Adı: Firaz Hamdan
Ölkə: ABŞ
Keçmiş dini (Məzhəbi): Xristian
Salam aleykum. Mənim adım Firaz Hamdandır. Mən Miçiqan Dearborn Universitetinin tələbəsiyəm. Tarix üzrə təhsil alıram və inşallah bir gün müəllim olacam. Mən Masaçuset ştatının Franklin bölgəsində böyümüşəm. Anam amerikalıdır, o, xristian protestantdır. Mənim böyüdüyüm yer müsəlmanların sevilmədiyi ərazidir. Bu ərazi tamamilə yəhudi və xristian kökənlidir. Orta məktəbə gedərkən mən orada yeganə müsəlman ərəb idim, yeganə etnik insan idim. Çox müxtəliflik yox idi, bildiyiniz kimi tipik amerikan mühiti var idi. Anam çox mömin xristian idi. Xatırlayıram ki, mən uşaq olanda o, həmişə öz yatağının yanında Bibliya kitabını saxlayırdı. Hər gün mən onun otağına gedəndə orda onu görürdüm və bəzi ayələri oxuyurdum. Bəziləri mənə məntiqli gəlirdi, bəziləri isə yox. Mən daha çox xristian ən-ənələri olan ailədə böyümüşəm.
Atam müsəlman idi, amma mən onun yanında çox olmurdum. Mən daha çox anamın yanında olurdum. Anam mən getdiyim orta məktəbdə işləyirdi. Atam isə əsasən gecələr işləyirdi.
Bütün dostlarım amerikan, xristian və yəhudi olublar. Mən İslam haqqında bir az eşitməyə başlayandan sonra bu zaman təxminən 11 yaşım olardı, dedim ki, mən ona daha yaxından nəzər salmalıyam, görüm İslam necədir. Mən youtubeda müsəlmanlarla xristianlar arasında gedən debatlara baxmağa başladım. Mən İslamla dərindən maraqlanmağa belə başladım. Mən dərhal eşidib müsəlman olmadım. Bu, bir müddət çəkdi, asan olmadı. Bildiyiniz kimi mən xristian ideyaları ilə böyümüşdüm. Bu, çox çətindir ki, sən böyüdüyün mühitdə ətrafdakıların hamısı amerikan, xristian, yəhudi və aqnostik adlandıra biləcəyin insanlar olub. Buna qarşı çıxmaq və burada öz inandığın şeyə inanmaq çox çətindir. Və əgər sən buna inanırsansa bir növ sən onu gizlətməyə çalışırsan. Bəzən bunu dostların qarşısında açmağa utanırsan. Çünki bilirsiniz ki, terrorist kimi baxırlar. Bu və ya başqa xoşagəlməz şeylər deyirlər. Beləliklə dediyim kimi bir neçə il, təxminən 11-12 yaşımdan 14-15 yaşına qədər mən çaşqın idim, qərarsız idim. Mən hələ də İsanın Allah ola biləcəyinə inanmağa davam edirdim. Bilirsiz niyə, çünki mən İsanın Allahın oğlu olduğuna inanmıram demək çox qorxulu idi. Sən buna görə Cəhənnəmə gedə bilərsən. Bu, məni çox qorxudurdu. Çünki sənə mütəmadi olaraq tez-tez təkrarlayaraq deyirlər ki, bu, günahdır, bu, günahdır. Amma əlhəmdulillah mən araşdırmağa və bu barədə mühazirələri dinləməyə davam etdim.
Təxminən 15 yaşım olanda mən elə bir mərhələyə çatdım ki, mən tam əmin idim ki, müsəlman olmaq istəyirəm. Mən şəhadət gətirdim və atama dedim ki, mən İslama inanıram. Və lazım olan digər şeyləri etdim.
O zaman mən sünni kimi namaz qılırdım, çünki mən şiə haqqında heç nə bilmirdim. Online internet üzərində tapdığım hər şeyi sünni vebsaytlarından əldə edirdim və sünni kimi namaz qılırdım. Hər şeyi sünnilərdə olduğu kimi edirdim. Bu, o zamana kimi davam etdi ki, bir dəfə atamla bir şey barəsində söhbət edəndə o mənə dedi ki, “yox bunu sünnilər belə edir, şiələr isə belə etmir”. Mən atama dedim ki, sən hardan bilirsən ki, şiələrin inancı doğrudur. O, mənə sadəcə dedi ki, “hə, bu doğrudur, bu cür elə”. Belə isə sünni qaydasıdır. Atam haqqında onu da deyim ki, o, şiə təməlinə malik bir insandır. Özüm özümə dedim ki, onun da inancını araşdırım. Mən internetdə şiə İslamını araşdırmağa başladım. İlk şey olaraq qan gördüm. Hər yerdə buna bənzər şeylər gördüm. Öz özümə düşündüm ki, bu nədir belə, bu, İslamdır?! İslam belə olmayıb axı. Mən bu adamların mühazirələrinə qulaq asdıqca düşündüm ki, bu şeylər məntiqli deyil, onlar bunu niyə edirlər. Amma ağlımda belə bir fikir yarandı ki, burda kimsə başqaları şiəlik haqqında danışır. Şiəlik haqqında danışan adamlar özləri şiə deyillər. Bu, məni xristianlığa qaytardı, çünki məktəbdə dostlarım deyirdi ki, İslam belədir, elədir. Düşünürdüm ki, yəqin bu adamlar da mənim bir yerdə böyüdüyüm uşaqlar kimidirlər. Onlar bu haqda heç nə bilmirlər. Sadəcə öz eşitdiklərini danışırlar. Ona görə də mən bunu şiələrin öz dilindən eşitməliyəm. Beləliklə mən şiə İslamını şiələrin özlərindən öyrənmək üçün internetdə axtarmağa başladım. Mən təsadüfən “şiə İslamının yanlış qavranılması” adlı bir video ilə qarşılaşdım. Düzdür, mən heç vaxt bu videoaya görə şiə olmadım, amma bu, mənim düşüncəmi açdı və gördüm ki, bunun ağılabatan izahı var və bu, o qədər də bəsit deyil.
Mən bir neçə ay dostlarımla görüşmədikdən sonra bir gün onlarla görüşməyə getdim. Getdim və gördüm ki, onların sinələrinə düşən uzun saqqalları var, həmişə əba geyinirlər. Kinoya isə ümumiyyətlə getmirlər. Kinoya getməyi bidət sayırdılar. Bir sözlə onlar tamamilə dəyişmişdilər, tam vahabi olmuşdular. Onlar mənə dedi ki, sən bizim dostumuzsan, biz bir dost kimi sənin haqqında düşünürük. İstəmirik ki, sən şiə olduğun üçün Cəhənnəmə gedəsən. Mənə dedilər ki, “Firaz, bizə qulaq as, sən atan şiədir deyə şiə ola bilməzsən. Sən sünni ola bilərsən, bu, daha gözəldir”. Onlara dedim ki, “qulaq asın, bu, əvvəllər heç vaxt sizi narahat etmirdi ki, mən şiəyəm? Bəs indi niyə narahat edir? Həm də biləsiniz ki, mən atam şiə olduğu üçün şiə olmamışam, çünki bunu mən özüm istəmişəm. Araşdırdım və öyrəndim və onun hər ikisini müqayisə edib şiəliyi seçdim”. Onlar mübahisə etməyə başladılar. Siz bunu edirsiniz, siz onu edirsiniz. Siz İmamlara ibadət edirsiniz, bidət edirsiniz və s. Onlara dedim ki, mənə bir hədis göstərin və ya nəsə başqa bir şey sübut verin ki, göstərsin biz İmamlara ibadət edirik. Onlar yenə əsassız danışmağa başladılar. Sonra yenə məndən soruşdular ki, “əhli-sünnədə nə problem var, sən niyə şiəsən”? Mən dedim ki, eşidin, gedin öz kitablarınızı oxuyun – Səhih Müslimi, Səhih Buxarini oxuyun. Bütün bu kitablarda eyni hədisləri görəcəksiniz. Onlar şiə hədisləri deyil, tam sünni hədisləridir. Gedin onlar haqqında danışın. Onları aydınlaşdırın. Mən kiminsə tərəfindən uydurulan bir şeyin arxasınca getmirəm. Onlar deyirdilər ki, şiə İslamı Yəmənli yəhudi tərəfindən yaradılıb. Bizim malik olduğumuz hər şey, bizim bütün hədislər İmam Cəfər Sadiq (ə), İmam Baqir (ə), İmam Kazimdən (ə) olan hədislər Yəmənli bir yəhudi tərəfindən uydurulub. Cəfəngiyatlara inandıqlarını və sübut göstərmələrini dedim. Bundan sonra mən çox maraqlanırdım, öz-özümə düşünürdüm ki, mən İslama düzmü əməl edirəm, nəyisə səhv etmirəm ki?!
