Adı: Klaudia Kasonoto
Ölkə: İtaliya
Keçmiş dini (Məzhəbi): Xristian
İtaliya xristian əhalinin sıx yaşadığı ölkələrdən biridir və bu ölkədə bir qız bütün tabuları sındıraraq İslam dinini və Şiə məzhəbini seçmişdir. Onun fikrincə, bu doğru bir seçim idi. Bəlkə də elə buna görə öz seçimindən əmin şəkildə digər yeni müsəlman olanlarla bu qərarı haqqında danışır.
Hekayəmizin qəhrəmanı 32 yaşlı italiyalı Klaudia Kasonotodur. Dindar bir xristian ailəsində dünyaya gələn Klaudia bir müddətdir İranda yaşayır və təhsil alır. Klaudianın – yaxud yeni adı ilə Səkinənin – müsəlman olma hekayəsi yeddi il əvvəl, İtaliyada dinlər tarixi təhsili aldığı dövrdə başlamışdır.
Səkinə deyir ki, universitetdə oxuduğu dərslər səbəbilə bir çox dinlər haqqında araşdırmalar aparıb; lakin İslam mövzusu və bu dinə olan marağı xristian müəlliminin İslamdan və Həzrət Əlinin (ə) həyatından danışması ilə başlayıb.
Müəllimi Həzrət Əlinin (ə) həyatı və Peyğəmbərdən (s) sonra yaşadıqlarını izah etmişdi. Lakin Səkinənin marağı Həzrət Hüseynin (ə) hekayəsini eşidəndə daha da artdı. Bu hekayə onun həyatına dərin təsir göstərərək həyatında bir dönüş nöqtəsi oldu.
“Həzrət Hüseynin (ə) hekayəsi məni çox təsirləndirdi. Onun ailəsi və Allahla olan əlaqəsi haqqında daha çox məlumat əldə etmək istədim və bu da məni daha dərin araşdırmalara sövq etdi”, – deyə Səkinə bildirir.
Səkinə deyir ki, Həzrət Hüseynin (ə) həyatı onu İslama yaxınlaşdıran ən mühüm amil olub. Həzrət Hüseynin (ə) ailəsi ilə olan ayrılmaz bağı və duyğusal həyatı onun diqqətini çəkmişdi. Onun fikrincə, Həzrət Hüseynin (ə) Allahla olan əlaqəsi Aşuranın bu günə qədər unudulmamasının əsas səbəbidir.
İslamı araşdırması üç il davam etdi və nəhayət Şəhidlərin Ağası ilə tanış olduqdan sonra Klaudia rəsmi şəkildə müsəlman oldu və adını Səkinə olaraq dəyişdirdi.
“İslam bütün suallarıma cavab idi”
Səkinə müsəlman olmamışdan əvvəl həyatla bağlı çoxlu suallarının olduğunu belə izah edir:
“Həyat haqqında heç nə bilmirdim və bu mövzuda çox araşdırma aparırdım. Niyə bu dünyadayıq? Bu dünyaya nə üçün gəlmişik və nə etməliyik? Başlanğıcda bunları bilmirdim”, – deyir. Səkinə bildirir ki, İslam onun zehnindəki bütün bu suallara cavab verdi.
Səkinənin müsəlman olması ailəsi tərəfindən qəbul edilmədi. Xristian ailəsi əvvəlcə bu qərarı qəbul etmədi; lakin bu, Səkinəni yolundan döndərmədi. Müsəlman olduqdan sonra da İslam haqqında araşdırmalarına davam etdi:
“Artıq Qurani-Kərim də oxuyuram və müsəlman qruplarla görüşürəm.”
Suriya müharibəsindən sonra Avropaya köç etmiş suriyalı qaçqınlar və digər müsəlmanlarla tanış olaraq İslamı hər gün daha yaxşı anlamağa başladı. Əslində, əvvəldən İslamı addım-addım araşdırmağa qərar verdiyini deyir.
“Başlanğıcda İslam haqqında çox məlumatım yox idi; yalnız İslamın qaydalarını bilirdim.”
Şeyx Məhəmməd Ticaninin və Mərhum Seyid Xomeyninin İslam haqqında yazdığı kitablar ona çox kömək etmişdir.
Səkinənin hicabı seçmə hekayəsi
Səkinənin hicabı seçmə hekayəsi də maraqlıdır. Hicabı seçməsi ona təxminən bir il vaxt aparıb.
“Əvvəlcə hicabın vacib olmadığını düşünürdüm. Digər müsəlmanlarla tanış olduqdan sonra hicabın əhəmiyyətli olduğunu anladım”, – deyir.
Avropada bir çox müsəlman qadının hicab taxmadığını desə də, bəzi qadınların hicabı seçdiyini vurğulayır. Digər müsəlmanlarla tanış olmaq Səkinənin hicab mövzusunda daha çox araşdırma aparmasına səbəb oldu. Qurani-Kərimdə qadınların hicaba təşviq edildiyi ayəni oxuması onu da hicabı seçməyə yönəltdi.
“Hicabı seçdim, çünki gözəlliyimi başqa kişilərdən gizlətmək istədim”, – deyir.
Səkinə hicabı seçdikdən sonrakı hisslərini belə ifadə edir:
“Hicabı seçdikdən sonra özümü çox yaxşı hiss etdim. Artıq kişilər yalnız zahiri gözəlliyimi görmürlər. Daxili gözəlliyimi görə bilirlər. Nə qədər bacarıqlı və ağıllı olduğumu dərk edirlər.”
Hicabı seçdikdən sonra özündə əvvəllər fərq etmədiyi gözəllikləri kəşf etdiyini deyir.
Avropada müsəlman olmaq çətindir
Hər şey həmişə yolunda getmir. Avropada müsəlman olmaq çətindir. İşəgötürənlər müsəlmanlara iş verməkdə çətinlik çəkirlər. Bundan əlavə, müsəlmanlar üçün halal qida satan market və ya restoran tapmaq da çətindir.
Bununla belə, bir çox xristian Səkinənin hicabı və dini ilə bağlı ona suallar verirdi. Onların bir çoxu hicab və din mövzusunda uyğunsuzluq yaşayır və Səkinəyə cavablaması çətin suallar verirdilər.
“Məndən Qurani-Kərimin niyə ərəbcə nazil olduğunu soruşurdular. O zaman bu sualın cavabını bilmirdim”, – deyir. Lakin sonradan araşdırma və tədqiqatlara başladı.
Səkinənin həyatındakı ən xüsusi şəxs isə Həzrət Hüseyndir (ə). Hələ Kərbəlanı ziyarət etməsə də, bu ilki planları arasında bu ziyarət var. Həzrət Hüseyni (ə) hələ ziyarət etməməsinə baxmayaraq, onunla dərin bir mənəvi bağı var. Məhz bu səbəbdən İslami ad olaraq Səkinə adını seçmişdir.
Klaudia Ruqiyyə və ya Zeynəb də ola bilərdi. Səkinə adını seçməsinin səbəbini belə izah edir:
“Səkinə Həzrət Hüseynin (ə) qızıdır. Həzrət Səkinənin (s.ə) mərsiyələrini və rəvayətlərini çox oxumuş və dinləmişəm.”
Həzrət Səkinənin (s.ə) atası ilə olan sevgi dolu münasibəti və atasının şəhadətindən sonra çəkdiyi əzablar bu yeni müsəlman olmuş italiyalı qızı dərindən təsirləndirmişdir. Bütün bunlar Səkinənin Şəhidlərin Ağasının qızı ilə eyni adı daşımaq istəməsinin əsas səbəbi olmuşdur.
Səkinə sözlərinin sonunda iranlılara bir mesaj ünvanlayır:
“Zəhmət olmasa Qərbdəki təbliğatlara aldanmayın. İslam ənənələri çox dəyərlidir. Gənclər bu ənənələri qorumağa çalışmalı, Amerika və Avropanın təbliğatlarına qulaq asmamalıdırlar.”
(c) al-mostabserin.com
