»»

Səhabə İbn Məsud Hz.Əlinin (ə) vilayətini qəbul etmişdirmi?

Sual: İbn Məsud kimdir? Əhli-Beyt dostlarından olmuşdurmu? İmam Əlinin (ə) vilayətinə etiqad edirdimi?

Cavab: Tam adı Abdullah ibn Məsud, künyəsi Əbu Əbdürrəhmandır. Peyğəmbər səhabələrindəndir. İslamı ilk qəbul edənlərdən sayılır, Məkkədə Quranı ilk dəfə açıq-aşkar oxuyan şəxsdir. Bədr, Ühüd, Xəndək və digər döyüşlərdə iştirak etmişdir. Səfər zamanı Peyğəmbərin şəxsi əşyalarını məhz o daşıyarmış.

Onun tərifinə dair Peyğəmbərimizdən bir sıra hədislər nəql olunmuşdur.

Ömər ibn Xəttabın zamanında Kufəyə vali təyin edilmişdir. Lakin Osmanla münasibətləri yaxşı olmamışdır. 32-ci hicri ilində 60-dan çox yaşı olduğu vaxt Mədinədə vəfat etmiş və Bəqi qəbristanlığında dəfn edilmişdir.

Onun İmam Əlinin vilayətinə etiqadlı olub-olmamasına gəldikdə isə, bu məsələdə alimlər fərqli fikirlər söyləmişlər. Seyyid Mürtəza onun barəsində xoş sözlər deyərək “Əş-Şafi” kitabında xeyli tərifləmişdir. Əllamə Mamaqani də “Tənqihul-məqal” kitabında onu tərifləyərək, onun Əhli-Beyt dostu olub digər xəlifələrə müxalif olmasına dair bir sıra faktlar göstərmişdir. Bunlara misal olaraq aşağıdakıları göstərə bilərik:

1. O, Əbu Bəkrin xəlifə kürsüsünə oturmasını tənqid edən 12 şəxsdən biri olmuş və İmam Əlinin bu vəzifəyə layiq olmasını müdafiə etmişdir.

2. Hz. Fatimənin (ə) dəfnində iştirak etmiş və ona cənazə namazı qılan şəxslərdən olmuşdur.

3. Əbu Zər Əl-Ğifariyə cənazə namazı qılan, ona qüsl verib kəfənləyən şəxslərdən olmuşdur. Peyğəmbərimiz Əbu Zərin qüsl və dəfn işlərini yalnız bir qrup möminin görəcəyini xəbər vermişdir.

4. İbn Məsud 12 xəlifə hədisi nəql edən şəxslərdəndir. Onun bu hədisi nəql edib ona inanmaması uzaq ehtimaldır.1

Lakin bunun müqabilində fərqli düşünən və onun sözün həqiqi mənasında Əhli-Beyt dostu olmadığını bildirən alimlər də olmuşdur. Seyid Xoi onun tərcümeyi-halını qeyd edərkən belə yazır:

“Kəşşi Əbu Əyyub Əl-Ənsarinin tərcümeyi-halını qeyd edərkən belə nəql emtişdir: Fəzl ibn Şazandan İbn Məsud və Hüzeyfə barədə soruşdular, belə cavab verdi: Hüzeyfə İbn Məsud kimi deyildi. Hüzeyfə sabit şəxs idi, İbn Məsud isə səhv etmiş, müxaliflərə dost olmuş, onlara meyl etmiş və inanmışdı.

Şeyx Səduq onun Əbu Bəkrin xəlifəliyinə etiraz edən 12 şəxsdən biri olduğunu bildirən rəvayətlər nəql etmişdir..

Lakin Səduqun nəql etdiyi bu rəvayətlərin hamısının sənədi zəifdir. Hətta səhih olsa belə, Fəzl ibn Şazanın dediyi məlumatlarla ziddiyyət təşkil etmir. Onun İmam Əlinin ardıcılı və şiəsi olmadığına və əksinə müstəqil hərəkət edən birisi olduğuna dəlalət edən şeylərdən biri ondan nəql edilmiş fətvalar və onun səhv olması barədə nəql edilmiş rəvayətlərdir...”.

Sonra deyir:

Dediklərimizi xülasələşdirsək, İbn Məsudun İmam Əlinin dostu olması və şiə əqidəsinə etiqad etməsi sübuta yetməmişdir. Digər tərəfdən müxaliflər İbn Məsudu böyük və fəzilətli şəxsiyyət hesab etdikləri üçün Seyyid Mürtəza “Əş-Şafi” kitabında müxaliflərə onların qəbul etdikləri şeyləri dəlil gətirmək prinsipi nöqteyi-nəzərindən onu tərifləmiş və onun nəql etdiyi rəvayətlərə istinad etmişdir.2

Qeyd etmək lazımdır ki, İbn Məsudun Əhli-Beyt ardıcılı olmadığını müdafiə edən şəxslər onun irs və qiraət kimi məsələlərdə İmam Əli ilə ixtilaf etməsini və imamların onun qiraətini dəstəkləməməsini dəlil gətirirlər. İmam Baqirdən nəql edilən bir hədisdə İbn Məsudun fələq və nas surələrini öz Quranından sildiyi bildirilir.3

Mühəqqiq Tustəri də bu fikri dəstəkləyənlərdən olmuşdur. O özünün “Qamusur-rical” kitabında İbn Məsudun şiə olmasına dəlalət edən bütün dəlillərin, o cümlədən Əbu Bəkrin xilafətini inkar edən on iki nəfərdən biri olması dəlilinin batilliyini sübut etməyə çalışmışdır. O bildirmişdir ki, Əbu Bəkrin xilafətinə etiraz edən şəxslərlə bağlı başqa mənbələrdə, məsələn Təbərsinin “Əl-İhticac” əsərində nəql edilmiş rəayətlərdə İbn Məsudun adı çəkilməmişdir. Üstəlik onun İmam Əliyə müxalif olduğunu göstərən rəvayətlər mövcuddur.4

Nəticə: İbn Məsudun fəzilətlərini və Peyğəmbəri-Əkrəmə olan yaxınlığını nəzərə alaraq, onun Əhli-Beytə dost olduğunu söyləmək olar, lakin şiələrin etiqad etdiyi kimi İmam Əlinin imamətinə etiqad edirdimi, ya yox, bu barədə qəti fikir söyləmək çətindir. Buna baxmayaraq, Mürtəzanın onun barəsində etdiyi tərifləri və barəsində nəql etdiyi rəvayətləri əsas götürdükdə, onun İmam Əlinin imamətinə etiqad etdiyini söyləmək olar.

______________________

1 Tənqihul-məqal, 2/216 (Enteşarate-cəhan, 1352, Tehran).

2 Mucəmu-ricalil-hədis, 10/322 (İntişaratu-mədinətil-ilm Qum, 1398).

3 Təfsirul-Qummi: 2/450.

4 Qamusur-rical, 6/600-608 (Camiətul-müdərrisin, Qum, 1415).

Mənbə: islamquest.net

Tərcümə: 313news.net

Рейтинг

В этом разделе