»»

Hidayət olanlar 89 - Sohi Enho Sakolin

Adı: Sohi Enho Sakolin

Ölkə: Meksika

Keçmiş dini (Məzhəbi): Xristian 

 

 

 

 

Bismillahir-Rəhmanir-Rəhim

Mən Meksikadan olan Sohi Enho Sakolinəm. Təxminən 10 ildir ki, İranda yaşayıram.

Həyat yoldaşımla Meksikada tanışıb evləndikdən sonra, övladlarımız dünyaya gələndə İslam dinini daha yaxından tanımaq üçün İrana getməyə qərar verdik. Həyat yoldaşımla birlikdə Meksikada təxminən yeddi il yaşadıq və Fatimə, Səidə və Mehdi adlı üç övladımız dünyaya gəldi. Uşaqlarımız böyüyüb məktəb yaşına çatanda gördük ki, Meksikadakı məktəblərin şəraiti və mədəniyyəti İslam mədəniyyəti ilə uyğun gəlmir. Xüsusilə qızların məktəbdə geyindikləri geyimlər münasib deyildi. Buna görə də həyat yoldaşım uşaqlarımızın təhsili və dini tərbiyəsi üçün İrana köçməyi və həyatımıza sıfırdan başlamağı təklif etdi. Orada övladlarımız İslam mədəniyyəti içində böyüyəcək və fars dilini öyrənəcəkdilər. Düşünürəm ki, bu qərar həyatımızda verdiyimiz ən böyük və ən doğru qərarlardan biri idi.

Həyat yoldaşımla tanışlığımız Meksikadakı bir dil institutunda başladı. O zaman on yeddi yaşım var idi və onu ilk dəfə orada gördüm. O, institutun ortaqlarından biri idi, mən isə yapon dili müəllimi kimi çalışırdım. Onun gözəl əxlaqı mənə çox təsir etdi. Sonralar mənə dedi ki, gözəl əxlaq İslam dininin ayrılmaz bir hissəsidir və İslamın yayılmasında mühüm rol oynayır.

Onun əxlaqını və daxili rahatlığını gördükdən sonra onu daha yaxından tanımaq istədim və ona müxtəlif suallar verdim. O da mənə öz etiqadından, İslamdan danışdı və İslamın necə bir din olduğunu izah etdi. Gördüm ki, İslam çox gözəl bir dindir və bizim dinimizlə də bir çox oxşarlıqları var. Mən katolik idim və demək olar ki, hər gün İncili oxuyurdum, ona böyük marağım var idi.

Həyatımı hər zaman Allahın əmrlərinə uyğun yaşamağa çalışmışam. İslamı tanıdıqdan sonra başa düşdüm ki, İncildə mühüm hesab edilən bir çox məsələlər İslamda da tövsiyə olunur. Həyat yoldaşım mənə Meksika dilində tərcümə olunmuş bir Qurani-Kərim hədiyyə etdi. Bu kitab İranın Meksikadakı səfirliyi tərəfindən verilmişdi. Qurani-Kərimi oxumağa başladım və bu gözəl dinin təlimləri ilə tanış oldum. Qurani-Kərimi nə qədər çox oxuyur, İslamı nə qədər yaxından tanıyırdımsa, ona olan marağım da bir o qədər artırdı. Nəhayət müsəlman olmağa qərar verdim və sonra İran səfirliyində həyat yoldaşımla evləndim.

Bir il sonra ilk övladım Fatimə dünyaya gəldi. Daha sonra Allah bizə Səidəni və Mehdini bəxş etdi. İrana köçməyə qərar verdik və son övladım Məhəmmədəli İranda dünyaya gəldi. İrana gəldiyim üçün çox xoşbəxtəm. Burada Meksikada tapa bilmədiyim bir rahatlığa sahib oldum. Həyat yoldaşım məni ilk dəfə məscidə apardı. İnsanlar mənimlə çox mehriban davrandılar və məni səmimi şəkildə qarşıladılar.

İlk dəfə dini mərasimlərdən birində iştirak edəndə qadınların və kişilərin İmam Hüseyn (ə) üçün necə ağladıqlarını və Əhli-beyt (ə) üçün necə yas saxladıqlarını gördüm. Bu mənə çox təsir etdi. O zaman başa düşdüm ki, Meksikada olarkən həyat yoldaşımın üç gün ərzində dinləyib ağladığı kaset nə imiş. O vaxt fars dilini bilmədiyim üçün kasetdə deyilənləri anlamırdım və həyat yoldaşımdan soruşurdum. O isə mənə İmam Əli (ə), Həzrət Fatimə (s.ə), İmam Hüseyn (ə) və Həzrət Ruqəyyə (s.ə) haqqında danışırdı və ağlayırdı. Bu, mənim ilk dəfə idi ki, bir insanın Allah yolunda ağladığını görürdüm.

Bu söhbətləri dinləməkdən çox zövq alırdım. Amma İrana gəldikdən sonra dini mərasimlərdə iştirak etmək mənim üçün daha da xoş oldu və mənə dərin bir rahatlıq bəxş etdi. Məsumların həyatını və çəkdikləri müsibətləri dinləyəndə ağlayıram və özümü çox yüngülləşmiş hiss edirəm. O zaman bu dünyaya nə üçün gəldiyimizi daha yaxşı anlayıram. Biz Allaha itaət etmək üçün buradayıq və həyata, onun çətinliklərinə baxışım tamamilə dəyişdi.

Həzrət Zeynəbin (s.ə) çəkdiyi çətinliklərdən və göstərdiyi səbirdən nə qədər dərs götürə bilərik? Bizim yaşadığımız çətinliklər onun çəkdiklərinin yanında heç nədir. Onun bu dünyaya gəlişinin məqsədlərindən biri bizə öyrətmək idi ki, qarşılaşdığımız hər cür çətinlikdə, istər maddi olsun, istər başqa sahədə, heç vaxt naşükürlük etməməliyik. Hər zaman Allaha şükür etməliyik.

Nə üçün bizim nümunələrimiz Həzrət Fatimə (s.ə), Həzrət Zeynəb (s.ə) və Həzrət Həcər (s.ə) olmasın? Bu böyük şəxsiyyətlərin həyatına baxın və onları özünüzə örnək götürün! Mənim nümunəm Həzrət Fatimədir (s.ə). Buna görə də hicabıma riayət etməyə və onun buyurduqlarına əməl etməyə çalışıram.

Allah kömək etsə, Həzrət Fatimə (s.ə) haqqında daha çox məlumat əldə etmək, yaxşı ana, yaxşı həyat yoldaşı, yaxşı gəlin və cəmiyyət üçün faydalı bir insan olmaq istəyirəm. Öyrəndiklərimizi həyatımızda tətbiq etmək çox mühüm məsələdir.

İranda üç il qaldıqdan sonra anamı görmək üçün Meksikaya getdim. Demək olar ki, hamı mənim müsəlman olduğumu bilirdi və anama soruşurdular: "Nə üçün qızının müsəlman olmasına icazə verdin?" Anam onlara belə cavab verirdi: "Din bir ağaca bənzəyir. Ağacın yaxşı olub-olmadığını onun meyvəsindən başa düşmək olar. Qızım müsəlman olduqdan sonra görürəm ki, davranışları daha da gözəlləşib, daha çox rahatlıq tapıb və hər kəsə kömək edir. Onun davranışlarında məni narahat edən və ya incidən heç nə görməmişəm. Buna görə də onun dini yaxşı dindir və seçimi doğrudur."

Namaz qılmaq istəyəndə anam uşağımı məndən aldı və dedi: "Get namazını qıl, sonra sənə bir neçə sual verəcəyəm." Namazdan sonra anam mənə İslam dini haqqında çoxlu suallar verdi və mən də onların hamısını cavablandırdım. Sonra yanımıza başqa insanlar gələndə gördüm ki, anam mənim verdiyim cavabları olduğu kimi onlara danışır və onlar da anamın söylədiklərini böyük maraqla dinləyirlər. Bu mənim üçün çox maraqlı idi.

 

(c) al-mostabserin.com

Рейтинг

В этом разделе