Adı: Hannah Colborne
Ölkə: Böyük Britaniya
Keçmiş dini (Məzhəbi): Xristian
Mənim adım Hannah Colborne-dir. Mənim 20 yaşım var. Mən İngiltərədə kiçik bir kənddə doğulub boya-başa çatmışam. Valideynlərimlə birlikdə yaşayıram və bir bacım da var.
Mən və bacım eyni məktəblərdə oxumuşuq. Əvvəlcə Westfield Primary School, sonra isə Alsager High School-da təhsil almışıq. Bu məktəblər dini məktəblər deyildi. Ancaq Milad və Pasxa bayramlarında bizi kilsəyə aparırdılar.
Uşaqlıq və məktəb illərim mənim üçün olduqca çətin keçdi.
Bacım məktəbdə həmişə populyar idi. Onun ətrafında çoxlu dostları olurdu. Mən isə tamamilə əksinə idim. Çox utancaq və qapalı bir insan idim. Nəticədə məktəbdə mənə qarşı zorakılıq (bullinq) başladı.
Bu, ibtidai məktəbdə başlamışdı, lakin orta məktəbdə daha da ağırlaşdı.
Məktəbi bitirdikdən sonra birbaşa işləməyə başladım. Uşaq bağçasında işləyirdim və peşəm uşaq baxımı idi.
Lakin iş həyatı məktəbdən də çətin oldu.
Ailəmiz kiçik ailədir. Həm valideynlərim, həm də onların hər iki tərəfdən olan qohumları xristiandırlar.
Məktəbi bitirəndə artıq məktəbdən heç bir dostum qalmamışdı. Bullinqə görə hamısından uzaqlaşmışdım. İş yerində də eyni səbəbdən dost tapa bilmədim.
Beləliklə, arxalana biləcəyim heç kim yox idi.
Həm də çox gənc olduğum üçün problemlərimi valideynlərimlə bölüşmək istəmirdim.
Təxminən altı ay sonra elə bir vəziyyətə gəldim ki, düşündüm:
"Artıq yaşamaq istəmirəm. Mənim burada olmağımın heç bir mənası yoxdur."
Amma bir səhər oyandım və öz-özümə dedim:
"Əgər bunu edə bilmirəmsə, yəni intihar edə bilmirəmsə, onda həyatımı davam etdirməyə və bacardığım qədər yaşamağa çalışmalıyam."
O vaxt qərar verdim ki, yenidən həyata qayıdım.
Özümə iş tapım.
Məşğul olacağım bir fəaliyyət tapım.
Hətta könüllü iş olsa belə, fərqi yoxdur.
Əsas odur ki, evdən çıxım və başqa işlərlə məşğul olum.
İş tapa bilmədiyim üçün Birmingham Uşaq Xəstəxanasında könüllü işləməyə başladım.
Orada işlədiyim müddətdə bir ailəyə qayğı göstərməli oldum.
O zaman onların hansı mədəniyyətə və ya dinə mənsub olduqlarını bilmirdim. Müsəlman olduqlarını da bilmirdim.
Məxfilik qaydalarına görə bunu soruşmaq da istəmirdim.
Lakin zaman keçdikcə onların müsəlman olduqlarını öyrəndim və tədricən onlarla yaxın münasibət qurmağa başladım.
Onlarla əlaqə saxlamağa davam etdikcə və marağım artdıqca suallar verməyə başladım.
Niyə müəyyən işləri görürlər?
İslam nədir?
Müsəlman olmaq nə deməkdir?
Beləcə, çox yavaş-yavaş İslam haqqında öyrənməyə başladım.
Düşünürəm ki, onlar mənə çox kömək etdilər.
Əslində mən orada yalnız ailəyə kömək etmək üçün idim.
Amma hər səhər oyanıb:
"Gedəcəyim bir yer var. Görəcəyim insanlar var."
— deyə bilməyim mənə həyat verdi.
Çünki bullinqə məruz qalan və intiharı düşünən insan heç yerə getmək istəmir.
Heç kimi görmək istəmir.
Hətta evdən çıxıb mağazaya getmək belə insan üçün çox ağır olur.
Ona görə də qayğı göstərəcəyim insanların olması məni öz problemlərim haqqında davamlı düşünməkdən uzaqlaşdırdı.
İlk dəfə idi ki, diqqətimi özümə yox, başqa bir insana yönəldə bilirdim.
Mənə ən böyük kömək edən də məhz bu oldu.
2010-cu ilin Məhərrəm ayında tanıdığım dostlar vasitəsilə ilk dəfə Məhərrəm mərasimlərini izlədim.
Onlar evdə tez-tez nöhələr səsləndirirdilər.
Əvvəlcə bu mənim üçün yad dil idi.
Bir qulağımdan girib o birindən çıxırdı.
Mənasına fikir vermirdim.
Amma bir gün işdən qayıdanda yenə nöhə səslənirdi.
Soruşdum:
— Bu nədir?
Onlardan xahiş etdim ki, nöhənin bütün mətnini mənə tərcümə etsinlər.
Onlar da tərcümə etdilər.
Sonra mən hər misra haqqında suallar verməyə başladım.
"Bu nə deməkdir?"
"Bunun mənası nədir?"
Suallarım cavablandırıldıqdan sonra həmin nöhəni yenidən dinlədim.
Bu dəfə isə onunla çox güclü bir mənəvi bağ hiss etdim.
Sanki onu ingilis dilində dinləyirdim.
Sanki artıq hər sözünü anlayırdım.
Bu bağlılıq məndə çox tez yarandı.
Elə həmin vaxtdan etibarən imanım və inancım sürətlə güclənməyə başladı.
Həmin ilin özündə ilk dəfə Ramazan ayının orucunu tutmağa da çalışdım.
Ramazan bitəndə, Fitr bayramı günü iş yoldaşım mənə dedi:
— Bizimlə bayram namazına gəlmək istəyirsən?
Soruşdum:
— Bayram namazı nədir?
Baş örtüyümü taxdım və o məni məscidə apardı.
O namazı qıldı, mən də onu təqlid etdim.
Namaz bitdikdən sonra mənə dedi:
— Bir neçə dəqiqə burada otur. Heç nəyi ucadan demə. Sadəcə ürəyində nə varsa Allaha söylə.
Mən də sakitcə oturdum.
O gündən xatırladığım yeganə şey ağlamağımdır.
Nə dua etdiyimi xatırlamıram.
Nə istədiyimi də xatırlamıram.
Amma ağladığımı çox yaxşı xatırlayıram.
Bu, kədərdən doğan ağlama deyildi.
Bu, rahatlıqdan doğan ağlama idi.
Bu, sevinc göz yaşları idi.
Məhz həmin anda başa düşdüm ki, mən artıq olmalı olduğum yeri tapmışam.
Sanki nəhayət özümü tapmışdım.
Bir axşam işdən sonra həmin dostum məni öz islam müəlliminin yanına apardı.
Əslində niyə getdiyimizi bilmirdim.
Mən əvvəllər ona İslamı qəbul etmək istədiyimi demişdim.
Amma bilmirdim ki, bunun üçün şəhadət kəlməsini demək lazımdır.
Elə bilirdim ki, sadəcə müsəlman olmaq istədiyimi söyləmək kifayətdir.
Dostum müəllimə dedi:
— O, Ramazan orucu tutub.
Məhərrəm mərasimlərində iştirak edib.
Bayram namazına gəlib.
İslama çox böyük maraq göstərir.
Müəllim dedi:
— O, şəhadət kəlməsini deməlidir.
İndi.
Bu gecə.
Mən isə qorxmağa başladım.
Davamlı suallar verirdim:
"Bəs sonra necə olacaq?"
"Valideynlərimə bunu necə deyəcəyəm?"
"Həyatım necə dəyişəcək?"
"Artıq spirtli içki içə bilməyəcəyəm?"
"Baş örtüyü taxmalı olacağam?"
Müəllim mənə dedi:
— "Bəs əgər..." deməyi dayandır.
Ürəyinin səsinə qulaq as.
Yolunu Allah sənə göstərəcək.
Qorxma.
Heç bir çətinlikdən qorxmayacaqsan.
Çünki Allah səninlə olacaq.
Beləliklə, mən 5 oktyabr 2011-ci ildə şəhadət kəlməsini söyləyərək İslamı qəbul etdim.
İndi isə namaz qıldıqda bu mənə həqiqətən çox kömək edir.
Mən bilirəm ki, Allah dualarımı eşidir.
Və dualarım cavabsız qalmır.
Bu hissi sözlə ifadə etmək çətindir.
Namaz qılarkən insan bunu daxilində hiss edir.
Bu, qəlbi isidən bir hissdir.
Sanki bilirsən ki, kimsə sənin yanındadır.
Bilirsən ki, etdiyin hər dua eşidilir və cavabını tapacaq.
Namaz mənə böyük bir sevinc bəxş edir.
O, məni sakitləşdirir.
Mənə qəlb rahatlığı və daxili hüzur verir.