»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (9-cu hissə)

  1. Əhməd İsmayılın yəmanilik iddiası
  2. Yəmani Yəməndəndir
  3. Yəmani Zeydi-Şəhidin (radiyallahu anh) nəslindəndir
  4. Yəmani və məsumluq
  5. Yəmani və səfirlik

Yəmani və səfirlik

Oxucunun zehninə belə bir sual gələ bilər ki, görəsən Yəmani İmam (əleyhis-səlam)-ın səfirlərindəndir, yoxsa yox? Əgər belə olarsa, görəsən bu şiə-imamiyyə məzhəbinin ittifaq etdiyi böyük qeyb dövründə səfirliyin kəsilməsi məsələsi ilə ziddiyyət təşkil edərmi?

Cavab: Yəmaninin İmam Məhdi (əleyhis-səlam)-ın görüşünə müşərrəf olub o həzrətdən göstərişlər alması uzaq ehtimal deyil. Hətta bəlkə buna əmin də ola bilərik. Ona görə ki, bir kimsənin İmam Sahibəz-zəman (əleyhis-səlam)-a müraciət etmədən bu cür mühüm bir işi; Orta Şərqin əksər məntəqələrinə hakim olacaq Süfyani ilə döyüşməyi yerinə yetirə bilməsi mümkün deyil!

Lakin bu onun səfirlik bəhsində qeyd etdiyimiz mənada səfir olmasını isbat etmir. Biz buna işarət edən bir dəlilə rast gəlməmişik. Rəvayətlər bildirmişdir ki, Yəmaninin rolu sırf hərbi roldur. Onun şiə və ya digər toplumlarda maarifləndirici və təlimi rolu olacağını çatdıran hər hansı bir dəlil mövcud deyil.

Əgər fərzən qəbul etsək ki, o İmam (əleyhis-səlam)-ın naibidir, o zaman bu, Səmərinin məktubu ilə ziddiyyət təşkil etməyəcək. Ona görə ki, Yəmaninin xürucu Süfyaninin xürucu və güclü səsin baş verməsi ilə eyni vaxta təsadüf edəcək. Bunlar isə böyük qeyb dövrünün bitməsinin və zühur zamanının başlamasının əlamətləridirlər.

Bunun dəlili, Şeyx Numaninin “əl-Ğeybə” kitabında Əbu Bəsirdən nəql etdiyi bu hədisdir:

“İmam Sadiq (əleyhis-səlam) buyurdu: Bəni-filan hakimiyyətdə olacaqlar sonra isə ixtilafa düşəcəklər. İxtilaf etdikləri zaman hakimiyyətləri parçalanacaq, işləri bölünəcək. Xorasani və Süfyani onlara qarşı qiyam edəcək. Bu (Xorasani) şərqdən, bu da (Süfyani) qərbdən. Onlar yarış atları kimi Kufəyə doğru tələsəcəklər. Biri bu yandan, biri o yandan. Nəhayət Bəni-filanın məhvi onların əli ilə olacaq. Bilin, onlar Bəni-filandan bir nəfəri belə sağ buraxmayacaqlar”.

Sonra buyurdu:

“Süfyaninin, Yəmaninin və Xorasaninin ortaya çıxması eyni ildə, eyni ayda və eyni gündə baş verəcək. Onların oratay çıxmaları sapa düzülmüş muncuqların məsəli kimi olacaq ki, biri o birisinin ardınca gələcək. Hər tərəfdə sıxıntı baş verəcək. Onlarla düşmənçilik edənin vay halına”. (əl-Ğeybə, bab 14, hədis 13)

Hətta, rəvayətdən belə başa düşmək olar ki, Yəmaninin xürucu güclü səsin baş verməsindən əvvəl olacaq. Belə ki, onun hərəkatı Süfyani təhlükəsinə qarşı olacaq. Süfyani də rəvayətin bildirdiyi kimi Hicaz məntəqəsinə Bəni-Filanın ixtilafa düşməsindən sonra hakim olacaq. Güclü səs isə onların ixtilafa düşməsinin ardınca olacaq. Bir rəvayətdə belə buyurulur:

“Elə ki, Bəni-filan1 öz aralarında ixtilafa düşdü, fərəci gözləyin. Sizin fərəciniz yalnız Bəni-filanın ixtilafa düşməsindədir. Elə ki ixtilaf etdilər, Ramazan ayında baş verəcək güclü səsi və Qaimin xüruc etməsini gözləyin. Həqiqətən də Allah istədiyini edər. Bəni-filan öz aralarında ixtilaf etməyənədək Qaim xüruc etməyəcək və istədiyiniz şeyi görməyəcəksiniz. Elə ki bu baş verdi, camaat onlara tamah salacaq,2 beləcə sözlər haçalanacaq və Süfyani ortaya çıxacaq”. (əl-Ğeybə, bab 14, hədis 13)

Deməli, hadisələrin ardıcıllığı bu şəkildə olacaq:

Birinci: Bəni-Filan ixtilaf edəcək.

İkinci: Güclü səs baş verəcək və Süfyani və Yəmani xüruc edəcək.

Üçüncü: İmam Məhdi (əleyhis-səlam) qiyam edəcək.

Onu da nəzərə almaq lazımdır ki, güclü səs zühurun ən aşkar əlamətlərindən biridir. Belə ki, rəvayətlər bildirmişlər ki, bütün yer əhli hamısı onu öz dillərində onu eşidəcəklər. İmam Sadiq (əleyhis-səlam) buyurur:

“Güclü səs məhz Ramazan ayında baş verəcək. Çünki Ramazan ayı Allahın ayıdır. O ayda (eşidiləcək) səs Cəbrailin səsidir ki, insanlara səslənəcək. Sonra dedi: Səmadan bir çarcı Qaimin (əleyhis-səlam) adı ilə nida edəcək ki, şərqdə və qərbdə olan hər kəs onu eşidəcək. O səsin qorxusundan bütün uzananlar (yatanlar) ayılacaq, bütün ayaq üstə olanlar oturacaq və bütün oturanlar ayağa qalxacaqlar. Allah rəhmət etsin o kəsə ki, həmin səsə önəm verib ona cavab verəcək. Həqiqətən də birinci səs ruhul-əmin Cəbrailin (əleyhis-səlam) səsidir”. (əl-Ğeybə, bab 14, hədis 13)

Şürəhbil deyir ki:

“Əbu Cəfər (əleyhis-səlam)-dan Qaim (əleyhis-səlam) barədə soruşdum, buyurdu: “Səmadan bir nidaçı nida etmədən (zühur et)məyəcək. O elə bir nida olacaq ki, şərqdə və qərbdə olanlar onu eşidəcəklər. Hətta qızlar pərdə arxasından o səsi eşidəcəklər”. (əl-Ğeybə, bab 14, hədis 14)

Deməli, bütün bu deyilənlərdən belə nəticə alınır ki, Yəmani Yəməndən olan bir şəxsdir. O Sənadan xüruc edəcək və Zeyd əş-Şəhidin (radiyallahu anh) nəslindən olacaq. Babasının bayrağını qaldıracaq və insanları Sahibəl-əmr (əleyhis-səlam)-a tərəf dəvət edəcək. Onun işi Süfyani ilə döyüşmək olacaq. O iman gətirilməsi, yaxud tabe olunası bir missiya sahibi olmayacaq. Mühüm olan yeganə şey, insanın onun ziddində durmamasıdır; çünki o haqqa dəvət edəcək.

Əhməd İsmayıla gəlincə isə, o iraqlıdır. Yalan və iftira ilə özünü Əhli-Beyt (əleyhimus-səlam)-a mənsub olduğunu iddia etmişdir. Həmçinin, özünün Yəmani olduğunu iddia etmişdir. Həmçinin, sair bunun kimi iddialar etmişdir ki, heç biri dəlillə sübuta yetməmişdir və əksinə olaraq dəlillər bu iddiaların batilliyini sübuta yetirir!

Növbəti mövzuya keçməmişdən qabaq istəyirəm Əhməd İsmayılın elə öz sözünə əsasən Yəmani olmadığını hörmətli oxucuya isbat edim!

O özünü “Mütəşabihat” adlı kitabında (hansı ki, bütün şiə alimlərini bu kitaba rəddiyyə verməyə və onda bir səhv tapmağa çağırıb və hətta bu kitabı öz iddialarının doğruluğuna dəlil hesab edib) Yəmaninin şəxsiyyəti ilə bağlı verilən bir suala cavab verərkən (hansı ki, bu cavabın bir hissəsini daha əvvəl nəql etdik) bir sıra hədislər qeyd edir və bu hədislərdən Yəmaninin Bəsrədən olduğunu nəticəsini çıxarır. Deyir:

“...Həmçinin, uzun bir hədisdə Əmirəl-möminin (əleyhis-səlam)-dan belə nəql edilir: Bilin, onların birinciləri Bəsrədəndir. Axırıncıları isə “əbdal”lardandır.. .

Həmçinin, Sadiq (əleyhis-səlam)-dan nəql edilən uzun bir hədisdə o həzrət, Qaim (əleyhis-səlam)-ın səhabələrinin adlarını sadalayır və deyir: Bəsrədən Əhməd”.3

Dəlil gətirdiyi və Qaim (əleyhis-səlam)-ın səhabələrinin birincisinin Bəsrədən olduğunu bildirən birinci rəvayətə gəlincə, əgər o bu hədisin ardını qeyd etsəydi, məlum olardı ki, o həzrətin Bəsrədəki yardımçıları iki nəfərdir: Əli və Muharib. Burada Əhməd adı yoxdur!

Seyyid əl-Kazimi özünün “Bişarətul-İslam” kitabında (hansı ki, Əhməd İsmayıl rəvayəti bu kitabdan nəql etmişdir) Əmirəl-möminin (əleyhis-səlam)-dan belə nəql edir:

“Bilin, onların birinciləri Bəsrədəndir, axırıncıları isə “əbdal”lardan. Bəsrədən olanlara gəlincə, bunlar Əli və Muharibdir...” (Bişarətul-İslam, səh.249)

Rəvayət “İlzamun-nasib” kitabında aşağıdakı şəkildə nəql edilmişdir:

“Dedilər: Ya Əmirəl-möminin! Səni and veririk Allaha və əmin oğlu Rəsulullaha (sallallahu əleyhi və alihi və səlləm), onların adlarını və ölkələrini bizlərə de. Qəlblərimiz sənin bu sözündən riqqətə gəldi. Buyurdu: Qulan asın, Qaimin əshabının adlarının sizə açıqlayım. onların birinciləri Bəsrədəndir, axırıncıları isə “əbdal”lardan. Bəsrədən olanlara gəlincə bunlar iki şəxsdirlər: birinin adı Əlidir, digərinin adı isə Müharib”. (İlzamun-nasib, 2/174)

Bu onu göstərir ki, bu saxta iddia sahibinin rəvayət nəql etməkdə elmi əmanətdarlığı yoxdur. Bütün istəyi camaatı özünə tərəf cəlb etmək və başqalarının ağıllarını yüngül saymaqdır. Xoş olsun belə imamı olan ardıcılların halına!

İkinci rəvayətə gəlincə, onu da daha öncə qeyd etdik və onların nə üçün rəvayətin məhz “Bişarətul-İslam”dakı nəqlini əsas götürdüklərini qeyd etdik. Baxmayaraq ki, kitabın müəllifi sadəcə olaraq rəvayəti keçmiş alimlərin kitablarından nəql edən bir şəxsdir. Seyyid əl-Kazimi rəvayəti aşağıdakı şəkildə nəql etmişdir:

“Bəsrədən: Əbdür-Rəhman ibn əl-Ətəf ibn Səd, Əhməd, Muleyh və Həmmad ibn Cabir”. (Bişarətul-İslam, səh.247)

“Dəlailul-İmamə” kitabının müəllifi isə rəvayəti bu şəkildə nəql edir: “Bəsrədən: Əbdür-Rəhman ibn əl-Ətəf ibn Səd, Əhməd ibn Muleyh və Həmmad ibn Cabir”.

Onun “Dəlailul-İmamə”də mövcud olan əsl mətni əsas götürməməsinin səbəbi burada adın tam, yəni: Əhməd ibn Muleyh şəklində qeyd olunmasıdır. Yalançı Yəmaninin atasının adı da İsmayıl olduğuna görə bu rəvayət onlara yaramır. Buna görə də nəfslərinə uyğun gəldiyinə görə “Bişarətul-İslam”dakı mətni əsas götürmüşlər. Baxmayaraq ki, “Bişarətul-İslam”da müəllif bu rəvayəti qeyd etdikdən sonra deyir:

“Bu nüsxədə çoxlu səhvlər vardır. Burada bəzi hərflər düşmüş, bəziləri də dəyişdirilmişdir. Mən onların bəzisini bir sıra hədislər vasitəsilə öz nöqsanlı rəyimə əsasən düzəltmişəm”.

Bu, insaflı tədqiqatçının gördüyü işdirmi?

Bu, elmi əmanəti olan şəxsin görəcəyi işdirmi?

Böyük bir işi isbat etmək istəyən şəxs çoxlu səhvlər olan bir nüsxəyə əsaslanarmı?

Qeyd etmək lazımdır ki, Əhməd İsmayıl və ardıcıllarının rəvayətlər mövzusunda qəribə bir seçicilik adətləri vardır. Özlərinə yarayan bir rəvayət üçün hətta zəif, qondarma və ammə təriqli olsa belə, az qala ney çalıb dəf vururlar, özlərinə yaramayan rəvayəti isə elə bir şəkildə bir kənara qoyurlar ki, sanki heç mövcud deyilmiş!

Misal üçün, görürük ki, onlar Qazi Numaninin nəql etdiyi bu rəvayət barədə heç danışmırlar:

“Cəfər ibn Muhəmməd (əleyhis-səlam) Kufədən olan bir dəstə şəxsə dedi:

“Bizim ənsarımız (yardımçılarımız) sizdən başqalarıdırlar. Kufə camaatından bizim Qaimimizlə birgə yalnız əlli nəfər şəxs qiyam edəcək. Elə bir şəhər yoxdur ki, oradan bir dəstə şəxs Qaimlə (əleyhis-səlam) birgə olmasın. Yalnız Bəsrə camaatından başqa. Onların içindən bir nəfər belə onunla birgə qiyam etməyəcək”. (Şərhul-Əxbar, 3/366, hədis 1238)

Məgər bu rəvayət bu şəxsin bütün iddialarını batil etmirmi?

Görəsən, Əhməd İsmayılın Seyyid İbn Tavusun (quddisə sirruh) nəql etdiyi rəvayətdə gələn “Bəsrə dəccalı” olmadığı haradan məlumdur?

“Abdullah ibn Əbdül-Əziz deyir: Əli ibn Əbu Talib (əleyhis-səlam) Kufədə xütbə edib dedi:

“Ey camaat, məndən sonra yer(inizd)ə oturun. Məbadə Muhəmməd ailəsindən olub qiyam edən bir dəstə (istisna) şəxsə aldanasınız. Həqiqətən də Muhəmməd ailəsindən olan bir dəstə şəxs qiyam edəcək.4 Lakin mənim əmrimə itaətsizlik etdiklərinə və sözümü qulaq ardına vurduqlarına görə istədiklərini görməyəcəklər. Kufədə Hüseynin nəslindən olan bir (şəxs) Bəni-Üməyyənin təşviqi ilə bayraq qaldıracaq. İnsanları bəla əhatə edəcək. Allah, xəbisi pakdan ayırsın və insanlar bir-birlərindən seçilsin deyə insanları imtahan edəcək. Bu dövr o vaxta qədər davam edəcək ki, Allah Muhəmməd ailəsindən (əleyhimus-səlam) olan bir şəxslə onlara fərəc bəxş edəcək. Mənim nəslimdən olan hər bir kəs qiyam etsə, (lakin) mənim davrandığım kimi davranmasa və mənim getdiyim yolla addımlamasa, mən ondan uzaqam. Məhdidən qabaq mənim övladlarımdan olub qiyam edən hər bir kəs, kəsilməyə hazır heyvandır.5 Məbadə Fatimənin nəslindən olan dəccallara (yalançı fitnəkarlara) aldanasınız. Həqiqətən də Fatimənin nəslindən bir sıra dəccal şəxslər olacaq. Bəsrə dəccallarından olan bir dəccal ortaya çıxacaq. O məndən deyil! O bütün dəccalların ilkidir!”. (əl-Məlahim vəl-Fitən, səh.249, hədis 362)

