»»

İmamların raviləri onların məsum olmadığına inanıblar? - Samir Firdovsi oğluna cavab.

Samir Firdovsi oğlu Təhməzovun İmamların (ə) müasirləri olan səhabə və ya ravilərin onların ismətinə (məsumluğuna) etiqad etmədiyi barədə şübhəsinə Şeyx Əli Ali-Muhsinin (h.a) CAVABI.

 

 

Samirin həmin şübhəsi : https://vt.tiktok.com/ZSaE49Ujh/

 

Saytım vasitəsilə hörmətli oxuculardan birindən mənə üç sual çatmışdır. Mən hər bir sualı ayrıca qeyd edib cavablandıracağam; çünki bu üç sualın hamısı şiələrin məzhəbin zərurətlərindən hesab etdikləri imamların və onların səhabələrinin ismət etiqadı mövzusu ilə bağlıdır.

 

Hörmətli sual verən deyir:

 

Salam olsun hörmətli şeyximizə. İsmət mövzusu ilə bağlı üç sualım var:

 

*Birinci sual:* Doğrudurmu ki, imamların (ə) səhabələri onların ismətinə etiqad etmirdilər? Çünki bəziləri bu iradı irəli sürür və deyirlər: əgər ismət zəruridirsə və onu inkar edən şəxs şiəlikdən çıxırsa, onda imamların (ə) səhabələri onu inkar etməzdilər. Halbuki imamların (ə) səhabələri onların ismətinə etiqad etməmişlər və bu məsələdə yekdil olmamışlar. Buna dəlil olaraq Kəşşinin Abdullah ibn Əbi Yəfurun tərcümeyi-halında qeyd etdiyini əsas gətirirlər ki, Abdullah ibn Əbi Yəfur ilə Müəllə ibn Xuneys arasında imamlar (ə) barəsində bir müzakirə olmuşdur. Abdullah ibn Əbi Yəfur demişdir: imamlar (ə) alim, saleh və təqvalı insanlardır. O, ismət məsələsini qeyd etməmişdir. Amma Müəllə demişdir: imamlar peyğəmbərdirlər. Gördüyünüz kimi, Abdullah ibn Əbi Yəfur imamların (ə) məsum olduqlarını deməmiş, onları sadəcə alim adlandırmışdır. Bəs onun “alim və salehdirlər” deməsi onların ismətinə etiqad etmədiyini göstərirmi?

 

Digər tərəfdən, əgər imamlar (ə) məsumdurlarsa, nə üçün İmam Sadiq (ə) buna işarə etməmiş və Abdullah ibn Əbi Yəfurun sözünü qəbul etməklə kifayətlənmişdir? Halbuki bu rəvayət cənab Seyid Xoeyinin (r) əsaslarına görə sənəd baxımından səhihdir. Mən Müəllənin tərcümeyi-halına baxdım və gördüm ki, bu rəvayət Seyid Xoeyi (r) tərəfindən səhih sayılmışdır.

 

*Cavab:*

 

  1. Şiə imamiyyə alimləri imamların (ə) ismətini Qurani-Kərim, pak sünnə və ağıl ilə sübut etmişlər. Onların imamların (ə) ismətinə dair dəlilləri tam və səhihdir, kitablarında ətraflı şəkildə qeyd olunmuş və ən gözəl şəkildə izah edilmişdir. Burada onları sadalamaq yeri deyil. Kim bu dəlillərlə tanış olmaq istəsə, müvafiq mənbələrə müraciət etsin.

 

Şübhəsiz ki, ismətə etiqad edib-etməmək məsələsində əsas götürülməli olan məhz bu dəlillərdir və onlar kifayət qədər açıq və məqsədi qarşılayan dəlillərdir. Səhih olmayan digər şeylərə istinad etməyə ehtiyac yoxdur.

 

İmamların (ə) bəzi səhabələrinin onların ismətinə etiqad etməməsi isə kitab, sünnə və ağıl qarşısında dəlil ola bilməz. Əks halda, Peyğəmbərin (s) ismətini də inkar etməli olarıq; çünki onun bəzi səhabələri onun ismətinə etiqad etmirdilər. Bu, onların Peyğəmbərlə (s) olan davranışlarından aydın görünür: onlar onunla müxalifət edir, ona qarşı çıxır, bütün söz və əməllərində onu haqlı saymır, öz rəylərini onun sözündən üstün tuturdular. Buna dəlalət edən, səhihliyində mübahisə olmayan çoxlu rəvayətlər mövcuddur. Bu isə onların Peyğəmbərin (s) ismətinə etiqad etmədiklərini açıq şəkildə göstərir. Bəs buna görə Peyğəmbərin (s) ismətini inkar edə bilərikmi?!

 

Bəzi imam səhabələrinin ismətə etiqad etməməsini əsas gətirərək imamların (ə) ismətini inkar etmək, kitab, mütəvatir sünnə və ağıl ilə sübuta yetirilmiş Əmirəl-mömininin (ə) xilafətini bəzi səhabələrin inkar etməsinə əsasən rədd etməyə bənzəyir. Halbuki səhabələrin söz və əməllərinin hüccət olmadığı sabitdir. Bu cür istidlallar əslində səhih dəlilləri qeyri-səhih dəlillərlə rədd etməyə qayıdır.

 

Bundan əlavə, imamların (ə) səhabələri məsum deyildilər və onların bəzilərinin bir çox məsələlərdə səhvləri olmuşdur. Bu səhvlər rəvayət kitablarında və Kəşşinin “Rical”ı kimi bəzi rical kitablarında qeyd olunmuşdur. Əgər fərz etsək ki, İbn Əbi Yəfur və ya başqası imamların (ə) ismətinə etiqad etmirdi, bu onun səhvidir və bu, onun haqq üzərində olduğunu göstərməz, həmçinin digər imam səhabələrinin də bu fikirdə onunla razı olduqlarını sübut etməz.

 

Bəli, əgər səhih dəlillə sübut olunsaydı ki, Əmirəl-möminin (ə) dövründən İmam Həsən Əskəriyə (ə) qədər bütün imam səhabələri ismətə etiqad etməmişlər, o zaman bu, imamların (ə) özlərinin də ismətə etiqad etmədiklərini sübut edərdi. Çünki əgər belə olmasaydı, səhabələri onların ismətini yekdilliklə inkar etməzdilər. Amma bunu heç bir şəkildə sübut etmək mümkün deyil. Əksinə, dəlillər bunun qeyri-səhih olduğunu göstərir. Kim belə bir iddia edirsə, onu səhih rəvayətlərlə sübut etməlidir, əks halda bu, qeyri-mümkün bir iddiadır.

 

Beləliklə, qəbul etsək belə ki, imamların (ə) bəzi səhabələri onların ismətinə etiqad etməmişlər, bunun heç bir dəyəri yoxdur və bununla səhih dəlilləri rədd etmək olmaz.

 

  1. Kəşşinin 221-ci səhifədə nəql etdiyi Abdullah ibn Əbi Yəfur rəvayəti belədir:

 

Məhəmməd ibn Həsən Bərasi və Osman dedilər: Məhəmməd ibn Yəzdad bizə Məhəmməd ibn Hüseyndən, o da Həccaldan, o da Əbu Malik Həzrəmədən, o da Əbu Abbas Bəqbaqdan nəql etdi. O dedi: İbn Əbi Yəfur ilə Müəllə ibn Xuneys arasında imamlar (ə) barəsində söhbət oldu. İbn Əbi Yəfur dedi: Vəsilər alim, saleh və təqvalı insanlardır. İbn Xuneys dedi: Vəsilər peyğəmbərdirlər. Sonra onlar Əbu Abdullahın (ə) yanına girdilər. Oturduqdan sonra İmam (ə) buyurdu: Ey Abdullah! Biz peyğəmbərik deyən şəxsdən uzaq ol.

 

Bu rəvayət sənəd baxımından zəifdir. Çünki onun ravilərindən biri Məhəmməd ibn Həsən Bərasi (və ya Bərani, yaxud Bərnani)dir və onun etibarlılığı rical kitablarında sübuta yetməmişdir.

 

Mənə aydın deyil ki, Seyid Xoeyi (r) bu rəvayəti “Möcəm Ricalül-hədis”ində (18/246) Müəllə ibn Xuneysin tərcümeyi-halında nə üçün səhih saymışdır. Halbuki onun öz əsaslarına görə bu rəvayət zəif olmalıdır. Çünki o, bu ravini “Möcəm”də (15/200–201) qeyd etmiş, lakin onu etibarlı saymamışdır. Bu rəvayəti nə üçün səhih hesab etdiyini bilmirəm.

 

Hətta sənədi bir kənara qoyub rəvayətin səhih olduğunu fərz etsək belə, bu rəvayət İbn Əbi Yəfurun imamların (ə) ismətinə etiqad etmədiyinə dəlalət etmir. Onları “alim, saleh və təqvalı” kimi vəsf etmək ismətin inkarını tələb etmir. Çünki bəzi sifətlərin isbatı digərlərinin inkarına dəlalət etmir.

 

Həmçinin bu rəvayətdə İmam Sadiqin (ə) İbn Əbi Yəfurun imamların (ə) ismətini inkar etməsini təsdiqlədiyinə dair heç bir dəlil yoxdur. Rəvayətin göstərdiyi yalnız budur ki, İmam (ə) onun sözünü inkar etməmişdir və bu da dediyinin düzgün olduğunu göstərir.

 

  1. Abdullah ibn Əbi Yəfur ilə Müəllə ibn Xuneys arasındakı ixtilaf imamların (ə) alim və saleh olmaları ilə peyğəmbər olmaları məsələsi üzərində idi. İmam (ə) onların peyğəmbər olmadığını açıqlamışdır. Amma ismət kimi digər sabit sifətlər bu iki şəxs arasında ixtilaf mövzusu olmadığından, İmam (ə) bu barədə nə inkar, nə də isbat etmişdir.

 

Buradan sual verənin “Əgər imamlar (ə) məsum idilərsə, nə üçün İmam Sadiq (ə) buna işarə etməmişdir?” sözünün cavabı aydın olur. Çünki İmam (ə) burada imamların (ə) bütün sifətlərini – ismət, nəsb, ricsdən paklanma və sair – bəyan etmək mövqeyində deyildi. Bunlar onların (ə) digər rəvayətlərində açıqlanmışdır.

 

Sual verənin “Gördüyünüz kimi, Abdullah ibn Əbi Yəfur ‘imamlar məsumdurlar’ deməmiş, sadəcə alim adlandırmışdır. Bəs bu, onun ismətə etiqad etmədiyini göstərirmi?” sözünün cavabı budur ki, İbn Əbi Yəfur imamların (ə) bütün sifətlərini sadalamaq niyyətində deyildi ki, onun sözləri ismətin inkarına dəlalət etsin. O, sadəcə onların peyğəmbər olmadıqlarını göstərmək üçün bu sifətləri qeyd etmişdir. Əks halda, o da digər şiələr kimi imamların (ə) ricsdən pak olduqlarına, Allah tərəfindən təyin edildiklərinə və digər qəbul olunmuş sifətlərə etiqad edirdi.

 

*İkinci sual:* Bəziləri bu iradın həlli üçün deyirlər ki, İmam Sadiq (ə) Abdullah ibn Əbi Yəfurun sözünü ona görə qəbul etmişdir ki, Müəllənin sözü yanlışdır; çünki Əhli-beyt (ə) peyğəmbər deyillər. Onların alim olmalarını isbat etmək isə ismətin inkarı demək deyil. Çünki bir şeyi isbat etmək başqasını inkar etmək demək deyil. Bu söz nə dərəcədə doğrudur?

 

Həmçinin bəziləri, məsələn Seyid Bəhrül-ülum “əl-Fəvaidür-ricaliyyə” kitabında Şəhid Sanidən nəql edir ki, imamların (ə) səhabələri onların ismətinə etiqad etmirdilər. Bu barədə Şəhid Saninin (r) sözünə cavabınız nədir?

 

*Cavab:* Daha əvvəl izah etdik ki, İmam Sadiq (ə) Müəllə ibn Xuneysin imamların (ə) peyğəmbər olmaları barədə sözünü inkar etmişdir, lakin İbn Əbi Yəfurun sözünü inkar etməmişdir. Çünki o, imamların (ə) sifətlərini məhdudlaşdırmaq niyyətində deyildi. Buna görə də “bir şeyi isbat etmək başqasını inkar etmir” sözü doğrudur.

 

Seyid Bəhrül-ülumun Şəhid Sanidən nəql etdiyi sözə gəlincə, o, Şəhid Saninin “iman və küfr” kitabında dediyi fikrə işarə edir ki, iman üçün imamların (ə) ismətinə etiqad zəruri olmaya bilər. Onun sözləri iman üçün zəruri olanı izah etmək məqsədi daşıyırdı və o, ismət məsələsində cəhalətin imana zərər vermədiyini bildirmək istəyirdi.

 

Şəhid Sani (r) “Həqaiqul-iman” kitabında imamların (ə) ismətinin həm əqli, həm də nəqli dəlillərlə sübuta yetdiyini qeyd etmiş və bununla yanaşı, ismətə etiqad etməyən, lakin cəhalət üzündən bunu bilməyən şəxslərin imanının batil olmadığını bildirmişdir.

 

Beləliklə, Şəhid Saninin sözləri aşağıdakı məqamları göstərir:

 

  1. İmamların (ə) ismətinə etiqad vacibdir, lakin iman üçün şərt olub-olmaması mübahisəlidir.
  2. İsmətə etiqad etməyən, lakin bunu cəhalət üzündən bilməyən şəxs iman dairəsindən çıxmır.
  3. Onun sözləri imamların (ə) dövründə səhabələrin əksəriyyətinin ismətə etiqad etmədiyini göstərmir.

 

*Üçüncü sual:* İmamların (ə) səhabələrinin onların ismətinə etiqad etdiyini göstərən dəlillər varmı ki, bu irad aradan qalxsın? Mümkünsə, bizə onlardan bəzilərini təqdim etməyinizi xahiş edirəm. Çünki bəziləri bu tərəfdən ismətə zərbə vurmaq istəyir və deyir ki: ismət onların nəzərində nə zəruri, nə də mühüm bir məsələ olmuşdur; şiəliyin əqidələri təkamül etmişdir; ismət imamların dövründə mövcud olmamış, yalnız onlardan sonra Müfid, Səduq və başqalarının əli ilə meydana çıxmışdır. Nə imamlar öz ismətlərini qəbul edirdilər, nə də səhabələri onlara ismət nisbət verirdilər.

 

*Cavab:* Səhih rəvayətlər açıq şəkildə göstərir ki, pak imamlar (ə) özlərinin məsum olduqlarını açıq-aşkar bəyan edirdilər. Bu rəvayətlər çoxdur. Onlardan bəziləri bunlardır:

 

*1)* Şeyx Kuleyninin (r.ə) əl-Kafi kitabında (1/269) mötəbər sənədlə Sədir vasitəsilə rəvayət etdiyinə görə, o demişdir:

Dedim: Ey Əbu Abdullah (ə)! Bir qrup var ki, sizin ilah olduğunuzu iddia edir və bununla bizə Qurandan ayə oxuyurlar: (“O, göydə də İlah olan, yerdə də İlah olandır”).

Buyurdu: Ey Sədir! Qulağım, gözüm, dərim, ətim, qanım və saçım onlardan uzaqdır. Allah da onlardan uzaqdır. Onlar nə mənim dinimdədirlər, nə də atalarımın dinində. Allaha and olsun, Allah Qiyamət günü məni onlarla bir yerə toplamaz, məgər onlara qəzəbli halda toplar.

Dedim: Bizim yanımızda elə bir qrup da var ki, sizin rəsullar olduğunuzu iddia edir və bununla bizə Qurandan ayə oxuyurlar: (“Ey rəsullar! Pak şeylərdən yeyin və saleh əməl edin. Həqiqətən Mən sizin etdiklərinizi bilirəm”).

Buyurdu: Ey Sədir! Qulağım, gözüm, saçım, dərim, ətim və qanım onlardan uzaqdır. Allah və Onun Rəsulu da onlardan uzaqdır. Onlar nə mənim dinimdədirlər, nə də atalarımın dinində. Allaha and olsun, Allah Qiyamət günü məni onlarla bir yerə toplamaz, məgər onlara qəzəbli halda toplar.

Dedim: Bəs siz kimsiniz?

Buyurdu: Biz Allahın elminin xəzinədarlarıyıq, biz Allahın əmrinin tərcümanlarıyıq, biz məsum bir qövmük. Allah Təbarək və Təala bizə itaəti əmr etmiş, bizə asi olmağı qadağan etmişdir. Biz yer üzündə olanlara qarşı, göylərin altındakılara qarşı qəti dəlilik.

 

Şeyx Məclisi (r.ə) Mirʾat əl-ʿUqul 3/159-da demişdir: *Həsəndir.*

 

*2)* Şeyx Kuleyninin *əl-Kafi*də (1/203) sənədi ilə İshaq ibn Qalibdən, o da Əbu Abdullahdan (ə) bir xütbəsində imamların (ə) halını və sifətlərini zikr edərkən nəql etdiyi rəvayət:

… İmam seçilmiş, razı salınmış, nicat verən hidayətçi, ümid edilən qaimdir. Allah onu bunun üçün seçmiş, onu yaradılışın başlanğıcında yaratdığı zaman Öz nəzarəti altında yetişdirmiş, məxluqat arasında xəlq etdiyi zaman da eləcə etmişdir. O, ruh yaradılmamışdan əvvəl Ərşinin sağ tərəfində bir kölgə idi. Allahın elmində qeyb hikməti ilə sevilmişdir. Allah onu elmi ilə seçmiş, paklığına görə seçkin etmişdir. O, Adəmdən (ə) qalan bir qalıq, Nuhun nəslindən seçilmiş, İbrahimin ailəsindən seçilmiş, İsmailin nəslindən bir silsilə, Məhəmmədin (s) itrətindən bir saf seçmədir. Daim Allahın nəzarəti altında olmuş, Onun pərdəsi ilə qorunmuşdur. İblisin və onun qoşunlarının tələləri ondan uzaqlaşdırılmış, qaranlıqların hücumları və hər bir fasiqin fitnələri ondan dəf edilmişdir. Pisliklərin təsirindən uzaqlaşdırılmış, qüsurlardan paklanmış, bəlalardan qorunmuş, xətalardan məsum, bütün fahişəliklərdən uzaq tutulmuşdur. Gəncliyində helm və yaxşılıqla tanınmış, yetkinliyində iffət, elm və fəzilətə nisbət verilmişdir. Atasının işi ona tapşırılmış, həyatı boyunca danışmaqdan susmuşdur.

 

Şeyx Məclisi (r.ə) Mirʾat əl-ʿUqul 2/400-də, Mirzə Cavad Təbrizi (r.ə) ən-Nusus əs-Sahiha: 10-da və Şeyx Hadi Nəcəfi Məvsuət Əhadis Əhl əl-Beyt 4/366-da bu rəvayəti *səhih* hesab etmişlər.

 

*3)* Şeyx Səduqun (r.ə) Mən la yəhzuruhu əl-fəqih (2/611) kitabında “Ziyarətül-camiə” kimi məşhur olan ziyarətdə İmam Hadinin (ə) sözü:

“Şəhadət verirəm ki, siz doğru yolu tutmuş imamlar, hidayət edilmişlər, məsumlar, hörmətlilər, yaxınlaşdırılmışlar, müttəqilər, doğrular, seçilmişlər, Allaha itaət edənlər, Onun əmri ilə qaim olanlar, iradəsi ilə əməl edənlər, Onun kəramətinə nail olanlarsınız. Allah sizi elmi ilə seçmiş, qeybi üçün razı salmış, sirri üçün seçmiş, qüdrəti ilə ixtiyar etmiş, hidayəti ilə ucaltdı, dəlili ilə sizə xüsusi lütf göstərdi, nuru ilə sizi seçdi, ruhu ilə dəstəklədi, sizi yer üzündə xəlifələr, bəndələrinə hüccətlər, dininə köməkçilər, sirrinin qoruyucuları, elminin xəzinədarları, hikmətinin əmanətçiləri, vəhyinin tərcümanları, tövhidinin sütunları, məxluqatına şahidlər, bəndələri üçün nişanələr, ölkələrində mayaklar, yoluna bələdçilər etdi. Allah sizi sürüşmədən qorudu, fitnələrdən əmin etdi, çirkinlikdən pakladı, sizdən ricsi apardı [Ey Əhl əl-Beyt] və sizi tam pakladı.”

 

Şeyx Səduq (r.ə) həmin mənbədə (3/598) demişdir: “Ziyarətlər kitabında və Hüseynin (ə) şəhadəti kitabında müxtəlif ziyarətlər nəql etmişəm. Bu kitab üçün isə bu ziyarəti seçdim; çünki rəvayət yolu baxımından mənim yanımda ən səhih ziyarətdir və kifayət və bəlağətə malikdir.”

 

Şeyx Məclisi (r.ə) Bihar əl-Ənvar 102/144-də demişdir: “Bu ziyarətin şərhində sözü bir qədər uzatdım, lakin haqqını tam vermədim ki, uzanmasın; çünki bu ziyarət sənəd baxımından ən səhih, məzmun baxımından ən ümumi, ifadə baxımından ən fəsih, məna baxımından ən bəlağətli və məqam baxımından ən uca ziyarətdir.”

 

*4)* Şeyx Kuleyninin (r.ə) *əl-Kafi*də mötəbər sənədlə Süleym ibn Qeys Hilalidən, o da Əmirəlmöminindən (ə) nəql etdiyi rəvayət:

“Allah bizi pakladı və məsum etdi, bizi məxluqatına şahid, yer üzündə Öz hüccəti etdi, bizi Qur’anla birlikdə etdi və Qur’anı bizimlə birlikdə etdi; biz ondan ayrılmarıq, o da bizdən ayrılmaz.”

 

Şeyx Məclisi (r.ə) Mirʾat əl-ʿUqul 2/343-də demişdir: *İxtilaflıdır, lakin mənim yanımda həsəndir.*

 

*5)* Şeyx Səduqun (r.ə) Abdullah ibn Abbasdan (r.a) sənədi ilə nəql etdiyi rəvayət:

“Rəsulullahı (s) belə deyərkən eşitdim: Mən, Əli, Həsən, Hüseyn və Hüseynin nəslindən doqquz nəfər pak və məsumuq.”

(Uyun Əxbar ər-Riza 1/65; Kəmal əd-Din və Təmam ən-Ni‘mə: 280).

 

Şeyx Hadi Nəcəfi demişdir: *Rəvayət mötəbər sənədlidir.* (Məvsuət Əhadis Əhl əl-Beyt 7/183).

 

Bu mövzuda rəvayətlər çoxdur. Biz yalnız bəzilərini qeyd etməklə kifayətləndik. Şeyx Məclisinin (r.ə) Bihar kitabında (25/191) qeyd etdiyi rəvayətlərə bax; o, ismətə dəlalət edən təxminən iyirmi rəvayət zikr etmiş, sonra da Peyğəmbərin (s) ismətinə dair fəsildə ismətin araşdırılması və isbatı ilə bağlı dediklərinə istinad etmişdir. İstəsən, ora müraciət et.

 

Pak imamların (ə) səhabələrindən bir qrupunun onların ismətinə etiqad etdiyini göstərən rəvayətlərdən biri də budur:

Şeyx Səduq (r.ə) Məhəmməd ibn Əbi Umeyrdən səhih sənədlə nəql edir:

“Hişam ibn Həkəmlə uzun yoldaşlığım boyunca imamın ismətinin sifəti barəsində ondan eşitdiyim və faydalandığım bu sözdən daha gözəl bir söz eşitmədim. Bir gün ondan soruşdum: İmam məsumdurmu? Dedi: Bəli. Dedim: Bəs onda ismətin sifəti nədir və nə ilə tanınır? Dedi: Bütün günahların dörd üzü var, beşincisi yoxdur: hərislik, həsəd, qəzəb və şəhvət. Bunlar ondan uzaqdır. O, bu dünyaya həris ola bilməz, çünki bu dünya onun möhürü altındadır; o, müsəlmanların xəzinədarıdır, nəyə hərislik etsin? Həsəd də edə bilməz, çünki insan yalnız özündən yuxarı olana həsəd aparar, ondan yuxarı heç kim yoxdur. Dünya işlərinə görə qəzəblənə bilməz, yalnız Allah üçün qəzəblənə bilər; çünki Allah ona hədləri icra etməyi vacib etmişdir və Allah yolunda qınayanın qınamasından qorxmamalıdır, dinində rəhm etməməlidir ki, Allahın hədlərini icra etsin. Şəhvətlərə tabe ola bilməz və axirəti dünyaya üstün tuta bilməz; çünki Allah axirəti ona sevdirmişdir, necə ki, dünyanı bizə sevdirmişdir. O, axirətə bizim dünyaya baxdığımız kimi baxır. Heç görmüsənmi kimsə gözəl üzü çirkin üzə, dadlı yeməyi acı yeməyə, yumşaq paltarı kobud paltara, daimi və qalıcı neməti yox olub gedən fani dünyaya dəyişsin?”

(əl-Xisal, İləl əş-Şərayi‘: 79; Mə‘ani əl-Əxbar: 44; Əmali əs-Səduq: 375).

 

Dedim: Bu rəvayət açıq şəkildə göstərir ki, İmam Sadiqin (ə) dövründə yaşamış Hişam ibn Həkəm ismətə etiqad edir və ona dəlil gətirirdi.

 

İbn Əbi Umeyrin imamın (ə) ismətini soruşması açıq şəkildə göstərir ki, onun sualı imamın məsum olub-olmaması barədə deyildi. Buna görə də o, bu sualla kifayətlənmədi, əksinə Hişamdan imamda ismətin sifəti və ismətin nə ilə tanındığı barədə soruşdu.

 

İbn Əbi Umeyrin Hişam ibn Həkəmdən ismət barədə eşitdiyini uzun yoldaşlığı boyunca eşitdiyi və faydalandığı ən gözəl söz hesab etməsi açıq şəkildə göstərir ki, imamların (ə) ismətinə etiqad imamların səhabələri arasında tanınmış bir məsələ idi. Buna görə də İbn Əbi Umeyr bunu nəql etmiş və onu çox faydalı məsələlərdən saymışdır.

 

Bunlardan biri də Şeyx Səduqun Mə‘ani əl-Əxbar (383)-də səhih sənədlə Əli ibn Riabdan nəql etdiyi rəvayətdir. O demişdir:

Əbu Abdullahdan (ə) Allahın bu ayəsi barədə soruşdum: (“Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandıqlarınızdandır və O, bir çoxunu bağışlayır”). Dedim: Əli və Əhli-beytinin başına gələnlər onların öz əlləri ilə qazandıqlarıdırmı, halbuki onlar pak və məsum bir Əhli-beytdirlər?

Buyurdu: Rəsulullah (s) hər gün və gecə yüz dəfə günahsız olduğu halda Allaha tövbə edir və bağışlanma diləyirdi. Allah Öz övliyalarını müsibətlərlə imtahan edir ki, günahsız olduqları halda onlara savab versin.

 

Şeyx Hadi Nəcəfi Məvsuət Əhadis Əhl əl-Beyt 2/271-də demişdir: *Sənədi səhihdir.*

 

Bu hədis açıq şəkildə göstərir ki, İmam Cəfər Sadiqin (ə) səhabələrindən olan Əli ibn Riab imamların (ə) ismətinə etiqad edirdi və bunu müsəlləm bir məsələ hesab edirdi. Lakin o, ismətə etiqadın ayə ilə ziddiyyət təşkil etdiyini zənn etmişdi. Buna görə də bu ziddiyyəti aradan qaldırmaq üçün imamdan (ə) soruşmuşdu.

 

Bunlardan biri də Kəşşinin (r.ə) sənədi ilə Abdullah ibn Əbi Yəfurdan nəql etdiyi rəvayətdir. O demişdir:

Əbu Abdullaha (ə) dedim: Allaha and olsun, əgər bir narı iki yerə bölsəydin və desəydin: bu haramdır, bu halaldır, mən şəhadət verərdim ki, sənin “halal” dediyin halaldır, “haram” dediyin isə haramdır.

Buyurdu: Allah sənə rəhm etsin, Allah sənə rəhm etsin.

(İxtiyar Ma‘rifət ər-Rical: 323).

 

Həmçinin onun sənədi ilə Həmzə ibn ət-Təyyardan, o da Əbu Abdullahdan (ə) nəql edir:

Əbu Abdullah (ə) əlimdən tutdu, sonra imamları (ə) bir-bir saydı, əli ilə hesabladı, nəhayət Əbu Cəfərə (ə) çatdı və dayandı.

Dedim: Canım sənə fəda olsun, əgər bir narı iki yerə bölsəydin, bir hissəsini halal, digər hissəsini haram etsəydin, mən sənin haram etdiyini haram, halal etdiyini halal hesab edərdim.

Buyurdu: Sənə kifayətdir ki, onun dediyini deyəsən. Mən də yalnız onlar kimiyəm; onlara aid olan mənə də aiddir, onlara qarşı olan mənə də aiddir. Əgər Qiyamət günü Allahın (“O gün hər bir ümməti öz imamı ilə çağıracağıq”) buyurduğu kəslərlə birlikdə gəlmək istəyirsənsə, onun dediyini de.

(İxtiyar Ma‘rifət ər-Rical: 415).

 

Bu iki rəvayət açıq şəkildə göstərir ki, İbn Əbi Yəfur və Həmzə ibn ət-Təyyar İmam Sadiqin (ə) ismətinə etiqad edirdilər. Çünki bu, onların sözlərinin zəruri nəticəsidir. Bir narın hökmü birdir: ya hamısı halaldır, ya da hamısı haramdır. Lakin İbn Əbi Yəfur və İbn ət-Təyyar İmam Sadiqin (ə) məsum olduğuna, səhv etmədiyinə və dediyi hər bir sözün haqq olduğuna etiqad etdiklərinə görə, əgər imam onlara desəydi ki, bu narın yarısı halaldır, yarısı isə haramdır, onlar imamın (ə) hökmünə əsasən hökm verərdilər; çünki o, məsumdur və səhv etmir.

 

Kəşşinin çap olunmuş Rical kitabına — *İxtiyar Ma‘rifət ər-Rical*ə — daha diqqətlə baxdıqdan sonra, mən Şəhid Sani (r.ə) tərəfindən deyilənə açıq şəkildə dəlalət edən bir rəvayət tapmadım. Ola bilsin ki, o, İmam Həsən Zəkiyə (ə) “Salam olsun sənə, ey möminləri zəlil edən!” deyən Süfyan ibn [Əbi] Leyla kimilərini nəzərdə tutmuşdur. Rəvayətdə gəlir ki, İmam Həsən (ə) ondan soruşdu: Səni bura nə gətirdi? Dedi: Səni sevməyim. Buyurdu: Allah? Dedi: Allah. Buyurdu: Allah. Buyurdu: And olsun Allaha, Allah heç vaxt bir bəndəni sevməz — hətta Deyləmdə əsir olsa belə — məgər Allah bizim məhəbbətimizlə ona fayda verməsin. Həqiqətən, bizim məhəbbətimiz Adəm övladının günahlarını ağacın yarpaqlarını tökən külək kimi tökər.

(İxtiyar Ma‘rifət ər-Rical: 194).

 

Bu xəbərdə imamın (ə) Süfyan ibn Əbi Leylanı öz şiələrindən hesab etdiyinə dair heç bir dəlalət yoxdur. İmamın (ə) Əhli-beyti sevənlərin savabı barədə sözü ümumidir və hədisdə imamın onun məhəbbətini təsdiqlədiyinə dair də bir dəlalət yoxdur; nəinki onu öz şiələrindən saymasına. Buna görə də “səni sevməyim” dedikdən sonra ondan and içməsini istədi.

 

Tüstəri (r.ə) qeyd etmişdir ki, bu rəvayətdəki “Allah… Allah” ifadəsi bu rəvayətdə baş vermiş təhriflərdəndir. O demişdir: Görünür, əsli belədir: “Dedi: Allaha? Dedi: Allaha.” Birincidə danışan Həsən (ə), ikincidə isə Süfyandır.

(Qamus ər-Rical 5/142).

 

Əgər fərz etsək ki, bu şəxs şiələrdən idi və imam (ə) onu öz şiələrindən hesab edirdi, qəzəb anında imam (ə) barəsində bu cür pis bir davranışın baş verməsi, onun imamın (ə) ismətinə etiqad etmədiyini göstərməz. Çünki bir çox insanlar müsibətə düçar olduqda, Allah haqqında uyğun olmayan sözlər söyləyə bilirlər, halbuki Allahın heç bir işdə səhv etmədiyinə etiqad edirlər. Lakin bəzi hadisələr mömin üçün çox ağır olur və onu söz və ya əməldə etidal həddindən çıxara bilər. Ola bilsin ki, Süfyan ibn Əbi Leyladan baş verən də bu qəbildəndir; onun İmam Həsən Zəkinin (ə) məsum olmadığına etiqad etməsi mənasında deyil.

 

*Bütün deyilənlərin nəticəsi:* Biz rəvayətlərdə imamların pak səhabələrinin (ə) ismətə etiqad etmədiklərini və imamların (ə) öz ismətlərini qəbul etmədiklərini göstərən heç bir dəlil tapmadıq. Əksinə, iş bunun tam əksidir; əvvəlki hissələrdə bunu açıqladıq.

 

 

Рейтинг

В этом разделе