İhsan Zahir deyir:
Bu sözləri ilə də Peyğəmbərin (s) duasına işarə edir: “İlahi, İslamı Ömər ibn Xəttabla qüvvətləndir”. Bunu Məclisi “Biharul-ənvar”da Muhəmməd Baqirdən rəvayət edib (“Biharul-ənvar”, c.4, “Səma və aləm” kitabı). Peyğəmbərin (s) duasının mütləq qəbul olunacağı şübhəsizdir.
Əhli-Beytin ağası aralarında şiələrinin olduğu iddia edilən şəxslərlə bərabər bütün insanlara Faruqun hər hansı bir şəxs kimi olmadığını çatdırır. Onun dəyirmanın oxu kimi olduğunu, müsəlmanların və ərəblərin dəyirmanının onun ətrafında dövr etdiyini bildirir. Əgər dəyirmanın oxu olmasa o əsla fırlanmaz! Ona görə də bu sözləri ilə Ömər qarşısında israr edir: “Çünki sən bu torpaqdan çıxsan, ətraf və nahiyələrdən ərəblər (fürsət əldə edib) səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar”. Çünki ərəblər Faruqun kök və mehvər olduğunu bilirdilər. Əgər kök aradan getsə nə budaq, nə də yarpaq qalmayacaq. O, mehvərdir, əgər sınsa, dəyirman daşı da dövr etməyəcək. Eləcə də, sən bu qövmün və zəiflərinin himayədarısan. Bizdən uzaqlaşmağına və özünü ölümlə üz-üz qoymağına izn vermərik. Çünki biz sənsiz keçinə bilmərik...” 1124
Cavab:
İhsan Zahirin Məclisinin sözləri üzərində saxtakarlığı
İhsan Zahirin “İlahi, İslamı Ömərlə izzətləndir” sözünü Əllamə Məclisinin İmam Baqirdən (ə) rəvayət etdiyi iddiası açıq-aydın saxtakarlıq və təhrifdir, dəlil kimi əsla istifadə edilə bilməz. Belə ki, kitabdakı həmin rəvayət mürsəldir (sənədsizdir), “Mən (insanları haqq yoldan) azdıranları Özümə köməkçi də tutmadım!” (Kəhf, 51) ayəsinin nazil olma səbəbinin bəyanı ilə bağlıdır və bunu deyən şəxsə etiraz mənası daşıyır. Sizə Əllamə Məclisinin “Biharul-ənvar”dakı sözlərinin tam mətnini təqdim edirik ki, İhsan İlahi Zahirin şiə mənbələrindən nəql etdiyi sözlərdəki saxtakarlıq və uydurmalarının həcmi tam görünsün:
A. Əllamə Məclisi deyir: “İbn Bəşirin belə dediyini rəvayət edirlər: “Əbu Cəfərə (İmam Baqirə) dedim: “Camaat Peyğəmbərin (s) “İlahi, İslamı Əbu Cəhl və ya Ömərlə izzətləndir” deyə buyurduğunu iddia edir”. Əbu Cəfər (ə) buyurdu: “Allaha and olsun ki, Peyğəmbər (s) əsla belə bir şey söyləməyib. Allah öz dinini Muhəmmədlə (s) izzətləndirib. Allah dinini əsla şər məxluqları ilə izzətləndirməz”. 1137
İhsan Zahirin məqsədinin bu rəvayət olması mümkün deyil. Çünki bu rəvayətdə İmam Baqir (ə) Peyğəmbərə (s) istinad edilən bu yalanı inkar edir. Bunu onun sözlərində aydın görürük: “Allaha and olsun ki, Peyğəmbər (s) əsla belə bir şey söyləməyib”.
