Rəhman və Rəhim olan Allahın adı ilə. Allahın salam və salavatı Peyğəmbərimiz Muhəmməd (s) və pak Əhli-Beytinin (ə) üzərinə olsun. Allahın, mələklərin və bütün möminlərin lənəti olsun öncəkilərdən və sonrakılardan olan bütün düşmən və qatillərinə!
Bəzi şəxslər ya bilərəkdən, ya da elmsizlik ucbatından bu hədisi paylaşaraq siqaret çəkməyin orucu batil etmədiyini iddia edirlər.
Həmin hədis isə budur:
Şeyx Hurr Amili (r.a) bu hədisi özünün “Vəsailuş-şiə” adlı kitabında 22-ci babda (səhifə 69) qeyd etmişdir. Baxaq:
22-ci bab: Orucun pozulması və qəza ilə kəffarənin vacib olması. Suyun qəsdən boğaza çatdırılması – istər məzməzə (ağızı yaxalamaq), istər istinşaq (buruna su çəkmək) yolu ilə olsun – orucu batil edir və həm qəzanı, həm də kəffarəni vacib edir. Həmçinin qalın tozun və kəskin qoxunun boğaza çatdırılması da bu hökmdədir. Lakin qəsd olmadan baş verən buxur tüstüsü bu hökmə daxil deyildir.
HƏDİS:
[ ١٢٨٥١ ] ٢ ـ وبإسناده عن أحمد بن الحسن بن علي بن فضال، عن عمرو بن سعيد، عن الرضا عليه السلام قال: سألته عن الصائم يتدخن بعود أو بغير ذلك فتدخل الدخنة في حلقه؟ فقال: جائز، لا بأس به، قال: وسألته عن الصائم يدخل الغبار في حلقه؟ قال: لا بأس.
(12851) 2 - Öz isnadı ilə Əhməd ibn Həsən ibn Əli ibn Fəzzaldan, o da Əmr ibn Səiddən, o da İmam Rzadan (ə) nəql edir ki, dedi: “O Həzrətdən oruclu şəxsin buxur çubuğu və ya başqa bir şeylə tüstülənməsi barədə soruşdum; belə ki, tüstü onun boğazına daxil olur. Buyurdu: “Caizdir, bunun eybi yoxdur”. Sonra Ondan soruşdum: “Oruclu şəxsin boğazına toz daxil olarsa, hökmü nədir? Buyurdu: “Eybi yoxdur.”
Şeyx Hurr Amili (r.ə) bu hədisi nəql etdikdən sonra altında deyir:
أقول: هذا محمول على الغبار والدخان غير الغليظين، أو على عدم التعمد، أو عدم إمكان التحرز، ولا إشعار فيه بتعمد الادخال، بل ظاهره عدم التعمد، ويأتي ما يدل على بعض المقصود
“Mən deyirəm: “Bu rəvayət ya qalın olmayan toz və tüstüyə aid edilir, ya da qəsdin olmaması halına və yaxud da çəkinməyin mümkün olmadığı vəziyyətə şamil olunur. Bu mətndə tüstü və ya tozun qəsdən daxil edilməsi barədə heç bir işarə yoxdur; əksinə, zahiri mənası qəsdin olmamasını göstərir. İrəlidə məqsədin bir hissəsinə dəlalət edən rəvayət də gələcəkdir”.
Şeyx Hurr Amili, “Vəsailuş-Şiə”, cild 10, səhifə 70, hədis 2 (12851).
QEYD:
Mərhum Şeyx Hurr Amili (r.a) bu babın ünvanını qeyd edərkən açıq şəkildə göstərir ki, söhbət buxur tüstüsünün qəsd olmadan – yəni ixtiyarsız şəkildə – boğaza daxil olmasından gedir və belə halda nə qəza, nə də kəffarə vacib olur. Yəni müəllif babın adında hökmün çərçivəsini müəyyənləşdirir və mövzunu “qəsd” amili ilə sərhədləndirir.
Daha sonra isə hədisi nəql etdikdən dərhal sonra özü izah verir və aydın şəkildə bildirir ki, bu mətndə tüstü və ya tozun qəsdən daxil edilməsi barədə heç bir işarə yoxdur; əksinə, zahiri məna qəsdin olmamasını göstərir. Bu, müəllifin öz mövqeyini və hədisdən çıxardığı nəticəni açıq şəkildə ortaya qoyur.
Bu səbəblə insaf və elmi ədalət tələb edir ki, bir şəxs hədisə istinad edərkən əvvəlcə babın ünvanına nəzər salsın, müəllifin onu hansı fiqhi çərçivəyə daxil etdiyini dərk etsin, daha sonra İmamın (ə) kəlamının zahirini düzgün anlasın və nəhayət, müəllifin hədisdən sonra dərhal verdiyi izahı da diqqətlə oxusun.
Bunların heç birinə müraciət etmədən, sadəcə hədisin zahiri cümləsini ayıraraq “tüstü orucu batil etmir” deyə ümumi hökm çıxarmaq, elmi metod baxımından düzgün deyildir. Xüsusilə də müəllifin özünün qəsd məsələsini açıq şəkildə məhdudlaşdırdığı bir yerdə, bu qeydi nəzərə almamaq ciddi bir metod səhvidir.
Elmi mübahisə ədalət, diqqət və mətnin bütöv kontekstinə sadiqlik tələb edir.
(c) t.me/imamrza_xadimi