»»

İmam Zeynəlabidinin (ə) səhabələr üçün duası | şübhəyə cavab

İlahi İhsan Zahir deyir: “Bu isə Zeynəlabidin ləqəbli Əli ibn Hüseynin sözləridir. Onların nəzərində dördüncü məsum imam, zəmanəsində Əhli-Beytin başçısı. Muhəmmədin (s) səhabələrini yad edir, məxluqatın əşrəfinə yardım etdikləri, tövhidin və Allahın risalətinin insanlara çatdırılmasına kömək göstərdikləri üçün namazında onlara rəhmət və məğfirət diləyərək dualar edir. Deyir: “Onları məğfirət və razılığınla yad et. İlahi, xüsusilə də Muhəmmədin səhabələrini! O kəslər ki, Peyğəmbərə (s) ən gözəl yardımçılar oldular, mərdliklə savaşdılar, risalətlərinin dəlilləri onların qulaqlarına çatdırdıqda dəvətini qəbul etdilər, sözünün ucalması üçün əhli-əyallarından ayrıldılar, nübuvvətinin dirçəlməsi üçün öz ataları və övladları ilə vuruşdular, onun vücudunun bərəkətindən döyüşlərdə qalib gəldilər, qəlblərində sevgisini bəslədilər, onun eşqində kasad olmayan bir ticarətə ümid etdilər, ona ürək bağlayanda qohumlarından ayrı düşdülər.

İlahi! Sənin yolunda Muhəmməd (s) səhabələrinin əldən verdiklərini lütf nəzərindən uzaq etmə, onları razı sal. İnsanları (Sənin) dininə dəvət edib dinin yolunda öz şəhər və diyarlarından uzaq düşmələrinə, rahatlıqdan çətinliyə düşmələrinə, dininin ucalması üçün zülm gördüklərinə görə onlara mükafat ver.

İlahi, iman, əxlaq və əməldə ona itaət edib: “İlahi, bizi və imanda bizdən irəli keçən qardaşlarımızı bağışla” deyənlərə, səhabələrin yolunu tutan və onların adətlərini tələb edənlərə, onların yolu ilə həyatlarına rövnəq verənlərə, əqidələrinə heç bir şəkk-şübhə qatmayanlara, onların yardımçılarına, dində onlarla müvafiq və həmfikir olanlara Özünün ən yaxşı mükafatını bəxş elə!”514

Müzakirə
Birinci: İmam Zeynəlabidin (ə) bu duada – sözlərindən də anlaşıldığı kimi – mütləq şəkildə bütün səhabələr üçün deyil, əksinə, bir dəstə xüsusi səhabələr üçün dua edir: “İlahi, xüsusilə də Muhəmmədin səhabələrini! O kəslər ki, ona (s) ən gözəl yardımçılar oldular, mərdliklə savaşdılar, risalətlərinin dəlilləri onların qulaqlarına çatdırdıqda dəvətini qəbul etdilər, sözünün ucalması üçün əhli-əyallarından ayrıldılar, nübuvvətinin dirçəlməsi üçün öz ataları və övladları ilə vuruşdular...” Belə səhabələrin mövcudluğunu və tərifə layiq olduqlarını şiələr inkar etmirlər. Onlar səhabələrin iki sinfə bölündüyünü təsdiqləyir. Bir sinfi Allahın, Rəsulunun (s) və Əhli-Beytin (ə) razılığının qərar tapdığı şəxslər, digər bir dəstəsi isə hənif dinin yolunda möhkəm ola bilməyən, Allahın qəzəbini cəlb edən əməllərə mürtəkib olanlardır. Necə ki, sonuncu dəstə barədə əvvəlki bəhslərdə bir çox nümunələr göstərdik.

İkinci: İmam Zeynəlabidindən (ə) varid olan və Əhli-Beyt (ə) tərəfdarlarının gecə-gündüz təkrarladıqları bu dua İhsan Zahirin şiələrin bütün səhabələrə mənfi münasibət bəslədiyi iddialarını puç edir. Həmçinin bu dua şiələrin Peyğəmbərə (s) ən gözəl şəkildə səhabəlik etmiş şəxslərə qarşı xoş və dost münasibətinin ən yaxşı dəlildir.

514 Şiə və Əhli-Beyt, s. 39 (“Səhifeyi-Səccadiyyə”dən nəql edilərək; 4-cü dua)

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе