»»

Hidayət olanlar 83 - Olga Sergeevna

Adı: Olga Sergeevna

Ölkə: Rusiya

Keçmiş dini (Məzhəbi): Xristian

 

 

Az.shafaqna.com islamı qəbul etmiş rusiyalı psixoloq üç tərfli maraqlı disskusiyanı təqdim edir:

Olga Sergeevna Pavlova Sosial Psixologiya fakültəsinin Etnopsixologiya və Multikultural təhsilin psixoloji problemləri kafedrasının müdiri;

Azyaşlı Xarici Vətəndaşların Psixoloji və Sosial-Mədəni Uyğunlaşması üzrə Federal Əlaqələndirmə Resurs Mərkəzinin baş elmi işçisi.

Dərəcəsi: Pedaqoji elmlər namizədi (“Ümumi nitq inkişaf etməmiş məktəbəqədər uşaqların kommunikativ fəaliyyətinin formalaşması” mövzusunda dissertasiya, Moskva Dövlət Pedaqoji Universiteti, 1998)
Elmi adı: Sosial psixologiya kafedrasının dosenti
akademik dərəcəsi: İlahiyyat magistri (2020), CEI VO “Rusiya İslam İnstitutu”, “İslam İlahiyyatının Psixoloji Aspektləri: Nəzəriyyə və Təcrübə” mövzusunda dissertasiya

Təhsili: Ali, Moskva Dövlət Pedaqoji Universiteti, Defektologiya fakültəsi (1993)
Təhsil istiqamətinin və ya ixtisasın adı: Məktəbəqədər korreksiya pedaqogikası və xüsusi psixologiya

Gürcüstanın Marneuli şəhərində Emin Yadigarov tərəfindən təşkil edilən diskusiyada sosial psixologiya fakultəsinin “Etnopsixologiya və Multikultural Kafedrasının” müdiri və eləcə də “Müsəlmanlara Psixoloji Dəstək Assosiasiyasının” rəhbəri dosent Olga Sergeevna Pavlova, etnopsixoloq (mədəniyyətlərarası psixoloq) Emin Yadigarov və ilahiyyatçı, siyasi elmlər üzrə doktoranturada təhsil alan Kamran Məmmədov arasında baş tutdu.
Görüş iki hissədə oldu, birinci hissə psixologiya və din mövzusu ilə əlaqəli idi, ikinci hissədə isə müsəlman dünyasında mövcud olan bir sıra fərqli məsələlər və problemlər müzakirə olundu.
Aşağıda müzakirə olunan mövzuların bir neçəsini siz oxuculara təqdim edirik.
 
– O.Sergeevna: Din və xüsusilə İslamla psixologiya arasında sıx əlaqə var. Bunu dini hədis və ayələrdən çıxarmaq lazımdır. Təəssüf ki, bəzi hallarda psixologiya bəzi islam alimləri tərəfindən qadağan edilir, Quran və hədisin kifayət etdiyini deyirlər. Ancaq psixologiya ilə İslam təlimlərini sintez edib daha mükəmməlini yaratmağı düşünmürlər.
– K.Məmmədov: Dini təlimlərdə psixoloji bir çox məsələyə toxunulub. Psixologiya elminin önəmli şəxslərindən olan Froyiddən fərqli olaraq Karl Yunqun dinə baxışı çox müsbətdir. Din və psixologiya arasında bir körpü yaradan Karl Yunq dini inancı insanın yaranışında olduğunu deyir, bu isə Quranda dini inancın insan fitrətində, yəni yaranışında olduğunu qeyd edən ayə (rum surəsi, 30) ilə üst-üstə düşür. İranda təhsil aldığım zaman bu iki sahədə ciddi işlər görülüb. Hətta humanitar elmləri, o cümlədən psixologiyanı yerliləşdirmək və başqa sözlə desək islamiləşdirmək üzərində də bir çox işlər görülüb. Çünki psixologiyada mövcud olan bir sıra məsələlər qərb insanı üçündür, şərq insanı bəzi məqamlarda məkan və zamana görə fərqli ola bilər.
– O.Sergeevna: Bəli Karl Yunq psixologiyada çox önəmli şəxsiyyətdir. Yeri gəlmişkən müsəlman olmuş həyat yoldaşımın da Karl Yunqa və onun əsərlərinə xüsusi diqqətinin olduğunu da qeyd edim, Onun əsərlərinin ciddi tərəfdarıdır.
– K.Məmmədov: Həyat yoldaşınızın da islamı qəbul etdiyini qeyd etdiniz, İslamı necə qəbul etdini bilmək bizim üçün də maraqlıdır.
– O.Sergeevna: Həyat yoldaşım ilk təhsilini fəlsəfə fakultəsində aldıqdan sonra xristian dini təhsili üçün kilsəyə üz tutdu. Sovet ittifaqı dağıldıqdan sonra dini komitənin rəhbəri oldu. Ancaq buna rəğmən özündə bir boşluq olduğunu hiss etdi və araşdırmalardan sonra İslamı qəbul etdi. Həmin zaman daxildə çox səs-səda yaratdı və təzyiqlər olunmağa başladı. İranlı ayətullahlardan ibarət nümayəndə heyəti Rusiyaya gəldi və apardıqları danışıqlar nəticəsində yoldaşımın üzərindəki təzyiqlər götürüldü.– K.Məmmədov: Söhbətimizi bölməmək üçün sizin İslamı necə qəbul etməyinizi saxlayıram növbəti suallara, qayıdaq mövzumuza.
– O.Sergeevna: Bəli, onun üçün uzun bir vaxta da ehtiyacımız var. Düşünürəm ki, dini təlimlərin psixoloji həyatımızın bir çox sahələrində təsiri var və hətta dini təlimlərdən bu sahədə çox istifadə edə bilərik. Onlardan biri dində mövcud olan insanlardakı ölüm qorxusunun və ölümdən sonrakı həyata inanmasıdır. Aparılan araşdırmalara görə dinlər arasında ölüm qorxusu ən çox İslamın davamçılarındadır. Bundan psixoloji sahədə çox istifadə etmək olar, hansı ki, insana psixoloji yardımı çox toxuna bilər.
 
– K.Məmmədov: Doğru qeyd etdiniz, bu məsələ ilə bağlı fikrimi bildirməkdən öncə ümumi bir qaydanı nəzərinizə çatdırmaq istərdim. Dini mətnlərə iki fərqli baxışla baxmaq olar, din daxili və din xarici baxış. Din xarici baxışa görə dini göstərişlərin insan həyatındakı psixoloji, sosioloji və.s təsirlərindən danışılır.
Ölümdən sonrakı həyata inanc da bu qəbildəndir. Bu inanc sadəcə olaraq sadə bir inanc deyil, insanın dünya görüşünü və həyata baxışını dəyişir.
Məşhur İslam filosofu və Quran təfsirçisi Əllamə Təbatəbai tədrisi zamanı əbədi olan cənnət və cəhənnım mövzusuna toxunduğu zaman dərindən nəfəs alar və tələbələrinə deyərdi ki, qarşıda sizi əbədi bir həyat gözləyir. O həyatı hər nə qədər böyüdüb və dərk etsən dünya və onun problemləri bir o qədər kiçilər. Və beləcə həyatın dərdi-qəmi çox kiçik gələr. Bu sadəcə olaraq insanları mövizə etmək üçün deyilən bir məsələ deyil, insana fərqli bir dünya görüşü verir, hansı ki, insanın həyatını fərqli edir.
– O.Sergeevna: Bəli, bu inanc insanın düşüncə tərzini və həyata baxışını dəyişir. Apardığım bir araşdırmada insanların xoşbəxtliyinin birgə və toplum şəkilində olduğu qənaətinə gəldim. Mənim xoşbəxtliyim başqalarının xoşbəxtliyinə bağlıdır. Bir çox psixoloqların şablon olaraq işlətdiyi bir söz var: başqalarının fikirləri sənin sərhədlərinə qədər keçərlidir, onu keçsələr önəm vermə. Bu yanaşma insanlarda fərdləşmə yaradır və bu insanların xoşbəxtliyinə mane olur. Bu baxış İslamda fərqlidi, İslam başqalarının xoşbəxtliyi ilə xoşbəxt olacağımızı deyir. Bu isə mənim araşdırmamda aldığım nəticə ilə tamamilə üst-üstə düşür.
– K.Məmmədov: Günümüzdə mövcud olan önəmli psixoloji bir problemə toxundunuz. Sosial təcrid və fərdləşmə problemi. İslam fərdləşməyə, təcrid olunmağa qarşıdır. Bu sahədə Amerikada, “Harvard gənclərin inkişafı mərkəzində” maraqlı bir araşdırma aparılıb. İnsanlar üzərində 70 illik bir araşdırma, insanlara gözəl və xoşbəxt həyat bəxş edən əsas amil nədir sualına cavab axtarırlar. Araşdırmalardan əldə etdikləri nəticələri mərkəzin 4-cü rəhbəri Robert Valdinqer belə açıqlayır: İnsanların bir-biriləri ilə sıx təmasda olmaları, münasibət qurmaları, insanlarla qaynayıb-qarışmaları onların həyatında xoşbəxtliyin ən önəmli amilidir”. Emosional zəka teoriyasının əsasını qoyan şəxslərdən biri və ən önəmlisi Daniel Qoleman da özünün “Emosional Zəka” kitabında sosial təcridin nə qədər zərərli olduğunu təkidlə qeyd edir və həmin kitabda dərc edilən bir araşdırmaya görə siqaretdən belə insan həyatı üçün təhlükəli olduğu qeyd olunur. İslamdakı dini mətnlərə baxdığımız zaman insanlarla əlaqə qurmanın nə qədər əhəmiyyətli olduğunu görürük. Həzrət Əli (ə) buyurur “insanların ən ağıllısı başqaları ilə isti münasibət qurmağı bacaran kəsdir”. Həzrət Peyğəmbər (s) müsəlmanları, qonşular, qohumlarla daim ünsiyyəti qoruyub saxlamağı təkidlə tövsiyə edir. Bütün bunlara din xaricindən baxdığımız zaman müasir dünyadakı sosial təcrid təhlükəsinin qarşısını aldığını görərik. Başqalarının xeyir və xoşbəxtliyini özününkü hessab edən insanları isə İslam dahilərində müşahidə edə bilərik. Peyğəmbərin (s) əziz qızı hz. Fatimə (s) dua etdiyi zaman əvvəl qonşuları, qohumları və tanışları üçün dua edərdi və buyurardı “öncə qonşu sonra evin içi”. Bu anlayış insanın nə qədər geniş qəlbli olmasını göstərir. Başqalarının xeyrini özününkü görür, onların xoşbəxtliyini özününkü görür. İnsan yaranış olaraq eqoistdir, hər şeyin ən yaxşısını “özü” üçün istəyir, ancaq bəzi insanlarda bu “öz” anlayışı çox genişdir, ora bütün insanları daxil edirlər.
– O.Sergeevna: Bəli bu başqa bir həyatdır, bunu insanlara çatdırmaq lazımdır. Çünki modern insanın bunlara ehtiyacı var. Qadağalarla nəyəsə nail olmaq olmaz.
 

-O.Sergeevna: Post sovet ölkələrində dini təhsil ocaqlarında olmuşam. Özbəkistan, Azərbaycan və.s. Müşahidə etdiyim təhsil sistemi daha çox sanki sekulyar bir sistem idi. Dini təhsilə sadəcə olaraq bir fakultə kimi baxılırdı. Təsəvvür edin Özbəkistanda İlahiyyat inistututu konfransda iştirakım üçün müraciət edərkən hicablı şəklimi atdığım üçün konfransda iştirakıma icazə vermədilər.

-K.Məmmədov: Dini təhsil sadəcə olaraq təhsil deyil, onun əməl və o oxuduqlarının praktikada yerinə yetirilməsi də çox önəmlidir. Başqa fakultələrdən fərqli olaraq bu sahə üzrə təhsil əməl də tələb edir.

-O.Sergeevna: Bəzi dini təhsil ocaqlarında müşahidə etdiyim bir məsələ ilə rastlaşdım. Başqa məzhəb və təriqətlərin haqqında araşdırma aparmağa qoyulan qadağa. Misal üçün dini bir mədrəsədə əgər kitabda Əlinin (ə) haqqında danışılırsa o kitabın şiə kitabı olduğuna görə oxunmağına qadağa qoyulur. Şiəlik haqqında ümumiyyətlə oxumaq və danışmaq qadağan edilir.

-K.Məmmədov: Belə bir tendensiya çox təəssüf verici haldır. İslam məzhəbləri bir-biriləri haqqında olan yanlış fikirlərinin və önyarqılarının kökü də elə budur. Bir birimizi tanımadan haqqımızda ittihamlar edirik. Təhsil aldığım Qumda yerləşən Beynəlxalq Əlmustafa Universitetinin kitabxanasında başqa məzhəblərin əsas kitablarının hamısı mövcuddur, hətta ateizmin ən qatı filosoflarının əsərləri də. Nitçenin “Allah öldü” kitabına da rast gəlmək olar. Qaldıki həzrət Əlinin haqqında araşdırma aparmağa, şiələrin əsərlərinə baxmağa çəkinirlərsə xristian yazarı Corc Cordaqın Əlinin (ə) ədaləti və şəxsiyyəti haqqında yazdığı iki cildli “İnsan Ədalətinin Carçısı” kitabına müraciət etsinlər. Bundan əlavə qeyd edim ki, hal hazırda İranda dinlərə və İslam məzhəblərilə bağlı bir strategiya var, dinlər arası dialoqlarla ortaq dəyərlər üzərində dayanmaq və məzhəblər arası birlik və vəhdətin bərpası. Oxuduğum universitetdə məzhəbçilik söhbətləri qəti qadağan idi və hətta deyə bilərəm ki, qırmızı xətt idi.

-O.Sergeevna: İslamı qəbul etdikdən sonra qarşılaşdığım problemlərdən biri dini mətnlərin hərfi mənada, zaman və məkan anlayışını nəzərə almadan dövrümüzdə insanlara təbliğ olunmasıdır. Hətta təsəvvür edin ki, bunu yeni islamı qəbul etmiş ruslara təqdim edirsən. Zaman və məkan kontektsində izah olunmur. Həccdə olduğum zaman Ərəfat dağında güclü yağış yağmağa başladı mən və yoldaşım çox narahat olduq ki, əməlləri necə yerinə yetirəcik. Yağışı az görən ərəblər isə sevincək halda yağış üçün Allaha şükür edirdilər. Bu qədər fərqli olan iki fərqli insanlar üçün hədislər eyni tərzdə izah olunmamalıdır.

-K.Məmmədov: Hədis elmi deyə bir elm var, hansı ki, mövzularından biri hədisi deyildiyi zaman və məkanı, eləcə də hansı kütlə üçün deyildiyini araşdırır. Yəni xüsusi bir kütlə üçünmü deyilib yoxsa ümum insanlar üçünmü…

Hədislərlə bağlı ikinci məsələ isə budur ki, bəzi hədislərin də hərfi mənası deyil onun mahiyyəti nəzərə alınmalıdır. Tarixi bir misalı qeyd edim. Həzrət Əlinin müharibələrindən birində bir nəfər yaxınlaşır və Həzrət Əliyə deyir ki, nə üçün qoşununa əmr etməmisən ki, saqqallarına xına qoysunlar. Həzrət buyurur buna ehtiyac duymuram, çünki peyğəmbər o əmri verdiyi zaman ordusunda yaşlı və saqqalı ağarmış qocalar çox idi, bu isə düşmənə müsəlmanları zəif göstərirdi, çünki ordunun qocalardan ibarət olduğunu düşünərdilər. Ancaq indi mənim qoşunumda o mövzu mövcud olmadığı üçün o əmri verməyimə də ehtiyac yoxdur. Nəzərə alsaq ki, Peyğəmbərlə Əlinin arasında cəmi 30 il fərq var idi, bu prinsipun günümüz üçün də icrası lazımdır, yəni hədisin əsas mesajı və mahiyyəti nəzər alınmalıdır.

-O.Sergeevna: Bəli İslamı gərək bu cür, zaman və məkanı nəzərə alaraq təqdim edək. Mənim üçün maraqlı olan məqamlardan biri də məzhəbinizə görə Avropa və Şərq ölkələr üçün fərqli fiqhi hökmlər varmı? Çünki belə bir hal Rusiyada baş verdi, Avropa üçün fərqli bir fiqhi kitab yazıldı, ancaq bu çox səs-küy doğurdu və qəbul olunmadı.

-K.Məmmədov: Bizim fiqhi məsələlərimiz bu elmdə mütəxəssis olan müctəhidlərə bağlıdır. Qeyd etdiyiniz suala görə Müctəhidlərin verdikləri hökmləri iki hissəyə bölmək olar, ümum-insanlar üçün verilən hökmlər və Avropa və ya  qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanlar üçün verilən hökmlər. Əlbəttə bunu da qeyd edim ki, əsas dəyərlər haqqında verilən hökmlər dəyişməzdir və məkan və zaman onda təsirli deyil.

 

Рейтинг

В этом разделе