»»

Abdulla ibn Səba haqqında şübhələrə cavab (1-ci hissə)

Hüseyn əl-Musəvi yazır:

“Biz şiələrin nəzərinə əsasən, Abdullah ibn Səba saxta və heç bir həqiqəti olmayan şəxsiyyətdir ki, əhli-sünnə şiələri və onların əqidələrini bədnam etmək məqsədilə onu uydurmuş, camaatı Əhli-Beyt məzhəbindən uzaqlaşdırmaq üçün şiə etiqadının əsasının qoyulmasını onun adı ilə bağlamışdır”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.9

CAVAB:

Fəqihlik və ictihad iddiası edən bir kəs üçün adi bir şəxsin tərcümeyi-halını müəyyənləşdirə bilməmək olduqca təəccüblü haldır. Halbuki keçmiş və müasir şiə fəqihlərinin arasında az qala icma həddində olan məşhur rəy Abdullah ibn Səba adlı bir şəxsin mövcud olmasıdır. Məşhur tərcümeyi-hal (rical) kitablarında alimlər onun haqqında qeydlər veriblər.

Şeyx Tusi özünün “Rical” kitabında yazır:

عبد الله بن سبأ الذي رجع إلى الكفر وأظهر الغلو.

“Abdullah ibn Səba küfrə qayıtmış və ğüluvv etmişdir (düşüncələrində həddi aşmışdır)”. (“Rical”, Şeyx Tusi, səh.80.)

Əllamə Hilli özünün “Xulasətul-əqval” kitabında yazır:

عبد الله بن سبأ غالٍ ملعون، حرَّقه أمير المؤمنين عليه السلام بالنار، كان يزعم أن عليًّا عليه السلام إله، وأنه نبي.

“Abdullah ibn Səba ğüluvv edən lənətlənmiş kəsdir, Əmirəl-möminin Əli (ə) onu odda yandırmışdır. O, İmam Əlinin (ə) ilah, özünün isə peyğəmbər olduğunu iddia edirdi”. (“Xulasətul-əqval”, Əllamə Hilli, səh.237.)

Bu sözlər “ət-Təhrirut-Tavusi” əsərində Seyid Əhməd ibn Tavusun “Həllul-işkali fi mə`rifətir-rical” kitabından (səh.173.) nəql edilən sözlərin eynisidir.

Əbu Əmr əl-Kəşşi deyir:

كان يدَّعي النبوة وأن عليًّا عليه السلام هو الله، فاستتابه عليه السلام ثلاثة أيام فلم يرجع، فأحرقه في النار في جملة سبعين رجلاً ادَّعوا فيه ذلك

“O (yəni Abdullah ibn Səba), özünün peyğəmbərliyini və Əlinin (ə) Allah olduğunu iddia edirdi. İmam Əli (ə) üç gün ondan tövbə etməsini tələb etdi, lakin o, iddiasından geri çəkilmədi. Sonda Əmirəl-möminin (ə) Abdullah ibn Səbanı onunla eyni iddiada olan yetmiş nəfərlə birlikdə odda yandırdı”. (İbn Davudun “Rical”ından, ikinci bölüm, səh.30; “Tənqihul-məqal”, 2/184. əl-Kəşşinin bu sözləri “Ricalul-Kəşşi” adı ilə məşhur olan “İxtyaru mə`rifətir-rical” kitabında qeyd edilməyib.)

Şeyx Yusuf Bəhrani yazır:

وابن سبا هذا هو الذي كان يزعم أن أمير المؤمنين عليه السلام إله، فاستتابه أمير المؤمنين ثلاثة أيام، فلم يتب فأحرقه

“İbn Səba Əmirəl-möminin Əlinin (ə) ilah olduğunu iddia edən şəxsdir. İmam Əli (ə) ondan üç gün tövbə etməsini tələb etdi, lakin o tövbə etmədikdə onu odda yandırdı”. (“əl-Hədaiqun-nazirəh”, 8/511.)

Bu və bu mövzuda digər sözlər... Bunlar ictihad və rəvayətlər barədə məlumatlı olmaq iddiaçısı bir kənara dursun, hətta ən aşağı səviyyəli tələbələrə belə gizli deyildir.

* * *

Müəllif yazır:

“Seyid (!) Muhəmməd Hüseyn Ali Kaşiful-Ğitadan Abdullah İbn Səba haqqında soruşduğumda dedi: “İbn Səba xürafi şəxsdir, əməvi və abbasilər pak Əhli-Beytiə (ə) olan nifrət və düşmənçilikləri səbəbindən onu uydurmuşlar. Ağıl sahibi insanın belə şəxslərlə özünü məşğul etməsi məsləhətli deyildir”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.9

CAVAB:

Şeyx Kaşiful-Ğitadan nəql etdiyi sözlərin onun tərəfindən söyləndiyinə heç yerdə rast gəlinməyib. Müəllifin ondan söz nəql etməsinə isə etibar olunmur və əhəmiyyətsizdir.

Əgər Şeyx Kaşiful-Ğitanın (r.ə) bu sözləri söylədiyini fərz etsək, bəlkə də Şeyxin məqsədi Abdullah ibn Səba haqqında uydurulan nağılları inkar etməkdir ki, bunların əməvi və abbasilər tərəfindən ortaya atıldığını bildirir. Beləliklə də Abdullah ibn Səba adlı şəxsin varlığını inkar etmir. Çünki onun varlığını özünün “Əsluş-şiəti və usuluha” kitabında açıq bəyan etmişdir. Qarşıda onun sözlərini qeyd edəcəyik.

* * *

Müəllif yazır:

“Lakin mən onun məşhur “Əsluş-şiəti və usuluha” kitabının 40-41-ci səhifələrində bu şəxsin mövcudluğuna və varlığının isbatına dəlalət edən qeydlərlə rastlaşdım. Yazır: “Şiəyə caladıqları Abdullah ibn Səbaya gəldikdə, bütün şiə kitabları onu aşkar lənətləyir və ondan uzaqlıqlarını bəyan edirlər...”.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.9

CAVAB:

Aralarında Şeyx Kaşiful-Ğita da olmaqla şiə alimlərinin məşhur rəyi Abdullah ibn Səba adlı şəxsin mövcud olduğu və Əmirəl-möminin Əlinin (ə) Allah olduğu iddiası etdiyi barədədir. İmam Əli (ə) onunla eyni iddiada olan şəxslərlə birlikdə onu da odda yandırmışdır. Tərcümeyi-hal kitablarına nəzər salan hər bir şəxs bunu bilir.

“Əsluş-şiəti və usuluha” kitabında qeyd olunanlara gəldikdə, həmin sözlərin özü müəllifin Şeyx Kaşiful-Ğitadan nəql etdiyi əvvəlki sözünün yanlışlığının dəlilidir.

Yalan uyduranların əməllərindən insanın təəccübü əsla bitmək bilmir! Onlar yalanlar uydurur, sonra onu şiələrə nisbət verirlər. Müəllif də bir yalan uyduraraq onu Kaşiful-Ğitaya nisbət verir, sonra da alimin sözlərinin öz kitabındakı fikirlərilə ziddiyyət təşkil etdiyini söyləyir.

* * *

Müəllif yazır:

“Şübhə yoxdur ki, bu sözlər həmin şəxsin vaxtilə mövcudluğuna dəlalət edir. Bunlarla əlaqədar ona müraciət etdikdə isə dedi: “Biz bunları təqiyyə olaraq söyləmişik. Həmin kitabın ünvanlandığı şəxslər əhli-sünnə məzhəbinin ardıcıllarıdır. Ona görə də oradakı sözümün ardınca demişəm: “Abdullah ibn Səba (və onun kimilərlə) bağlı hədislərin hamısı xurafatdır, nağılbazların və boşboğazların uydurmalarıdır””.

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.9

CAVAB:

Burada təqiyyə etməyi anlamaq olmur, bunun mənası nədir?!

“Əsluş-şiəti və usuluha” kitabında Abdullah ibn Səbanın varlığını təqiyyə olaraq qəbul etməyin nə əlaqəsi vardır?!

Məgər Şeyx Kaşiful-Ğita özünün şiə əqidəsindən bəhs edən “Əsluş-şiəti və usuluha” kitabını təqiyyə edərəkmi yazmışdır?! Şiənin etiqadının bəyanını özündə ehtiva edən, buna rəğmən təqiyyə edilərək qələmə alınan və özündə onların əqidələrinə zidd məsələlərin yer aldığı bir kitabı necə yaza bilər?!

Bu və buna bənzər sözlərdən anlaşılır ki, müəllif təqiyyənin həqiqi mənasını anlamamış, təqiyyənin heç bir bəraəti olmayan xalis yalandan ibarət olduğunu zənn etmişdir. Əhli-sünnənin əksəriyyəti təqiyyəni bu mənada başa düşür. Bu isə tamamilə yanlış düşüncədir. Allaha həmd olsun ki, bu kitabda müəllifin nəql etdiyi bir çox hekayələrdə özünün yalanları ifşa olunmuşdur.

* * *

Müəllif yazır:

“Seyid Mürtəza Əskəri “Abdullah ibn Səba və digər əfsanələr” adlı kitab yazmış və həmin kitabda Abdullah ibn Səba adlı şəxsin ümumiyyətlə mövcudluğunu inkar etmişdir. Seyid Mürtəza Əskərinin qeyd olunan kitabına yazdığı müqəddiməsində Seyid (!) Muhəmməd Cavad Muğniyə də onun mövcudluğunu inkar edir”.

 

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.9

CAVAB:

Abdullah ibn Səbanın mövcudluğu və ya uydurma şəxsiyyət olduğu barədə ixtilafın varlığı heç kəsə gizli deyil. Onun varlığını təsdiqləyən və inkar edən fikirlər mövcuddur. Bu məsələnin şiə və ya əhli-sünnə ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Çünki bu, rical (şəxsiyyətlər) və ya tarixlə bağlı məsələdir.

Əgər Seyid Mürtəza Əskəri, Şeyx Muğniyə və ya digərləri Abdullah ibn Səbanın mövcud olmadığı və uydurma bir şəxsiyyət olduğu qənaətinə gəlmişlərsə, bəzi əhli-sünnə alimləri də eyni fikri təsdiqləmişlər. Onlardan:

Doktor Taha Hüseyn: O, özünün “əl-Fitnətul-kubra” kitabında c.2 səh.98-də yazır:

أقل ما يدل عليه إعراض المؤرخين عن السبئية وعن ابن السوداء في حرب صفين أن أمر السبئية وصاحبهم ابن السوداء إنما كان متكلَّفاً منحولاً وقد اختُرع بأخرة، حين كان الجدال بين الشيعة وغيرهم من الفرق الإسلامية، أراد خصوم الشيعة أن يُدخلوا في أصول هذا المذهب عنصراً يهودياً، إمعاناً في الكيد لهم والنيل منهم.

“Buna ən azı tarixçilərin İbn Səba, İbn Sevda və yoldaşlarının saxta və uydurma şəxslər olduğu, Siffin müharibəsinə dair şiələrlə digər İslam firqələri arasında gedən mübahisələrdə hiylə quraraq şiə məzhəbini gözdən salmaq və alçaltmaq məqsədilə onların əqidələrinə yəhudi ünsürü daxil etmək üçün uydurulduqları qənaətinə gəlməsi də dəlalət edir”.

Doktor Əbdüləziz əl-Həllabi: O da özünün “Abdullah ibn Səba: fitnə zamanındakı rolu barədə tarixi rəvayətlərin öyrənilməsi” kitabında səhifə 71-də yazır:

الذي نخلص إليه في بحثنا هذا أن ابن سبأ شخصية وهمية لم يكن لها وجود , فإن وجد شخص بهذا الاسم فمن المؤكد أنه لم يقم بالدور الذي أسنده إليه سيف وأصحاب كتب الفرق , لا من الناحية السياسية ,ولا من ناحية العقيدة.

“Bu bəhsimizdə gəldiyimiz nəticəyə əsasən, İbn Səba uydurma bir şəxsdir və mövcud olmamışdır. Əgər bu adda bir şəxs mövcud olmuşsa da, mütləqdir ki, nə siyasi və nə də əqidə nöqteyi-nəzərindən həmin şəxs Seyfin və kitab sahiblərinin istinad etdikləri dövrlərdə yaşamamışdır”.

Misir yazıçısı Əhməd Abbas Saleh: “əl-Yəmin vəl-yəsir fil-İslam” kitabında səhifə 95-də yazır:

وعبد الله بن سبأ شخص خرافي بغير شك , فأين هو من هذه الأحداث جميعاً ؟ وأين هو من الصراعات الناشبة في هذا العالم الكبير المتعدد ... وماذا يستطيع شخص مهما تكن قيمته أن يلعب بمفرده بين هذه التيارات المتطاحنة ؟

إلى أن قال : إنما كل ما حيك من قصص حول عبد الله بن سبأ هو من وضع المتأخرين , فلا دليل على وجوده في المراجع القديمة , فضلا عن سخافة التفكير في احتمال وجوده أصلا.

“Şübhəsiz ki, Abdullah ibn Səba uydurma şəxsiyyətdir. O kimdir ki, bütün bu hadisələrə rəvac versin, bu qədər genişliyə sahib aləmdə savaşlara səbəb olsun... Sahib olduğu dəyərdən asılı olmayaraq, münaqişə gedişatında bir nəfər təkbaşına necə bu qədər rol oynaya bilər?!

Nəhayət deyirlər: “Abdullah ibn Səba barəsində dolaşan hekayələrin hamısı sonrakıların uydurmalarıdır, qədim mənbələrdə onun varlığının heç bir dəlili yoxdur. Ümumiyyətlə onun mövcudluğunun ehtimalı axmaq düşüncədir”.

Ardı var...

Şeyx Əli Ali-Muhsin

313news.net

 

Abdulla ibn Səba haqqında şübhələrə cavab (2-ci hissə)

Abdulla ibn Səba haqqında şübhələrə cavab (3-cü hissə)

Abdulla ibn Səba haqqında şübhələrə cavab (4-cü hissə)

Рейтинг

В этом разделе