İhsan Zahir deyir: “Lakin biz yolu qısaltmaq məqsədilə onların sonuncu, on birinci məsum imamları olan, Həsən Əskəri ləqəbli Həsən ibn Əlinin sözlərinə nəzər salaq. O, hicrət hadisəsi barədə danışarkən deyir: “Peyğəmbər Əlidən (r) onun yatağına uzanmasını xahiş etdikdən sonra Əbu Bəkrə (r) dedi: “Ey Əbu Bəkr, mənimlə birlikdə olub, məndən tələb olunanların səndən də tələb edilməsinə, söylədiklərimə məni təşviq etməkdə ittiham olunmağına, cürbəcür əzab və əziyyətlərə mənimlə birgə daşımağa razısanmı?”
Əbu Bəkr dedi: “Ey Peyğəmbər! Əgər mən dünya durduqca yaşasam, ölüm və ya qurtuluş gəlməsə belə sənin məhəbbətin uğrunda ən şiddətli əzablara düçar olmağım mənə dünyada xoş yaşayıb və sənə müxalif olan bütün padşahların mülkünə sahib olmaqdan daha sevimlidir. Məgər özüm, malım və övladlarım sənə fəda deyilikmi?!”
Peyğəmbər (s) buyurdu: “Əlbəttə, əgər Allah sənin qəlbinə nəzər salıb sözlərinin qəlbindəkilərə uyğun olduğunu görərsə, səni mənim üçün göz və qulaq, bədənin başı və cismin ruhu kimi qərar verər”. 675
Müzakirə
İmam Həsən Əskəriyə (ə) nisbət verilən təfsirdən nəql etdiyi bu rəvayət onun iddia etdiyinə ziddir. Çünki Əbu Bəkrin sözlərinin qarşılığında Peyğəmbər (s) buyurur: “Əlbəttə, əgər Allah sənin qəlbinə nəzər salıb sözlərinin qəlbindəkilərə uyğun olduğunu görərsə, səni mənim üçün göz və qulaq, bədənin başı və cismin ruhu kimi qərar verər”. Bu, şərt cümləsidir. Sanki Peyğəmbər (s) ona demək istəyir ki, əgər düz deyirsənsə, o zaman sən mənə nisbətdə göz və qulaq, bədənin başı və cismin ruhusan. Bu isə aydın bir eyhamdır. Çünki Peyğəmbərə (s) onun qəlbindəki barədə məlumat verilmişdi, əgər qəlbindəkinin dilinin söylədiklərinə uyğun olduğunu görsəydi, bunu şərt deyil, təsdiq cümləsi ilə söyləyərdi.
Bu mənanı rəvayətin tam mətnində cərəyan edən, lakin İhsan Zahirin nəql etmədiyi hadisələr də təsdiqləyir. Belə ki, Peyğəmbər (s) Əbu Bəkrdən əvvəl Əlidən (ə) onun yerinə uzanmasını xahiş edir və o, razı olur. Peyğəmbər (s) onun razılığını təsdiqləyərək buyurur: “Ey Əbəl-Həsən! Sənin verdiyin bu cavabı mənə Lövhi-məhvuza müvəkkil olan mələklər xəbər veriblər. Onlar həmçinin, mənə Allahın Cənnətdə sənin üçün hazırladığı, heç kimi eşitmədiyi, görmədiyi və ağlından keçirmədiyi savablar barədə də məlumat veriblər”. 676
Göründüyü kimi, İmam Əli (ə) barədə şərt cümləsindən istifadə etmədi. Əksinə, sözünü təsdiqləmək üçün Lövhü-məhfuza məmur mələklərin bunu söylədiyini və qarşılığında Cənnətdə onun üçün hazırlanan mükafatlardan xəbər verdi. Lakin Əbu Bəkr barədə bu sözlərdən heç birini söyləmir, hətta onun sözlərini şərt cümləsi ilə sual altına alır. İmam Əliyə (ə) söylədiyi sözləri Əbu Bəkrə söylədikləri ilə müqayisə etmək isə mümkün deyil.
675 Şiə və Əhli-Beyt, s. 57-58
676 Təfsiru Həsən Əskəri, s. 467
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə