»»

İmam Rza (ə) əhli-sünnə hökmünün əksinə getməyi buyurub?

Müəllif iddia edir:

Səduq Əli ibn Əsbatdan rəvayət edir: “Rzaya (r.a) dedim: “Bəzən qarşıma bilmədiyim bir məsələ çıxır, yaşadığım şəhərdə həmin məsələnin hökmünü əldə edə biləcəyim bir tərəfdarınız da yoxdur. Mən nə etməliyəm?” Buyurdu: “Şəhərin fəqihinin yanına get, qoy sənin məsələnə dair hökm versin. Onun verdiyi hökmün əksini yerinə yetir. Belə ki, haqq məhz o olacaq” (“Uyunuəxbarir- Rza”, 1/275, Tehran çapı)”.

Cavab: Bu rəvayətin sənədi zəifdir. Ravilər arasında Əhməd ibn Muhəmməd Səyyari vardır, tərcümeyi-hal kitablarında o, töhmət olunmuşdur.

Nəcaşi yazır: “Əhməd ibn Muhəmməd ibn Səyyar... Səyyari kimi tanınır, hədisləri zəif, məzhəbi yanlışdır. Bunu bizə Hüseyn ibn Übeydullah (İbn Ğəzairi) bildirib, hədisləri tərk edilir, hədislərinin çoxu mürsəldir (istinadsızdır)”. (“Rical”, Nəcaşi, 1/211)

İbn Ğəzairi yazır: “Hədisləri olduqca zəifdir, həddi aşan və yanlış yolda olan kəsdir, Qummilərin şeyxləri “Nəvadirul-hikmət” kitabından onun rəvayətlərini xaric ediblər. (“Rical”, İbn Ğəzairi, səh.40)

Şeyx Tusi “Fehrist”də yazır: “Hədisləri zəif, məzhəbi yanlışdır, rəvayətləri tərk olunur, nəql etdiklərinin çoxu mürsəldir”. (“Fehrist”, Şeyx Tusi, səh.66)

Rəvayətin sənədinə göz yumsaq, hədisin zahir şəhərin qazisinin verdiyi hökmə zidd davranmağın icazəli olduğuna dəlalət edir. Bu şəri hökmü bilmədiyi, məcbur qaldığı və hökmü heç bir yolla əldə edə bilməyəcəyi hala şamildir.

Fərz olunan vəziyyətlə çox nadir hallarda rastlaşmaq mümkündür, adi halda bu qaydanı şiələrin hər bir hökmünə şamil etmək doğru olmaz.

Şiə və əhli-sünnə hökmləri arasındakı fərqliliklər demək olar ki, bütün məsələlərdə mövcuddur. Ona görə də axtarılan hökmün onların hökmünə müxalif olması da mümkündür. Bu səbəbdən də sual verən şəxs onu haqqa yetişdirə biləcək yola yönləndirilir.

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе