İhsan Zahir deyir: “Bu səbəbdən də onun babası, şiələrin nəzərində səkkizinci imam,
“Rza” ləqəbli Əli ibn Musa ondan Peyğəmbərin (s) “Səhabələrim göydəki ulduzlar kimidir. Onlardan hansına itaət etsəniz hidayət taparsınız”, “Səhabələrimi mənə buraxın” hədisi barədə soruşulduqda “Bəli, bu doğrudur” deyə cavab verir”.519
Müzakirə
Birinci: Hədisin sənədi zəifdir
Hədisin sənədi Şeyx Səduqun “Uyunu əxbarir-Rza”da qeyd etdiyi kimi belədir: “Hakim Əbu Əli Hüseyn ibn Əhməd Beyhəqidən, o da Muhəmməd ibn Yəhya Sulidən, o da Muhəmməd ibn Musa ibn Nəsr Razidən, o da atasından nəql edir...”
Bu sənəddə Muhəmməd ibn Yəhya Suli var. O, halı məchul şəxsdir. Heç bir rical kitabında ona inam yaradacaq söz yoxdur.
Həmçinin sənəddəki Muhəmməd ibn Musa ibn Nəsr-Razinin də halı məchuldur. Rical kitablarında ona da inam yaradacaq heç bir söz yoxdur.
Şeyx Əli Namazı Şahrudi “Müstədrəkatu ilmir-rical” kitabında yazır: “Muhəmməd ibn Musa ibn Nəsr Razi Əbu Abdullah – onu qeyd etməmişlər. Yalnız Şeyx Səduq yolu ilə “Uyun”da adı qeyd edilib”.520
İkinci: kəsilən hissə hədisə xələl gətirir
İhsan Zahir bu dəfə də adəti üzrə hədisi kəsərək nəql edir. Bununla da hədisin mənasını dəyişərək fərqli məcraya yönəldib. Bu saxtakarlıqdakı məqsədi isə təbii ki, oxucunu aldatmaqdır. Buradakı mətnə müraciət edən şəxs zənn edəcək ki, məqsəd səhabənin məqamını və onların hidayət amili olduqlarını bəyan etməkdir. Lakin oxucu əsl mətnə nəzər saldıqda hədisin İhsan Zahirin iddiasının tam əksini bəyan etdiyini görür. Şeyx Səduqun “Uyunu əxbarir-Rza” kitabında yer verdiyi hədisin tam mətni belədir: “Muhəmməd ibn Musa ibn Nəsr Razinin atasından belə rəvayət etdiyi nəql edilir: İmam Rzadan (ə) Peyğəmbərin (s) “Səhabələrim ulduzlara bənzəyir, hansına itaət etsəniz hidayət taparsınız” və “Səhabələrimi mənə buraxın” sözləri haqqında fikri soruşuldu. İmam (ə) buyurdu: “Bu, doğrudur. Lakin məqsəd Peyğəmbərdən sonra dəyişməyən və dində bir dəyişiklik etməyən kəslərdir”.
Soruşan şəxs: “Onların üz döndərib, dində dəyişiklik etdikləri haradan bilinir?” dedikdə, İmam (ə) buyurdu: “Onların Peyğəmbərdən (s) bu hədisi rəvayət etmələrindən bilinir: “Qiyamət günü səhabələrimdən olan bir dəstə şəxs yad dəvənin sudan qovulduğu kimi, hovuzumdan (Kövsər hovuzundan) qovulacaqlar. O əsnada mən “Ey Rəbbim! Səhabələrim, səhabələrim!” deyəcəyəm. Bu zaman mənə belə deyiləcək: “Həqiqətən, bunların səndən sonra nələr etdiklərini bilmirsən”. Daha sonra onlar Cəhənnəmə tərəfə aparılarlar. Bu əsnada mən deyəcəyəm: “Uzaq olsunlar, məhv olsunlar!”
İmam Rza (ə) daha sonra buyurdu: “Peyğəmbərin bu sözü (“Səhabələrim ulduzlar kimidir...”) dində dəyişiklik etməyənlər barəsindədir”.521
Hədis aydın şəkildə bu sözün bütün səhabələrə şamil olmadığını göstərir. Mətndə aydın şəkildə dindən dönən və dinlərində dəyişiklik edən səhabələrin mövcudluğu vurğulanır. Buna dəlil olaraq isə İmam Rza (ə) bütün firqələrin nəql etdikləri Peyğəmbərin (s) “Hovuz və dindən dönənlər” hədisini göstərir.
519 Şiə və Əhli-Beyt, s. 40-41. Şeyx Səduqun “Uyunu əxbarir-Rza” kitabından nəql edilərək. c. 2, s. 87
520 Müstədrəkatu ilmir-rical, c. 7, s. 344
521 Zahirən İmamın (ə) “Səhabələrim ulduzlar kimidir...” hədisinə verdiyi cavab həmsöhbətinin qəbul etdiyi dəlillər əsasında onu razı salmaq üçündür. Əvvəlki iki hədis və Məmuna verilən cavab da bu cürdür. Amma Rəsulullahın (s) Qiyamət günü “İlahi, səhabələrim, səhabələrim” deyə buyurduğu hədis bir çox fərqli yollarla geniş bir şəkildə əhli-sünnənin səhih kitablarında yer alır. Daha geniş məlumat üçün bu mənbələrə müraciət edə bilərsiniz: Səhih, Buxari, “Kitabur-riqab”, “Babul-Hovz”, 585-586-cı hədislər; Kitabul-fitən, c. 4, 7001-7005-ci hədislər; Səhih, Müslim, “Kitabut-taharə” c. 3, 247 və 249-cu hədislər; c. 15, 2302-ci hədis; Müsnəd, Əhməd ibn Hənbəl, c. 2, s. 298, 300, 408, 454, 467; c. 5, s. 388, 393, 400; Kənzul-ummal, c. 14, s.17, 433; Möcəmul-Kəbir, Təbərani, c. 24, s. 94, 251-ci hədis
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə