1. Muhəmməd ibn Əli nəql edir ki, Peyğəmbər (s) buyurdu:
“Ey Əli, kim məni həyatda ikən və ya ölümümdən sonra yaxud səni həyatda ikən və ya öldüyündən sonra, yaxud oğlanlarını həyatda ikən və ya öldüklərindən sonra ziyarət etsə, həmin şəxsi qiyamət gününün qorxu və çətinliklərindən xilas edəcəyəm və mənimlə birgə gedəcəyim yerə daxil olacağına zəmanət verirəm”.
İbn Qavləveyh Qumi, "Kamiluz-ziyarat", hədis 3 (3), səh. 7
2. Müəlla ibn Əbu Şihab İmam Sadiqdən (ə) Hüseyn ibn Əlinin (ə) Peyğəmbərdən (s) belə soruşduğunu nəql edir:
“Atacan, səni ziyarət edənin mükafatı nədir?” Peyğəmbər (s) buyurdu: “Ey oğlum, kim sağlığımda və vəfatımdan sonra məni, yaxud atanı,yaxud qardaşını və yaxud da səni ziyarət etsə, Qiyamət günü onu ziyarət edib günahlarından xalis etmək mənim üzərimdə bir haqq olar”.
İbn Qavləveyh Qumi, "Kamiluz-ziyarat", hədis 5 (5), səh. 8
3. Sədusi İmam Sadiqdən (ə) nəql edir:
“Peyğəmbər (s) buyurur: “Kim məni ziyarət üçün gəlsə Qiyamət günü onun şəfaətçisi olaram”.
İbn Qavləveyh Qumi, "Kamiluz-ziyarat", hədis 1 (6), səh. 9
4. Əbdürrəhman ibn Əbu Nəcran İmam Cavaddan (ə) məqsədi Peyğəmbərin (s) qəbrini ziyarət etmək olan şəxs barədə soruşdu. Buyurdu: “Onun üçün Cənnət var”.
İbn Qavləveyh Qumi, "Kamiluz-ziyarat", hədis 3 (8), səh. 10
5. Əbdürrəhman ibn Əbu Nəcran İmam Muhəmməd Cavada (ə) dedi:
“Qarşısına məqsəd qoyaraq Peyğəmbəri (s) ziyarət edən şəxsin mükafatı nədir?” Buyurdu: “İnşaallah, Allah onu Cənnətə daxil edər”
İbn Qavləveyh Qumi, "Kamiluz-ziyarat", hədis 4 (9), səh. 10
6. Amir ibn Abdullah İmam Sadiqə (ə) dedi:
“Mən dəvə saxlayanlara iki və ya üç dinar verirəm ki, məni Mədinəyə aparsın”. İmam (ə) buyurdu: “Afərin! Nə yaxşı iş görürsən.Peyğəmbərin (s) qəbrinin yanına get və ona salam ver. Bil ki, o səni yaxından eşidir. Uzaqdan verdiyin salam isə ona çatdırılır”.
İbn Qavləveyh Qumi, "Kamiluz-ziyarat", hədis 6 (11), səh. 11
7. Əbu Həcər Əsləmi İmam Sadiqdən (ə) nəql edir:
Peyğəmbər (s) buyurur: “Kim Həcc üçün Məkkəyə gəlsə və Mədinədə məni ziyarət etməsə Qiyamət günü ondan uzaq duraram. Kim ziyarət etsə, ona şəfaətim vacib olar. Şəfaətimin vacib olduğu şəxs isə Cənnətə girər. Bu iki hərəmdən (Məkkə və Mədinə məscidlərindən) birində ölən şəxs hesaba çəkilməz, Allaha görə hicrət edən şəxs kimi ölər və Qiyamət günü Bədr (savaşının) əhlilə birgə həşr olunar”.
İbn Qavləveyh Qumi, "Kamiluz-ziyarat", hədis 9 (14), səh. 12
8. İmam Hüseyn (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:
“Ölümümdən sonra qəbrimi ziyarət edən şəxs sağlığımda yanıma hicrət edən şəxs kimidir. Əgər bunu bacarmasanız (ən azı) mənə salam göndərin. Salamınız mənə çatır”.
İbn Qavləveyh Qumi, "Kamiluz-ziyarat", hədis 17 (22), səh. 14
9. Füzeyl ibn Yəsar İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir:
“Peyğəmbərin (s) qəbrini ziyarət etmək Peyğəmbərlə birgə yerinə yetirilən qəbul edilmiş Həccə (savabına) bərabərdir”.
İbn Qavləveyh Qumi, "Kamiluz-ziyarat", hədis 20 (25), səh. 15
10. Müaviyə ibn Əmmar İmam Sadiqdən (ə) nəql edir:
“Qəbrin yanında dua edib bitirdikdən sonra minbərə tərəf gəl, əlini ona, üzünə və gözlərinə çək. Belə ki, onda gözlər üçün şəfa olduğu deyilir. Onun yanında dayan, Allaha həmd və səna elə, hacətlərini dilə. Həqiqətən də Peyğəmbər (s) buyurub: “Evimlə minbərin arası Cənnət bağlarından bir bağçadır. Həqiqətən də minbərim Cənnət qollarından bir qolun üzərindədir. Minbərimin təməli Cənnətdən başlanğıc götürür (qol isə onun kiçik qapısıdır). Sonra Peyğəmbər (s) məqamına gəl və bacardığın qədər salavat de. Məscidə daxil olduqda Muhəmməd və Ali Muhəmmədə salavat söylə. Oradan xaric olarkən də bunu et. Peyğəmbər məscidində bacardığın qədər çoxlu salavat de”.
İbn Qavləveyh Qumi, "Kamiluz-ziyarat", hədis 2 (28), səh. 18