»»

İmam Əli (ə) niyə ilk üç xəlifəyə beyət etdi?

Müəllif iddia edir: “Mən soruşuram: Əgər üç xəlifə belə vəsflərə sahib idilərsə, bəs nə üçün Möminlərin əmiri (r.a) onlara beyət etmişdi? Bəs niyə xəlifəlikləri müddətində onlar üçün vəzirlik elədi? Onlardan qorxurdumu? Allaha sığınıram!”

Cavab: Müəllifin təqdim etdiyi zəif rəvayətlərə göz yumsaq, deməliyik ki, Möminlərin əmiri Əli (ə) üç xəlifəyə könül xoşluğu, öz seçimi və razılığı ilə beyət etməmişdir. Buxarinin və Müslimin “Səhih”lərində nəql olunur ki, Möminlərin əmiri (ə) altı ay müddətində Əbu Bəkrə beyət etməkdən imtina etmişdir.

Onların Aişəyə istinadən öz “Səhih”lərində nəql etdikləri uzun hədisdə deyilir: “Peyğəmbərin qızı Fatimə (ə) Əbu Bəkrin yanına adam göndərib atasından qalan mirası, Mədinə və Fədəkdəki gəlirləri, Xeybərin xümsündən qalan payı istədi...”.

Sonra deyir: “...Əbu Bəkr onlardan bir şeyi Fatiməyə verməkdən boyun qaçırdı. Fatimə də buna görə ona qəzəbləndi və ondan üz döndərərək ölənədək onunla danışmadı. O, Peyğəmbərdən (s) sonra altı ay yaşadı. Vəfat etdikdə həyat yoldaşı Əli onu gecə ikən dəfn etdi, Əbu Bəkrə bu barədə xəbər vermədi və cənazə namazı özü qaldı. Fatimə həyatda ikən Əlinin camaat arasında hörməti vardı. O vəfat etdikdə camaat Əlidən üz döndərdi. Nəticədə Əli Əbu Bəkrlə barışıb ona beyət etmək üçün yol axtardı. Həmin altı ay müddətində o (Əli (ə)) beyət etməmişdi...”. (“Səhih”, Buxari, 3/1286; “Səhih”, Müslim, 3/1380; “Səhih”, İbn Hibban, 11/153, 573)

Biz müəllifdən və onunla həmfikirlərdən soruşuruq: möminlərin əmiri Əli (ə) həmin müddət ərzində Əbu Bəkrə beyətdən nə üçün imtina etmişdi?

Əgər onu xəlifəliyə layiq və haqq sahibi olaraq görürdüsə, bəs nə üçün beyət etmirdi ki, bununla da dinin vaciblərindən birinə arxa çevirmiş olurdu?

Yoxsa həmin müddət ərzində onu xəlifəliyə layiq görmürdü? Əgər belə idisə, altı ayda nə baş verdi ki, onu xəlifəliyə layiq bildi?

Əgər Möminlərin əmiri (ə) Əbu Bəkrə beyət etmişdirsə, bu, camaatın küfrə və nifaqa geri dönməsinə, parçalanmasına imkan yaratmamaq üçün atılmış addım idi.

Onun bu məqsədlə beyət etməsi xəlifənin xilafətə layiqlinə və haqq sahibi olduğuna dəlalət edərmi?!

Yoxsa müəllif Möminlərin əmirinin (ə) yetərli yardımçısı olmadan xəlifəliyi tərk etməsini və onların üzərinə qılınc qaldırmamasını xəlifələrin xilafətə layiqli kimi qəbul edir?

Hər üç xəlifə qarşılarına çıxan çətin məsələlərin həlli üçün onunla məşvərət edir, hökm verməkdə aciz qaldıqları məsələləri dair onun hökm verməsini istəyir, verdiyi qərarı qəbul edir və icra edirdilər. Möminlərin əmiri (ə) isə onların verdikləri hökmlərə tabe olmur və fətvalarını qəbul etmirdi. İmam Əlinin (ə) İslam xatirinə nəsihət verməsini və onların da bu nəsihətləri qəbul etməsini müəllif üç xəlifənin xilafətinin qanuniliyinə dəlilmi görür?!

Bundan əlavə, Möminlərin əmiri Əli (ə) onlara qarşı mövqeyini “Şiqşiqiyyə” xütbəsində heç bir şübhəyə yer qoymadan aydın bəyan edir: “Allaha and olsun ki, Əbu Quhəfənin oğlu (Əbu Bəkr) mənim xəlifəlik üçün dəyirmanın orta qütbü kimi (elmdə və əməldə kamillik baxımından) olduğumu bildiyi halda xəlifəliyi köynək kimi əyninə geydi. Elm və maarif mənim feyz bulağımda sel tək çağlar, elm və bilik səmasında qanad çalanların heç biri mənim zirvəmə çata bilməz. Sonra xəlifəlik köynəyini soyunub, ondan kənara çəkildim. Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim), yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımda sümük qalar halda səbr etdim. Mirasımın tarac olunduğunu görürdüm”. (“Nəhcul-bəlağə”, səh.32; “İləluş-şəraye”, 1/181; “Məanil-əxbar”, səh.361; “əlİrşad”, Şeyx Müfid, səh.153; “əl-Cəməl”, Müfid, səh.92; “Əmali”, Tusi, səh.372; “əlİhticac”, Təbərsi, 1/282; “Mənaqibu Ali Əbu Talib” İbn Şəhraşub, 2/232; “ət-Təraif”, İbn Tavus, səh.418)

Bunları oxuyan şəxsin “Möminlərin əmiri (ə) onların xəlifəliklərindən razı idi və xilafətə layiq olduqlarına inanırdı” deməsi nə dərəcə düzgün sayıla bilər?!

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе