»»

Səcdə surəsi, 16 | Allah bütün səhabələrdən razıdır? | şübhəyə cavab

Səcdə surəsi, 16-cı ayə

“Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər”.

Ayənin müzakirəsi Bu ayəni Uca Allahın bütün səhabələrdən razı olduğuna dəlil göstərmək mümkün deyil. Çünki Quranda bir çox ayə var ki, bir dəstə səhabənin çirkin əməllərindən və böyük günahlarından söhbət açır. Məsələn, xəyanətdən: “Əgər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr müharibəsindən) əvvəl Allaha xəyanət etmişdilər”;291 böhtandan: “İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir”;292döyüşdən qaçmaq: “... gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi), sonra dönüb qaçdınız”;293 zinadan: “Zinakar kişiyə və zinakar qadına yüz şallaq (qırmanc) vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun”294 və s.

Bu məqamda sual verib soruşuruq: Peyğəmbərin (s) zina, oğurluq və böhtan səbəbindən cəzalandırdığı kəslərdən Allahın razı olması insafdandırmı?! İhsan Zahirin gətirdiyi dəlildə də Allahın onların hamısından razı olduğuna heç bir işarə yoxdur. Xüsusilə də əhli-sünnə təfsir alimlərindən heç biri sözügedən ayənin bu sifətlərlə vəsf olunan müəyyən səhabələr barədə endiyini qeyd etməmişlər. Əksinə, sünni və şiə kitablarında bu ayənin nazil olma səbəbi İhsan Zahirin iddia etdiyindən fərqlidir. Şövkani Ənəs ibn Malikdən bu ayə barədə soruşulduğunu və onun da belə cavab verdiyini nəql edir: “Səhabələrdən bir dəstə adam vardı ki, məğrib namazından ta işanın sonuna qədər namaz qılardılar. Uca Allah onların barəsində bu ayəni endirdi: “Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində...”295

Əhməd ibn Hənbəl Muaz ibn Cəbəlin Peyğəmbərdən (s) belə nəql etdiyini yazır: “Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində...” bəndənin gecə namaza qalxmasıdır.296 Bu, əhli-sünnə kitablarındakı izahlardır.

Şiə mənbələrindəki Əhli-Beyt (ə) rəvayətlərinə müraciət etdikdə də bu ayənin gecə namazına qalxmağın fəzilətini297 bəyan etdiyini, yaxud məxsusi olaraq Əli (ə) və şiələri barəsində, onların gecənin əvvəlində yataraq sonlarında namaz üçün oyandıqları haqda nazil olduğu qeyd edildiyini görürük.298

Sonda deyə bilərik ki, bu ayə bütün səhabələrin deyil, onlardan bir dəstəsinin mədhidir, onların hamısı barədə deyil. Həmin mədhə hədəf olmaq üçün də onların öz əməllərinə davam etmələri şərtdir. Bu, aydın məsələdir.

Nəticə: Bəhs edilən ayədə bütün səhabələrin dürüstlüyü və Uca Allahın onların hamısından razı olması iddiası ilə heç bir əlaqə yoxdur. Əksinə, onlardan bir dəstəsinin xüsusiyyətlərindən söhbət açılır. Bir dəstə səhabəyə aid olan vəsfin bütün səhabələrə də aid olması zəruri deyil. İmamiyyə şiələri bunu inkar etmirlər. Onların etiqadına görə, bir dəstə səhabə imanın, Allaha və Peyğəmbərin (s) itaətin ali dərəcəsindədirlər. Beləliklə də ayədəki mətləbin isbatı mümkün olmadığı üçün onu dəlil göstərmək də yanlışdır.

Xülasə:
Bu ayənin izahından İhsan Zahirin qeyd etdiyi, həmçinin İmamiyyə şiələrilə digərləri arasında səhabələrin ədaləti və düzgünlüyü barədə ixtilaf mövzusu olan başqa ayələrin də halı aydın olur. İmamiyyə şiələri Peyğəmbərin (s) bütün səhabələrinin azmış və haqq yoldan üz döndərmiş kəslər olduqlarını iddia etmirlər. Belə bir iddianı onlara nisbət vermək açıq-aydın yalan və iftiradır. Bəzilərinin iddiasına zidd olaraq, səhabələrdən fasiqlik, mürtədlik, üsyan və nifaq kimi sifətlərə sahib olanları ədalət və dürüstlük kimi sifətlərlə vəsf etmək əsla doğru sayılmaz. Bu mövzuya dair qarşıdakı bəhslərdə də dəlillər təqdim ediləcək.

291 Ənfal, 71
292 Nur, 4
293 Tövbə, 25
294 Nur, 2
295 Neylul-əvtar, Şövkani, c. 3, s. 65
296 Müsnəd, Əhməd ibn Hənbəl, c. 5, s. 227
297 əl-Məhasin, Bərqi, c. 1, s. 286, hədis 434, 453
298 İləluş-şəraye, Səduq, c. 2, hədis 4, bab 86; Mən la yəhzuruhul-fəqih, c. 1, s. 1391

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе