»»

Məhdəviyyət iddiaçısına cavab: Əhməd İsmayıl əl-Bəsriyə rəddiyyə (9-cu hissə)

  1. Əhməd İsmayılın yəmanilik iddiası
  2. Yəmani Yəməndəndir
  3. Yəmani Zeydi-Şəhidin (radiyallahu anh) nəslindəndir
  4. Yəmani və məsumluq
  5. Yəmani və səfirlik

Yəmani Yəməndəndir

Əhməd İsmayıl və ardıcılları iddia edirlər ki, o rəvayətlərdə qeyd olunan Yəmanidir. Halbuki, məlum olduğu kimi Əhməd İsmayıl iraqlıdır. Daha dəqiq desək Bəsrədəndir. Bir halda ki, rəvayətlərdə qeyd olunan Yəmani Yəməndən çıxacaq. Buna dəlil isə aşağıdakılardır:

Birinci: Bir şəxs barədə “yəmənli” dedikdə adətən başa düşülən məna həmin şəxsin Yəmən ölkəsindən olmasıdır. Necə ki, “misri”, “hicazi”, “lubnani” və s. dedikdə, bu başa düşülür ki, həmin şəxs bu ölkələrin birindəndir. Bu zaman bu sözlərdən başqa bir məna başa düşülmür. Başqa məna yalnız o zaman düşünülə bilər ki, açıq-aşkar dəlil olsun. Burada isə Yəmani (yəmənli) sözünün “Yəməndən olan bir şəxs” mənasından qeyri bir mənaya aid edilməsi üçün heç bir dəlil və əsas yoxdur. Bu aydın məsələdir. Bunu inkar etmək açıq-aşkar rəvayətləri heç bir dəlil olmadan təhrif etmək və yozmaq deməkdir.

İkinci: Bəzi rəvayətlər Yəmaninin Yəməndən çıxacağını bildirmişlər:

Məsələn: Şeyx Səduq (quddisə sirruh) “Kəmalud-din” kitabında Muhəmməd ibn Müslim əs-Səqəfinin İmam Baqir (əleyhis-səlam)-a belə dediyini nəql edir:

“Ey Allah Rəsulunun oğlu, sizin Qaiminiz nə vaxt zühur edəcək? Buyurdu: “Elə ki, kişilər özlərini qadınlara, qadınlar da özlərini kişilərə oxşatdılar, kişilər kişilərlə, qadınlar da qadınlarla kifayətləndilər, qadınlar yəhər (at) üstə mindilər, yalançıların şəhadətləri qəbul edildi, adil şəxslərin şəhadətləri rədd edildi, insanlar qanı, zina etməyi və riba yeməyi yüngül hesab etdilər, şərr insanlardan dillərinə görə ehtiyat edildi, Süfyani Şamda, Yəmani də Yəməndə zühur etdi, Beyda (çölündə) batma baş verdi, Ali Muhəmməddən (sallallahu əleyhi və alihi və səlləm) olan Muhəmməd ibn Həsən ən-Nəfsuz-zəkiyyə adlı bir oğlan uşağı rükn və məqam arasında qətlə yetirildi, səmadan haqqın onun1və onun şiələri ilə olmasını bildirən bir səs eşidildi, bu zaman bizim Qaimimiz (əleyhis-səlam) zühur edəcək. Elə ki, zühur etdi, arxasını Kəbəyə söykəyəcək və ətrafına üç yüz on üç nəfər şəxs toplanacaq. İlk dedi söz bu ayə olacaq: “Əgər möminsinizsə, Allahın yer üzərində saxladığı sizin üçün daha xeyirlidir” (Hud surəsi, 86)”. Sonra deyəcək: “Allahın yer üzərində saxladığı şəxs və Onun sizin üzərinizdəki xəlifəsi və höccəti mənəm”. (Bundan sonra) ona salam verən hər bir kəs məhz belə salam verəcək: “Salam olsun sənə, ey Allahın yer üzərində saxladığı (şəxs)!” Elə ki, on min nəfər şəxs onun ətrafına cəm oldu, qiyama başlayacaq. Bundan sonra yer üzündə Allahdan (əzzə və cəll) başqa ibadət edilən elə bir büt, sənəm və s. qalmayacaq ki, ona od düşməmiş və yanmamış olsun. Bu, uzun bir qeybə çəkilmədən sonra baş verəcək. (Bu qeybə çəkilmə) Allah kimin qeyb zamanı ona itaət etdiyini və iman gətirdiyini bilsin deyə (baş verəcək)”. (Kəmalud-din, səh.330-331, hədis 16)

Bu hədisi Məclisi, Ərbili, Təbərsi və Hürr Amuli də nəql etmişlər.2

Bu rəvayət açıq-aşkar dəlildir ki, Yəmani Yəməndən çıxacaq. Bunu yalnız təkəbbür sahibi batillə cədəl edən şəxs inkar edər.

Həmçinin: Vasiti “Uyunul-Hikəm vəl-Məvaiz” kitabında Əmirəl-möminin (əleyhis-səlam)-dan belə nəql edir:

“Beş şey Qaimin (əleyhis-səlam) (zühurunun) əlamətlərindəndir: Yəməndən olan Yəmani, Süfyani, səmada nida edən carçı, Beyda (çölündə) batma və Nəfsi-Zəkiyyənin qətli”. (Uyunul-Hikəm vəl-Məvaiz, səh.244)

Həmçinin: Seyyid İbn Tavus (quddisə sirruh) Əbbad ibn Muhəmməd əl-Mədainidən belə nəql edir:

“Deyir: Mədinədə Əba Əbdillah (əleyhis-səlam)-ın məhzərinə getdim. (Mən çatdığımda) həzrət zöhr namazını qılıb qurtarmış, əllərini səmaya tutub belə deyirdi: “Ey hər səsi eşidən...”. (Sonra duanı qeyd edir və gəlib buraya çatır:) “...İlahi, vəlinin, Peyğəmbərinin oğlunun, Sənin izninlə Sənə tərəf çağıranın, yaratdıqların üzərində əmin şəxsinin, bəndələrin üzərində nəzarətçinin və yaratdıqların üzərində höccətin olan kəsin – sənin salam və bərəkətin olsun ona – vədini həyata keçir. İlahi, onu öz yardımınla gücləndir. Öz bəndənə yardım et. Onun əshabını güclü et. Onlara səbr ver. Özün tərəfdən onlara yardım edən bir dəlil bəxş et. Onun fərəcini tezləşdir. Onu öz düşmənlərindən və Peyğəmbərinin düşmənlərindən amanda saxla, ey rəhimlilərin ən Rəhimlisi!”. Sizə fəda olum, özünüz üçün dua etdiniz? Buyurdu: “Muhəmməd ailəsinin nuru üçün, onların öndə gedəni və Allahın izniylə onların düşmənlərindən intiqam alacaq şəxs üçün dua etdim”. Dedim: Allah məni sizə fəda etsin, o nə zaman zühur edəcək? Buyurdu: “Xəlq etmək və əmr etmək ona məxsus olan Kəs istədiyi zaman”. Dedim: Bundan öncə onun üçün bir əlaməti vardırmı? Buyurdu: “Bəli, müxtəlif əlamətlər vardır”. Dedim: Nə kimi? Buyurdu: “Şərq tərəfdən bir bayraq, qərb tərəfdən də bir bayraq çıxacaq, Zəvra camaatının başının üstünü bir fitnə alacaq, əmim Zeydin nəslindən olan bir şəxsin Yəməndən xüruc edəcək və (Kəbə) evinin örtüyünün qarət ediləcək”. (Fəlahus-Sail, səh.170-171)

Bu rəvayət olduqca açıq bir şəkildə məsələni aydınlaşdırır. Belə ki, zühurdan azacıq əvvəl xüruc edən və İmam Məhdi (əleyhis-səlam) üçün əlamət olan yalnız üç nəfər şəxs vardır: Süfyani, Xorasani və Yəmani. Birinci məlumdur ki, Şamdan çıxacaq, ikinci də Xorasandan. Deməli bununla üçüncü aydın olur və o hədisdə deyilən şəxsdir.

Həmçinin: Şeyx Numani (quddisə sirruh) Ubeyd ibn Zurarədən belə nəql edir:

“Əba Əbdillah (əleyhis-səlam)-ın yanında Süfyani barədə sual verildi. Həzrət buyurdu: “O necə zühur edə bilər? Bir halda ki, onun gözünü oyacaq şəxs hələ Sənada (Yəmənin paytaxtı) xüruc etməyib6”. (əl-Ğeybə, səh.286, hədis 60)

Ravi elə zənn edir ki, İmam Sadiq (əleyhis-səlam)-ın zamanında ortaya çıxan şəxslərdən biri Süfyanidir. İmam (əleyhis-səlam) isə ona cavab verib bildirir ki, o Süfyani deyil. Əgər Süfyani olsaydı, o zaman onunla eyni vaxtda başqa bir şəxs də; Yəmani də Sənada xüruc edərdi. İndi ki, Yəmani xüruc etməyib, deməli Süfyani də həmçinin etməyib. Çünki başqa rəvayətlər bildirmişlər ki, Süfyani, Xorasani və Yəmani eyni ildə, eyni ayda və eyni gündə xüruc edəcəklər.

Şeyx Tusi və Şeyx Müfid (quddisə sirruhuma) Bəkr ibn Muhəmməddən belə nəql etmişlər:

“Əba Əbdillah (əleyhis-səlam) buyurdu: Üç nəfərin: Süfyaninin, Xorasaninin və Yəmaninin ortaya çıxması eyni ildə, eyni ayda və eyni gündədir. Onların içərisində Yəmaninin bayrağından daha doğru yolda olan bir bayraq olmayacaq. Çünki o haqqa çağıracaq”. (əl-İrşad, 3/375, əl-Ğeybə, səh.446-447, hədis 443)

Həmçinin: Şeyx Numani (quddisə sirruh) “əl-Ğeybə” kitabında öz sənədi ilə Cabir ibn Abdullah əl-Ənsaridən belə nəql edir:

“Bir dəstə yəmənli şəxs nümayəndə olaraq Allah Rəsulu (səlləllahu əleyhi və alih) yanına göndərilmişdilər. Həmin vaxt Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Yəmən əhli dəvələrini çəkə-çəkə sizə tərəf gəlir. Onlar Allah Rəsulunun (səlləllahu əleyhi və alih) yanına daxil olduqda Həzrət dedi: (Bunlar) elə bir dəstədirlər ki, qəlbləri incə, imanları möhkəmdir. Mənsur onlardandır. O yetmiş min nəfərlə birgə qiyam edib mənim və vəsimin xələfinə yardım edəcək. Onların qılınclarını həmaili4 dəridəndir”. (əl-Ğeybə, səh.46)

Həmçinin: Nəim ibn Həmmad öz sənəd ilə Cabirdən, o da Əba Əbdillah Sadiq (əleyhis-səlam)-dan belə nəql edir:

“Əbqə` (böyük) cüssələri olan bir qövmlə qarşı-qarşıya gələcək. Onların arasında dəhşətli döyüş olacaq. Sonra lənətə gəlmiş əxvəs5 Süfyani zühur edəcək. O onlarla qarşılaşacaq və onların hər ikisinə qalib gələcək. Sonra Sənadan Mənsur Yəmani öz qoşunları ilə birgə onlara tərəf hərəkət edəcək və o çox hiddətli olacaq...”. (əl-Fitən [əl-Mərvəzi], səh.174)

Deməli, Yəmani bu şəxslərin iddia etdikləri kimi İraqdan və ya Bəsrədən deyil, Yəməndədir. Onların iddialarına dəlalət edən bircə hədis belə yoxdur.

Qeyd etmək gərəkdir ki, Yəmaninin Yəməndən çıxması məsələsində şübhə salan ilk şəxslər Bəni-Üməyyə olmuşdur. Bunun səbəbi barədə isə iki ehtimal var. Birinci budur ki, onlar daha öncədən palnlaşdırdıqları bəzi səbəbləri görə bu işi etmişlər. Belə ki, gələcəkdə təsiri olacaq bütün şəxsiyyətləri Bəni-Üməyyəyə nisbət vermək istəmişlər. Hətta iş o yerə çatıb ki, Müaviyə ibn Əbi Süfyan üçün məhdilik iddia etmişlər!

İkincisi isə budur ki, özlərindən olacağını yəqin şəkildə bildikləri Süfyanini onunla döyüşəcək və onun gözünü oyacaq Yəmanidən qorumaq üçün bu işi görmüşlər.

Buna Buxarinin ”Səhih” kitabında öz sənədi ilə Zuhridən nəql etdiyi hədis də dəlalət edir. Zuhri deyir:

“Muhəmməd ibn Cubeyr ibn Mut`im nəql edirdi ki, bir dəfə Müaviyə Qüreyşdən olan bir dəstə şəxslə birgə oturduğu zaman ona xəbər çatdı ki, Abdullah ibn Əmr ibn As belə bir hədis nəql edir ki, Qəhtandan6 bir hökmdar olacaq. Bunu eşidən Müaviyə qəzəbləndi. Ayağa qalxıb Allaha həmd-səna etdi və dedi: Bundan sonra. Mənə belə xəbər çatıb ki, sizdən bir dəstə şəxs Allahın kitabında olmayan və Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) nəql edilməyən bir sıra hədislər danışırlar. Bu şəxslər sizin cahillərinizdir. Məbadə əhlini azdıran (puç) arzulara qapanasınız. Mən Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) belə dediyini eşitdim: Bu iş (xilafət) Qureyşdədir. Hər kəs onlarla düşmənçilik etsə, Allah onların üzlərini arxalarına çevirər”. (Səhih əl-Buxari, 4/155)

Qəhtandan olacaq hökmdar Əhli-Beyt (əleyhimus-səlam) rəvayətlərində adı çəkilən Yəmanidir. Buna dəlalət edən şeylərdən biri budur ki, Abdullah ibn Əmr ibn As Müaviyənin əmrlərinə itaət edərək fikrini dəyişir və Yəməndən çıxacaq hökmdarın mövcudluğunu inkar etməyə başlayır!

Nəim ibn Həmmad özünün “əl-Fitən” kitabında öz sənədi ilə Abdullah ibn Əmrin belə dediyini nəql edir:

“Ey Yəmən camaatı, siz deyirsiniz ki, Mənsur sizdəndir. Xeyr! Canım onun əlində olana and olsun ki, onun atası Qüreyşlidir!”. (əl-Fitən, səh.66)

Bu günlərdə Əhməd İsmayılın adamlarının dəvət etdikləri şey Əməvilərin kəlamları təhrif etmək və ilahi hökmlər və seyyidul-mürsəlinin şəriəti ilə oynamaq istiqamətində apardıqları həmin siyasətin davamıdır.

____________________________________________

1 İmam Məhdi (əleyhis-səlam)-ın. (Müt.)
2 Biharul-Ənvar, 52/191-192, hədis 24, Kəşful-Ğummə, 3/342, İlamul-Vəra, 2/291, İsbatul-Huda, 5/346.
3 Xüruc – ortaya çıxmaq, zühur etmək. Həmçinin, digər mənası “qiyam etmək”dir. (Müt.)
4 Silahı asmaq üçün üzərində olan qayış. (Müt.)
5 Bir gözü digərindən balaca, yaxud gözləri çuxurda olan şəxs. (Müt.)
6 Yəməndən. (Müt.)

Страница 2 из 5«12345»
Рейтинг

В этом разделе