Əgər biz Əhməd İsmayıla nəzər salsaq, görərik ki, o da Bəsrədəndir. Həmçinin, rəvayət işarə etməyib ki, o Fatimə (əleyhas-səlam)-ın nəslindəndir. Onun nəsəbi bəllidir. Əksinə, rəvayətdən belə başa düşülür ki, İmam (əleyhis-səlam) onun Əhli-Beytə (əleyhimus-səlam) aid olması iddiasını təkzib edir. Buna görə də buyurur ki, “o məndən deyil!”. Onun barəsində “dəccalların ilki” ifadəsi də ona görə deyilib ki, o imam, məsum, İmam Məhdi (əleyhis-səlam)-ın vəsisi, məhdilərin birincisi və rəvayətlərdə mədh edilən Yəmani olduğunu iddia edir. Bu günə qədər heç kəs bu iddiaları etməmişdir. Rəvayətdən belə görünür ki, digər dəccallar da bu iddialara oxşar şeylər iddia edəcəklər. Bizlər də növbəti günlərdə bunu gözləyirik.

Buna əsasən, Əhməd İsmayılın bu rəvayətdə qeyd olunan, yalan və böhtanla ilahi məqam iddia edən və insanları çaşqınlığa salan dəccal (yalançı fitnəkar) olmasının nə maneəsi var?!

Sonda bir nöqtə qalır ki, onu da qeyd etməklə bəhsi tamamlayırıq. O da budur ki, bu şəxslərdən biri rəvayətlərdə birdən çox Yəmaninin olduğunu iddia etmişdir.

Cavab: Əhli-Beyt (əleyhimus-səlam) rəvayətləri Yəmani məsələsini tam şəkildə açıqlamışdır. Bu şəxslərin düşdükləri dolaşıqlığın səbəbi onların Suteyh əl-Kahin6 və Kəbul-Əhbar7 kimi qeyri-məsum şəxslərin rəvayətlərinə etimad etmələridir. Saf bulaqla kifayətlənənlər isə heç vaxt bu şəxslərin düşdükləri çətin vəziyyətə düşməzlər.

Şeyx Əhməd Salman

Ardı var...

____________________________________________

1 Bəni-Abbas. (Müt.)
2 Onların parçalanmalarından istifadə edib hakimiyyətlərini ələ keçirmək istəyəcəklər. (Müt.)
3 əl-Mütəşabihat, səh.45.
4 Hədisdə “şəzzaz” sözü işlənmişdir ki, bu “icmanın əksinə hərəkət edən şəxslər”, “deyilənin əksini edən şəxslər” mənasına gəlir. Buna əsasən də hədisdə deyilənləri İmamların (əleyhimus-səlam) izni və razılığı olmadan, onların əmrlərinə itaətsizlik edərək və batil niyyətlə qiyam edən şəxslərə aid etmək lazımdır. Əks halda, həzrət Zeyd (rəhmətullahi əleyh) də qiyam etmişdi, lakin məlumdur ki, İmamlar (əleyhimus-səlam) nəzərində şəhid sayılmış, etdiyi qiyam təsdiq edilmişdi. (Müt.)
5 Yəni, ölümü qətidir, ölümünü hazır bilməlidir. (Müt.)
6 Bihar, 51/162-163.
7 İqdüd-Dürər, səh.79.

Страница 5 из 5«12345
Рейтинг

В этом разделе