»»

İmam Sadiq (ə) Əbu Bəkrdən razı idi?

İhsan Zahir deyir: “O, bunu vəhy ilə danışan babası Peyğəmbər (s) söylədiyinə və Əbu Bəkri “Siddiq” adlandırdığına görə söylədi. Necə ki, şiə Bəhrani özünün “əl-Bürhan” təfsirində Əli ibn İbrahimdən, o da atasından, o da bəzi şəxslərdən, o da Əbu Abdullahdan (ə) nəql edir: “Peyğəmbər (s) mağarada olarkən Əbu Bəkrə dedi: “Sanki mən Cəfərin və yoldaşlarının dənizdə üzən gəmisini görür və ənsarın geniş ərazilərdə aram addımlarla gəzdiklərini seyr edirəm”. Əbu Bəkr dedi: “Ey Peyğəmbər, sən onları görürsən?” Peyğəmbər (s) “bəli” deyə cavab verdikdə Əbu Bəkr “Mənə də onları göstər” dedi. Peyğəmbər (s) əlini onun gözlərinə sürtdükdə o da bunları gördü. Peyğəmbər (s) ona buyurdu: “Sən Siddiqsən!” 666

Müzakirə

Birinci: İhsan Zahirin Bəhranidən nəql etdiyi bu rəvayətin eyni və ya bənzəri həmin kitabda yoxdur. Bəhrani kitabında bunu qeyd edir: “Əli ibn İbrahimdən, o da atasından, o da bəzi şəxslərdən, Əbu Abdullaha (ə) istinadən nəql edir: “Peyğəmbər (s) mağarada olarkən Əbu Bəkrə dedi: “Sanki mən Cəfərin və yoldaşlarının dənizdə üzən gəmisini görür və ənsarın geniş ərazilərdə aram addımlarla gəzdiklərini seyr edirəm”. Əbu Bəkr dedi: “Ey Peyğəmbər, sən onları görürsən?” Peyğəmbər (s) “bəli” deyə cavab verdikdə Əbu Bəkr “Mənə də onları göstər” dedi. Peyğəmbər (s) əlini onun gözlərinə sürtdükdə o da bunları gördü”.

İhsan Zahir isə bu hədisə “Peyğəmbər (s) ona buyurdu: “Sən Siddiqsən!” sözlərini özündən əlavə edib.

Göründüyü kimi, Bəhraninin qeyd etdiyi rəvayətdə “Sən Siddiqsən” sözü yoxdur. İhsan Zahirin bu cür əlavələri heç də qəribə deyil. Çünki o, istədiyi rəvayətdən müəyyən sözləri pozur, istədiyini də əlavə edir. Ardınca da özünün yaratdığı yeni “rəvayəti” “bu, şiə kitabındakı dəlildir” deyərək təqdim edir. Rəvayətə artırdığı belə əlavələr açıq-aşkar iftira adlanır.

İkinci: Əgər İhsan Zahirin əlavə etdiyi bu hissənin rəvayətdə olduğu fərz edilsə belə, yenə də rəvayət etibarsızdır. Çünki sənədi zəifdir. Belə ki, hədis İmam Sadiqə (ə) “bəzi şəxslərdən” deyilərək istinad edilir. Bu isə hədisin sənədindəki ravilərin naməlum olması deməkdir.

Rəvayət “Əli ibn İbrahimdən, atası İbrahim ibn Hişamdan və bəzi şəxslərdən” deyilərək nəql edilir. Lakin həmin “bəzi şəxslərin” kim olduğu bilinmir. Onlar inanılan, yoxsa etibarsız şəxslərdir?!

Həmin bəzi məchul şəxslər rəvayəti İmama (ə) istinad edirlər. Demək İmamla (ə) ravi arasındakı əlaqə məhz həmin şəxslərdir. Bu vasitənin kimlər olduğu naməlumdur.

Buna əsasən, rəvayət elə bir həddə zəifdir ki, dəlil olaraq təqdim edilməyə layiq deyil. Vəziyyəti belə olan dəlilin qarşı tərəfə sübut kimi göstərilməsinin heç bir dəyəri yoxdur.

İkinci rəvayət: Əbu Bəkr ölüm yatağında malının beşdə birini vəsiyyət etdi

İhsan Zahir deyir: “Kuleyni “əl-Furu”da uzun bir hədisi qeyd edir: “Əbu Bəkr ölüm yatağında ikən ona “Vəsiyyət et” deyildikdə buyurdu: “Beşdə birini vəsiyyət edirəm, beşdə bir miqdar da çoxdur. Allah beşdə birdən razı qalar”. Bununla da malının beşdə birini vəsiyyət etdi. Uca Allah isə üçdə birini vəsiyyət etməyə izn vermişdi. Əgər Əbu Bəkr üçdə birinin daha çox faydalı olduğunu bilsəydi, onu vəsiyyət edərdi.

Ondan sonra sizin fəzilətli bildiyiniz şəxs Salman və Əbu Zərdir (Allah onlardan razı olsun!). Salman illik xərcini ödəyəcək miqdardan artıq malı olduğunu gördükdə onu qəbul edən şəxslərə paylayırdı. Ona deyilmişdi: “Ey Əba Abdullah, sən zahidliyinlə bunları edirsən (illik xərcini saxlayırsan), bu gün və ya sabah öləcəyini isə bilmirsən!”

O isə cavabında deyirdi: “Nə olub, yox olacağımdan qorxursunuz, amma əbədi yaşamağımı istəmirsiniz. Ey cahillər, məgər bilmirsiniz ki, nəfs, sahibinin məişəti üçün lazımı tədarükü olmadıqda onu tovlayır və azdırır. İnsanın tədarükü olduqda isə nəfsi də aramlaşır?!”

Amma Əbu Zərrə gəldikdə, onun dəvələri və qoyunları vardı. Onlardan süd sağar, bəzən də ailəsi ət yemək istədikdə və ya qonaq gəldikdə, yaxud da yaxınlarından birinin ehtiyacı olduğunu gördükdə onlardan kəsərdi. Onların ət iştahasını söndürəcək qədər dəvə və ya qoyun kəsər, aralarında bölər, özü də bir kəsə düşən paydan artığını götürməzdi. Onlardan daha zahid kim var? Peyğəmbər (s) onların barəsində xoş sözlər söyləyib”.

Bu sözlərdən aydın olur ki, Siddiqin zahidlik məqamı ümmət arasında ən üstün dərəcədə idi. Ondan sonra isə Əbu Zərr və Salman gəlir”. 667

Müzakirə

İhsan Zahir İmamın (ə) “Ondan sonra sizin fəzilətli bildiyiniz şəxs Salman və Əbu Zərdir (Allah onlardan razı olsun!)” sözündən İmamın (ə) da nəzərində Əbu Bəkrin zöhd və fəzilətdə Salman və Əbu Zərdən üstün olduğunu zənn edib. Bu isə xəyal və səhvdən başqa bir şey deyil. Belə ki, söhbət İmamın (ə) Süfyan Sövriyə dəlil göstərməsi əsnasında baş verir. Süfyan Sövri əhli-sünnənin böyük alim və zahidlərindən idi. Kuleyni bu rəvayətin əvvəlində yazır: “Əli ibn İbrahimdən, o da Harun ibn Müslimdən, o da Müsədə ibn Sədəqədən rəvayət edir: “Süfyan Sövri Əbu Abdullahın (ə) yanına gəldi. (İmamın) əynində ağappaq yumşaq parçadan bir libas vardı. Bunu gördükdə dedi: “Bu sənə (zahidliyinə) yaraşan libas deyil”. O isə cavabında dedi: “Sözlərimi dinlə və yadda saxla...”

İmam (ə) bu sözü ilə ona zöhd anlayışının etiqadı ilə uyuşmadığını bildirmək istəyir. Belə ki, Süfyan Sövrinin fikrinə görə, Əbu Bəkr zahidlik, şücaət və elm baxımından digərlərindən daha fəzilətli idi. Hətta Salman və Əbu Zərdən də əfzəl idi. Amma İmam (ə) bu sözləri ilə onun zahidliyinin heç də Süfyan Sövrinin düşündüyü səviyyədə olmadığını bəyan edir. Qeyd edildiyi kimi, əcəli yetişərkən o, malının beşdə birini vəsiyyət edir. Halbuki şəri dəlillərə əsasən üçdə birini vəsiyyət etmək daha əfzəl idi. Lakin o, bunu etmir.