Mən ilk dəfə İmam Hüseyn (ə) haqqında eşidəndə mənim Kərbəla hadisəsi haqqında heç bir məlumatım yox idi. Mən İslamı öyrənərkən, 2-3 il müddətində mühazirələrə qulaq asdığım vaxt ərzində mən onun barəsində heç nə öyrənməmişdim, qarşıma çıxmamışdı. Mən İslama baxanda birinci sünni İslamı ilə qarşılaşmışdım, mən doğrudan da belə bir faciə ilə qarşılaşmamışdım. Bir insan ağır faciə yaşaya, həqiqi qanlı faciə, bu mənə təsir edərdi. Deyə bilərdim ki, bəli mən bu insanın ardınca gedə bilərəm. O, bunlardan keçib, bunu edib. Mən İmam Hüseyn haqqında öyrənəndə, onun Kərbəlada başına gələnləri biləndə o məni titrətdi. Öz-özümə düşünürdüm ki, əgər xristianlar İmam Hüseynin Kərbəlada başına gələnləri bilsələr necə olarlar?!
İmam Hüseyn (ə) İmam Həsəndən (ə) sonra vilayətin qanuni varisi idi. Mən buna baxdım dedim ki, siz bu haqda necə danışmaya bilərsiz. Bu, niyə insanlara göstərdiyiniz şeylərdən birincisi deyil?! Öz-özümə düşünürdüm ki, əgər xristianlar İmam Hüseynin başına gələnlər haqqında bilsələr həmin vaxt İslama gələrlər. Bu, səmimi deyim ki, həqiqətən də mənim üzümə qapıları açdı. Kərbəlada baş verənləri öyrəndikdən sonra maraqlanırdım ki, bu barədə daha nəyi bilmirəm, daha nə gizlədilir, haqqında danışılmır. İndi bu haqda daha çox şey bilmək istəyirəm. Çünki niyə peyğəmbərin böyük nəvəsi İslam ümmətinin bir üzdəniraq lideri tərəfindən qətlə yetirilir və bu barədə danışmırlar. Xüsusilə də İslam ümmətinin rəhbəri edib bunu. Və sən bunun haqqında heç nə demirsən.
Sünnilərin şiələr haqqında danışdığı mühazirələrdən eşidirdim ki, deyirdilər şiələr şişirdirlər və onlar ancaq peyğəmbərin ailəsini sevirlər. Mən öz-özümə düşünürdüm ki, onların bu şiddətli sevgisinə səbəb olan nədir?!
Beləliklə mən araşdırdım və İmam Əli (ə) haqqında məlumatlarla rastlaşdım. İmam Hüseyn (ə) məni şiə İslamına gətirdi və İmam Əli (ə) həqiqətən məni buna daha da bağladı. Həm də məni çox əsəbiləşdirirdi ki, İmam Əlinin (ə) gözəl hədislərini oxuyurdum, amma onlar bunları danışmırdılar. İmam Əlinin xarakteri başqa birindən qat-qat yüksəkdə idi. Mən sadəcə başa düşmürdüm ki, niyə bunun haqqında danışılmır. Bu, gerçəkdən məni daha da dərinə apardı. İmam Əlidən sonra mən bütün Əhli-beyti təhlil etməyə başladım. Bununla da mən dedim ki, hə indi mən 2-ci şəhadətimi gətirməliyəm, indi dedim ki, Əliyyən vəliyullah.
Əgər mənim hər hansı İslamı qəbul edən insana və ya hər hansı İslam ideyasından xoşlanan insanlara verə biləcəyim bir məsləhət varsa onlara deyərdim ki, İslama əməl edən insanlara baxmasınlar, İslamı gətirən insanlara baxsınlar. Peyğəmbərə, İmam Əliyə, bütün Əhli-beytə baxsınlar. Salman Farsiyə, peyğəmbərin bütün bu yoldaşlarına baxsınlar. Çünki mənim ilk dəfə müsəlmanlarla tanışlığımda həmin müsəlmanlardan mənim böyük gözləntilərim var idi. Onlar tezliklə gözümdən düşdülər. Və bu xəyal qırıqlığından geri qayıtmaq çox çətindir. Çox şeyi öyrənəcəyini gözlədiyin müsəlmanları görürsən ki, dinlərinin qeydinə qalmırlar. Evdə onlara yemək hazırlayan anaları, ataları olduqları halda və bunu eləmək onlar üçün çox daha asan olduğu halda halal yemək yemirlər. Amma əvəzində onlar McDonaldsa gedirlər. Mən buna əsəbiləşirəm, onlara bunu deyirəm, onlara acıqlanıram ki, qulaq asın mən doğulduğum yerdə bu yoxdur. Və İslamı qəbul edən insanlarda bu yoxdur. Amma siz müsəlman ailəsində doğulmusuz, sizin üçün dindar olaraq qalmaq, öz dininizə əməl etmək daha asandır. Siz şeyx olmaya bilərsiz, amma siz asanlıqla əsas təməl prinsiplərə əməl edə bilərsiniz. Elə insanlar var ki, onlar müsəlman olmaq üçün Cəhənnəm əzabından keçirlər. İslamı qəbul edən qadın hicab geyinir, onun dostları var, ailəsi var və onlar ona nələrsə deyəcəklər. O bunu etməkçün nələrdənsə keçməli olacaq. Sizinsə etməli olduğunuz iki-üç şeydir. Və siz ona əməl etmirsiniz. Bu, çox asandır.
Beləliklə mən hər hansı şiə məscid və ya hüseyniyyə tapmaq istəyirdim. Nəhayət birini Bostonda tapdım. Onu idarə edənlərdən kiminsə e-mailini tapmağa çalışdım. Sonda birinin emailini tapdım və yazdım ki, hər hansı bir şiə icması, hansısa bir gənclər proqramı, nə isə belə bir şey varmı oralarda? Mən elə bir ərazidə yaşayıram ki, burada müsəlmanlar və belə heç nə yoxdur. Xahiş edirəm mənə kömək edin. Əlhəmdulillah, bir neçə həftə sonra mən cavab aldım. Mənə dedilər ki, bəli burada-Bostonda bir hüseyniyyə var və sən bura gələ bilərsən. Bu, doğrudan da mənimçün böyük bir addım oldu. Burada mən öz yaşımda çox müsəlman şiələrlə tanış oldum. Əksəriyyəti Səudiyyə Ərəbistanından olan şiə tələbələri idilər. Onlar mənə çox kömək etdilər. Mənə çox şey öyrətdilər. Mənə bəzi kitablar verdilər, mənə bəzi müctehidlərin veb saytlarını göstərdilər. Onda mən müctehidin ardınca getməli olduğumu bilmirdim. Yəni bu anlayışın nə olduğunu bilmirdim. Onlar mənə çox şeydə kömək oldular. Mən çox xırdalıqlara qədər gedirdim, çünki istəmirdim ki, qıraqdan baxan desin ki, bu nə etdiyini özü də bilmir.
Əlhəmdulillah, mən Bostonda kollecə getməyə başlayanda çox şiələrlə tanış oldum. Mən elə bir qrupun əhatəsindəydim ki, çox yaxşı ibadət edən və həmçinin mənə çox şey öyrədə biləcək insanlar idilər.