»»

İmam Əli (ə) Əbu Bəkrin arxasında namaz qılıb?

Bəzi bəsit ağıla sahib kəslərin təsəvvür etdiyi kimi, İmamiyyə şiələri ilə digərləri arasındakı İmamət məqamı barədə mövcud olan ixtilaf heç də yalnız xilafət mövzusu ilə bağlı deyil.

Onların arasındakı ən böyük ixtilaf İmamətin mənası ilə bağlıdır. İmamiyyə şiələrinin nəzərində İmamət məzhəbin əsas təməli, tövhid, ədalət, nübuvvət və məadla bərabər dinin üsulundandır. İmam peyğəmbər kimi Allah tərəfindən təyin olunur. İmam ilahi feyz vasitəsi və varlığın səbəbi, kamil insan və kamal nümunəsi, insanın Allaha yaxınlaşması və layiq olduğu kamala hidayətdə ehtiyac duyduğu məsum və alim şəxsdir. İmamət məfhumunun ən aşkar və bariz nümunəsi olan İmam Əlinin (ə) Əbu Bəkrin və ya hər hansı başqa bir şəxsin arxasında namaz qılması qeyd edilən xüsusiyyətlərlə bir yerə sığmaz. Bu səbəbdən də, əlbəttə, şiə alimlərindən heç biri bu fikri təsdiqləməyib.

Buna əsasən, İhsan Zahirin bəzi şiə alimlərinə nisbət verdiyi sözlər iftiradan başqa bir şey deyil. Bunu Şeyx Taifə Tusinin (r) sözləri üzərində etdiyi saxtakarlıqdan da anlamaq olur. Şeyx Tusinin sözlərini tam şəkildə sizə təqdim edirik: “Əgər Möminlərin əmirinin (ə) namazında iqtida niyyəti etdiyi iddia olunsa, buna dəlil göstərilməlidir. Biz isə bunu qəbul etmirik, qəbul etdiyimiz yalnız zahirdir ki, bunda ixtilaf yoxdur. Əgər zahirən birinin arxasında namaz qıldığı iddia edilsə, bunu qəbul edirik. Lakin bu, onların qəsd etdikləri mənaya heç bir fayda vermir və bizim İmam (ə) barəsindəki rəyimizə də zidd dəlil ola bilməz”. 747

Hər bir anlayış sahibinə aydındır ki, bu cümlələrdə qəbul edilən yalnız zahirən onlarla namaz qılmasıdır. Başqa sözlə: Şeyx Tusi (r) müxaliflərin dəlillərinin “kubra” 748 qəziyyəsində müzakirə aparır ki, onun puç edilməsi ilə “suğra”nın heç bir dəyəri qalmır.

Müxalifin dəlilinin xülasəsi budur: İmam Əli (ə) (Əbu Bəkrin və digərinin) arxasında namaz qılıb. Bir kəsin arxasında namaz qılan şəxs ondan (və ya xilafətindən, imamətindən) razı sayılır. Demək İmam ondan və ya xilafətindən razıdır.

“Suğra” qəziyyə İmamın (ə) onun arxasında namaz qılması, “kubra” isə arxasında namaz qıldığı şəxsin pişnamazdan razılığıdır.

Şeyx Tusi də “kubra” barədə mübahisə edir və deyir: Pişnamazın arxasında namaz qılmaq bəzən həqiqi iqtida niyyətilə, bəzən də zahirən olur. Pişnamazdan razılığı ifadə edən iqtida həqiqi niyyətlə qılınan namazdır. Halbuki bu İmamın (ə) məsələsində həqiqi iqtidanın dəlillə isbatlanmağa ehtiyacı var. Biz zahirən bir şəxsin arxasında namaz qılındığını qəbul etsək, belə ki, bir şəxsin bir nəfərin arxasında namaz qıldığını görsək – zahirən onun namazda iqtida etdiyini söyləyəcəyik. Lakin bu bizim üçün onun razılığını müəyyən etməyəcək. Çünki bu, canının qorunması və ya bu kimi başqa səbəblərdən də baş verə bilər.

Sanki Tusi (r) demək istəyir: Əgər İmamın (ə) onların arxasında namaz qıldığı isbat olunsa belə, bu, “kubra” qəziyyə (pişnamaza iqtida niyyəti) isbat olunmadığı üçün fayda verməyəcək. Belə ki, həmin iqtida yalnız zahiridir və özü-özlüyündə razılığı bəyan etmir. Bəs İhsan Zahirin Şeyx Tusiyə (r) iftira atdığı “İmamın (ə) onların arxasında namaz qıldığı qəbul edilən məsələdir” mənası haradadır?!

İbn Əbülhədiddən nəql etdiyi dəlilə gəldikdə, o da heç bir fayda vermir. Çünki o, əvvəldə də qeyd edildiyi kimi Mötəzili şeyxlərindəndir. Əhli-sünnənin nəzərində bu cür fikirlərin olduğunu biz inkar etmirik. Lakin onun şiə alimlərindən olduğunu heç kim söyləməmişdir.

747 Təlxisuş-şafi, Şeyx Tusi, s. 158
748 Bunlar məntiq elminin terminlərindəndir (tərc.)

 

Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)

Kitabın yükləmə linki: buradan yüklə

Рейтинг

В этом разделе