B. Əllamə Məclisi deyir: “Təfsirul-Əyyaşi”də Muhəmməd ibn Mərvandan, o da Əbu Cəfərdən (ə) Uca Allahın “Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən (insanları haqq yoldan) azdıranları Özümə köməkçi də tutmadım!” ayəsi barədə belə buyurduğu nəql edilir: “Peyğəmbər (s) “İlahi, dini Ömər ibn Xəttab və ya Əbu Cəlh Haşimi ilə izzətləndir” dedikdə, Uca Allah onların hər ikisini nəzərdə tutaraq: “Mən (insanları haqq yoldan) azdıranları Özümə köməkçi də tutmadım!” ayəsini nazil etdi”. 1138
Bəlkə də, İhsan Zahirin iddiası bu rəvayətlə bağlıdır. Lakin irad olaraq bildirilməlidir ki, bu, Əyyaşinin “Təfsir”indəki 1139 mürsəl (sənədsiz) rəvayətlərdəndir. Həmçinin əvvəlki rəvayətə də ziddir. Eləcə də, bu rəvayət “Mən (insanları haqq yoldan) azdıranları Özümə köməkçi də tutmadım!” ayəsinin nazil olma səbəbinin bəyanında deyilir. Rəvayətin dəlalətinə əsasən, Uca Allah həmin ayəni nazil etməklə İslamın Ömərə və ya digər şəxsə ehtiyacının olmadığını bildirir, müşrik, kafir, münafiq və insanları haqq yoldan azdıranlar bəyənməsə də, Öz dinini bütün dinlərə qalib edəcəyini buyurur.
C. Əllamə Məclisi deyir: “Təfsirul-Əyyaşi”də Muhəmməd ibn Mərvanın Əbu Abdullaha (İmam Sadiqə) belə dediyi nəql edilir: “Sənə fəda olum! Peyğəmbər (s) buyurub: “İslama Əbu Cəhl ibn Hişam və ya Ömər ibn Xəttabla izzət ver”. Dedi: “Ey Muhəmməd, bəli, Allaha and olsun ki, bunu deyib”.
Bu mənə boynumun vurulmasında daha pis təsir etdi. Sonra mənə yaxınlaşıb dedi: “Ey Muhəmməd, Allahın nazil etdiyi ayəni bilirsənmi?” Dedim: “Sənə fəda olum, sən daha yaxşı bilərsən!”
Buyurdu: “Peyğəmbər (s) Ərqəmin evində idi. Orada “İlahi, İslama Əbu Cəhl ibn Hişam və ya Ömər ibn Xəttabla izzət ver” deyə dua etdi. Uca Allah da o ikisi barədə “Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən (insanları haqq yoldan) azdıranları Özümə köməkçi də tutmadım!” (Kəhf, 51) ayəsini endirdi”. 1141
İhsan Zahirin məqsədi bu rəvayət də ola bilər. Lakin rəvayət İmam Baqirdən (ə) deyil, İmam Sadiqdən (ə) nəql edilir.1142 Bundan əlavə, Əyyaşinin “Təfsir”indəki 1143 mürsəl (sənədsiz) rəvayətlərdəndir, birinci rəvayətə ziddir, “Mən (insanları haqq yoldan) azdıranları Özümə köməkçi də tutmadım!” ayəsinin nazil olma səbəbinin bəyanı üçün söylənib, İslamın Ömərə və ya digərlərinə ehtiyacının olmadığına dəlalət edir.
1124 Şiə və Əhli-Beyt, s. 96
1137 Biharul-ənvar, Əllamə Məclisi, c. 30, s. 382
1138 Biharul-ənvar, Əllamə Məclisi, c. 30, s. 234; c. 54, s. 12
1139 Təfsir, Əyyaşı, c. 2, s. 328
1141 Biharul-ənvar, Əllamə Məclisi, c. 30, s. 234-235
1142 İhsan Zahirin şiələrin İmamlarını (ə) düzgün seçə bilməməsi yeni məsələ deyil. Belə ki, bir neçə yerdə buna rast gəlmişik. Bununla belə o, şiə məzhəbini tam öyrəndiyini və onların əqidə əsaslarını bildiyini iddia edir!
1143 Təfsir, Əyyaşı, c. 2, s. 328
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 2, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə