Bu kiçik məqaləmizdə "ikinci xəlifə" kimi tanınan Ömər bin Xəttabın təyəmmüm haqqında nəzərindən söhbət açmaq istəyirik. Özünün əziz dostu olan Əbu Bəkri sıxıntı və əzablarla dolu qəbr evinə yola saldıqdan sonra xilafət kürsüsünə əyləşmiş və "möminlərin əmiri" tituluna "layiq" görülmüş bu şəxsin, o kürsüyə və titula nə dərəcədə layiq-olub olmadığına qərar verməyi isə əziz oxucuların öhdəsinə buraxırıq.
Hamıya məlumdur ki, namaz qılmaq üçün təharətli olmaq lazımdır. Əgər su tapılmasa pak torpaqla təyəmmüm edilməlidir. Çünki Allah-təala Qurani-Kərimdə belə buyurur:
فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا
"...Su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin."[1]
Bəli... Gördüyünüz kimi, Quran ayəsi bu məsələni açıq-aşkar bəyan edir. İndi isə Xəttab oğlu Ömərin bu barədə nəzərini qeyd edirik.
Hədis 1.
عن ابن عبد الرحمن بن أبزي عن أبيه ان رجلا اتى عمر بن الخطاب فقال إني كنت في سفر فأجنبت فلم أجد الماء فقال له عمر بن الخطاب لا تصل فقال عمار بن ياسر يا أمير المؤمنين اما تذكر إذ كنت انا وأنت في سرية فأجنبت انا وأنت؟ فلم نصب الماء فاما أنت فلم تصل واما انا فتمعكت في التراب واتينا رسول الله صلى الله عليه وسلم فذكرنا ذلك له فقال يا عمار إنما كان يكفيك ان تقول هكذا وضرب بيديه على الأرض ثم نفخ فيهما فمسح وجهه ويديه
Əbdür-Rəhman bin Əbəzidən o da (Əbdür-Rəhman) öz atasından nəql edir. Bir gün bir kişi Ömər bin Xəttabın yanına gəlib dedi: "Mən səfərdə idim və cünub olmuşdum. Qüsl almağa isə su tapa bilməmişdim (Bu zaman nə etməliydim?)." Ömər dedi: "Namaz qılma!" Əmmar bin Yasir dedi: "Ey möminlərin əmiri yadında deyilmi, biz bir yerdə qoşunda idik və hər ikimiz cünub olmuşduq. Su tapa bilmədik. Sən namaz qılmadın. Amma mən özümü torpağa sürtdüm (və namazımı qıldım). Peyğəmbərin (s) yanına gələndə bu hadisəni ona danışdım. Həzrət (s) buyurdu: Ey Əmmar, kifayət idi ki, bu cür edəsən. (Bunu deyib) Həzrət (s) əllərini yerə vurdu sonra onlara üfürdü. Daha sonra isə üzünə və əllərinə məsh etdi."[2]
Hədis 2.
عن عبد الرحمان بن أبزى قال كنا عند عمر فأتاه رجل فقال يا أمير المؤمنين ربما نمكث الشهر والشهرين ولا نجد الماء فقال عمر أما أنا فإذا لم أجد الماء لم أكن لأصلي حتى أجد الماء فقال عمار بن ياسر أتذكر يا أمير المؤمنين حيث كنت بمكان كذا وكذا ونحن نرعى الإبل فتعلم أنا أجنبنا قال نعم أما أنا فتمرغت في التراب فأتينا النبي صلى الله عليه وسلم فضحك فقال إن كان الصعيد لكافيك وضرب بكفيه إلى الأرض ثم نفخ فيهما ثم مسح وجهه وبعض ذراعيه
Əbdür-Rəhman bin Əbəzi deyir: Bir gün biz Ömərin yanında olarkən, bir kişi gəlib ondan soruşdu:
-Ey möminlərin əmiri, bəzən bir-iki ay susuz qalırıq və (namaz üçün paklanmağa) su tapmırıq (bu halda nə edək?).
Ömər dedi:- Mən özüm su tapana qədər namaz qılmıram.
Əmmar bin Yasir Ömərə dedi: -Ey möminlərin əmiri! Məgər yadında deyil biz filan filan yerdə dəvə otarırdıq və hər ikimiz cünub olmuşduq?
Ömər dedi:-Bəli (yadımdadır).
Əmmar dedi:- Mən özümü torpağa sürtdüm (və namazımı qıldım). Peyğəmbərin (s) yanına gəldikdə (bunları ona dedim) o Həzrət (s) güldü və belə buyurdu:- "(az miqdarda) Pak torpaq sənə kifayət edərdi." Sonra Həzrət (s) əllərini yerə vurub onlara üfürdü. Daha sonra isə üzünə və qollarının bir hissəsinə məsh etdi. [3]
Hədis 3.
عن الأعمش قال سمعت شقيق بن سلمة قال كنت عند عبد الله وأبي موسى فقال له أبو موسى أرأيت يا أبا عبد الرحمن إذا أجنب فلم يجد ماء كيف يصنع فقال عبد الله لا يصلى حتى يجد الماء فقال أبو موسى فكيف تصنع بقول عمار حين قال له النبي صلى الله عليه وسلم كان يكفيك قال ألم تر عمر لم يقنع بذلك فقال أبو موسى فدعنا من قول عمار كيف تصنع بهذه الآية فما درى عبد الله ما يقول فقال انا لو رخصنا لهم في هذا لأوشك إذا برد على أحدهم الماء ان يدعه ويتيم
Əməş dedi: Şəqiq bin Sələmənin belə dediyini eşitdim: Bir gün Abdullah bin Ömərlə Əbu Musa Əşərinin yanında idim. Əbu Musa Abdullaha dedi:
-Ey Əbdür-Rəhmanın atası, de görüm cünub olub su tapa bilməyən kəs nə etməlidir?
Abdullah dedi:
-Su tapana qədər namaz qılmamalıdır.
Əbu Musa dedi:
-Bəs o zaman Əmmarın sözünə nə deyirsən? Hansı ki, Peyğəmbərə (s) (cünub olub özünü torpağa sürtmək məsələsini) dedikdə Həzrət (s) ona demişdi ki, (bu cür etsəydin) kifayət edərdi.
Abdullah dedi:
-Məgər sən görmədin ki, Ömər bu fikirlə qane deyil?
Əbu Musa dedi:
-Yaxşı, Əmmarın sözünü boşlayaq. Bəs Quran ayəsinə (nisa 43) nə deyirsən?
Abdullah nə deyəcəyini bilmədi. Daha sonra belə dedi:
-Əgər biz belə bir şeyə icazə versək, o zaman camaat soyuq su tapdıqda onu tərk edib təyəmmüm alacaq.[4]
Hədislərdə diqqət edilməli olan bir neçə nöqtə
- Ömərdən cünub şəxsin hökmü barəsində onun xilafəti dövründə soruşurlar. O isə "su tapana qədər namaz qılma" deyir. Bu isə o deməkdir Ömər Peyğəmbərin (s) yanında olduğu illər ərzində, həmçinin Əbu Bəkrin bir neçə illik xəlifəlik dövrü ərzində Quranın hökmündən ya bixəbər olmuş, yaxud da bilərəkdən Allahın hökmünə qarşı çıxmışdır.
- Əmmar Ömərə Peyğəmbərin (s) sözünü xatırlatdıqda Ömər hadisənin doğruluğunu (2-ci hədisdə) qəbul edir. Lakin 3-cü hədisdən məlum olur ki, Ömər yenə də öz fikrində qalır. Çünki Abdullah Əbu Musaya belə deyir: "Məgər sən görmədin ki, Ömər bu fikirlə qane deyil?" Deməli Ömər Allahın və Peyğəmbərin (s) sözü ilə bilərəkdən müxalifət edirmiş.
Əli Abdullah
besiret.az
[1] Nisa,43
[2] "Əl-sünən əl-Kübra" cild 1 səh.209 ; "Sünən əl-Nəsai" cild 1 səh.169
[3] "Sünən əl-Nəsai" cild 1 səh.168
[4] "Səhih əl-Buxari" cild 1, səh.90 ; Bu kitabda 90-91-ci səhifələrdə eyni məzmunlu bir neçə hədis var.