»»

Hişam ibn Həkəm, Hişam ibn Salim və digərləri Allahın 30 yaşda kişi formasında olduğuna inanmışlar?

Müəllif iddia edir: “İbrahim ibn Muhəmməd Xəzzaz və Muhəmməd ibn Hüseyn rəvayət edirlər: “Əbul-Həsən Rzanın (r.a) yanına gəldik, Muhəmmədin öz Rəbbini otuz yaşlı gənc bir oğlan şəklində gördüyünün və iki ayağının olduğunun rəvayət edildiyini söylədik və dedik: “Hişam ibn Salim, bir taqlı və Meysəmi deyirlər: “O, arxasınadək boşdur, qalan hissəsi isə doludur...” (“Üsulul-kafi”, 1/101, “Biharul-ənvar”, 4/40)”.

 

Cavab: Əllamə Məclisi (r.ə) “Miratul-uqul”da yazır: “Üçüncü hədis (yəni - müəllifin nəql etdiyi bu hədis) zəifdir”. (“Miratul-uqul”, 1/347)

Belə ki, bu hədisin ravilərindən biri İbrahim ibn Muhəmməd əl-Xəzzazdır, tərcümeyi-hal kitablarında onu əhəmiyyətsiz hesab edirlər.

Həmçinin ravilərdən biri Bəkr ibn Salehdir. O, Bəkr ibn Saleh ər-Razi əz Zəbiydir. Zəif ravidir. Nəcaşi və İbn Ğəzairi onu zəif saymışlar. Onun tərcümeyi halını əvvəldə qeyd etmişdik.

 

Eləcə də ravilər arasında Hüseyn ibn Həsən vardır ki, o, Bürd əd-Dinəvərinin oğludur.

 

Seyid Xoyi (r.ə) “Möcəmu ricalil-hədis” kitabında yazır: “Bu rəvayətlərin sənədindəki Hüseyn ibn Həsən əgər Muhəmməd ibn İsmailin ravisidirsə, demək o, Hüseyn ibn Həsən ibn Bürd əd-Dinəvəridir. O zaman Muhəmməd ibn İsmail - Bərməki ər-Razidir ki, Hüseyn ibn Həsən ibn Bürd əd-Dinəvərinin rəvayətlərində adı qeyd olunur. Muhəmməd ibn Yaqubun Muhəmməd ibn İsmaildən, onun da Hüseyn ibn Həsəndən, onun da Bəkr ibn Saleh istinadı ilə rəvayəti qeyd olunub...”.

 

Sonra deyir: “Qəribədir ki, tərcümeyi-hal kitablarında bu şəxs barədə heç bir qeyd verilməyib”. (“Möcəmu ricalil-hədis”, 5/211)

 

Xəbərin ravilərinin halı belə ikən, ictihad və fəqihlik iddiaçısı olan bir kəs Hişam ibn Həkəmi tərif və mədh edən səhih rəvayətləri görməzdən gələrək tənqid və ittiham etmək üçün bu rəvayətə necə etimad edə bilər?!

Rəvayətin sənədinə göz yumaq. Ravilər Allahın cisim olduğu fikrini iddia edənlərin Hişam ibn Həkəm, taqlı bir mömin və Meysəmi olduğunu deyir və həmin sözləri onlara nisbət verirlər. İmam (ə) isə bu fikrin batil olduğunu ərz edir, ancaq fikrin onlara nisbət verilməsinin doğru olub-olmadığına münasibət bildirmir. Bu isə özlüyündə həmin nisbətin yalan olduğu təsəvvürünü yaradır. Əks halda, İmamlar (ə) adətləri üzrə batil və zəlalət əhlinin fikirlərilə bərabər özlərini də məzəmmət etdikləri kimi, onları da tənqid edərdilər.

Əllamə Məclisi (r.ə) deyir: “Həmin fikrin bu böyük şəxslərə nisbət verilməsinə gəldikdə, bu barədə qarşıda söz açacağıq. Görünən odur ki, İmam (ə) həmin sözün batilliyini ərz edir, məsləhət baxımından həmin sözü söylədikləri iddia olunan şəxslərə etiraz etmir”. (“Miratul-uqul”, 1/348)

Müəllif iddia edir: “Məgər Allahın 30 yaşlarında bir kişi formasında və göbəyinədək içiboş olması düşünülə bilərmi?! Bu sözlər yəhudilərin Tövratdakı sözlərinə bənzəyir. Orada Allahın böyük cüssəli insan formasında olduğu deyilir. Bu fikirlər Tövratın “Yaradılış” bölməsində qeyd olunur. Bu tərz yəhudi əqidələri şiəliyə İmam Kazımın (r.a) qətlinə səbəb və şərik olan Hişam ibn Həkəm, Hişam ibn Salim, Şeytan Taq (!), Meysəmi və “İmamət” kitabının müəllifi Əli ibn İsmail tərəfindən daxil edilmişdir.

 

Əgər biz mötəbər saydığımız səkkiz səhih və digər kitablarımıza nəzər salsaq, həmin kitablarda bu şəxslərin rəvayətlərinin əsas yer tutduqlarını görəcəyik”.

 

Cavab: Müəllifin istinad etdiyi hədislərin zəif olduğunu əvvəldə qeyd etdik. Belə hədislərə əsaslanıb hər iki Hişama, Tağın mömin şəxsinə və digərlərinə nisbət verilən iddiaları necə təsdiqləmək olar?

 

Bundan əlavə, müəllifin təqdim etdiyi həmin rəvayətlər Allahın cisim və surətinin olduğu fikrinin həmin möhtərəm şəxslərin özlərinin söylədiyinə deyil, onlara nisbət verildiyinə dəlalət edir. Belə ki, həmin iddialar onlardan nəql edilərək onlara nisbət verilmişdir. Bunun nə ifadə etdiyini isə bəhsimizdə izah etdik.

 

Təəccüblüsü odur ki, müəllif Allahın cisim olması barədə fikri bu iki şəxsə nisbət verir, halbuki, əhli-sünnə məzhəbində bu inkarolunmaz bir faktdır. Onlar Allahın Qiyamət günü bədirlənmiş ay kimi görüləcəyinə, peyğəmbərlərin görüb tanıyacaqları surətə malik olduğuna, ayaq pəncəsinin, üzünün, gözünün və s. olduğuna dəlalət edən səhih hədislər nəql edirlər. Mövzu ilə bağlı İbn Xüzeymənin “Tövhid” kitabına müraciət etməyiniz kifayətdir. Həmin kitabın bir neçə fəslinin başlığını sizə təqdim edirik:

  1. Peyğəmbərin (s) xəbərinə əsasən, Allahın şəxsiyyətinin olmasının isbatı;
  2. Allahın üzünün olmasının isbatı;
  3. Rəbbimizin surətinin olması;
  4. Allahın gözünün olmasının isbatı;
  5. Yoxdan yaradan Allahın əlinin olmasının isbatı;
  6. Xaliqimizin iki əlinin olduğunu bəyan və izah edən hədislər;
  7. Uca Allahın göyləri, yeri və onun üzərində olanları barmağı üzərində saxlaması;
  8. Uca Allahın barmaqlarının olmasının isbatı;
  9. Allahın ayağının olmasının isbatı;
  10. Uca Allahın səmada olmasını iqrar etməyin dəlilləri;
  11. Rəbbin yerin səmasına endiyi isbat edən Hicaz və İraq hədisşünaslarının rəvayət etdikləri səhih hədislər;
  12. Qiyamət günün bütün möminlərin Uca Allahı çılpaq gözlə görəcəklərinin bəyanı;
  13. Rəbbimizin gülməsinin isbatı;

 

Bütün bunlar Tövratdakı fikirlərin isbatıdır və onlara tamamilə uyğundur.

 

“əl-Mədxəlu ila dirasətil-ədyan vəl-məzahib” kitabının müəllifi yazır:

 

Bənzətmə və surət verməyə gəldikdə, yəhudilərin bu barədə Uca Allah nisbət verdikləri sifətlər belədir:

  1. Allahın üzü var; Uca Allah Musaya buyurur: “Mənim üzümü görməyə sənin qüdrətin yetməz. Çünki bir insanın Məni görüb, sonra yaşaması mümkün deyildir”.
  2. Allahın iki gözü vardır; “Padşahlar” bölümünün II fəslində yazılıb: “Ey Rəbbim, iki gözünü aç və bax”.
  3. Allahın göz qapaqlarının olması; “Zəbur”da yazılıb: “Rəbb səmadadır, səxavətlidir, Onun baxan iki gözü və Adəm övladlarını imtahan edən iki göz qapağı vardır”.
  4. İki qulağı vardır; “Rəqəmlər” kitabı: “Xalqlar sanki Rəbbin iki qulağına şər işlərlə şikayətlər edirdilər”.
  5. Burnunun olması; “Ey Rəbb, burnunun yelilə sular toplandı”.
  6. Ağzının olması; “Ancaq, ey bəndəm Musa, belə deyildir. Ağızı üstə bir ağız və bir gözü var ki, onunla danışıram”.
  7. Barmaq ucundan dirsəyədək qolunun olması; “Çıxış” kitabında yazılıb: “Ya Rəbb, Sənin qolunun əzəmətinə xatir onlar susmuşlar”.
  8. Barmağının olması; “Rəbb mənə Allahın Öz barmağı ilə yazdığı iki daş lövhəni verdi”.
  9. İki ayağının olması; Əşiya peyğəmbər deyir: “Rəbb beləmi söylədi? Səmalar kürsü, yer isə onun iki ayağının dayandığı məkandır”.
  10. Qəlbinin olması; “Günün xəbərləri” fəslində yazılıb: “Allah buyurdu: “Mən bu evi seçmiş və müqəddəs qılmışam ki, adım əbədi olaraq yad edilsin, hər gün gözlərim və qəlbim orada olsun”.
  11. Səsinin olması; “Yaradılış kitabında yazılıb: “Adəm və Həvva cənnətdə gəzərkən Rəbb olan ilahın səsini eşitdilər”.
  12. Allah səmada məskunlaşıb və sanki O, yerdən uzaqdır; “Rəbb Musaya dedi: “Siz mənim səmada olduğumu və danışdığımı gördünüz”.
  13. Dumanda məskunlaşması; “Günün xəbərləri” fəslində yazılıb: “O zaman Rəbb dedi ki, O, dumanda (göz görməyən tüstülü yerdə) məskunlaşmışdır”.

 

  1. Dağların başında və yüksəkliklərdə məskunlaşmışdır; “Gözlərimi dağların başına – Rəbbin qatından gələn yardım və köməyimə tərəf qaldırıram”.
  2. Deyilir: Allah toplaşma çadırının üzərində görünən buludda qərar tutmuşdur; “Rəqəmlə” kitabı: “Allah yəhudiləri Sina səhrası ilə apararkən onların önündə, toplanma çadırının üzərində görünən buludda zahir olur, bir yerdən digərinə hərəkət edirdi”.
  3. Toplanma çadırının içindəki Əhd sandığının örtüyünün altında qərarlaşması;
  4. Deyilir: Allah Süleymanın Qüdsdə (Yerusəlimdə) tikdirdiyi böyük məbəddə məskunlaşıb.
  5. Stul üzərində əyləşməsi: “Padşahlar” kitabında yazılıb: “Rəbbi stulunda əyləşmiş halda gördüm”.

 

Xülasə, belə təsəvvür yaranır ki, Uca Allah bəşər övladı kimi məhdud cismə sahib bir varlıqdır, oturur, enir, qalxır, gedir, gəlir, daxil və xaric olur, görüşür, qarşılaşır, sevinir və gülür, kədərlənir və məyus olur, pərt və peşman olur, qəzəblənir və hirslənir, istehza edərək gülür, aldadır”. (“əl-Mədxəlu ila dirasətil-ədyan vəl-məzahib”, 1/185)

 

Əhli-sünnənin yəhudi etiqadına uyğun olan əqidələrindən biri də Adəmi Öz surətində yaratmasıdır.

Buxari, Müslim, İbn Hibban öz “Səhih”lərində, Əhməd, Əbu Əvanə, Əbd ibn Hümeyd “Müsnəd”lərində öz istinadları ilə Əbu Hüreyrədən nəql edirlər: “Allahın elçisi (s) buyurdu: “Allah Adəmi Öz surətində xəlq etdi, onun uzunluğu altmış zira idi. Onu xəlq etdikdə buyurdu: “Get və bu şəxslərə salam ver. Onlar orada əyləşmiş mələklərdirlər. Salamının cavabında sənə nə söyləyəcəklərini dinlə. Belə ki, bu, sənin və nəslinin salamı olacaq”. Adəm getdi və “əs-Səlamu əleykum” dedi. Mələklər də onun salamına “və rəhmətullah” (və Allahın bərəkəti olsun!) sözünü əlavə etdilər. Peyğəmbər (s) sonra buyurdu: “Cənnətə daxil olan hər kəs Adəmin surətində və altmış zira boyunda olacaq. Zaman keçdikcə insanların boyu qısalmışdır”. (“Səhih”, Buxari, 2/1023, 4/1959; “Səhih”, Müslim, 4/2183; “Müsnəd”, Əhməd ibn Hənbəl, 2/315, 323; “Müsnəd”, Əbu Əvanə, 1/188; “Səhih”, İbn Hibban, 14/33; “Müsnəd”, Əbd ibn Hümeyd, səh.417)

 

Müslim “Səhih”ində, Əhməd “Müsnəd”də, İbn Hibban, İbn Əbu Asim, Hümeydi və digərləri öz kitablarında Əbu Hüreyrəyə istinadən nəql edirlər: “Allahın elçisi (s) buyurdu: “Biriniz qardaşı ilə döyüşdükdə onun üzündən (üzünə vurmaqdan) çəkinsin. Belə ki, Uca Allah Adəmi Öz surətində yaratmışdır”. (“Səhih”, Müslim, 4/2017; “Səhih”, İbn Hibban, 12/420, 13/18; “Müsnəd”, Əhməd, 2/244, 463, 519; “Müsnəd”, Əbd ibn Hümeyd, səh.283; “Müsnəd”, Hümeydi, 2/476; “Kitabus-sünnə”, 1/227-230; “İtiqadu əhlis-sünnə”, 3/423; “Silsilətul-əhadisis səhihə”, 2/518. Albani “Kitabus-sünnə”nin haşiyəsində yazır: “Sənədi səhihdir, Müəllif Şeyxin özündən savayı ravilərin hamısı Buxari və Müslimin raviləridir. Şeyxin özü isə inanılan (siqə) ravidir”)

 

Buxari “əl-Ədəbul-mufrəd”də, Əhməd “Müsnəd”də, İbn Əbu Asim “Kitabus sünnə”də Əbu Hüreyrədən nəql edirlər: “Allahın elçisi (s) buyurdu: “Bir-birinizə “Allah sənin üzünü eybəcər etsin!” və ya “Sənin üzünə oxşayan bir üz yoxdur!” kimi sözlər söyləməyin. Belə ki, Allah Adəmi Öz surətində xəlq etmişdir”. (“əl-Ədəbul-mufrəd”, səh.71; “Müsnəd”, Əhməd, 2/251, 434; “Kitabus-sünnə”, 1/229; “Müsnəd”, Hümeydi, 2/476; “İtiqadu əhlis-sünnə”, 3/422, 423; “Tarixu Bağdad”, 2/220, 3/74; “əs-Sifat”, Darəqutni, 2/35. Albani “Kitabus-sünnə”nin haşiyəsində yazır: “İstinadı həsən səhihdir, raviləri inanılan (siqə) şəxslərdir. Həmçinin “əl-Ədəbul-mufrəd”də də bunu həsən hesab etmişdir” (səh.85))

 

İbn Əbu Asim Əbu Hüreyrədən nəql edir: “Allahın elçisi (s) buyurur: “Biriniz qardaşı ilə savaşdıqda onun üzündən (üzünə vurmaqdan) çəkinsin. Belə ki, Uca Allah Adəmi Öz üzünün surətində yaratmışdır”. (“Kitabus-sünnə”, 1/227-228. Albani haşiyəsində yazır: “İstinadı həsən, səhihdir. Müəllif Şeyxin özündən savayı ravilərin hamısı Buxari və Müslimin raviləridir. Şeyxin özü isə inanılan (siqə) şəxsdir”. “əl-Möcəmul-övsat”, 6/21)

 

Görəsən, müəllif əhli-sünnə kitablarında dolub-daşan bu yəhudi etiqadlarına nə söyləyəcək?!

 

Kim daha artıq məlumat əldə etmək istəsə, “Abdullah ibn Səba” adlı kitabımıza müraciət edə bilər. Biz orada bu mövzunu tam əhatəli şəkildə qeyd etmişik.

 

İddiaçı müəllifin “...Əgər biz mötəbər saydığımız səkkiz səhih və digər kitablarımıza nəzər salsaq, həmin kitablarda bu şəxslərin rəvayətlərinin əsas yer tutduqlarını görəcəyik” sözünə gəldikdə, onun iddialarını bizim dörd mötəbər kitablarda mövcud olan Hişam ibn Həkəmin 167 (“Möcəmu ricalil-hədis”, 19/295), Tağın mömininin 10-dan artıq olmayan (“Möcəmu ricalil-hədis”, 17/303-304) və Əli ibn İsmail Meysəminin cəmi 26 (“Möcəmu ricalil-hədis”, 11/278) rəvayətinin olduğu rədd edir. Halbuki dörd mötəbər kitabımda mövcud olan hədislərin ümumi sayı 40 mindən artıqdır.

 

Bəs bu şəxslərin rəvayətləri həmin kitablarda necə əsas yer tutur?!

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе