»»

İmamət inancı hicri təqvimi ilə 1 əsrdən sonra yarandı? - Kudeyr əd-Dabbi və vəsilik inancı

İslam tarixi haqqında araşdırma aparan bəzi şərqşünaslar İslamda/Şiəlikdə olan vəsilik/imamət inancının hicri 1-ci əsrdən sonra ortaya çıxdığını iddia etmişdirlər. Onlar da nasibilər kimi bunun bir bidət olduğunu, sonradan ortaya atıldığını iddia ediblər. Bu inancı hicri 1-ci əsrdən sonra kimin və necə ortaya atdığı haqqında şərqşünaslarda bir cavab yoxdur. Biz isə bu yazıda mövzu ilə əlaqəli bir məlumatı paylaşmağı uyğun gördük.

Mövzuya aydınlıq gətirəcək, haqqında danışdığımız dövrə işıq salacaq məlumat səhabə Kudeyr əd-Dabbi ilə onu ziyarətə gələn Səmmak b. Sələmə arasındaki dialoqdur. Bu dialoqu əhli-xilafdan Yaqub b. Süfyan əl-Fəsəvi (ölüm tarixi: 277/890) qeyd etmişdir. Fəsəvinin qeyd etdiyi məlumat belədir:

حَدَّثَنِي عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ حَدَّثَنَا جَرِيرٌ عن مغيرة عن سماك ابن سَلَمَةَ قَالَ: دَخَلْتُ عَلَى كُدَيْرٍ الضَّبِّيِّ أَعُودُهُ، قَالَ: فَقُلْتُ لِامْرَأَتِهِ: أَيْنَ هُوَ؟ فَقَالَتْ: قَائِمٌ يُصَلِّي. قَالَ: فَانْتَهَتْ إِلَيْهِ فَاعْتَمَدَ عَلَيَّ، قَالَ: فَسَمِعْتُهُ يَقُولُ: السَّلَامُ عَلَى النَّبِيِّ وَالْوَصِيِّ. قَالَ: فقلت: لاعدتك بَعْدَ يَوْمِي هَذَا

Mənə Osman b. Əbi Şeybə danışdı, dedi: Cərir mənə Muğirədən, o da Səmmak b. Sələmə danışdı, dedi: Xəstə olan Kudeyr əd-Dabbinin yanına getdim, arvadına dedim: “O, haradadır?” (Arvadı) dedi: “Namaz qılır.” Eşitdim ki, o dedi: “Nəbi və vəsiyə salam olsun.” Ona dedim: “Bu gündən sonra səni ziyarət etməyəcəm.”

 

Fəsəvi, “əl-Mərifəti vət-Tarix”, 2/796

Məlumatı həmçinin Buxari (ölüm tarixi: 256/870) “Tarix əl-Kəbir”, 4/173, 2383-də Səmmak b. Sələmənin tərcüməsində qeyd etmişdir.

Bəs bu şəxs kimdir? Hadisə nə zaman baş vermişdir? Bu şəxsi ziyarətə gələn Səmmak b. Sələmə nə üçün eşitdiyi sözlər qarşısında belə bir reaksiya vermişdir? Əhli-xilaf hədisçilərdən Tabarani (ölüm tarixi: 360/971) bu şəxsin səhabələrdən olub olmaması haqqında ixtilaf edildiyini bildirir (bax: Tabarani, “Mucəm əl-Kəbir”, 19/188).

Əlavə olaraq həm Kudeyr b. Qaqa, həm də Səmmak b. Sələmə (bax: Mizzi, “Təhzib”, 12/122), Bəni Dabbə/Dabbəoğulları qəbiləsindəndirlər. “TDV İslam Ansiklopedisi”də bu qəbilə haqqında deyilir:

Cemel Vak‘ası’nda Benî Dabbe Hz. Âişe’nin tarafında yer alarak bütün güçleriyle savaştılar ve mensuplarından birçoğunu kaybettiler.
Bəni Dabbə, Cəməl döyüşündə Aişənin tərəfində yer alaraq bütün gücləri ilə döyüşdülər və mənsublarının bir çoxunu itirdilər.

 

“TDV İslam Ansiklopedisi”, Dabbə maddəsi

 

Beləliklə aydın olur ki, qəbilə üzvləri Cəməl döyüşündəki ağır məğlubiyyət və itkilər səbəbindən Əliyə -ələyhissələm- düşmən kəsilmişdirlər. Bu qəbilədən çıxmış nasibi hədis alimlərinin Əli tərəfdarı olan digər səhabələrə (nümunə olaraq Əbu Tufeyli göstərə bilərik) qarşı mövqeyi də məhz bu sbəbdən qərəzli olmuşdur.

Bu kiçik tarixi məlumat sonrasında məlum oldu ki, Kudeyr ilə Səmmak arasındaki dialoq Cəməl döyüşündən sonraki tarixə aiddir. Cəməl döyüşünün 36/656-cı ildə baş verdiyi məlumdur. Deməli, Kudeyr ilə Səmmak arasındaki dialoq 36/656-cı ildən sonraki dövrə aiddir. Görüldüyü kimi Kudeyr də, onu tənqid edən Səmmak da vəsini tanıyırlar. Bu səbəbdəndir ki, “Nəbiyə və vəsiyə salam olsun” sözünü eşidən Səmmak “Vəsi kimdir?” deyə bir sual vermir. Tam əksinə, Kudeyrin vəsiyə olan münasibəti səbəbindən onunla əlaqəni kəsir. Bu isə həmən dövrdə vəsiliyin məlum, bilinən bir şey olduğunu açıqca göstərməkdədir.

 

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе