»»

Hidayət olanlar 76 - Fatimə Əli

Adı: Fatimə Əli

Ölkə: Kanada

Keçmiş dini (Məzhəbi): Xristian

 

Mənim adım Fatimə Əlidir. Mən Monrealda – Kanadada doğulub boya başa çatmışam. Bütün ailədə olan dini atmosferi saxlayan şəxs nənəm idi. Allaha çox yönələn və Allaha əsaslanan, kilsəyə daim gedən insan olub. Bütün ailə üzvləri – atamın bacı, qardaşlarının çoxu birləşmiş kilsə birliyinin üzvü idilər. Bu kilsə qara dərililərin ən qədim kilsəsi idi. Mən əsasən bu kilsədə böyüyüb boya başa çatmışam. Təxminən 8-9 yaşlarımda bir şey baş verdi. Mən böyük qardaşımla Stiv Vonderin ifasında bir mahnını dinləyirdim. Bu mahnısında o, bəzi Afrika əsilli insanların əldə etdikləri nailiyyətlərdən danışırdı. Mən heyrətlənmişdim, çünki afrikalıların cəmiyyətə verdiyi müsbət töhfələri təsəvvür edə bilmirdim. O zaman qara dərili insanlar haqqında hər şey neqativ, onlara qarşı münasibət isə çox pis idi. Beləliklə mən qardaşımdan soruşdum:

-Bu, doğrudur?

O da cavab verdi ki, hə əlbəttə. Bundan sonra o, mənim öz kimliyim haqqında öyrənmək və daha güclü şəxsiyyət hissinə sahib olmaq səyahətimə təkan verdi. Mənə bəzi tarix kitablarını tanıtdı. Beləliklə qara dərililərin tarixini öyrənməyə başladım. Afrika tarixini öyrəndim. Bu, mənə 10 ildən çox vaxta başa gəldi. Nəhayət Malkolm X-in avtobioqrafiyası ilə rastlaşdım. Bu, dəqiqliklə mənim İslama gedən yolumun başlanğıcı oldu. Bundan əvvəl anam həmişə bizi qaradərililər icmasının işlərinə qoşulmağa həvəsləndirərdi. Əvvəl dediyim kimi Malkol X-in həyatı haqqında oxumağa başladım. Onu oxumağım məndə böyük rezonans doğurdu. Kitabın sonuna çatanda xüsusilə onun Həcc ziyarətinə getdiyi hissəsi məndə həqiqətən də İslama böyük marağ və rəğbət oyatdı. Öz-özümə dedim: - dünyanın hər yerindən insanları bura gəlməyə nə cəlb edir? Dördkünc bina və insanlar onun ətrafına dövrə vururlar. Bunu başa düşmürdüm, mənə məntiqli gəlmirdi. Ona görə də nəsə bu binayla, bu yerlə bağlı bir şey olmalı idi. Bununla da mən araşdırma aparmağa, suallar verməyə başladım. İslam Ümməti deyilən cəmiyyətlə əlaqə saxladım. Onların görüşlərinə qatılmağa başladım. Malkolm X-in kitabının sonunda deyilənlərlə İslam Ümmətinin təsvir elədikləri arasındakı fərqləri anlamağa çalışırdım. Çünki Malkolm X ilə İslam Ümməti arasında fikir ayrılıqları görürdüm.

Bir gün mən universitetdə idim və cədvəlimi yazırdım. Bu vaxtı ya dərslərə, ya da başqa kurslara getməli idim. Buna görə də əlavə kursların siyahısını götürdüm baxdım ki, mənə uyğun nəsə yoxdur. Sonra onu vərəqləyərkən İslam üzrə kurs olduğunu gördüm. Bu, çərşənbə axşamı və cümə axşamı idi. Mənim fasilə vaxtımla eyni vaxta düşürdü. Qərara gəldim ki, elə bu kursa gedim. Başlanğıcda dərslər maraqlı idi. Amma əlbəttə ki, orada dərs keçən şəxs qeyri müsəlman idi. Və məndə belə bir hissiyat yarandı ki, o, nələrisə demir, nələrinsə üzərindən keçir. Ümumi məlumat dairəsi yaxşı idi, amma əsas komponentlər buraxılırdı. Buna görə də sıxılmağa başladım.

Sonra bir gün ticarət mərkəzində idim. Orada qardaşımın qaynını gördüm, o da öz dostuyla idi. Biz bir az söhbət elədik. Çox şeylərdən danışdıq. Musiqi və başqa şeylər barədə söhbət elədik. Danışıq əsnasında məlum oldu ki, o da müsəlmandır. İslam Ümməti haqqında bilirdi. İslamın yolunda idi. Ona suallar verməyə başladım. Sonra o məni başqa iki qardaşla tanış elədi. Bəzi kitablar verdilər mənə. Birinci kitabı onlardan biri olan Camal qardaş mənə verdi. Bu, “Sonra mən hidayət oldum” adlı kitab idi. Düzdür, mən hələ müsəlman olmasam da kitabı oxumağa başladım və kitabın ümumi məntiqini anladım. Kitabdakı hər şeyi başa düşməsəm də ümumi məzmunu çox maraqlı idi. Hardasa 1 il ordan irəli gələn sualları araşdırdım və öyrəndim. Həmin vaxt mənim böyük qardaşım (əvvəl mənə tarix kitablarını verən həmin o qardaşımı deyirəm) Səudiyyə Ərəbistanına öz qaynatasıyla birgə işləməyə getmişdi. Qardaşım evə gəlməyə hazırlaşırdı. Zəng elədi ailəmizə dedi ki, - mən Milad bayramı üçün evə gəlirəm. Sizə Ərəbistandan nəsə istədiyiniz varsa alıb gətirim. Mən dedim: - mənə Quran gətir. Dedi: - yaxşı. Və gələndə mənə Quran alıb gətirdi. Bu kitabı Yusif Əli tərcümə eləmişdi. Kitabı aldım, öz kitab rəfimə qoydum. Həmin vaxt dekabr ayı idi. Sonra iyun ya da may-iyun ayında mən Quran kitabını götürdüm və üst səhifəsini açdım. Girişdə Məhəmməd peyğəmbərin (ə) həyatına dair mənzumə yəni şeirlə yazılmış hekayə yer almışdı. Onu oxudum və dedim ki, bax budur istədiyim. Mən müsəlman olmaq istəyirəm. Beləliklə mən Camal qardaşa zəng elədim. Dedim ki, mən müsəlman olmaq və bunun üçün nə lazımdırsa etmək istəyirəm. O, telefonda fəğan eləməyə başladı, qışqırıb ərəbcə nəsə sözlər deyirdi. Düşündüm ki, görəsən axı nə problem var. Dedim yəqin ki, mən bu qardaşı məyus elədim. Sonra cavab verdi ki, xeyr mən çox xoşbəxtəm. Sonra o, mənə nə etməli olduğumu izah etməyə başladı. Biz qərara gəldik ki, şəhadət gətirməliyəm. Və orada iştirak etməyini istədiyim bir-iki adamı seçdim, parkda bazar günü səhər şəhadət gətirdim.

İslamı qəbul edəndən sonra ailəylə münasibət:

Anam başa düşmüşdü ki, mən dəyişilirəm, nələrsə baş verir. Müsəlman olmazdan əvvəl mən başımı afrika üslubunda örtməyə başladım, hansı ki biz buna hicab deyirik. Amma mən deyərdim ki, geyimdə və başqa şeylərdə də dəyişikliklər bir az nəzərə çarpırdı. Hətta baxmayaraq ki, mən başımı afrika şalı ilə örtürdüm, bilirdim ki, bu, insanların mənə yanaşmasını və ya baxışlarını dəyişəcək. Mən dedim ki, bəli, bu fərqlidir. Bir dəfə Camal qardaş valideynlərimin yanına gəldi. Camal onların suallarını cavablandırırdı. Anamla danışırdım və deyirdim ki, mən bu yolla getmək fikrindəyəm. Əvvəl də dediyim kimi, valideynlərim əməli dindar idilər. Və onlar ancaq mənim İsa (ə) haqqında imanım barədə narahat idilər. Ona görə də anam narahat olaraq deyirdi ki, “niyə sən İsa əleyhissəlama inanmırsan?”. Deyirdim ki, xeyr, mən indi də İsa əleyhissəlama inanıram. Bir gün anam dedi ki, elədiyin şeyləri başa düşməsəm də amma həqiqətən də elədiklərin üçün səni günahlandıra bilmərəm. Çünki sənin hərəkətlərində elə bir pis şey yoxdur. Mən burada yanlış və ya pis bir əməl görmürəm. Spirtli içki içmirsən, narkotik qəbul eləmirsən, evə gec gəlmirsən və başqa bu tip heç nə görmürəm ki, deyim bu səhvdir - O, bunları dedi. Və mən parkda şəhadət gətirdiyim gün həqiqətən də yeganə yanımda olmağını arzuladığım şəxs anam idi. Onda öz-özümə düşünürdüm ki, görəsən ona deyim yoxsa yox. Mənim 5% şübhəm oldu ki, birdən o, mənə mane olmağa çalışar, gələr mənim fikirlərimdə şübhə yaradar. Ona görə də qərar verdim ki, sonra deyərəm. O, sonralar mənə bildirdi ki, əgər mənə desəydin gəlib sadəcə orada olanları müşahidə edərdim və sənə dəstək olardım. Dostlarım elə şəxslər idi ki, demək olar mən onlarla uşaqlıqdan dostluq edirdim və hələ də dost olaraq qalırdıq. Mənim geyimim, yeməyim dəyişilmişdi. Amma yenə də həmin adam idim. Əgər Allah səni hidayət etmək qərarına gəlsə, əgər sən səmimi olmağa çalışırsansa O, sənin əhatəndə olmalarına ehtiyacın olduğun insanları göndərəcək. Buna görə demək istəyirəm ki, mən hidayət olmuşam. Çünki hər bir İslamı qəbul edən hidayət olunur, bunu bilirəm. İslamda hər bir problemin, sualın öz cavabı var. Bir şey oxumuşdum, bu, İmam Zeynalabidin əleyhissəlamın məsləhətlərindən biri olmalıdır. Deyəsən orada bir qardaşın digər qardaşın üzərindəki haqları haqqında danışılır. Sən bir müsəlman kimi daha çox bildiyin şeyləri, bu bildiyin bir az olsa belə başqa bir insanla paylaş, bölüş. Əgər müsəlmanlara İslama əməl eləsələr, əgər şiələr İslama əməl eləsələr və şiələr həqiqətən də Əhli Beytin ardınca getsələr bütün dünya müsəlman olar, hər kəs müsəlman olardı. Çünki sən necə inkar eliyə və ya tanımaya bilərsən. Onların göstərdiyi və təcəssüm elədiyi əxlaqı və onların həyat tərzini özündə birləşdirirsənsə bu, mümkün deyil ki, başqa bir insanın həyatına təsir etməyəsən.

Əhli Beytə münasibət:

O zaman anlamırdım, çünki İslamdakı müxtəlif məktəbləri bilmirdim. Amma Allahın mənim qarşıma çıxardığı insanlar Əhli Beyt (ə) ardıcılları idi. Beləliklə mən şəhadət gətirdim və bunu onlarla etdim. Çünki düşünmürəm ki, digər məktəblər mənim intellektual marağımı sakitləşdirə, suallarımı cavablaya və məni bağlı saxlaya bilərdi. Amma bunu Əhli Beyt məktəbi etdi. Və düşünmürəm ki, əgər Allah məni hər hansı başqa yola gətirsəydi mən müsəlman olaraq qalardım. Düşünürəm ki, gedərdim və ya indiyə kimi tərk edərdim.

Рейтинг

В этом разделе