İhsan Zahir deyir: “Bu, İbn Abbasdır, Siddiqi yad edir və deyir:
“Allah Əbu Bəkrə rəhm eləsin, Allaha and olsun ki, o, fəqirlərə qarşı mərhəmətli, çox Quran oxuyan, insanları pisliklərdən çəkindirən, dinini bilən, Allahdan qorxan, qadağan olunmuşlardan çəkinən, yaxşılığı əmr edən, gecələri ibadətdə keçirən və gündüzləri oruc tutan şəxs idi. Səhabələrdən təqvası, zahidliyi və iffəti ilə üstün idi”. 677
Müzakirə
1 – İsbat olundu ki, ayəyə və səhih rəvayətlərə əsasən, Əhli-Beytdən (ə) məqsəd bütün Bəni-Haşim deyil, Peyğəmbərin (s) əbasının altına daxil etdiyi şəxslərdir. İbn Abbas isə, İmam Əlinin (ə) yanında böyük hörmətə sahib olsa da, Əhli-Beytdən (ə) sayılmır.
Burada İbn Abbasın sözlərini dəlil kimi təqdim etmək düzgün deyil. Çünki şiə əqidəsinə görə, Bəni-Haşim Əhli-Beyt ünvanından kənardır. Peyğəmbərin (s) bütün qohumlarını Əhli-Beyti kimi təqdim etmək isə yanlışlıqdan savayı bir şey deyil.
2 – Bu rəvayət şiələrə dəlil ola bilməz. Çünki şiə mənbələrində nəql edilməyib. Onu şiələrdən yalnız “Nasixut-təvarix”in müəllifi öz kitabında nəql edib. Həmin kitabda rəvayəti qeyd etməkdə məqsədi isə mətndəki Möminlərin əmirini (ə) tərifləyən sözləri dəlil göstərməkdir. Hədisin əsl mənbəyi əhli-sünnə kitablarındadır. Onu Təbərani “əl-Möcamul-kəbir”də qeyd edib. Digərləri isə Təbəraninin nəql etdiyi yolla öz kitablarına salıblar. Bu hədis nə “Nasixut-təvarix” kitabına və nə də digər şiə müəlliflərinə nisbət verilə bilməz. Həmçinin bu rəvayət Təbəraninin qeyd etdiyi yolla da zəif rəvayətdir. Bunu Heysəmi “Məcməuz-zəvaid”də deyib: “Bunu Təbərani rəvayət edib, ravilərin arasında tanımadığım şəxslər var”. 678
3 – Bu rəvayət İhsan Zahirin üç xəlifənin İmam Əlidən (ə) üstün olduğuna dair əqidəsinə ziddir. Əgər rəvayəti qəbul edirsə, o zaman İmam Əlinin (ə) hamıdan fəzilətli olduğunu da etiraf etməlidir. Belə ki, Müaviyənin məktubunun cavabında İbn Abbas deyir: “Allah Əbülhəsənə mərhəmət göstərsin! Allaha and olsun ki, o, hidayət bayrağı, təqva mağarası, düşüncə məhəlli, mükəmməlik zirvəsi, zülmət gecələrin parlayan nuru, ən əzəmətli yola dəvət edən, keçmiş kitablarda olanları bilən, onları təvil edib və öyüdlərini çatdıran, hidayət təməllərinə bağlı, zülm və əziyyətdən çəkinən, məhvə aparan yollardan uzaq, iman gətirib təqvalı olmuşların ən yaxşısı, (xilafəti) köynək kimi geyinənlərin və üz döndərənlərin (həqiqətdə) ağası, həcc və səy edənlərin əfzəli, ədalətli və düzgün şəxslərin ən səxavətlisi, insanlar arasında peyğəmbərlərdən və Allahın nəbisi Mustafadan savayı hamıdan gözəl danışıqlı, iki qiblə sahibi idi. Hansı tövhid əhli onunla bərabər ola bilər?! Ən yaxşı xanımın əri, (Peyğəmbərin) iki nəvəsinin atasıdır. Gözlərim onun kimi bir şəxsi görmədi, Qiyamətədək və ondan sonra da görməyəcək. Onu lənətləyən kəsə Qiyamət gününədək Allahın və bəndələrinin lənəti olacaq”.679
677 Şiə və Əhli-Beyt, s. 53-54
678 Məcməuz-zəvaid və mənbəuz-zəvaid, c. 9, s. 159
679 əl-Möcamul-kəbir, Təbərani, c. 10, s. 238
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə