Müəllif iddia edir: “Səfəvi dövləti qurulduqda rəvayətlər uydurmaq və onları İmam Sadiqin (ə) və digər İmamların (onlara Allahın salamı olsun!) adlarına nisbət vermək üçün böyük imkanlar yarandı”.
Cavab: Bu, olduqca qəribə bir iddiadır. Bu müəllifin sözlərində nə qədər əcaibliklər vardır!!! Şiələrin hədis kitabları Səfəvi dövlətindən çox-çox əvvəllər yazılmışdır. Səfəvi dövləti hicri 906-1148-ci illərdə (miladi 1501-1736-cı illər) mövcud olmuşdur. (“Dairətul-məarifil-İslamiyyə”, 14/234; “Dairətul-məarif”, əl-Bustani, 10/736 ). “əl-Kafi” kitabının müəllifi Kuleyni hicri 329 (m.941), “Mən la yəhzuruhul-fəqih” kitabının müəllifi Şeyx Səduq hicri 381 (m.991), “Təhzibul əhkam” və “əl-İstibsar” kitablarının müəllifi Şeyx Tusi isə hicri 460-cı (m.1068-ci) ildə vəfat etmişlər.
Onların yaşadıqları dövrlə Səfəvilər dövlətinin yarandığı illər arasında nə qədər zaman fasiləsi vardır! Onlardan sonra yaşamış “əl-Vafi” kitabının müəllifi Feyz Kaşani h.1091 (m.1680) və “Vəsailuş-şiə” kitabının müəllifi Hürr Alumi h.1104-cü ildə (m.1693) vəfat etmişlər. Onlar isə yalnız əvvəlki dörd kitabdakı rəvayətləri bir yerə toplamış və onları fəsillərə bölmüşlər.
“Biharul-ənvar” kitabının müəllifi Əllamə Məclisi hicri 1111-ci ildə (m.1700) vəfat etmişdir. O, keçmişdə kitabların yandırılması və məhv edilməsi hallarının gələcəkdə də baş verməsindən qorxaraq özündən əvvəlki müəlliflərin kitablarında yer alan hədis, rəvayət və qissələri bir kitabda cəmləmiş, hər birinin mənbəyini qeyd etmiş, sonrakı çaplarda isə Məclisinin kitabındakı rəvayətlərin əsli mənbələrdəki cild və səhifə rəqəmləri götürülmüşdür.
Hicri 1320-ci ildə (m.1902) vəfat etmiş “Müstədrəkul-vəsail” kitabının müəllifi Mirzə Hüseyn Nuri isə Hürr Amulinin “Vəsail” kitabında qeyd etmədiyi, lakin sonrakı dövrdə məşhur olan kitablarda nəql edilən rəvayətləri öz kitabında nəql etmişdir. Kitabın yeni nəşrində keçmiş rəvayətlərin mənbələri, oradakı cild və səhifə rəqəmləri qeyd edilir.
Bütün bunlar aydın olduqda sonra, müəllifin iddialarının yalan və puçluğu aydınlaşır. Həmçinin məlum olur ki, hədis kitabları ya Səfəvi dövlətindən illər və əsrlər öncə yazılmışdır.
* * *
Müəllif iddia edir: “Bu qısa icmaldan sonra aydın olur ki, bizim müəlliflərin əsərlərinə heç bir inam və etibar ola bilməz. Belə ki, onlar qorunmamış, üzərilərində düşmən əlləri öz izlərini buraxmış və sizin artıq bildiyiniz saxtakarlıqları onlarda baş vermişdir”.
Cavab: Əksinə, möhtərəm oxucu müəllifin iddialarının boş xəyallardan və dəlilsiz-sübutsuz iddialardan ibarət olduğunu gördü. Müəllif öz iddialarını sübuta yetirmək üçün heç bir dəlil təqdim etmədi, yalnız ilğımlarla oxucuda fikir formalaşdırmağa təşəbbüs göstərdi, onu hədəfinə çatdıracağını zənn etdiyi rəvayətləri sadaladı, lakin bunda da ziyana uğradı, rəzil və rüsvay vəziyyətə düşdü.
Müəllif əsas hədislərin bir hissəsinin belə kitablarımıza əlavə edildiyini bircə dəlillə belə isbatlamağı bacarmadı, onların keçmiş nüsxələrilə indiki nüsxələri arasındakı bir rəvayətlərin fərqini təqdim edə bilmədi və hansı rəvayətin kitaba artırıldığını müəyyən etmədi. Halbuki, əgər kitaba bir şey artırılsaydı, onu müəyyən etmək olduqca asan olardı. Çünki həmin kitablardan rəvayət nəql edənlər olduqca çoxdur, onların təhqiqatçıları isə saysızdır. Kitaba əlavə edilən rəvayətlər bütün bu şəxslərdən gizli necə qala bilərdi?! Yoxsa onların hamısı həmin əlavələri görüb göz yummuş və razı olmuşdur?!