəsinə salavat yetir” deyilsə, buna heç bir irad yoxdur. Ancaq Əhli-Beytdən birinə fərdi şəkildə və təklikdə salavat deyilsə, (necə ki, deyilir də) bu, məkruhdur. Çünki bu (“İlahi, Muhəmmədə və ailəsinə salavat yetir” zikri), Peyğəmbərin (s) adı qeyd edilərkən söylənən zikrə çevrilmişdir, Əhli-Beytin üzvlərinin adını təklikdə zikr etdikdə söylənməsi isə şəxsin rafizilikdə ittiham olunmasına gətirib çıxarar”. (“əl-Kəşşaf”, 3/246, “Allah və mələkləri Peyğəmbərə salavat göndərir...” ayəsinin təfsiri, “əl-Əhzab” surəsi, ayə 56)

Hənəfilərdən olan “əl-Hidayə” kitabının müəllifi yazır: “Şəri cəhətdən qanuni olan üzüyü sağ ələ taxmaqdır. Lakin rafizilər bunu adətlərinə çevirdikləri üçün biz də sol ələ taxılmasına qərar vermişik”. (“Siratul-müstəqim”, 2/510; “Minhacul-kəramə”, səh.108; “Kitabul-ğədir”, 10/210)

Rafii “Fəthul-əziz”də yazır: “Qəbrin üzərinin torpaqla örtülmə formalarında ən üstünü onun hamarlanması və ya yer səthindən qaldırılmasıdır. Məzhəbin rəyinə əsasən, hamarlamaq əfzəldir. Malik və Əbu Hənifə (r.ə) deyirlər: “Yer səthindən qaldırılması daha üstündür”. Peyğəmbərin (s) oğlu İbrahimin qəbrinin üzərini hamarladığını bilirik. Qasim ibn Muhəmməddən rəvayət olunur: “Peyğəmbərin (s), Əbu Bəkrin və Ömərin qəbirlərinin üzərinin hamarlandığını görmüşdüm”. Əbu Hüreyrənin oğlu deyir: “İndi isə daha üstünü budur ki, hamarlamaqdan çəkinib torpağı yerdən qaldıraq. Çünki hamarlamaq rafizilərin əlamətinə çevrilmişdir. Onlara xilaf davranmaq, meyiti və ailəsini bidət sahibi olmaq ittihamından qorumaq daha yaxşıdır. Ondan buna oxşar başqa bir məsələ də nəql olunub ki, bu da “Bismillah”ı yüksək səslə deməklə bağlıdır. Əgər onların (rafizilərin) adətinə çevrilibsə, onlara xilaf davranmaq üçün pıçıltı ilə demək müstəhəbdir”. (“Fəthul-əziz”, 5/229)

Muhəmməd ibn Əbdürrəhman Diməşqi özünün “Rəhmətul-ummə fixtilafiləimmə” kitabında yazır: “Sünnə (qayda) - qəbrin üzərinin hamarlanmasıdır. Şafei məzhəbində bu, qəbrin yerdən qaldırmaqdan daha üstün hesab olunur. Digər üçü isə (Əbu Hənifə, Malik və Əhməd) deyirlər: “Qəbrin üzərini yerdən qaldırmaq daha üstündür. Çünki onu hamarlamaq şiələrin əlamətinə çevrilib”. (“Rəhmətul-ummə fixtilafil-əimmə”, səh.155)

Hafiz əl-İraqi əmmamənin kənarının bağlanma forması barədə deyir: “Qaydaya əsasən, sol tərəfdən, aşağı sallanmalıdır, necə ki, adət də belədir, yoxsa sağ tərəfdən? Sağ tərəfin tərcih edildiyinə dair Təbərinin nəzərində zəif olan hədisdən savayı bir dəlilə rast gəlmədim. Əgər hədis düzgün sayılsa belə, bəlkə də təqdir onun sağ tərəfdən aşağı salınıb sol tərəfdən salladılmasıdır, necə ki, bəziləri məhz belə də edirlər. Ancaq bu, imamiyyə şiələrinin əlamətinə çevrilmişdir. Onlara bənzəməmək üçün bu əməl tərk edilməlidir”. (“Şərhul-məvahib”, Zərqani, 5/13)

Abdullah Məğribi əl-Maliki özünün “əl-Muəllimu bifəvaidi müslim” kitabında yazır: “Zeyd cənazəyə beş təkbirlə namaz qıldı. Dedi: “Peyğəmbər (s) beş təkbirlə qılırdı”. Ancaq bu əməl hazırda tərk edilmişdir. Çünki rafizilərin əlamətinə çevrilmişdir”. (“Siratul-müstəqim”, 2/510)

“ət-Təzkirə”də deyilir: “Şafei, Əhməd və Həkəm deyirlər: “(Dəstəmaz alarkən) xuflar üzərinə məsh çəkmək ayağı yumaqdan daha üstündür. Çünki bunda şiələrə qarşı müxalifət vardır”. (“Siratul-müstəqim”, 2/510)

İsmail Bursəvi özünün “Ruhul-bəyan” təfsirində Aşura günün haqqında söhbət açarkən yazır: “Əqdud-dürər vəl-ləyal” kitabında müəllif deyir: “Mömin insanın müəyyən əməllərində lənətlənmiş Yezidə, həmçinin rafizi şiələrə və xəvariclərə oxşaması arzuolunmazdır. Yəni, bu günün nə matəm, nə də bayram günü qərar verməsin. Bu gündə sevinməyin səhih dəlilinin olmasına baxmayaraq, kim həmin gün xoşhal və kef içində olarsa, o zaman lənətlənmiş Yezidə və onun tərəfdarlarına bənzəmişdir. Belə ki, bidət əhlinin əlamətinə çevrilmiş bir qaydanı tərk etmək özü də bir qaydadır (sünnədir). Məsələn, sağ ələ üzük taxmaq kimi. Belə ki, sünnəyə əsasən, üzük sağ ələ taxılmalıdır. Lakin bidət əhlinin və zalımların əlamətinə çevrildiyi üçün hazırkı zamanda sol əlin çeçələ barmağına taxmaq sünnə qərar verilmişdir. Necə ki, “Şərhul-Qohestani” kitabında da bu qeyd olunub”. (“Ruhul-bəyan”, 4/142 (“Kitabul-ğədir”dən nəql edilərək, 10/211)

Və bu mövzuda sayılmayacaq həddə çox olan digər fətvalar...

 



Müəllif iddia edir: “Deyir (r.a): “Nə sizin əməllər onların, nə də onların əməlləri sizə uyğundur! Onlara xilaf davranın, onların heç bir əməli həqiqətə (Müəllifin yazdığı kitabda belə qeyd olunub. Ancaq hədisin mənbəyində belə yazılıb: “Onların heç bir əməli hənəfiliyə əsaslanmır”.) əsaslanmır”.

Həmçinin deyir: “Allaha and olsun ki, bizdən başqasının ardınca gedən heç kəs xeyir tapmaz. Həqiqətən də söz və əməllərində bizə uyğun davranan düşmənlərimizə xilaf çıxmışdır, düşmənlərimizə uyğun rəftar edən isə biz zidd olmuşdur. Sonuncu nə bizdən, nə də biz ondanıq””.

Cavab: Bu iki hədisin sənədi zəifdir.

Birinci hədisin raviləri sırasında Əli ibn Əbu Həmzə əl-Bətaini vardır ki, o, İmam Musa ibn Cəfərin (ə) imamlığını inkar edən vaqifilərin başçılarından olub. Onun tərcümeyi-halı əvvəldə qeyd olunub.

İkinci hədis isə mürsəldir (sənədsizdir), onu İmam Əbu Abdullah Sadiqdən (ə) rəvayət edən şəxsin kimliyi məlum deyildir.

Bu hədisin sənədinə göz yumsaq, məzmununu belə izah etmək olar: Ümmətin yetmiş üç firqəyə ayrılacağı barədə hədisdə qeyd edildiyi kimi, onlardan nicat tapanı yalnız biri olacaq. Bu firqənin hansı olduğunu isə Peyğəmbər (s) hədislərində xəbər vermiş və buyurmuşdur: “Ey camaat, sizin aranızda əmanət qoyuram ki, ondan yapışdığınız müddətdə yolunuzu azmayacaqsınız: Allahın kitabı və itrətim olan Əhli-Beytim”. (“Sünən”, Tirmizi, 5/622. Tirmizi deyir: “Həsən və bu cəhətdən qəribə hədisdir”. Hakim “əl-Müstədrək”də bunu səhih hesab edib (3/109, 148). Zəhəbi də onunla razılaşıb. Həmçinin Albani “Silsilətul-əhadisis-səhihə” kitabında hədisi səhih sayıb (4/356). Hədisi İbn Həcər “əl-Mətalibul-aliyə”də (4/65), İbn Kəsir təfsirində (4/113) nəql ediblər. Bu hədisin rəvayət yolları çoxdur, onları “Məsailu xilafiyyə” kitabında qeyd etmişik (səh.92-97))

Əgər bütün İslam firqələri Əhli-Beyt (ə) yoluna müvafiq olsaydılar, o zaman hər biri nicat tapan firqə olacaqdı, onlardan yapışmağa və onların ardınca getməyə edilən təşviqin heç bir mənası qalmazdı.

Buradan aydınlaşır ki, Əhli-Beytin (ə) yolunu izləmək digərlərindən fərqli olaraq, onların xalis və təmiz din üzərində olmalarına dəlildir. Onlara uyğun rəftar edənlərin əməllərinin digərlərinə xilaf olması labüddür. Həmçinin başqalarının söz və əməllərinə uyğun davrananların Əhli-Beytin buyruqlarına zidd olmaları qaçılmazdır. Çünki hər bir halda bir tərəf haqq, digəri isə batil olacaq.

“Səqəleyn” hədisindən əldə olunan bu mənanı müəllifin qeyd etdiyi bu iki hədis də izah edir.

Qeyd olunmalıdır ki, təqdim edilən bu iki hədis əhli-sünnənin Əhli-Beytin (ə) və onların şiələrinin düşmənləri olduğuna əsla dəlalət etmir. Belə ki, Əhli-Beyti (ə) sevdikləri, fəzilətlərinə dair rəvayətlər söylədikləri, üstünlüklərindən heç bir şeyi inkar etmədikləri və tutduqları yolun onlara müvafiq olduğunu güman etdikləri halda əhlisünnə mənsublarını onların düşmənlərinin cərgəsində saymaq ağıla müvafiq deyil.

 


Müəllif iddia edir: “Saleh bəndənin (r.a) iki zidd mənalı hədis barədə sözü isə belədir: “Onlara zidd olanını götür, uyğun olanından isə çəkin”. Rza (r.a) deyir: “Əgər qarşınıza iki zidd mənalı hədis çıxarsa, sünnilərə xilaf olanını götürün, onlara müvafiq olanını isə tərk edin”.

Cavab: İki zidd mənalı hədislər barədə mövzuya və qarşı tərəfə zidd olanının əsas götürülməsinə məsələsinə əvvəldə izah verdik.

 

Müəllif iddia edir:

Səduq Əli ibn Əsbatdan rəvayət edir: “Rzaya (r.a) dedim: “Bəzən qarşıma bilmədiyim bir məsələ çıxır, yaşadığım şəhərdə həmin məsələnin hökmünü əldə edə biləcəyim bir tərəfdarınız da yoxdur. Mən nə etməliyəm?” Buyurdu: “Şəhərin fəqihinin yanına get, qoy sənin məsələnə dair hökm versin. Onun verdiyi hökmün əksini yerinə yetir. Belə ki, haqq məhz o olacaq” (“Uyunuəxbarir- Rza”, 1/275, Tehran çapı)”.

Cavab: Bu rəvayətin sənədi zəifdir. Ravilər arasında Əhməd ibn Muhəmməd Səyyari vardır, tərcümeyi-hal kitablarında o, töhmət olunmuşdur.

Nəcaşi yazır: “Əhməd ibn Muhəmməd ibn Səyyar... Səyyari kimi tanınır, hədisləri zəif, məzhəbi yanlışdır. Bunu bizə Hüseyn ibn Übeydullah (İbn Ğəzairi) bildirib, hədisləri tərk edilir, hədislərinin çoxu mürsəldir (istinadsızdır)”. (“Rical”, Nəcaşi, 1/211)

İbn Ğəzairi yazır: “Hədisləri olduqca zəifdir, həddi aşan və yanlış yolda olan kəsdir, Qummilərin şeyxləri “Nəvadirul-hikmət” kitabından onun rəvayətlərini xaric ediblər. (“Rical”, İbn Ğəzairi, səh.40)

Şeyx Tusi “Fehrist”də yazır: “Hədisləri zəif, məzhəbi yanlışdır, rəvayətləri tərk olunur, nəql etdiklərinin çoxu mürsəldir”. (“Fehrist”, Şeyx Tusi, səh.66)

Rəvayətin sənədinə göz yumsaq, hədisin zahir şəhərin qazisinin verdiyi hökmə zidd davranmağın icazəli olduğuna dəlalət edir. Bu şəri hökmü bilmədiyi, məcbur qaldığı və hökmü heç bir yolla əldə edə bilməyəcəyi hala şamildir.

Fərz olunan vəziyyətlə çox nadir hallarda rastlaşmaq mümkündür, adi halda bu qaydanı şiələrin hər bir hökmünə şamil etmək doğru olmaz.

Şiə və əhli-sünnə hökmləri arasındakı fərqliliklər demək olar ki, bütün məsələlərdə mövcuddur. Ona görə də axtarılan hökmün onların hökmünə müxalif olması da mümkündür. Bu səbəbdən də sual verən şəxs onu haqqa yetişdirə biləcək yola yönləndirilir.

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе