»»

"Əliyə (ə) əziyyət edən Peyğəmbərə (s) əziyyət etmişdir" hədisi əhli-sünnə mənbələrində

Burada bir neçə rəvayət var:

1 – İstinadlı olaraq Tirmizi Bərradan rəvayət edir: “Peyğəmbər (s) savaş üçün iki qoşun göndərdi. Birinə Əli ibn Əbu Talibi, digərinə isə Xalid ibn Vəlidi başçı qoydu və buyurdu: Əgər döyüş başlasa başçınız Əlidir.

Əli qalanı fəth etdi, oradan özünə bir cariyə götürdü. Vəlid Peyğəmbərə (s) məktub yazıb mənimlə göndərdi. Peyğəmbər (s) məktubu oxuduqda rəngi dəyişdi. Sonra buyurdu: “Allahı və Rəsulunu sevən, Allahın və Rəsulunun da sevdiyi bir şəxsdən nə istəyirsiniz?!”

Mən: “Allahın və Peyğəmbərinin qəzəbindən Allaha sığınıram! Mən yalnız məktubu gətirən bir qasidəm” deyib susdum”.400

2 – Əbu Yəla Mosuli Sad ibn Əbu Vəqqasdan rəvayət edir: “Məsciddə oturmuşdum. Yanımdakı iki nəfər Əli barədə təhqiramiz sözlər danışırdılar. Peyğəmbər (s) üzündən qəzəbli olduğu hiss edildiyi halda yaxınlaşdı. Onun qəzəbindən Allaha sığınıram. Buyurdu: “Sizə nə olub?! Kim Əliyə əziyyət etsə, mənə əziyyət etmişdir”.401

Heysəmi deyir: “Əbu Yəlanın hədisindəki şəxslər “Səhih”in raviləridir. Mahmud ibn Xəddaş və Qinandan savayı, onlar siqədirlər”.402


3 – Əhməd ibn Hənbəl İmran ibn Həsindən rəvayət edir: “Peyğəmbər (s) qoşun dəstəsini döyüşə göndərdi, orduya başçılığı isə Əli ibn Əbu Talibə həvalə etdi. Əli səfərdə bəzi işlər gördü. Oradakı dörd səhabə bunları Peyğəmbərə (s) söyləyəcəklərini bir-birlərinə vəd verdilər.

İmran deyir: Səfərdən qayıdan kimi Peyğəmbərin (s) yanına gəldik, onu salamladıq. Aralarından biri dedi: “Ey Peyğəmbər, Əli filan-filan şeylə elədi”. Peyğəmbər (s) ondan üzünü çevirib kənarlaşdı. Sonra ikincisi ayağa qalxıb Əlinin səfərdə filan-filan şeyləri etdiyini söylədi. Peyğəmbər (s) ondan da üzünü çevirdi. Ardınca üçüncü və dördüncü kəs də eyni sözləri dedikdə Peyğəmbər (s) onlardan da kənarlaşdı. Sonra onların yanına qayıdıb buyurdu: “Əlidən əl çəkin! Əlidən əl çəkin! Əli məndən, mən də ondanam. O, məndən sonra hər bir möminin mövlasıdır!”403

Bu hədisi İbn Əbu Şeybə404, Əbu Davud Təyalisi405, Tirmizi, İbn Əbu Asim406, Nisai407, Əbu Yəla Mosuli, İbn Hibban öz “Səhih”ində408, Təbərani “əl-Möcamul-kəbir”də409 və Hakim Nişapuri “Müstədrək”də410 qeyd etmişlər.

4 – Hakim Əmr ibn Şas Əsləmidən (Hüdeybiyyədə iştirak edən səhabələrdəndir) nəql edir: “Əli ilə (r) birlikdə Yəmənə tərəf yola çıxdıq. Yolda mənə qarşı sərt davrandı və mən bundan narahat oldum. Səfərdən qayıtdıqda bu hərəkətini məsciddə olanlara danışdım. Barəsində söylədiklərim Peyğəmbərə (s) çatdı.

Bir gün səhər məscidə gəldim, Peyğəmbər (s) səhabələri ilə birgə dayanmışdı. Məni gördükdə yerimə oturanadək nəzərlərini sərtləşdirdi. Sonra buyurdu: “Ey Əmr, Allaha and olsun ki, mənə əziyyət etmisən”. Dedim: “Sənə əziyyət etməkdən Allaha sığınıram, ey Peyğəmbər!” Buyurdu: “Bəli, Əliyə əziyyət edən mənə əziyyət etmişdir”.411

Diqqət yetirirsinizsə, onların sözlərinə görə, Peyğəmbər (s) Əlini (ə) əsla danlamır və etiraz etmir, əksinə Əsləmini şiddətlə qınayır və “Mənə əziyyət etmisən” deyir. Əsləmi Rizvan beyətində iştirak edən səhabədir. Bu isə həmin beyətdə iştirak edən bütün səhabələrin Əliyə (ə) münasibətlərinə görə danlanmasının mümkün olduğunu göstərir. Mənası isə budur ki, ey səhabələr, əgər Əlinin (ə) sizdən razılığı yoxdursa əməlləriniz, cihadda iştirakınız və səhabə olduğunuz sizi qürurlandırıb aldatmasın. Allah peyğəmbərini qəzəbləndirən və əziyyət edən əməl necə də pisdir! Vay olsun Peyğəmbərə (s) əziyyət edən və onu qəzəbləndirən şəxsə Allahın əzabından və Cəhənnəm odundan!

400 Sünən, Tirmizi, c. 4, s. 330. Deyir: “Bu, həsən hədisdir”.
401 Müsnəd, Əbu Yəla, c. 2, s. 109
402 Məcməuz-zəvaid, Heysəmi, c. 9, s. 129
403 Müsnəd, Əhməd ibn Hənbəl, c. 4, s. 438
404 Müsənnəf, İbn Əbu Şeybə Kufi, s. 504. Təhqiq və şərh Səid Ləhamındır. I çap, Cəmadiul-axir h.q.1409 (m.1989), “Darul-fikr” nəşriyyatı, Beyrut, Livan.
405 Müsnəd, Əbu Davud Təyalisi, s. 111
406 əl-Ahad vəl-Məsani, İbn Əbu Asim, c. 4, s. 279
407 Sünənul-Kubra, c. 5, s. 132; “Xəsaisu Əmiril-muminin”, s. 64
408 Səhih”, İbn Hibban, c. 15, s. 374
409 əl-Möcəmul-kəbir, Təbərani, c. 12, s. 78; c. 18, s. 129
410 Müstədrək, Hakim, Deyir: Bu hədis Buxari və Müslimin şərtinə əsasən səhihdir, lakin onu qeyd etməmişlər.
411 Müstədrək, Hakim, c. 3, s. 131. Deyir: Bu, istinadı səhih hədisdir, lakin Buxari və Müslim kitablarında qeyd etməmişlər.

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе