Aişə adının qoyulması əlamət və təbərrük məqsədi daşımır
İmam Kazımın (ə) və İmam Hadinin (ə) Aişə adında qızlarının olduğu iddiasına gəldikdə, doğruluğu fərz olunsa, bunun Peyğəmbər (s) zövcəsi Aişədən əlamət və təbərrük niyyəti ilə verildiyinə dəlaləti olmayacaq. Çünki bu, ərəblərin qızlarına verdikləri geniş yayılmış addır və Peyğəmbərin (s) zövcəsi Aişənin inhisarında deyil. Səhabə Abdullah ibn Xeysəmə Ənsarinin anasının adı Aişə olub. İbn Səd “ət-Təbəqat”da deyir: “Abdullah ibn Xeysəmə ibn Qeys ibn Seyfi ibn Saxr ibn Hiram ibn Rəbiə ibn Ədiyy ibn Ğanəm ibn Kəb ibn Sələmə. Anası Bəni-Sələmə tayfasından olan Aişə bint Zeyd ibn Sələbə ibn Əbiddir. Abdullah ibn Muhəmməd ibn Əmmar Ənsari onun Bədrdə şəhid olduğunu söyləyib...” 804
Abdullah ibn Mərvan ibn Həkəmin anasının adı Aişə olub. O, Müaviyə ibn Müğeyrə ibn Əbülasın qızıdır. 805 Səd ibn Əbu Vəqqasın bacısının adı da Aişədir. O, “Qədir-Xum” və İmam Əlinin (ə) fəzilətləri barədə bəzi rəvayətləri atasından nəql edib. Eləcə də bu adda səhabə də olub: Aişə bint Qüdamə ibn Məzğun. 806 Onun əmisi Osman ibn Məzğundur ki, İmam Əli (ə) öz övladlarından birinə məhz onun adını qoyduğunu bildirmişdi. 807 İhsan Zahir “Aişə” adının qoyulmasına Əhli-Beytin (ə) Əbu Bəkrə və ya onun qızına olan məhəbbətin səbəb olduğuna, Aişənin əlaməti sayıldığına haradan hökm edib? “Bu, ancaq onların xülyalarıdır. Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!” 808 Buna dəstək olaraq qeyd edilməlidir ki, İmamlar (ə) “Hümeyra” 809 adını qoymaqdan çəkindirmişlər. Məhz bu, Aişəyə məxsus edilən bir addır. Bu adı Əməvilər ona nuranilik və gözəllik qazandırmaq üçün yalandan uydurub, bununla məqamını qaldırmağa çalışıblar. Bu, yalan olduğu üçün də qadağan olunub.
İmam Zeynəlabidinin (ə) “Aişə” adında qızı yoxdur
İhsan Zahir İrbəliyə nisbət verdiyi sözlərlə İmam Zeynəlabidinin (ə) “Aişə” adlı qızı olduğunu ondan “nəql” edir. Verdiyi bu nisbət qəti olaraq doğru deyil. O, ya nə nəql etdiyini düşünə bilməyib, ya da oxucunu azdırmaq və qəflətə salmaq məqsədi güdüb. Deyir: “Necə ki, babası Əli ibn Hüseyn öz qızlarından birinə Aişə adı vermişdi”. 810
Kitabın haşiyəsində mənbə olaraq “Kəşful-ğummə” kitabını göstərir. Halbuki İrbəli həmin kitabda əhli-sünnə alimlərindən belə nəql edir: “Hafiz Əbdüləziz ibn Əxzər Cənabəzi deyir: “Əbülhəsən – ona Əbu Muhəmməd də deyilib, o, Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib ibn Əbdülmüttəlib ibn Haşim ibn Mənaf ibn Qüseydir. Bir dəstə kişi və qadın səhabədən hədis eşidib. Onlardan: əmisi Həsən (ə), atası Hüseyn (ə), Abdullah ibn Cəfər, Abdullah ibn Abbas, Cabir ibn Abdullah, Abdullah ibn Zübeyr, Misvər ibn Məxrəmə, Əbu Səid Saidi, Haris ibn Haşim, Üsamə ibn Zeyd, Büreydə ibn Xəsib və başqaları. Qadın səhabələrdən isə: Fatimə (ə), Aişə, Ümmü Sələmə, Ümmü Əymən, Rəbi bint Məsud ibn Əfra, Dürrə bint Əbu Ləhəb və digərləri”. 811
Mətndən də göründüyü kimi, kəlmələrində heç bir qarışıqlıq olmadan İrbəli Hafiz Əbdüləziz ibn Əxzər Cənabizidən İmam Zeynəlabidinin (ə) hədis eşitdiyi qadınları sadalayarkən Aişənin adını çəkir. Lakin qızlarından birinin adının Aişə olduğuna dair burada kiçik bir eyham belə yoxdur.
804 ət-Təbəqat, İbn Səd, c. 3, s. 627
805 əl-Bidayətu vən-nihayə, İbn Kəsir, c. 9, s. 77
806 əl-İsabə, İbn Həcər, c. 8, s. 237
807 Əbülfərəc İsfahani deyir: “Osman ibn Əli (ə) – onun barəsində İmam Əlidən (ə) nəql olunur: “Ona (din) qardaşım Osman ibn Məzğunun adını qoymuşam”.
808 Bəqərə, 111
809 Kiçik ağ qız.
810 Şiə və Əhli-Beyt, İlahi İhsan Zahir, s. 82
811 Kəşful-ğummə, İrbəli, c. 2, s. 302
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə