»»

İmam Əlinin (ə) oğlu Həsənə (ə) məktubu (vəsiyəti)

Fani, zamanda qərar tutan, ömrünü yaşamış, dövrünə təslim olan, dünyanı məzəmmət edən, ölülərin məskənində yaşayan və sabah ondan (dünyadan) onlara pənah aparacaq atadan həlak olanların yolunda addımlayan, xəstələrin (nəfsi xəstə olanların) məqsədi, günlərin girovu, müsibətlərin hədəfi, dünya qulu, qürur taciri, arzuların rəqibi, meyitlərin əsiri, kədərlərin müttəfiqi, hüzünlərin yoldaşı, fəlakətlərə heykəl, şəhvətlərə məğlub olan və ölülər xəlifəsinin yaşadığı dünyada yetişməsi mümkün olmayana ümid bəsləyən oğluna:

Amma sonra dünyaya arxa çevirdiyimi, dövrün mənə qarşı itaətsizliyini və axirətin mənə üz tutduğunu bəyan etmək məndən başqasını xatırlamağa və arxamda olanlara diqqət yetirməyə imkan vermir. Belə ki, (bütün) bunlar mənə insanların deyil öz narahatlığımla baş-başa buraxdı, fikrimdən yayındırdı, nəfsimdən döndərdi, həqiqi əməlimi anlatdı, heç bir oyunu olmayan təlaşa və heç bir yalanın ləkələmədiyi həqiqətə sövq etdi. Səni özümün bir hissəsi gördüm. Əksinə, səndə bütünlüklə özümü gördüm. Hətta sənə toxunan mənə toxunar. Sanki ölüm sənə yetişdikdə mənə də yetişmiş olar. Sənə aid olan məsələlər mənə də aid olar. Bu həyatda qalsam və ya ölsəm belə bunları sənə öz məktubumda bəyan edirəm.

Səni Allaha təqvalı olmağa – ey oğlum – Onun əmrlərinə mültəzim olmağa, qəlbini Onun zikri ilə bərqərar etməyi və Onun möhkəm ipindən yapışmağa dəvət edirəm. Sənlə Allah arasında olan səbəbdən başqa daha etibarlı səbəb varmı?! O səbəbi götürsən yaxşı olar.

Qəlbini nəsihətlə yaşat, onu zahidliklə öldür, yəqinlə gücləndir, ölümlə zəlil et. Ona fani olduğunu söylə. Onun gözlərini dünya əzablarına aç, rüzgarın həmləsindən, gecə və gündüzlərin pisliklərindən xəbərdar et. Ona keçmişdəkilər haqqında danış. Əvvəlkilərin başlarına gələnləri xatırlat, onların yaşadıqları və iz buraxdıqları diyarlara apar. Gör onlar (keçmiş qövmlər) nə etdilər, hara getdilər, nədən köçdülər?! Onların sevdiklərindən uzaqlaşdıqlarını və qürbətdə yaşadıqlarını görəcəksən. Onların diyarında səslən: “Ey boş qalmış diyar, sakinlərin haradadır?” Sonra onların qəbirlərinin yanında dayan və de: “Ey çürümüş cəsədlər və dağılmış üzvlər! Sizin indi yaşadığınız dünya necədir?”

Ey oğul, sanki az sonra sən də onlardan biri olacaqsan, aqibətini islah et, dünyanı axirətinə sat. Bilmədiklərini söyləməkdən və vəzifən olmayan xütbədən uzaq ol. Zəlalətindən qorxduğun yoldan çəkin. Çünki zəlalət heyranlığından əl çəkmək qorxuya düşməkdən yaxşıdır. Yaxşı əməllərə dəvət et və onun əhlindən ol. Dilinlə və əməlinlə pisliklərdən çəkindir. Bunları edəni (yaxşılığa dəvət edəni və pislikdən çəkindirəni) aşkar etməyə çalış. Allah yolunda həqiqi cihad et, gözlərini belə qırpma. Haqqın dərinliklərinə dal, dini öyrən, səbr etməyə vərdiş et, bütün məsələlərini Rəbbinə həvalə et. Çünki sən bununla onları (məsələlərini) qorunan mağaraya (yəni Allaha) və güclü mühafizəyə (yəni Allaha) həvalə etmiş olursan. Hər bir məsələdə Allaha ixlaslı ol. Çünki məhrumiyyət və əta Onun əlindədir (ixtiyarındadır). İstixarəni çoxalt, vəsiyyətimi anla, onu boşuna vərəqləmə. Çünki ən xeyirli söz mənfəətli sözdür. Bil ki, mənfəətsiz elmdə xeyir yoxdur və elm hesab edilməyən elm fayda verməz.

Ey oğul, sən artıq böyüyüb başa çatmısan, görürsən ki, yaşa doluram. Əcəlim yetişmədən, cismim kimi ağlım da zəifləmədən, qaçması mümkün olmayan bəzi dünya fitnələri və həvayi-nəfsin qələbəsi məndən sənə yetişmədən öncə istədim ürəyimi boşaldıb bunları sənə vəsiyyət edim. Çünki məxluqun qəlbi boş torpaq kimidir, hər düşəni qəbul edər. Qəlbin qəsavət bağlamadan, fikrin yayınmadan əvvəl hər bir məsələdə rəyimi ciddi qəbul etməyin üçün sənə ədəblə müraciət edirəm. Bunun üçün də təcrübə əhlinin bu məsələdəki (rəydə ciddi olmaqda) istək və təcrübəsi sənə kifayətdir. Bununla da tələbin xərclərinlə kifayətlənmiş olar, təcrübənin müalicəsindən sağalmış olarsan. Bununla da arxasınca düşdüyümüz məlumatların özü səni tapacaq və bizim üçün qaranlıq olan məsələlər sənin üçün aydın olacaq.

Ey oğlum, məndən əvvəl yaşayanlar qədər ömür sürməsəm də onların əməllərinə baxdım, aqibətləri haqqında düşündüm, onların izləriylə getdim, hətta onlardan biri oldum. Sanki bu gediş məni onların əvvəl və sonları ilə birgə yaşatdı. Sonda durunu bulanlıqdan, faydalını isə zərərdən ayıra bildim. Sənin üçün hər şeyin yaxşısını seçdim, sənə hər şeyin ən gözəlini yönəltdim və səndən bütün məchulları uzaq etdim. Bir şəfqətli ata kimi halının məni maraqlandırdığını gördüm və səni tərbiyə etməyə qərar verdim. Sən indi tərtəmiz qəlbə və saf niyyətə sahibsən. Əvvəlcə başqa məsələləri deyil, Allahın kitabını, açıqlamalarını, şəri məsələlərini, hökmlərini, halalını və haramını öyrətməklə başlayıram. Sonra insanların ixtilafına səbəb olan həva və istəklərə sənin də düşəcəyindən qorxdum. İstəmədiyim halda tənbeh edərək bu işi sənin üçün möhkəmləndirmək həlakından amanda olmadığım bir işə təslim etməyimdən daha yaxşıdır. Allah səni doğru yolu seçməkdə müvəffəq etsin. Səni məqsədinə çatmaqda hidayət etsin. Sənə bu vəsiyyətimi əhd etdim və bununla (bu yazdıqlarımla) möhkəmləndirdim.

Ey oğlum, mənim üçün ən sevimli olan vəsiyyətimdən götürdüyün təqva, sənə vacib olanlara əməl etmək, ata-babalarının və millətindən olan saleh bəndələrin yolu ilə getməyindir. Çünki onlar özlərinə sənin kimi baxdılar, düşündüyün kimi düşündülər. Nəticədə onlar bildiklərini götürdülər və mükəlləf olmadıqlarını tərk etdilər. Onlar bildikləri kimi sənin də nəfsin bunu (onların getdiyi yolu) qəbul etməkdən imtina edərsə, o zaman istəyin şübhələrə tutulmadan və mübahisələrə qapılmadan düşünmək və öyrənmək yolu ilə olmalıdır. Buna (dini öyrənmək istəyinə) baxış keçirməzdən əvvəl Allahdan bu işdə sənə yardımçı olub müvəffəq etməsini dilə. Səni yolundan azdırıb zəlalətə salacaq bütün şübhələri tərk et. Əgər sən qəlbinin saf, xüşu (Allahdan qorxu) içində olduğundan əmin olsan, fikrini tamamlayıb topladıqdan sonra sənin burada bircə hədəfin olmalıdır. Sənin üçün açıqladıqlarıma diqqət yetir. Əgər baxışların və düşüncələrin kimi xoşladıqların da sənin üçün tamamlanmayıbsa, bil ki, sən artıq bu yolda kor-koranə addımlayırsan. Bilmədən və ya kor-koranə addımlamaq, haqqı batilə qarışdırmaqla dini öyrənmək olmaz. Bu zaman çəkinmək daha məsləhətdir.

Başladığım ilk iş sənin, ata-babalarının, keçmişlərin, gələcəklərin, göylərin və yerlərin tanrısı olmağa haqqı, istəyən və olacağına fərman verən Rəbbinə (Ona layiq olan) həmd və sənalar söyləməkdir. Allahdan Peyğəmbərimizə (s), onun Əhli-Beytinə (ə) və bütün peyğəmbərlərə (ə) göndərilmiş salavat qədər salavat və salamını gördərməsini diləyirik. Bizi müvəffəq etdiyi məsələdə Öz nemətini tamamlamaq və bizə icabət etməsini diləyirik. Saleh əməllər yalnız Onun nemətləriylə tamamlanır.

Ey oğlum, vəsiyyətimi anla. Bil ki, ölümün sahibi həyatın sahibidir. Öldürən yalnız Xaliqdir (Allahdır). Fəna olanı yalnız O qaytarır. Mübtəla olana yalnız O şəfa edər. Dünya yalnız Allahın nemətləri, ibtilası, cəzası, Ona dönüşü və bizim bilmədiyimiz istəyi ilə qərar tutar. Bunlardan hansısa birini qəbul etmək sənə çətin gələrsə, onu cəhalətin hesab et. Çünki sən əvvəlcə cahil (məlumatın olmadan) doğulmusan, sonra öyrədilmisən. Sən bir çox şeyləri bilməmisən, fikrin çaşqınlıq içində olub, gözlərin səni aldadıb və sonda onları görə bilmisən. Səni yaradana, ruzi verənə və yaradılışda gözəl hala gətirənə sığın. Qoy rəğbətin Ona olsun, ümidin O olsun və qorxun Ondan olsun. Bil ki, Peyğəmbərimiz (s) kimi Allahdan heç kim bilgi gətirməmişdir. Bu bilgini özünə örnək və nicat yoluna aparan rəhbər bil. Heç zaman səni düşündüyüm qədər özünü (nə qədər çalışsan belə) düşünməyəcəksən.

Ey oğlum, əgər Rəbbinin şəriki olsaydı, sənə onun peyğəmbərləri gələrdi. Onun (Allahın mümkün olmayan şərikinin) mülkünün təsirini və səltənətini görər, sifət və əməlini bilərdin. Lakin Allah Özünü vəsf etdiyi kimi təkdir. Onun bu təklikdə ziddi və etiraz edəni yoxdur. O, hər şeyin yaradanıdır. Onun tanrılığını qəlbin və gözün əhatə etdiyini sübut etmək mümkün deyil. Deməli, sən bütün bunları bildin. O zaman kiçik xəta edən və qüdrəti az olanlar kimi sən də buna (Allahın təkliyinə və hər şeyin Onun yaratdığına iman gətirməyə) əməl et. Ehtiyacının çox olduğu qədər Ona itaət et, Ona sığın və Ondan qorx. Çünki O, sənə yalnız yaxşılıq əmr edər və pislikdən çəkindirər.

Ey oğlum, artıq mən səni dünyadan, onun halından, aradan gedəcəyindən və əhalisinin köçəcəyindən xəbərdar etdim. Həmçinin, səni axirətdən və bir gün əhlinin ona qayıdacağından xəbərdar etdim. Hər ikisinə (dünya və axirətə) misallar çəkdim. Dünyaya bəsirət gözü ilə baxanın məsəli quraqlıq yerdən məhsuldar olan yeri qəsd edib səfərə çıxanın məsəlidir. Onlar yolun çətinliklərinə dözdülər, dostdan ayrı düşməyə səbr etdilər, yemək və yatmaq baxımdan səfərin bütün sərtliklərinə sinə gərdilər. Onlar bunu heç bir ağrı olmadan evlərini genişləndirmək və əbədi mənzillərində qərar tutmaq üçün etdilər. Onlar bu yoldakı xərclərində heç bir zərər və ziyan görmədilər. Onlar üçün mənzillərinə yaxınlaşdıracaq şeydən başqa sevimli heç nə yoxdur.

Onu (dünyanı bəsirət gözü ilə) görməyənin məsəli məhsuldar yerdən quraqlıq yerlərə köçmək kimidir. Onlar üçün ən pis və ən qorxulu olan üz tutduqlarından və israr etdiklərindən ayrılmaqdır. Özünü alim hesab etməməyin üçün cəhalətin bir çox növündən səni xəbərdar etdim. Bildiyinlə üzləşdikdə onu böyük sanacaqsan. Həqiqi alim bildiklərinin bilmədiklərindən az olduğunu anlayan və bununla da özünü cahil hesab edəndir. Bunu bildikdən sonra öyrənmək üçün çalışacaq, ömrünün sonuna qədər elmə rəğbət bəsləyəcək, ondan istifadə edəcək, (elm) əhlinə önəm verəcək, lazım olduqda susacaq, xətadan ehtiyatlı olacaq və ondan (xəta etməkdən) həya edəcək. Özünü cahil qərar verdikdən sonra qarşısına çıxan naməlum məsələləri inkar etməyəcək. Çünki cahil insan özünü bilmədiklərində alim hesab edər, rəyinin kifayət olduğunu sanar, alimlərdən uzaq olar, ona qarşı çıxanları xəta ilə ittiham edər, məlum olmayan məsələlərdə zəlalətə uğradar, bilmədiyi məsələlərlə üzləşdikdə onları inkar edər, yalan sayar və tam cəhaləti ilə deyər: “Belə bir şey tanımıram, belə bir şey görmədim və belə olduğunu da zənn etmirəm”. Bununla da o öz rəyinə inanar, cəhalətindən xəbəri az olar. Fikrinin qarışıq olması səbəbindən qərar aldığı rəydən və cəhalətindən istifadə edərək bilmədiklərindən əl çəkməz. Haqqı inkar edər, cəhalətə heyran olar və elm öyrənməkdə təkəbbürlük edər.

Ey oğlum, vəsiyyətimi yaxşıca düşün. Özünü özünlə başqası arasında mizan (tərəzi, ölçü) qərar ver. Özün üçün istədiyini başqası üçün də istə. Özün üçün istəmədiyini başqası üçün də istəmə. Zülmə məruz qalmağı istəmədiyin kimi də zülm etmə. Sənə yaxşılıq edilməsini sevdiyin kimi də yaxşılıq et. Özün üçün çirkin bildiyini başqası üçün də çirkin bil. Başqasının sənlə davranışından razı olduğun kimi o da sənin davranışından razı olsun. Bilmədiyini söyləmə. Bildiyin hər şeyi aşkar etmə. Sənin haqqında deyilməsini istəmədiyini başqası haqqında demə.

Bil ki, özünü bəyənmək həqiqətin ziddi və ağlın bəlasıdır. Doğru yola hidayət olduqdan sonra Allahdan daha çox qorx. Bil ki, qarşında uzun bir yol var. Bu yola hazırlıq görməkdən başqa çıxış yolun yoxdur. Sənə kifayət edəcək qədər azuqə götür və belindəki yükünü azalt. Belində kifayət edəcəkdən artıq yük daşıma. Yoxsa sənə ağırlıq edər və kədər gətirər. Əgər ehtiyac əhlindən yükünü daşıyacaq və onu sənə geri qaytaracaq birini görsən, bunu qənimət bil. Zəngin halında səndən borc alanı qənimət bil. Borcun geri qaytarılmasını yoxsul olacağın günə təyin et.

Bil ki, qarşında keçilməz bir maneə var. Sözsüz ki, bu səni ya Cənnətə aparacaq, ya da ki, Cəhənnəmə sürüyəcək. Bu yolda yüngüllük (beldəki yükün yüngüllüyü) ağırlıqdan (beldəki yükün ağırlığından) daha yaxşıdır. Bu yola enməzdən əvvəl özün üçün hazırlıq gör. Bil ki, dünya və axirətdə mələkut xəzinələrinin sahibi sənə dua etməyə izn verib. Duana cavab verəcəyinə kəfil olmuşdur. Sənə istəməyi əmr etdi ki, sənə əta etsin. O mərhəmətlidir. Sənlə Özü arasında heç bir tərcüməçi qərar verməyib və heç bir pərdə çəkməyib. Səni Özündən başqa heç bir şəfaətçiyə yönəltməyib. Pislik etdikdə tövbə etməyi sənə qadağan etməyib. Peşman olduğundan sonra səni qınamayıb. Səni cəzalandırmağa tələsməmişdir. Biabırçılığa məruz qaldığın zaman səni biabır etməyib. Günah etdiyin zaman səni sıxıntıda buraxmayıb. Rəhmətiylə səni məyus etməyib. Tövbə etməkdə çətinlik yaratmayıb. Günahdan çəkinməyini yaxşı əməl saymış, pis əməlini tək, yaxşı əməlini isə on qat hesab etmişdir. Tövbə qapısını üzünə açmış və yenidən başlamaq şansı verib. İstədiyin vaxt nidanı və münacatını eşidib. Ehtiyacınla Ona üz tutmusan, ürəyində olanları Ona açmısan. Qəmindən Ona şikayət etmisən. İşlərində Ona sığınmısan. Məxluqatı layiq bilmədiyin halda Onunla gizlicə münacat etmisən. Sonra Öz xəzinələrinin açarını sənə təslim edib. Odur ki, Ondan istəməkdə israrlı ol. Çünki Ondan diləmək izni verməklə rəhmət qapılarını sənin üzünə açıb. Nə zaman duan ilə Onun xəzinələrinin qapılarını açmaq istəsən, bunu israrla et. İcabəti (duanın müstəcəb olması) gecikərsə, ümidini kəsmə. Çünki əta istək miqdarındadır. Bəlkə də icabət istəyin çox və ətanın daha gözəl olması üçün gecikib. Bəlkə də bir şey istədikdə onu sənə dərhal verməz, əksinə, gec və ya tez bundan daha yaxşısını verər. Yaxud da veriləcək ətanın daha yaxşı olacağı üçün gecikdirilib. Bəlkə də sənə veriləcək əta dinini məhv edəcək. Qoy sənə aid olan istəklərin gözəllikləri sənə qalsın, çirkinlikləri isə səndən uzaq olsun.

Bil ki, sən dünya üçün deyil axirət, əbədiyyət üçün deyil fəna, həyat üçün deyil ölüm üçün yaradılmısan. Çünki sən özgənin mülkündəsən. Sən indi axirət yolundasan. Sən qaçması mümkün olmayan ölümün şikarısan. O (ölüm) sənə bir gün yetişəcək. Onun sənə pis halında yetişməyindən ehtiyatlı ol. Ölüm halında nəfsinə tövbə haqqında danış. Çünki o sizin (sənlə nəfsin) aranızda pərdə çəkəcək. Bununla da sən özünü həlak etmiş olacaqsan.

Ey oğlum, ölümü, qayıdış yerini və ölüm zamanı düşəcəyin halı tez-tez xatırla. Onu (ölümü) daim gözlərinin önünə gətir ki, səni belində silah və kəmər qarşılasın. Səni məğrur halında götürməsin. Axirətdəki nemətləri və əzablı ağrıları tez-tez xatırla. Çünki bu (ölümü xatırlamaq), Allahın səni xəbərdar etdiyi dünyanı gözündə kiçildir və ona qarşı zahidliyə yönəldir. Çünki o (dünya), artıq özünü sənə tanıtmış və gedişatını anlatmışdır. Dünya əhlinin ondan möhkəm yapışması və qəzəbli halda arxasınca qaçması səni yolundan azdırmasın. Çünki onun əhli quduz itlər və ovunun arxasınca qaçan canavarlar kimidir, güclülər zəifləri, böyüklər isə kiçikləri yeyər. Artıq dünya öz əhlini yolundan azdırmış, onları korluq yolunda buraxmış və haqqı görməsinlər deyə gözlərini bağlamışdır. Beləcə dünyanın çaşqınlıqlarında ilişib qaldılar, onun fitnəsində qərq oldular, onu (dünyanı) özlərinə tanrı qərar verdilər. Onlar dünya ilə, dünya da onlarla oynadı. Onlar dünyadan sonrakı aqibətlərini unutdular.

Ey oğlum, heç zaman dünyanın çox olan eyibləriylə çirklənmişlərdən olma. Əlbəttə, onların bir qismi ona bağlanmış, digər qismi isə tərk edilmişlərdir. Onların ağlını azdırmışdır. Onlar sanki çobanı olmayan və keçməsi mümkünsüz olan bir vadidə fəlakətə uğramış sürüyə bənzəyir. Bir az da gözlə, hətta zülmət (ölümün gəlişilə) aydınlığa dönsün, sanki bir karvan gələcək və geri dönmək ehtimalı olacaq.

Bil ki, hacət və niyyəti gecə-gündüz (var-dövlət əldə etmək) olarsa, o, bu yolda davam edəcək. Əgər davam etməzsə, Allah dünyasının yıxılması və axirətinin təmir edilməsindən başqa heç nə istəmir.

Ey oğlum, əgər Allahın zahidlik edilməsini tələb etdiyi işlərdə zahidlik edərsənsə, nəfsini dünyadan çək, çünki o buna layiqdir. Əgər mənim bu nəsihətimi qəbul etməzsənsə, bil ki, heç zaman arzuna yetişməyəcək və əcəlindən qaça bilməyəcəksən. Çünki sən səndən əvvəlkilərin yolundasan. İstəklərini azalt, qazancını (əməllərini) gözəlləşdir. Çünki bəzi istəklər sahib olduqlarından məhrum edər. Çünki hər istəyən nicat tapmaz və orta yolu seçən möhtac olmaz. Səni arzulara sürükləsə belə, nəfsini aşağıdakılardan (pis əməllərdən, alçalmadan) uzaq tut. Çünki nəfsinin itirdiyi izzətin əvəzini heç nə verməz. Heç kimin qulu olma. Çünki Allah səni azad yaratmışdır. Məgər şərlə əldə edilən xeyir xeyirdirmi?! Güclə əldə edilən asanlıq asanlıqdırmı?!

Tamahın hədəfləri səni məcbur etməsin, yoxsa o insanı həlak suyunun sahilinə sürükləyər. Əgər sənlə Allah arasında heç bir nemət verənin olmasını (yəni sənə minnət edəni) istəmirsənsə bunu et. Çünki sən öz qismətinə yetişəcək və öz payını alacaqsan. Allahdan gələn az miqdarda əta bəndədən gələn çox miqdardan daha əzəmətli və daha çoxdur. Əgər sən sultanlardan istədiklərinlə sadə insanlardan istədiklərinə diqqət yetirsən və ya müqayisə etməsən, o zaman onlardan (sadə insanlardan) az miqdarda aldıqlarının sultanlardan çox miqdarda aldıqlarından daha iftixarlı olduğunu görəcəksən. Sadə insanlardan çox miqdarda istəyin sənin üçün bir ardır. İstəklərini azaltsan nəticədə əməlinin alqışlandığını görəcəksən. Hər hansı bir məbləğ qarşılığında dinindən və mülkündən heç nə satma. Həqiqi aldanmış Allahdan alacaq payda aldanandır. Dünyadan sənə tərəf gələnləri götür və səndən üz çevirəndən əl çək. Əgər bunu etməsən, heç olmasa istəklərini (əməllərini) gözəlləşdir.

Dinin üçün qorxduğun kimsələrlə həmsöhbət olma. Sultanları özündən uzaq tut. Şeytanın hiyləsindən amanda olub “nə zaman pislik görürəmsə, ondan uzaq oluram” demə. Çünki səndən əvvəl axirətə inanmış qiblə əhlindən olan bəzi insanlar da bu yolla həlak olub. Sonra şeytan hiylə işlədərək azacıq dünya malı ilə onu həlaka sürükləyir. Allahın rəhmətindən məyus olana qədər onu bu şərdən çıxarıb digər şərə yönəldər. Onu ümidsizliyə salar və onun üçün İslam və hökmlərinə zidd olan müxtəlif yollar tapar. Əgər nəfsin dünya sevgisində və sultana yaxınlaşmaqda israr edərsə, deməli, hidayət yoluna və sənə qadağan etdiklərimin əksinə getmiş olarsan. Bu halda dilini qorumağa çalış, çünki qəzəbli sultanlara inam yoxdur. Onların halını soruşma, sirlərini açma. Özünlə onlar arasında olan məsələlərə müdaxilə etmə.

Susmaqda peşmançılıqdan qurtuluş vardır. Çünki susmaqla əldən verdiyinin əvəzini vermək danışmaqla itirdiyini geri qaytarmaqdan daha asandır. Əlində olanı qorumaq başqasının əlində olanı istəməkdən daha yaxşıdır. Yalnız güvəndiyin şəxsdən danış, əks təqdirdə yalançı çıxarsan, yalançılıq alçaqlıqdır. Sənin üçün riayət edəcək qədər ruzi ilə keçinmək israfla xərclənən çoxlu maldan daha yaxşıdır. Məyusluq hüznlü insanlardan nəsə istəməkdən daha yaxşıdır. Hər hansı bir məsləkdə iffətli olmaq, günahla sevinməkdən daha yaxşıdır. Hər kəs öz sirrini daha yaxşı qoruyar. Sirri bilənlər ona zərər verər. Çox danışan sayıqlayar. Çox düşünənin gözü açılar. İnsan xoşbəxtliyinin ən yaxşısı saleh dosta sahib olmaqdır. Xeyir əhli ilə yoldaşlıq et ki, onlardan biri olasan. Şər əhlindən çəkin ki, onlardan uzaq olasan. Sui-zənn sənə qalib gəlməsin. Çünki o sənlə dostun arasındakı mehribanlığa mane olur. Bəzən deyirlər: “Sui-zənn ehtiyatdır”. Ən pis yemək haram yeməkdir. Zəifə zülm etmək ən pis zülmdür. Əxlaqsızlıq adı kimi pisdir. Pisliklərə səbr etmək qəlbi qoruyur. Əgər mülayimlik sərtlik olsa, sərtlik də mülayimlik olacaq. Bəlkə də dərman dərd olsaydı, dərd də dərman olardı. Bəlkə də nəsihət verə bilməyən nəsihət versə, nəsihət verdiyini aldatmış olur. Arzulara ümüd bəsləməkdən çəkin. Çünki onlara ümid bəsləmək axmaqlığın sərmayəsidir və sahibinin dünya və axirət nemətlərini məhdudlaşdırır. Odunu alovla saflaşdırdığın kimi, qəlbini də ədəblə saflaşdır. Gecənin qaranlığında odun yığanlardan və selin gətirdiyi çör-çöplərdən olma. Nemətə küfr etmək alçaqlıq, cahillə yoldaşlıq etmək uğursuzluqdur.

Ağıl təcrübələri qorumaqdır. Ən yaxşı təcrübə sənə öyüd verən təcrübədir. Yumşaq əxlaq hörmətdəndir. Üzülmədən öncə fürsəti dəyərləndir. Əzmkarlıq ehtiyatdandır. Gecikmək məhrumiyyətə səbəb olar. Hər istəyən arzusuna yetişməz. Hər atlı geri qayıtmır. Azuqəni zay etmək fəsaddandır. Hər bir işin aqibəti vardır. Bir çox az çoxdan daha bərəkətlidir. Sənin üçün təyin edilmiş sənə yetişəcək. Ticarətə başlamaq təhlükəyə atılmaqdır. Xəyanət edən yardımçıdan xeyir gəlməz. Aldatmaqla iş görmə. Həlim olan yüksələr. Anlatmaqla elm artar. Xeyir əhli ilə görüşmək qəlblərin təmiridir. Zaman sənə uyğun olduğu müddətcə ondan öz payını al. İnadkarlığın sənə qalib gəlməsindən çəkin. Əgər pisliklərdən ayrılsan, onu tövbə ilə silməyə çalış. Xəyanət etsə belə, sənə etibar edənə xəyanət etmə və sirrini aşkar etsə də, onun sirrini aşkar etmə. Az bir şeyin çox olması ümidi ilə onu əldən buraxma. İstə, sənə ayrılmış paya yetişəcəksən. Ehsanı gözəl tərzdə et və insanlara xoş sözlər söylə.

Hansı bir sözün mənası çox olar? Özün üçün xoşladığını insanlar üçün də istə və özün üçün xoşlmadığını onlar üçün də istəmə. Biri haqqında pis fikirləşib və buna görə peşman olaraq ona yaxşılıq etməkdən amanda olmağın çox az olar.

Bil ki, əhdinə sadiq olmaq və ailəni qorumaq kəramətdəndir. Üz çevirmək nifrət əlamətidir. Səbəblərin artması paxıllıq əlamətidir. Lütf edərək bəzi şeyləri qardaşından saxlamaq doğru olmayan bir yolla əta etməkdən daha yaxşıdır. Yaxınlarla əlaqə saxlamaq kəramətdəndir. Əgər əlaqəni kəssən, kim səni istəyib sənə inanar? Baxışdan məhrum etmək əlaqəni kəsməyin bir nümunəsidir. Qardaşın sənlə əlaqəni kəsməyə çalışdıqda, üz çevirdikdə, uzaqlaşdıqda, şiddətlə davrandıqda və sənə pislik etdikdə sanki özünü onun qulu və onu özünə bir nemət sanaraq əlaqəni kəsmə. Ona lütf et, daha yaxın ol, mülayim davran və yaxşılıq et. Bu dediklərimi lazım olmayan yerdə və layiq olmayan insanlara qarşı etmə. Dostunun düşməniylə dost olma, yoxsa dostunla düşmən olarsan. Hiyləgərliklə iş görmə, çünki bu (hiyləgərlik), alçaqların əxlaqıdır. İstəsə, ya istəməsə belə qardaşına nəsihət ver, hər bir halda ona kömək et, hara getsə onunla get, ağzına torpaq töksə belə onun cəzalanmasını istəmə. Düşməninlə fəzilətlə davran, çünki bu (bu cür davranış), zəfərə daha yaxındır. İnsanların şərindən gözəl əxlaq və qəzəbini boğmaqla qurtula bilərsən. Çünki bu cürətdən gözəl aqibət və ləzzətli nəticə görmədim. Şübhə üzündən qardaşınla əlaqəni kəsmə və könlünü almadan ondan ayrılma.

Sənlə sərt davrananla mülayim davran ki, bir zaman o da səninlə mülayim davransın. Əlaqəni qurduqdan sonra onu kəsməkdən, qardaşlıqdan sonra cəfa çəkdirməkdən, dostluqdan sonra düşmənçilik etməkdən, inamdan sonra xəyanət etməkdən, ümid edənin ümidini kəsməkdən və inananı aldatmaqdan pis heç nə yoxdur. Əgər qardaşınla ayrılmaq sənə qalib gələrsə, ona bir yaxşılıq et ki, bir gün ona dönə biləsən. Sənin haqqında zənni xoş olanın zənnini təsdiq et. Qardaşınla aranızda olan mehribanlığa güvənərək onun haqqını itirmə. Çünki haqqını itirdiyin qardaş artıq sənin qardaşın deyildir. Ailən sənə qarşı ən pis məxluqatdan olmasın. Səninlə maraqlanmayanlarla maraqlanmağa çalışma. Sənə rəğbər bəsləyənlə əlaqə qurmaq mümkün olduqda bunu əsirgəmə. Qardaşının səninlə əlaqəni kəsməsi sənin əlaqəni saxlamağından güclü olmamalıdır. Sənə qarşı pisliyi sənin ona qarşı yaxşılığından çox olmamalıdır. Sənə qarşı paxıllığı sənin ona qarşı ətandan çox olmamalıdır. Təqsiri sənin ona qarşı lütfündən çox olmamalıdır. Sənə zülm edənin zülmü gözlərində böyüməsin. Çünki bu, onun zərəri, səninsə, mənfəətindir. Səni sevindirənin mükafatı ona pislik etmək deyil. Ruzi iki növdür: İstədiyin ruzi və səni istəyən ruzi. Sən onu istəməsən də, o səni tapacaq.

Ey oğlum, bil ki, zaman hadisələrlə doludur. Heç zaman insanlar arasında qınağı sərt və üzrü az olan kimsələrdən olma. Ehtiyac halında boyun əymək və zəngin halda cəfa çəkmək çox pisdir. Dünyadakı payın axirətini islah edəcək qədərdir. Haqqı olanın haqqını ver və başqalarına xəzinədar olma. Əgər əlindən çıxana heyifsilənsən, sənə yetişməyən hər şeyə heyifsilən və olanı olmayana dəlil gətir. Hadisələr bir-birinə bənzəyər. Nemət sahibinə küfr etmə, çünki nemətə küfr etmək küfrün anasıdır. Üzrü qəbul et və yalnız ehtiyac halında nəsihətdən faydalananlardan olma. Aqil insan ədəblə faydalanar. Heyvanlara yalnız vurmaqla nəsihət vermək olar. Kiçik və ya böyük olmasından asılı olmayaraq haqqını tanıyanın haqqını tanı. Gözəl yəqinlik (Allaha yəqilik) və səbr əzmkarlığı ilə mübtəla olduğun qəm-kədərdən uzaq ol. Məqsədi tərk edən yolunu azar. İnsanın ən gözəl xoşbəxtliyi qənaətdir.

İnsanın ən pis dostu həsəddir. Ümidsizlikdə ifrat vardır. Miskinlik qınağa yol açar. Yoldaşlıq lazımdır. Dost sənin olmadığın yerdə dostluğa sadiq olandır. Həvayi-nəfs korluğun şərikidir (çünki hər ikisi həqiqəti görməyə mane olur). Çaşqınlıq halında dayanmaq müvəffəqiyyətdir. Qəmi uzaqlaşdıran ən gözəl şey yəqindir. Yalanın aqibəti danlaqdır. Qurtuluş həqiqətdədir. Yalanın aqibəti çox pisdir. Bir çox uzaqlar yaxın, yaxınlar isə uzaq olur. Dostu olmayan qəribdir. Sui-zənn edib dostunu itirmə. Özünü (zərərli şeylərdən) qoruyan şəfa tapar. Haqqa qarşı çıxanın məzhəbi (halı) sıxıntıya düşər. Qədəriylə (ona ayrılmış pay ilə) kifayətlənən qədərinə (payına) sahib olar. Ən gözəl əxlaq başqasına hörmət etməkdir. Güclünün zəifə zülm etməsi ən böyük alçaqlıqdır. Həya bütün gözəlliklərin səbəbidir. Ən möhkəm ip təqvadır. Seçdiyin ən gözəl vəsilə sənlə Rəbbinin arasında olan vasitədir. Səni günahlandıran minnət qoyar. Qınaqda ifrat etmək inadçılıq atəşini alovlandırmaqdır. Neçə-neçə ağır xəstələr şəfa tapmış və neçə-neçə sağlamlar ölmüşdür. Tamahın həlak etdiyi yerdə ümidsizlik qalib gələr. Hər gizli aşkara çıxmaz və hər fürsət ələ düşməz. Bəlkə də gözü görən xəta edər və görməyən hidayət olar. Hər axtaran tapacaq və hər ölən qurtulacaq deyə bir şey yoxdur. Pisliyi təxirə sal ki, istədiyin vaxt tezləşdirə biləsən. Sənə yaxşılıq edilməsini istəyirsənsə, yaxşılıq et. Qardaşının sahib olduğu hər bir özəlliyə təhəmmül et. Çox qınama, çünki qınamaq kinə səbəb ola bilər və insanı nifrətə sürükləyər. Günahlandırmaq istədiyindən üzr istə. Cahillə əlaqəni kəsmək aqillə əlaqə qurmağa bərabərdir. Sərt davranmağı tərk etmək kəramətdəndir. Zamana qarşı təkəbbürlük edən həlak olar. Qınağa tuş gələn qəzəblənər. İntiqam alan zülm əhlinə çox yaxındır. Hiylə işlədən bağışlanmamağa daha çox layiqdir.

Ehtimal edilənin səhvi daha şiddətli olar. Yalan danışmaq xəstəliyi ən pis xəstəlikdir. Qənaət etmək azı çoxaldar. Azlıq (yoxsulluq) zillətdir. Valideynlərə yaxşılıq etmək xarakterin gözəlliyindəndir. Səhv etmək tələsməyə bərabərdir. Sonu peşmançılıq olan ləzzətin xeyri olmaz. Təcrübələrdən ibrət alan aqildir. Hidayət korluğu aradan aparar. Dil ağlın tərcüməçisidir. İxtilafla ülfət olmaz. Qonşunun halını soruşmaq ən yaxşı qonşuluqdur. Qənaət edən heç zaman həlak olmaz. Zahid olan fəqir olmaz. İnsanı tanıtdıran onun daxilidir. Neçə-neçə insanlar ölümünü axtarar. Güvənini ümidinə satma. Qorxulan hər şey zərər verməz. Neçə-neçə zarafatlar ciddiyə alınar. Zaman ona inanana xəyanət edər, əzəmətli etdiyinə xəyanət edər, ona qəzəblənən nifrətinə tuş gələr. Ona sığınan köməksiz qalar. Hər ox atan hədəfi vurmaz. Sultanın dəyişməsiylə zaman da dəyişər. Ailənin ən xeyirlisi sənə yetəndir. Zarafat kin doğurar. Neçə-neçə hərislər istəyinə yetişməz.

Dinin başı yəqinin düzgünlüyüdür. İxlasın kamalı günahlardan çəkinməkdir. Ən gözəl söz əməlin təsdiq etdiyidir. Qurtuluş doğruluqdadır. Dua mərhəmətin açarıdır. Dostunu yola düşməzdən əvvəl, qonşunu isə evə daxil olmazdan əvvəl soruş. Dünyanı gəlib-gedəcək bir mənzil hesab et. Sənə qarşı çıxana səbr et. Səndən üzr istəyənin üzrünü qəbul et. İnsanları əfv et. Heç kimə xoşlamadığını (xoşlamadığı xəbəri) çatdırma. Sənə üsyan etsə belə, qardaşına itaət et və sənlə əlaqəni kəssə belə, onunla əlaqəni kəsmə. Nəfsin üçün bağışlamağa adət elə. Onun (nəfsin) üçün ən gözəl əxlaqı seç. Çünki xeyir bir adətdir. Başqalarından çirkin və gülünc sözlər nəql etmə. Kimsə sənlə insaflı olmazdan əvvəl, özün özünlə insaflı ol.

Heç zaman qadınlarla məşvərət etmə. Çünki onların rəyi fani, əzmi isə zəifdir. Gözlərini onların gözlərindən çək. Onlarla hicab arxasından danışmaq sən və onlar üçün də xeyirdir. Onların evdən çölə çıxmaları inanmadığın bir başqasını evə gətirməkdən yaxşıdır. Əgər səndən başqasını tanımamalarını bacarsan bunu et. Onlara nəfsi aşacaq iş tapşırma. Çünki bu onların halı, rahatlığı gözəlliklərinin davamlı olması üçün daha yaxşıdır. Çünki qadın reyhandır (çiçəkdir), qəhrəman deyil. Kəramətlərini özlərindən yüksəyə yüksəltmə. Onları başqaları üçün şəfaətçi etmə. Yoxsa buna görə sənə nifrət edərlər. Qadınlarla çox xəlvətdə olma, yoxsa səni bezdirər, ya da səndən bezərlər. Çalış onlara tam gücünü göstərmə. Çünki onlara öz gücünü göstərməməklə səni güclü hesab etmələri gücünün ifşa olmasından yaxşıdır. Qısqanmaq lazım olmayan yerdə qısqanma. Çünki bu onları sağlamlıqdan xəstəliyə sürükləyər. Onları özbaşına buraxma. Gördüyün hər böyük və kiçik səhvlərinə etiraz et. Cəzalandırmaqdan çəkin. Yoxsa günahı böyüdüb qınağı kiçiltmiş olarsan.

Kölələri gözəl tərbiyə et. Onlara çox qəzəblənmə. Günahsız yerə onları çox qınama. Əgər onlardan biri cəzalanmağa layiq olarsa, gözəl şəkildə bundan daşın. Çünki ağıl sahibini cəzalandırmaqdan daşınmaq və əfv etmək onu döyməkdən yaxşıdır. Ağlı olmayandan uzaq ol və qisas almaqdan çəkin. Onların hər birini edə biləcəkləri işlə mükəlləf et ki, öz işini başqasının üzərinə yıxmasın. Əşirətinə (qohumlar və əqrabalar) hörmətlə yanaş. Çünki onlar sənin sanki uça biləcək qanadın və dönəcəyin bir kökdür. Onlarla düşmənlərdən müdafiə olunarsan. Onlar sənin pis halında köməyindir. Odur ki, onların yaxşılarına yaxşılıq et, xəstələrini ziyarət et, işlərinə ortaq ol və çətinliklərini asanlaşdır. Öz işlərində Allahdan yardım dilə. Çünki O, ən yetərli yardımçıdır. Dinində və dünyanda Allaha əmanət ol. Dünya və axirətdə Ondan sənə xeyir diləyirəm. Allahın salamı və rəhməti olsun sənə.

Şeyx Həsən ibn Əli əl-Hərrani, “Tuhəful-uqul ən Alir-Rəsul”, səhifə 72-82, Bakı, 2018

Рейтинг

В этом разделе