»»

TƏQLİDİN HÖKMLƏRİ

Bağışlayan və mehriban Allahın adı ilə.

Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

 

İCTİHAD VƏ TƏQLİD

SUAL 1: “İctihad” və “təqlid”in mənası nədir: 


CAVAB: “İctihad” lüğətdə məşəqqətlə yanaşı hədsiz təlaş və çalışqanlıq mənasını bildirir. Fiqh leksikonunda isə zəhmət və çalışqanlıqla İslam fəqihlərinin nəzərində mötəbər sayılan mənbələrdən şəriət hökmlərinin ələ gətirilməsi mənasını ifadə edir. (Bu mənbələr “kitab”, “sünnə”, “icma” və “əql”dən ibarətdir.) Buna əsasən, dəlil sübutla şəriət hökmlərini ələ gətirib, öz rəy və nəzərinə əməl edən şəxsə “müctəhid” deyilir. (“Lisanul-ərəb”, “cohd” və ya “cəhd” sözü; “Ət-tənqihu fi şərhil-urvətul-vusqa”, “əl-ictihad vət-təqlid” sözü, səh.20.)


“Təqlid” itaət mənsaını daşıyır. Fiqh leksikonunda isə şəriət məsələlərində müctəhidin fətvasına əməl etməyə “təqlid” deyilir.

Qeyd etmək lazımdır ki, qeyd-şərtsiz itaət mənasını daşıyan “təqlid” sözü xoşagəlməz görünsə də, İslam təlimləri və mədəniyyətində müctəhidin elmi təlaşı və çalışqanlığının nəticəsindən bəhrələnən, eyni zamanda, şəriət hökmlərinin ələ gətirilməsində doğruluq və yanlışlıq məsuliyyətini müctəhidin öz öhdəsinə buraxan şəxsə “müqəllid” – təqlidçi deyilir. Bəlkə də “qəlladə” (boyunbağı) sözündən götürülən “təqlid” sözünün işlənməsində bu məqsədin izlənilməsi əbəs deyildir.

 

FƏTVANI EŞİTMƏYİN HÖKMÜ

SUAL 2: Kütləvi informasiya vasitələri (telefon, internet, televizor, radio və s.) ilə mərcəi təqlidin fətvasını eşitmək höccətdirmi, yəni müqəllid eşitdiyi həmin fətvaya əməl edə bilərmi?

CAVAB: Bütün mərcəi-təqlidlər: Əgər həmin informasiya vasitələrinin dediyinə yəqinlik əldə olunarsa, höccətdir və müqəllid həmin fətvaya əməl edə bilər.

(“Tozihul-məsail”, məsələ 5; “Əcvibətul-istiftaat – Şəri suallara cavablar”, Ayətullah Xamenei, sual 27; “Tozihul məsail”, Ayətullah Sistani, məsələ 4; “Tozihul-məsail”, Ayətullah Məkarim, məsələ 7; “Ürvətül-vüsqa”, 1-ci cild, məsələ 36; “Vəsilətun-nicat”, 1-ci cild, məsələ 27).

 

TƏQLİD ETMƏYİN VACİBLİYİ

SUAL 3: Nə üçün şəri hökmlərdə təqlid etməliyik? Təqlidin fəlsəfəsi nədir?

CAVAB: Hər bir müsəlman şəri-dini hökmlərin fəlsəfəsini öyrənmək istəyir və bu haqda maraqlanır. Təqlidin fəlsəfəsindən agahlıq isə digər hökmlərə nisbətən daha çox əhəmiyyət kəsb edir. Çünki hikmətli Allah İslam şəriətində mövcud olan vacib və haramları insanın dünya və axirət səadəti üçün nəzərdə tutmuşdur. Belə ki, insan onlara əməl etmədikdə, nə səadət və xoşbəxtliyə çatacaq, nə də əzabdan amanda qalacaqdır.

Şəri-dini hökmlərlə tanış olmaq üçün geniş agahlıq, o cümlədən, ayə və rəvayətlərin dərki, səhih hədislərlə qeyri səhih hədisləri tanımaq, ərəb dilinin morfologiya və sintaksisini, tərkib qaydalarını, ayə və rəvayətlərin cəmlənməsi və tətbiq yolunu, bu kimi onlarla elmi-dini sahəni dərindən öyrənmək lazımdır. Bu da təbii ki, uzun illər zəhmət tələb edir. Bu nöqtəni nəzərə alaraq, hər bir mükəlləf aşağıdakı üç variantdan birinə əməl etmək məcburiyyətində qalır:

1. Şəri-dini hökmlərə dərindən yiyələnməlidir (müctəhid olmalıdır); 
2. Hər bir hökmdə mövcud rəy və nəzərləri mütaliə etməli, həmin rəy və nəzərlər əsasında elə hərəkət etməlidir 
ki, səhvə yol verməsin (ehtiyata əməl etsin); 
3. Bu sahəni dərindən bilən, şəri-dini hökmlərin əldə olunmasında mütəxəssis (müctəhid) olan bir şəxsin rəy və 
nəzərindən bəhrələnməlidir. 

Şübhəsiz, əgər insan birinci variantda “ictihad” dərəcəsinə çatarsa, şəri-dini hökmlərdə mütəxəssis adına layiq görüləcək və digər iki variantdan ehtiyacsız olacaqdır.

İkinci variant da hər bir məsələ ilə bağlı irəli sürülmüş nəzərlərdə kafi məlumata, ehtiyat üsullarına ehtiyac duyulur və bir çox hallarda ehtiyatın çətinliyi, bunun nəticəsində adi həyat tərzinin pozulması ümumxalqın “təqlid” variantına əməl etməsinin labüdlüyünü irəli sürür.

Əlbəttə, qeyd etməliyik ki, bu üç variant yalnız şəri-dini hökmlərə deyil, hər bir sahəyə aiddir. Misal üçün, xəstəliyə tutulmuş bir mühəndisi nəzərdən keçirək. O, xəstəliyini dərman və müalicə etmək üçün, ya özü tibb elmində mütəxəssis olmalı, ya bütün həkimlərin həmin xəstəliklə bağlı nəzərlərini araşdırdıqdan sonra elə bir nüsxəyə əməl etməlidir ki, sonradan peşman olmasın, ya da hansısa bir mütəxəssis həkimə müraciət etməlidir. Sözsüz ki, birinci variant onu tez bir zamanda sağalda bilməz, ikinci variant da olduqca çətindir, geniş mütaliə və vaxt tələb etdiyindən öz mühəndislik sahəsindən yayınmaq məcburiyyətində qalacaq. Odur ki, üçüncü varianta üz tutmalı, yəni mütəxəssis həkimə müraciət etməli, onun nəzəri və nüsxəsindən yararlanmalıdır. O, mütəxəssis həkimin nəzərinə əməl etməkdə həm gələcək peşmançılıqdan, həm də yaxın və dostlarının qınağından qurtulacaq və hətta müalicə nəticəsində sağlığını da əldə edə biləcəkdir. Mükəlləf də mütəxəssis müctəhidin nəzər və fətvasına əməl etməklə həm axirət peşmançılığı və ilahi əzabdan qurtulacaq, həm də şəri-dini vəzifəsini yerinə yetirmiş olacaqdır.

 

MƏRCƏİ-TƏQLİDİN RİSALƏSİNİ OXUMAQ

SUAL 4: Bir müctəhidə təqlid etmək üçün onun risaləsini sona qədər oxumaq lazımdırmı?

CAVAB: Bütün mərcəi-təqlidlərə görə, xeyr, risaləni əvvəldən axıra kimi oxumaq lazım deyil! Lakin, adətən, ehtiyac duyulan şəri-dini məsələləri öyrənmək vacibdir.

(“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 6; “Tovzihul-məsail”, mərcəi-təqlidlər, məsələ 11; “Əl-urvətul vusqa”, 1-ci cild, səh.62, “təqlid” bölümü).

 

ƏLƏM (DAHA ELMLİ) MÜCTƏHİDİ TANIMAQ

SUAL 5: Bir müctəhidin daha elmli olmasını necə müəyyənləşdirə bilərik?

CAVAB: Bütün mərcəi-təqlidlərin nəzərinə əsasən, daha elmli müctəhidi üç yolla tanımaq mümkündür:

1. Bu məsələdə insan özü yəqinliyə çatsın; belə ki, özü elm əhlindən olub daha elmli müctəhidi tanıya bilsin. 
2. Daha elmli müctəhidi ayırd edə bilən iki ədalətli alim bir müctəhidin daha elmli olması barədə məlumat versin. 
(Bu şərtlə ki, digər iki ədalətli alim onların dediyi sözün əksinə şəhadət verməsin.) 
3. Daha elmli müctəhidi ayırd edə bilən bir qrup elm əhlinin dediyindən yəqinlik və xatircəmlik əldə etsin. 
(“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 25; “Tozihul-məsail”, məsələ 3.) 

Qeyd 1: Ayətullah Sistiani, Ayətullah Təbrizi və Ayətullah Vəhid: Hətta əgər bir nəfər elm əhlinin hansısa bir 
müctəhidin daha elmli olmasına dair dediyi söz insana xatircəmlik gətirərsə, kifayət edər. 

Qeyd 2: Ayətullah Bəhcət: Əgər insan hər hansı bir yolla müctəhidin daha elmli olmasına dair xatircəmlik əldə edə 
bilsə, kifayət edər.

 

TƏQLİDİN TARİXÇƏSİ

SUAL 6: Müctəhidə təqlid haçandan başlamışdır? Görəsən, Peyğəmbəri-Əkrəm (s) və məsum imamların (ə) da dövründə təqlid olubmu?

CAVAB: İlahi hökmləri öyrənmək və onlara əməl etməyin doğruluğuna əmin olmaq üçün fəqih və İslamşünas alimə müraciətin tarixi İslamın ilkin çağlarına – Peyğəmbəri-Əkrəm (s) və məsum imamların (ə) dönəminə gedib çıxır. Qurani-Kərimin “Ənbiya” surəsinin 7-ci ayəsində də buyurulur:

“Əgər bilmirsinizsə, “zikr” (bilik) əhlindən soruşun.”

Rəvayətlərdə “zikr və bilik əhli” (ayənin kamil və bariz nümunəsi olan) məsum imamlara aid edilsə də, ayənin nazilolma səbəbi və ümumiliyi onun əhatə dairəsini kiçiltmir və bütün bilik əhlinə, o cümlədən, fəqih və müctəhidlərə də aid edilir.

Həmçinin “Tövbə” surəsinin 122-ci ayəsində buyurulur: “Möminlərə hamılıqla (döyüş cəbhəsinə, cihada, yaxud dini elm mərkəzlərinə,) köç etmələri yaraşmaz. Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə dində agahlıq əldə etmək üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə (Allahın əzabı ilə) qorxutsunlar. Bəlkə onlar (yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!”

Şübhəsiz, ayədə göstərilən “dində agahlıq əldə emək” ibarəsi geniş məna kəsb edir və İslam maarifi və hökmlərini – üsuli-din və fürui-dini əhatə edir. Buna rəğmən, camaat dində agahlıq əldə edən, dini elm ocaqlarında dini-şəri məsələləri dərindən yiyələnən şəxsin sözlərini qəbul etməyə dəvət olunur. Bu da fəqih və müctəhidə müraciət və təqlid etmək deməkdir.

Peyğəmbəri-Əkrəm (s) bəzi səhabələrini dini hökmləri və İslam maarifini təbliğ etmək və öyrətmək üçün ətraf məntəqələrə ezam edirdi. Müsəb ibn Ümeyr və Məaz ibn Cəbəl bunun bariz nümənələrindəndir. O həzrət ezam etdiyi səhabələrinə buyurardı: “Elmsiz fətva verməkdən çəkinin, yoxsa mələklərin lənətinə düçar olarsınız".

Bu rəvayət də onu göstərir ki, Peyğəmbəri-Əkrəmin (s) əsrində fəqih və İslam alimi fətva verir, camaat da onun sözünü qəbul edir və ona təqlid edirmiş. Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra da, fəqih və İslam aliminə müraciət və təqlid davam edir, nəhayət, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə bu məsələ vüsət tapır. Həmin imamların məktəbində bir çox fəqih və müctəhidlər yetişərək, İslam maarifini, dini-şəri hökmləri təbliğ etmək və öyrətmək məqsədilə uzaq və ucqar məntəqələrə köç edir, İslam maarifinə təşnə olanlar dini-şəri məsələlərini onlardan öyrənirdilər. Buna “təqlid” deyilir ki, aşağıda onun bəzi nümunələrinə işarə edirik:

1. İmam Baqir (ə) Əban ibn Təğlibə buyurur: “Mədinə məscidində əyləş və camaata fətva ver. Çox istərdim ki, şiələrimin arasında sənin kimi şəxslər olsun".

2. Şüeyb Əqrəqovqidən nəql olunur ki, imam Sadiqə (ə) dedim: “Bəzən dini sual və şübhələrlə rastlaşırıq, sizə əlimiz çatmadıqda, kimə müraciət etməyimizi məsləhət görürsünüz?” İmam (ə) onun cavabında buyurdu: “Siz Əbu Bəsirə müraciət edə bilərsiniz.”

3. Həsən ibn Əli ibn Yəqtin nəql edir ki, imam Rzadan (ə) soruşdum: “Qarşılaşdığım və ehtiyac duyduğum hər bir dini-şəri məsələni sizdən soruşub öyrənə bilmirəm. Yunis ibn Əbdürrəhmana etimad edib, dini-şəri ehtiyaclarımın cavablarını ondan öyrənə bilərəmmi?” İmam Rza (ə) buyurdu: “Bəli!”

4. İmam Mehdi (ə.c.) İshaq ibn Yəquba yazdığı şərif məktubda belə buyurur:

“Vaqe olacaq hadisələrdə bizim hədislərimizin ravilə rinə (fəqihlərə) müraciət edin ki, onlar mənim sizin üzərinizdəki höccətim (nümayəndəm) və mən də Allahın onların üzərindəki höccətiyəm".

Bu məktub və digər rəvayətlərə əsasən, böyük qeyb dönəmində fəqih və müctəhidə müraciət növbəti mərhələyə – “ictihad” və “təqlid” mərhələsinə qədəm qoydu, müəyyən şərtlərə sahib fəqih və müctəhidlər fətva vermək və dini-şəri suallara cvab vermək məsuliyyətini öz öhdələrinə götürdülər. Bu proses indiyə qədər davam edir və bundan sonra da davam edəcəkdir.

 

TƏQLİDİN MEYARI

SUAL 7:

a) Daha elmli müctəhidə təqlid nə zaman gerçəkləşir?

CAVAB: Bütün müctəhidlərin nəzəri: Müctəhidin fətvasına əməl olunduğu zaman təqlid gerçəkləşir. (“Tozihul-məsail”, məsələ 2; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 34;)

b) Əgər “Risalə”si (“Tozihul-məsail” kitabı) olmayan daha elmli müctəhidə təqlid etmək caizdirmi?

CAVAB: Bütün müctəhidlərin nəzəri budur ki, həmin müctəhid “mərcəiyyət” (daha elmli müctəhid olma) şərtlərinə sahibdirsə, ona təqlid etmək caizdir və risaləsinin olması şərt deyil! (“Tozihul-məsail”, məsələ 2; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 9;)

 

VƏFAT ETMİŞ MÜCTƏHİDƏ TƏQLİD ETMƏYİN HÖKMÜ

SUAL 8: Təqlid etdiyim müctəhid vəfat etmişdir, amma onu diri müctəhidlərdən daha elmli bilirəm. Bu zaman vəfat etmiş müctəhidə təqlidi davam etdirməliyəmmi?

CAVAB: Mərhum Ayətullah Xomeyni, Ayətullah Xamenei, Ayətullah Nuri Həmədani: Bəli, ona təqlid edə bilərsiniz.[1]

Ayətullah Bəhcət: Əməl etdiyiniz məsələlərdə həmin müctəhidə təqlidi davam etdirməyiniz vacibdir.[2]

Ayətullah Təbrizi: Həmin müctəhidin diri olduğu müddətdə ondan öyrəndikləriniz məsələlərdə mütləq ona təqlid etməlisiniz.[3]

Ayətullah Safi: Vacib ehtiyata əsasən, ona təqlidi davam etdirməlisiniz.[4]

Ayətullah Sistani, Ayətullah Fazil Lənkərani, Ayətullah Vəhid Xorasani: Vəfat etmiş müctəhidə təqlidi mütləq davam etdirməlisiniz.[5]

Ayətullah Məkarim Şirazi: Vəfat etmiş müctəhidin fətvasına uyğun əməl etdiyiniz məsələlərdə həmin müctəhidə mütləq təqlid etməlisiniz.[6]

[1] “İstiftaat”, Seyid Xomeyni, sual 20; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 35; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 1-ci cild, sual 8.

[2] “Tozihul-məsail”, məsələ 12 və 13; “Vəsilətun-nəcat”, 1-ci cild, məsələ 14.

[3] “İstiftaat”, sual 26.

[4] “Tozihul-məsail”, məsələ 9; Camiul-əhkam”, 1-ci cild, sual 20.

[5] Həmin müctəhidlərə məxsus “Tozihul-məsail”, məsələ 9.

[6] “Tozihul-məsail”, məsələ 10.

 

TƏQLİDİN BÖLÜNMƏSİ

SUAL 9: Təqlidin bölünməsinə icazə verilirmi? Yəni bəzi məsələlərdə bir müctəhidin, bəzi məsələlərdə isə digər bir müctəhidin fətvasına əməl eyməyə icazə verilirmi?

CAVAB: Ayətullah Vəhid Xorasanidən başqa, bütün müctəhidlərə görə, iki və ya bir neçə müctəhid elmdə bərabər olduğu təqdirdə, təqlidin bölünməsinə icazə verilir. Misal üçün, namaz və orucun hökmlərində bir müctəhidə, xümsün hökmlərində başqa bir müctəhidə, evlilik məsələlərində isə üçüncü bir müctəhidə təqlid etmək caizdir. Amma bir-birinə bağlı məsələlərdə bu sayaq təqlidə icaz verilmir. Misal üçün, bədən və libasın nəcis olmasının hökmlərində bir müctəhidin, namazqılanın libasının hökmlərində isə başqa bir müctəhidin fətvasına əməl etmək caiz deyildir.

(“İstiftaat”, Seyid Xomeyni, 1-ci cild, sual 8-9; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 18; “Təliqatun ələl urvə”, Ayətullah Sistani, məsələ 13 və 33; “İstiftaat”, Ayətullah Məkarim Şirazi, 2-ci cild, sual 11; “Camiul-əhkam”, Ayətullah Safi, 13-cü cild, məsələ 1 və 4; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 2-ci cild, sual 11 və 1-ci cild, sual 4; “Vəsilətun-nəcat”, Ayətullah Bəhcət, 1-ci cild, məsələ 4 və “Tovzihul-məsail”, məsələ 5; “Camiul-məsail”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, sual 11-12; “İstiftaat”, Ayətullah Təbrizi, sual 42.)

Ayətullah Vəhid Xorasani: Təqlidin bölünməsinə icazə yoxdur. İki və ya bir neçə müctəhid elmdə bərabərdirsə, nəzər və fətvaları ehtiyata uyğun olan müctəhidə təqlid etmək lazımdır. Əks halda, iki müctəhidi cəm etmək lazımdır. Belə ki, əgər bir müctəhid namazın “qəsr” qılınmasını, digər bir müctəhid isə bütöv qılınmasını deyirsə, hər iki fətvaya əməl edilməlidir. Əgər ehtiyata əməl etmək mümkün deyilsə və yaxud çətindirsə, onlardan birinə təqlid etmək lazımdır. (“Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 4.)

QEYD 1: Qeyd edilən hökm ibtidai bölgüyə aiddir; yəni müqəllid üçün nəzərdə tutulan bu seçim o zaman gerçəkləşə bilər ki, öncədən hökmə əməl olunmasın. Əgər hökmə əməl etdikdən sonra başqa bir müctəhidin fətvasına uyğun əməl etmək istəsə, bu zaman “üdul” (müctəhidi dəyişmək) hökmünü daşıyacaqdır.

QEYD 2: Ayətullah Bəhcət və Ayətullah Sistaninin fətvasına əsasən, təqlidin bölünməsinə o zaman icazə verilir ki, müctəhidlər təqvada da bərabər olsunlar.

 

VƏFAT ETMİŞ MÜCTƏHİDƏ TƏQLİDDƏ QALMAĞIN HÖKMÜ

SUAL 10: Əgər vəfat etmiş müctəhid elm və təqvada diri müctəhidlə bərabərdirsə, vəfat etmiş müctəhidə təqliddə qalmağın hökmü nədir?

CAVAB: Seyid Xomeyni, Ayətullah Xamenei, Ayətullah Fazil Lənkərani, Ayətullah Nuri: Əgər bir şəxs bəzi məsələlərdə bir müctəhidə təqlid edibsə, həmin müctəhid vəfat etdikdən sonra bütün məsələlərdə ona təqliddə qala bilər.

(“Tozihul-məsail”, Seyid Xomeyni və Ayətullah Fazil Lənkərani, məsələ 9; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 34 və 41; “Tozihul-məsail”, Ayətullah Nuri, məsələ 10.)

Ayətullah Bəhcət və Ayətullah Məkraim Şirazi: Yalnız əməl etdiyi məsələlərdə vəfat etmiş müctəhidə təqliddə qala bilər.

(“Tozihul-məsail”, Ayətullah Bəhcət, məsələ 12-13; “Tozihul-məsail”, Ayətullah Məkraim Şirazi, məsələ 10.)

Ayətullah Vəhid: Əgər bir şəxsin təqlid etdiyi (və həyatını dərk etdiyi) müctəhid vəfat etdikdən sonra diri müctəhidin vəfat etmiş müctəhidlə müqayisədə daha elmli (və hətta bərabər) olması təqlid edən şəxsə sabit olmadığı vaxta qədər vəfat etmiş müctəhidin fətvasına əməl etməlidir.

(“Tozihul-məsail”, məsələ 9).

Ayətullah Təbrizi: Yalnız əməl etmək üçün öyrəndiyi məsələlərdə vəfat etmiş müctəhidə təqliddə qala bilər.

(“İstiftaat”, sual 14 və 50).

Ayətullah Safi: Əgər bir şəxs bəzi məsələlərdə bir müctəhidin fətvasına əməl edərsə və yaxud əməl etmək niyyətində olarsa, həmin müctəhid vəfat etdikdən sonra bütün məsələlərdə ona təqliddə qala bilər.

(“Camiul-əhkam”, 1-ci cild, səh.20).

Ayətullah Sistani: Bəzi məsələlərdə bir müctəhidin fətvasına əməl etməyi qərara aldıqdan sonra (hətta əməl etməsə də), həmin müctəhidin vəfatından sonra bütün məsələlərdə ona təqliddə qala bilər. Əlbəttə, namazı “bütöv”, yaхud “qəsr” qılmaq kimi iхtilaflı hallarda vəzifəsinə ümumi əhatəsi (icmali elmi) оlarsa, vacib ehtiyata əsasən, hər iki fətvaya riayət etməlidir.

(“Tozihul-məsail”, məsələ 8).

 

“ÜDUL” ETMƏYİN (TƏQLİDİ DƏYİŞMƏYİN) HÖKMÜ

SUAL 11: Elm və təqvada bərabər olan diri müctəhidə “üdul” etməyə (istər büövlükdə, istərsə də bəzi məsələlərdə bir müctəhiddən başqa bir müctəhidə müraciət etmək və təqlidi dəyişməyə) icazə verilirmi?

CAVAB: Seyid Xomeyni və Ayətullah Fazil Lənkərani: Bərabər olan müctəhidə müraciət etmək (təqlidi dəyişmək) caizdir. (“Təhrirul-vəsilə”, Seyid Xomeyni, 1-ci cild, məsələ 4; “Tozihul-məsail”, Ayətullah Fazil Lənkərani, məsələ 11.)

Ayətullah Bəhcət və Ayətullah Sistani: İstər bütövlükdə, istərsə də bir-birinə əlaqəsi olmayan məsələlərdə elm və təqvada bərabər olan müctəhidə təqlidi dəyişmək caizdir. (Misal üçün, müsafirin orucu ilə bağlı məsələlərdə birinci müctəhiddə təqliddə qalıb, namazın hökmlərində isə ikinci müctəhidə “üdul” edə (təqlidi dəyişə) bilməz.) (“Vəsilətun-nəcat”, Ayətullah Bəhcət, 1-ci cild, məsələ 4; “Təliqat ələl-urvə”, Ayətullah Sistani, məsələ 11 və 13.)

Ayətullah Təbrizi: Öyrəndiyi məsələlərdə başqa bir müctəhidə təqlidi dəyişmək caiz deyildir. (“İstiftaat”, sual 11.)

Ayətullah Safi: Vacib ehtiyata əsasən, öyrəndiyi məsələlərdə bərabər olan müctəhidə təqlidi dəyişmək caiz deyildir. (“Camiul-əhkam”, 1-ci cild, sual 18.)

Ayətullah Xamenei: Vacib ehtiyata əsasən, bərabər olan müctəhidə təqlidi dəyişmək caiz deyildir. (“Əcvibətul istiftaat”, Ayətullah Xamenei, sual 31.)

Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri: Təqlid (əməl) etdiyi məsələlərdə bərabər olan müctəhidə təqlidi dəyişmək caiz deyildir. (“İstiftaat”, Ayətullah Məkarim Şirazi, 2-ci cild, sual 14 və 1-ci cild, səh.26; “İstiftaat”, Ayətullah Nuri, 2-ci cild, sual 12.)

Ayətullah Vəhid Xorasani: Ehtiyata uyğun olan fətvaya əməl etməlidir. Ehtiyata əməl etmək mümkün olmadığı və yaxud çətin olduğu təqdirdə, başqa bir müctəhidin fətvasına əməl edə bilər. (“Minhacus-salihin”, 2-ci cild, məsələ 8 və “Tozihul-məsail”, məsələ 4.)

 

“EHTİYAT”IN MƏNASI

SUAL 12: “Vacib ehtiyat” və “müstəhəb ehtiyat” nə deməkdir?

CAVAB: Əgər mərcəi-təqlid (müctəhid) hər hansı bir məsələdə qəti fətva vermədən “vacib ehtiyat” ifadəsi eşlədibsə, bu halda, təqlid edən şəxs həmin məsələni tərk edə bilməz; ya bu ehtiyata əməl etməlidir, ya da elmdə təqlid etdiyi müctəhiddən aşağı, digər müctəhidlərdən isə üstün olan müctəhidə mürciət etməlidir. (Əgər ikinci müctəhid də uyğun məsələdə “vacib ehtiyat”a əməl olunduğunu deyibsə, elmdə ikinci müctəhiddən aşağı, digər müctəhidlərdən isə üstün olan üçüncü bir müctəhidə müraciət etməlidir.)

Amma “müstəhəb ehtiyat” deyilən məsələdə, təqlid edən şəxs həmin məsələni tərk edə bilər, amma ona əməl edərsə, savab verilər. (Mərcəi-təqlidlərin “Tozihul-məsail” kitabı, məsələ 7-8.)

 

 

(c) maide.az

 

Рейтинг

В этом разделе