»»

Hidayət olanlar 70 - Fatimə İzabel

Adı: Fatimə İzabel

Ölkə: Portuqaliya

Keçmiş dini (Məzhəbi): Xristian (Katolik)

 

 

Fatimə İzabel Fernandes ilə müsahibə:


Salam Fatimə. Nə qədərdir müsəlmansınız? Əvvəlki adınız nə idi? Xahiş edirik özünüz haqqında qısa məlumat verin.

Mən iki ildir ki, müsəlmanam və əvvəllər ailəm kimi katolik idim. Xanım Fatimənin mövludu günü İslama keçdiyim üçün adımın əvvəlinə Fatimə əlavə etdim. İndi mənim adım Fatimə İzabeldir. 36 yaşım var və Portuqaliyadanam. Üç qızımla boşanmışam və ailəmdə yeganə müsəlman mənəm.


İslama necə gəldiniz?

Dörd il əvvəl bir yuxu gördüm. İki il sonra isə bir dəfə şiə məscidinin yanından keçərkən çox güclü bir hiss yaşadım. Elə bil həmin məsciddən kimsə məni çağırırdı, ora dəvət edirdi. Mən o məsciddən uzaqda yaşayırdım, amma o gün qəlbimdə həmin səsi eşitdim. İslam haqqında çox məlumatım yox idi və bildiklərim də mənfi idi. Amma həmin məscidi tapmaq üçün yenidən araşdırmağa qərar verdim. Bir neçə gün sonra onu tapdım. Onlardan İslam haqqında məlumat istədim. Sonra ikinci yuxumu gördüm: ağ bir şir gördüm və o mənə “Allahu Əkbər” sözünü ərəb dilində yazdırdı. Uzun müddətdir axtardığım şeyin İslam olduğunu başa düşdüm və müsəlman oldum.


Yuxudan əvvəl “Allahu Əkbər” sözünü bilirdiniz?

Yox, ərəb dilində yazmağı heç vaxt bilməmişdim. Amma yuxudan dərhal sonra kağıza yazdım, mənasını isə İslama keçdikdən sonra öyrəndim.


Ailənizin reaksiyası necə oldu?

Anam əvvəlcə bunu qəbul etmədi, qızlarım da qəribə qarşıladı. Amma bir müddət sonra fikrimin dəyişmədiyini gördülər və onlar da qəbul etdilər. Mən də onlara qarşı səbirli oldum. Onlar İslamı qəbul etməyiblər, amma biz ailə olaraq bir-birimizi sevirik. Əlhəmdulillah.


Təhsiliniz nədir?

Ali təhsilliyəm və iki ildir ki, ənənəvi Hövzə təhsili alıram.


Niyə Hövzədə oxuyursunuz?

İslamı öyrənmək istəyirdim, amma bunu mənə düzgün şəkildə öyrədən yox idi. Məni hövzəyə dəvət etdilər və bunun İslamı öyrənmək üçün böyük bir fürsət olduğunu başa düşdüm. Hövzədə oxumağı sevirəm və müsəlman icmasına tam inteqrasiya olmuşam.


Niyə şiə oldunuz?

Qəlbim məni bu yola gətirdi. Sanki mənə İslama çağırış edən mənəvi bir dəvət idi.


Hicablı bir müsəlman qadın olaraq islamofobiyadan qorxmursunuz?

Müsəlman olandan iki ay sonra hicab taxmağa başladım. Əvvəl narahat idim, amma indi qorxmuram. Bu mənim seçimimdir. İnsanlar bəyənməsə, bu onların problemidir. Hicab risklidir, amma həyatda başqa risklər də var. Mən kişilərdən deyil, yalnız Allahdan qorxuram.


Bu iki il ərzində Hövzədə nələri öyrənmisiniz?

Məntiq, kəlam, əxlaq, İslam tarixi, fiqh və daha çox şey öyrənmişəm. Amma ən önəmli dərs özümə hörmət etməyi öyrənmək oldu. Bir çox mövzulara baxışım dəyişdi, davranışlarım yaxşılaşdı. Güclü xarakterə malik olmaq inkişafım üçün çox önəmlidir.


Sizin ən yaxın dostunuz kimdir?

Hamı ilə dostam. Xüsusi yaxın dostum yoxdur. Qızlarım isə mənim sevgimdir.


Ramazanda ilk oruc təcrübəniz necə oldu? Ailəniz buna necə reaksiya verdi?

Sağlamlıq səbəbi ilə oruc tuta bilmirəm. Amma birinci il bilmədiyim üçün oruc tutmağa çalışdım. Qaydaları bilmirdim, mənə yol göstərəcək heç kim yox idi. Küçədə huşumu itirməyimdən tutmuş, əhvalımın sürətlə dəyişməsinə qədər çox çətin anlar yaşadım. İndi də oruc tutmağa icazəm yoxdur, amma özümü idarə etməklə, televiziyadan uzaq durmaqla və davranışlarımı düşünməklə başqa yollarla oruc tuturam. Məncə orucun çox növü var. Ailədə yeganə müsəlman olsam da, Ramazanda özümü tək hiss etmirəm, çünki Allah mənimlədir.


Boş vaxtlarınızda nə edirsiniz? Hansı kitabları oxumağı sevirsiniz?

Kitab oxumağı sevirəm və əsasən hövzə dərsləri ilə bağlı teologiya, məntiq, təfsir kimi kitablar oxuyuram. Bilik verməyən kitablar mənim üçün vaxt itkisidir. 


Qurandan ən çox bəyəndiyiniz ayə hansıdır?

Quranın hələ hamısını öz dilimdə oxumamışam, amma “Nas” surəsini çox sevirəm. Orada Şeytanın vəsvəsələrindən və insanı yoldan çıxarmaq üçün etdiyi təlqinlərdən danışılır. Mən həmçinin Quranı əzbərləyirəm.


Hicab haqqında fikriniz nədir? Çətin deyil ki?

Xeyr. Müsəlman olandan iki ay sonra hicabı qəbul etmişəm və artıq bu mənim bir hissəmdir.

 


İslam haqqında xatirələriniz varmı?

Ətrafımdakı insanlar İslama keçməyimi bəyənmirdilər. Hətta təhqirlərlə evdən çıxmaq məcburiyyətində qaldım. Amma öz yolumu tapdım. Allah məni qorudu və yaşaya biləcəyim, İslamı rahat şəkildə yaşaya biləcəyim bir yer tapdım. Əlhəmdulillah.


Çətinliklər olanda nə edirsiniz?

Allaha güvənirəm və problemi həll etməyə çalışıram.

 

(c) rahyafteha

Рейтинг

В этом разделе