İmamın (ə) söylədikləri Əbu Bəkrin fəzilətini iqrar etmək deyil. Əksinə, burada söylənilən sözlər qarşı tərəfin onun ən zahid səhabə olması rəyinə və fikrinə əsaslanır. Bu səbəbdən də İmam (ə) “Ondan sonra sizin fəzilətli bildiyiniz şəxs...” deyir, “Ondan sonra bizim fəzilətli bildiyimiz şəxs...” demir. Əgər belə desəydi, o zaman fəzilətinin təsdiqi olardı. Bu iki cümlə arasındakı fərq isə aşkardır.

Başqa sözlə: İmam (ə) “Ondan sonra sizin fəzilətli bildiyiniz şəxs...” deməklə Əbu Bəkrin fəzilətli olduğu fikrinin onun libasına etiraz bildirən Süfyan Sövriyə məxsus olduğunu bəyan edir.

Üçüncü rəvayət: Əbu Bəkr və Ömərin ədalətli və dürüst imam olduğu iddiası

İhsan Zahir deyir: “Sonra onların altıncı məsum imam zənn etdikləri “Sadiq” ləqəbli Əbu Abdullah Cəfərdən Əbu Bəkr və Ömər barədə soruşulur. Bunu şiə, ğulat, 1611-ci ildə (h.q.1019) qətlə yetirilmiş Qazi Nurullah Şuştəri rəvayət edir. Bir nəfər İmam Sadiqdən (ə) soruşur: “Ey Peyğəmbər övladı! Əbu Bəkr və Ömər barədə nə deyirsən? Buyurdu: “İki adil, dürüst və haqqa bağlı olan imam idilər. Belə də dünyadan köçdülər. Qiyamət günü Allahın rəhməti onlara olsun!”  668
 
Müzakirə

Rəvayətin mənbəyə müraciət edən şəxs onun İhsan Zahirin iddiasının tam əksinə olduğunu aydın görəcək. Çünki İmam (ə) “İki adil, dürüst və haqqa bağlı olan imam idilər. Belə də dünyadan köçdülər. Qiyamət günü Allahın rəhməti onlara olsun!” söylədikdən sonra öz sözünün təfsirinə başlayır. Oxucuya həmin mənbəyə müraciət etməyi tövsiyə edirik. Həmin mətnlə tanış olduqda İhsan Zahirin saxtakarlığının hansı həcmdə olduğunu aydın görəcəksiniz. Belə ki, İhsan Zahir onun iddialarına zidd olan hissəni kəsərək nəql etməyib.

“Müxalif məzhəbdən bir nəfər İmam Sadiqdən (ə) soruşdu: “Ey Peyğəmbər övladı! Əbu Bəkr və Ömər haqqında fikrin nədir?”

İmam (ə) buyurdu: “Onlar iki imam, dürüst (qasit), adil, haqqın üzərində (əleyhində) olan və belə də dünyadan köçmüş şəxslərdir. Qiyamət günü Allahın rəhməti onların üzərinə (əleyhinə) olsun”.

Camaat dağılıb getdikdən sonra şiələrindən biri soruşdu: “Ey Peyğəmbər övladı, Əbu Bəkr və Ömər haqqında söylədiklərin məni təəccübləndirdi”.

İmam (ə) buyurdu: “Bəli, onlar Cəhənnəm əhlinin imamlarıdır. Necə ki, Uca Allah buyurur: “Onları Cəhənnəm oduna dəvət edən imamlar etdik” (əl-Qəsəs”, 41). Dürüstə gəldikdə, (bu söz ərəb dilində “qasit” kimi də ifadə olunur. “Qasit” kəlməsinin isə “dürüst (ədalətli)” və “haqdan üz döndərmiş” kimi iki zidd mənası var – Tərc.) Uca Allah Quranda buyurur: “Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar” (“əl-Cinn”, 15). Adil (Adil kəlməsi ərəb dilində həmçinin “udul” (üz döndərmək, yayınmaq) kəlməsinin faili olaraq “üz döndərən, yayınan” mənasını verir – Tərc.) dedikdə isə, onların haqdan üz döndərdikləri nəzərdə tutulur. Uca Allah buyurur: “Sonra Rəblərinə qarşı kafir olanlar üz döndərirlər” (“əl-Ənam”, 1). “Haqqın üzərində (əleyhində) olan” sözündə məqsəd isə özlərini Möminlərin əmiri Əlinin (ə) haqqından üstün tutmalarıdır. Belə ki, ona əziyyət vermiş, haqqını əlindən qəsb etmişdilər. “Belə də dünyadan köçmüşlər” dedikdə isə məqsəd bu haqqı qaytarmadan, Əliyə (ə) qarşı ədavətlərini qoruyaraq və peşmançılıq ifadə etmədən dünyadan köçdüklərini bildirməkdir. “Qiyamət günü Allahın rəhməti onların üzərinə (əleyhinə) olsun” sözündə məqsədimiz Peyğəmbərin (s) aləmlərə Allahın rəhməti olmasıdır ki, o da Qiyamət günü bu iki nəfərə qarşı qəzəblənəcək və onlardan intiqam alacaq”. 669

Dördüncü rəvayət: İmam Sadiqin (ə) onları özünə dost tutduğu iddiası

İhsan Zahir deyir: “Seyyid Mürtəza “əş-Şafi” kitabında Cəfər ibn Muhəmməddən onun (İmam Sadiqin) Əbu Bəkr və Öməri özünə dost bildiyini, qəbirlərinin yanına gəldiyini və Peyğəmbəri (s) salamladığı kimi onları da salamladığını rəvayət edir”.  670

Müzakirə

1 – Seyyid Mürtəzaya istinad etdiyi bu rəvayətin əsası yoxdur. Əvvəldə bir neçə yerdə qeyd etdiyimiz kimi, Seyyid Mürtəza Qazi Əbdülcabbarın sözlərini öncə nəql edir, ardınca isə onlara cavab verir.

2 – Məlumdur ki, Qazi Əbdülcabbar da İmam Sadiqə (ə) istinad edilən bu rəvayəti əhli-sünnə mənbələrindən nəql edir. Qazi Əbdülcabbarın sözlərini təqdim edirik: “Şeyximiz Əbu Əli deyir: Cəfər ibn Muhəmməddən Ömərin vurulması ilə bağlı nəql olunan rəvayətin əsli yoxdur. Əksinə, Cəfər ibn Muhəmməddən (ə) onun Əbu Bəkri və Öməri sevdiyi, qəbrinin yanına gələrək Peyğəmbərlə (s) birgə onları da salamladığı rəvayət olunub. Bu rəvayəti Əbbad ibn Süheyb, 671 Şöbə ibn Həccac, Mehdi ibn Hilal, 672 Dəravurdi və başqaları nəql ediblər”. 673

İndi isə Seyyid Mürtəzanın Qazi Əbdülcabbara verdiyi cavabı təqdim edirik ki, oxucu Seyyidin həmin sözləri rədd etmək üçün nəql etdiyini görsün. Yazır: “Əbu Əlinin Xanım Fatimənin (ə) Ömər tərəfindən vurulması ilə bağlı hədisin əsassız olması barədə sözünə, eləcə də İmam Sadiqin (ə) Əbu Bəkri və Öməri sevdiyi, atasının və babasının da onları sevdiyi iddiasına gəldikdə: birincidə Əbu Əlinin bu rəvayətin etimada layiq olmadığını söyləyir. Bu rəvayəti Əbu Əli necə inkar etməsin?! Onun öz nəzərində üstün bildiyi şəxslər İmamətin yerində əyləşmiş, haqlarını qəsb etmişdilər. Halbuki İmamlar (ə) dində uğur qazanmış və dinə dəstək olmuş, onun hökmlərini icra etməkdə ən üstün şəxslər idilər. Əgər bidət dolu əqidəsini qəlbindən çıxarsaydı bu kimi rəvayətləri anlayardı. Yaxud da inkar etmək əvəzinə ən azı səhih olub-olmadığına şəkk edərdi.

Müxaliflərimiz onun iddialarına əsaslanıb elə qənaətə gəlirlər ki, sanki Əbu Abdullah Cəfər ibn Muhəmməd, atası və babası (Allahın salamı onlara olsun!) onların barəsində əsla pis söz söyləməmiş, onları danlayan və eyiblər nisbət verən şəxsləri bu işdən çəkindirmişdilər. Onların bu qənaətlərində Əbu Əli kimi kəslərə etimad edəcəklərini zənn etmirik. Çünki insanların düşüncələri onların ən yaxınlarından və dostlarından öyrənilməlidir, ittiham olunanlardan, düşmənlərdən və üz çevirmişlərdən deyil. Biz də və hər kəs də yaxşı bilir ki, bu Ağalara (ə) yaxın şəxslər onlardan Əbu Əlinin iddialarının ziddinə rəvayətlər nəql ediblər. Sözlərini Şöbə ibn Həccaca və filan-filan şəxslərə istinad da ediblər. İmamların (ə) o iki şəxs (Əbu Bəkr və Ömər) barədə sözləri isə: onların haqqına ilk zülm edənlər olması, camaatı onların boynuna mindirməsi, mallarını alması, qarşılarını kəsməsi və özləri daha layiq olduqları halda onların yerində əyləşməsidir. Bu və bundan əlavə bir çox zülmlər barədə sözləri məşhurdur. Qeyd etdiyimiz və etmədiyimiz şikayətlərin həcmi o qədər genişdir ki, bizim bu kitabımıza sığmaz. Əhli-Beytdən (ə) bu barədə nəql olunanlara nəzər salmaq istəyən şəxs Əbu İshaq İbrahim ibn Səid Səqəfinin “əl-Mərifət” kitabına müraciət etsin. O, Əhli-Beytin (ə) hər bir üzvündən aydın istinadlarla və heç bir artırma olmadan bu barədə rəvayətlər nəql edib”. 674

Qazi Əbdülcabbarın sözlərindən və ona Seyyid Mürtəzanın cavabından məlum olur ki, İhsan Zahirin bu rəvayəti şiə mənbəyinə istinad etməsi yanlışdır. Məlum olduğu kimi, o, bu rəvayəti Qazi Əbdülcabbardan nəql edir ki, ardınca onun batil iddiasını rədd etsin. Bu, Seyyid Mürtəzanın qəbul etdiyi və ya dəlil kimi göstərdiyi rəvayət deyil.

666 Şiə və Əhli-Beyt, s. 55
667 Şiə və Əhli-Beyt, s. 56-57
668 Şiə və Əhli-Beyt, s. 57
669 İhqaqul-həqq, Şustəri, c. 1, s. 116
670 Şiə və Əhli-Beyt, s. 57
671 İbn Həcər “Lisanul-mizan”da deyir (c. 3, s. 230): “Əbbad ibn Suheyb Bəsri, Hədisləri tərk olunan kəslərdəndir. Buxari, Nisai və başqaları deyirlər: Tərk olunmuşdur. İbn Hibban deyir: Qədəriyyə firqəsindən idi, bəzi hədislər nəql edirdi ki, əgər bu sənətə yeni başlayan şəxs belə onu eşitsə, uydurma olduğuna şəhadət verər”.
672 İbn Həcər “Lisanul-mizan”da deyir (c. 6, s. 106): “Mehdi ibn Hilal Əbu Abdullah Bəsri – Yaqub ibn Əta ibn Əbu Rəbbah və Yunus ibn Übeyddən, Həmçinin oğlu Muhəmməd, Həmədan ibn Ömər və bir dəstə şəxs ondan hədis nəql etmişlər. Yəhya ibn Səid və İbn Muin onu yalançı bilmişlər. Darəqutni deyir: Hədisləri tərk olunur. Həmçinin Yəhya ibn Muin deyir: Bidət sahibidir, hədis uydururdu. İbn Ədiy ondan bir neçə hədisi rəvayət etdikdən sonra deyir: Ondan rəvayət olunan bütün hədislərə etina olunmaz”.
673 əş-Şafi fil-imaməti, c. 4, s. 111, II çap, h.q.1410-cu il
674 əş-Şafi fil-İmaməti, c. 4, s. 115-116

 

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе