»»

İmam Əlinin (ə) Qədir-Xum hədisini gizləyədən səhabələri danlaması (əhli-sünnə mənbələri)

Əhməd ibn Hənbəl öz “Müsnəd”ində Simak ibn Übeyd ibn Vəlid Əbəsidən nəql edir: “Əbdürrəhman ibn Əbu Leylanın yanına gəldim. O, Rəhbədə olarkən Əlinin (r) belə söylədiyinə şahid olduğunu dedi: “Qədir-Xum günü Peyğəmbərin (s) sözlərini eşidən şəxslərə Allahı şahid tuturam! Ayağa qalxsınlar, onu görməyənlər isə qalxmasınlar”. On iki nəfər ayağa qalxıb dedi: “Biz bunu görmüş və eşitmişik. Peyğəmbər onun (Əlinin) əlindən tutaraq buyurmuşdu: “İlahi, onun dostuna dost, düşməninə düşmən ol! Ona yardım edənə yardım et, tərk edəni tərk elə”.

Qədir-Xumda iştirak edənlərdən yalnız üçü ayağa qalxmadı. (Əli) onlara bəddua etdi və bədduası onları tutdu”.561

Əbu Nəim İsfahani “Hilyətul-övliya” kitabında yazır: “Ümeyrə ibn Səd deyir: “Əlini minbərdə gördüm. Peyğəmbərin (s) səhabələrinə Allahı şahid tutur və and verirdi. Onların arasında Əbu Səid, Əbu Hüreyrə, Ənəs ibn Malik də vardı və minbərin ətrafında oturmuşdular. Əli minbərdə əyləşmiş, ətrafında isə səhabələrdən on iki nəfər vardı. Dedi: “Allahı sizə şahid tuturam, Peyğəmbərin (s) “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır” buyurduğunu eşitmisiniz?”

Onların hamısı ayağa qalxıb “Bəli, İlahi, buna şahidik” dedilər. Yalnız onlardan biri ayağa qalxmayaraq yerində oturmağa davam edirdi. Əli soruşdu: “Ayağa qalxmağa sənə nə mane oldu?”

Dedi: “Ey Möminlərin əmiri, yaşlanmışam və bu səbəbdən unutmuşam”.

Əli dedi: “İlahi, əgər yalan deyirsə, ən gözəl bəlalarından birini ona göndər”.

Ravi deyir: “O, ölənədək alnında bir ağ nöqtə görünürdü ki, hətta əmmaməsi belə onu örtə bilmirdi”.562

Bəlazuri yazır: “Əbu Vail Şəqiq ibn Sələmə deyir: “Əli minbərdən dedi: “Qədir-Xum günü Peyğəmbərin (s) “İlahi, onun dostuna dost, düşməninə düşmən ol!” buyurduğunu eşidən şəxslərə Allahı şahid tuturam! Qoy ayağa qalxsınlar!”

Ənəs ibn Malik, Bərra ibn Azib və Cərir ibn Abdullah minbərin altında əyləşmişdilər. O, sözlərini bir də təkrarladı, lakin heç kim cavab vermədi. Buyurdu: “İlahi, bildiyi halda şahidliyi gizləyənləri bu dünyadan hamının tanıya biləcəyi bir əlamətlə apar”.

Ravi deyir: “Ənəs bərəs xəstəliyinə tutuldu, Bərra kor oldu. Cərir isə mühacirlikdən sonra bədəviliyə qayıtdı, Sirraya (və ya Səraya) gedib anasının evində öldü”.563

Təbərani yazır: “Zeyd ibn Ərqəm deyir: “Əli Rəhbədə ikən camaatı toplamış və Peyğəmbərin (s) sözlərini eşidənlərə Allahı şahid tuturdu. On altı nəfər qalxıb Peyğəmbərin (s) belə buyurduğuna şahidlik etdilər: “İlahi, mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. İlahi, onun dostunu dost, düşmənini düşmən tut”.

Zeyd ibn Ərqəm deyir: “Mən də şahidliyini gizlədənlərin arasında idim. Sonradan kor oldum. Belə ki, Əli (r) orada şahidliyi gizlədənlərə bəddua etmişdi”.564

Düşünmürəm ki, ağıllı bir şəxs bütün bunlardan sonra Əhli-Beytin (ə) səhabələrin hamısından razı olduğunu xəyal belə etməz. İmam Əli də (ə) özünün vilayətinə və Peyğəmbər (s) xəlifəsi olduğuna şahidlik edən “Qədir-Xum” hədisini gizləyən səhabələrə dünya və axirət zərərlərinin yetişməsi üçün bəddua edir. Əhli-Beyt (ə) bunlardan necə razı ola bilər?! Halbuki Uca Allah da Quranda buyurur: “Allah yanında şahidliyi gizlədən kəsdən daha zalım kim ola bilər?! Allah sizin nə etdiklərinizdən xəbərsiz deyil”;565, “Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir!”,566 həmçinin: “Kitabda insanlara bəyan etdikdən sonra nazil etdiyimiz açıq-aşkar dəlilləri və hidayəti gizlədənlər Allahın lənətinə düçar olar və (bütün) lənət edə biləcək kimsələr də onlara lənət oxuyar!”567

 

561 Müsnəd, Əhməd ibn Hənbəl, c. 1, s. 119
562 Hilyətul-övliya, c. 5, s. 26
563 Ənsabul-əşrəf, Bəlazuri, s. 175, I çap, çap ili: 1394 h.q., 1974 m, Beyrut çapı
564 əl-Möcamul-kəbir, c. 5, s. 171
565 Bəqərə, 140
566 Bəqərə, 283
567 Bəqərə, 159

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе